Salam olsun İbrahimə!
Məzarsız pəhləvan Şəhid İbrahim Hadinin həyat və xatirələri
Birinci cild
Yaxşılıqlar elçisi, peyğəmbərlər fəxri və Zəhra atası Məhəmməd Mustafaya (s) təqdim olunur!
Kitаbın аdı:......... Salam olsun İbrahimə!
Tərcümə edən:.............Zəhra Hüseynzadə
Çаp tаriхi:............................................2018
Çаp növbәsi:.....................................Birinci
Tirаj:.....................................................1000
Ön söz
Qarşınızdakı kitab rəşadətləri və alicənablığı ilə şəhadət məqamına layiq görülmüş qəhrəman bir şəhidin həyat hekayəsidir.
Yeniyetmə və gənclərimiz idman, incəsənət və digər sahələrdə dəyərsiz örnəklərdən nümunə götürür, addımbaşı bir çalanın olduğu, siçan geyimində bir canavarın pusqu qurduğu həyat yollarında çaşbaş qalırlar. Belə bir dövrdə ibrahimlərin həyatı zülmət gecəyə işıq tuta bilər. Çünki mövlamız belə buyurub: "Bu ulduzlarla yolu tapmaq mümkündür".
Vilayət məktəbinin yetirməsi olan İbrahimin özü ixlas, eşq və fədakarlıq müəllimi idi. O, Kövsər camından su içib çoxlu susuzlara saqi oldu. O, nəfsə qalib gəlməyi öyrəndi, amma Purya Vəlidən1 yox, mövlası Əlidən. O, qəhrəmanlığın portretini öz həyatı ilə təsvir edib yerində ikən bütün aləmi gəzməyin, azadlığın zirvəsində ikən qul olmağın - yalnız həzrət Haqqa qul olmağın mümkünlüyünü göstərdi.
Bəziləri dənizin zahiri gözəlliyindən həzz alırlar, bəziləri suya girib daha çox bəhrələnirlər, bəziləri bununla da kifayətlənməyib dərinliklərə gedir, suyun altındakı daş-qayalar arasından sədəf və mirvari çıxarırlar.
Və hələ dənizin altında o qədər mirvarilər var ki, onlara heç bir dalğıc əli dəyməyib.
Allah-Taala hərdən bu ləl-cəvahiratın birini bizə göstərir və biz bu tükənməz dəryadan nələr bilmədiyimizi öyrənirik.
Biz nə etmişik və ya nə edəcəyik? Səma sakinlərinin qibtə etdiyi bu torpaq sakinlərini örnək seçmişikmi? Yoxsa Allah eləməmiş, Adəm nəslindən bir naxələfi, gözəl və qəhrəman görkəmə bürünüb başqa bir din və diyardan gələn, media dalğaları üzərində gənc və yeniyetmələrimizə hücum edən insanlarımı örnək seçmişik?
Bizim gənclərimiz pakdırlar, amma nəfs bütlərini qırmaq üçün onlara balta verəcək bir İbrahimə ehtiyacları var. Biz Şəhid İbrahim Hadini tanıtdırmaqla bu yolda bir addım atmaq istəyirik.
Uzun illər ötəndən sonra onun özü kimi adsız-sansız dostlarının xatirələrini toplamaq çox çətin olsa da, şirazlı şairin dediyi kimi, Leyliyə gedən təhlükəli yolların birinci şərti Məcnun olmaqdır.
Allahın lütfü sayəsində bu əziz şəhidin dostları və ailəsi ilə onlarla müsahibə baş tutdu. Artıq bu sakit arifin, güclü aşiqin, qayğıkeş müəllimin, müsəlman gəncin, qeyrətli, amma iddiasız qəhrəmanın, İmam Mehdinin (ə) həqiqi müntəzirinin qızıl kitabı hazırdır və siz əziz oxuculara təqdim olunur.
Sonda kitabın ərsəyə gəlməsində əməyi keçmiş hər kəsə təşəkkürümüzü bildiririk.
Karvan getdi, sən yatıb qaldın, qarşıda isə səhra var.
Nə vaxt gedəcəksən? Yolu kimdən soruşacaqsan? Nə edəcəksən?
Nə üçün İbrahim Hadi?
2007-ci ilin yayı idi. Tehranın Əminüddövlə məscidində şam namazımı qılırdım. Orada qəribə ab-hava vardı. Namaz qılanların hamısı din alimləri və ruhanilər idi. Mən ikinci sıranın sağ tərəfində axırda dayanmışdım.
Şam namazından sonra ətrafıma baxanda hər tərəfdə su gördüm. Məscid dənizin ortasındakı bir ada kimi olmuşdu.
Namaza başına ağ əmmamə qoymuş nurani bir qoca imamlıq edirdi. O, yerindən qalxıb üzünü camaata çevirdi və danışmağa başladı. Yanımdakı qocadan soruşdum: "İmamı tanıyırsan?"
– Hacı Şeyx Məhəmməd Hüseyn Zahiddir, Hacı ağa Həqşünasın və Hacı ağa Müctəhidinin müəllimi.
Şeyx Hüseyn Zahidin mənəvi məqamı barədə çox eşitdiyimdən diqqətlə qulaq asmağa başladım.
Məsciddə qəribə sükut vardı. Hamı ona baxırdı. O, irfan və əxlaq mövzusunda danışandan sonra buyurdu: "Dostlar, yoldaşlar! Camaat bizi irfan və əxlaqda böyük adam zənn edir, amma əzizlər, əməli irfan və əxlaq böyükləri bunlardır".
Sonra yerdən böyük bir şəkil götürdü. Yaxşı görməkdən ötrü bir qədər boylandım. Əyninə qəhvəyi köynək geyinmiş uzun saqqallı bir adamın fotosu idi.
Şəkilə diqqətlə baxıb tanıdım. Mən onu dəfələrlə görmüşdüm. Əmin idim ki, odur - İbrahim Hadi.
Onun sözləri mənə çox maraqlı gəldi. Çoxlu din aliminin irfan və əxlaq müəllimi olmuş Şeyx Hüseyn Zahid görəsən, nə üçün belə danışırdı?! O, İbrahimi əməli əxlaq müəllimi adlandırırdı.
Bu halda öz-özümə düşündüm: Axı Şeyx Hüseyn Zahid illər öncə dünyasını dəyişib!
Həyəcanla yuxudan diksindim. Gecə saat 3 idi: 2007-ci il, 27 rəcəb - həzrət Peyğəmbərin (s) məbəs1 günü.
Bu sadiq röya vücudumu silkələdi. Tez bir kağız götürüb görüb-eşitdiklərimi yazdım.
Daha gözlərimə yuxu getmədi, İbrahim Hadi haqda eşitdiyim xatirələr bir-bir yadıma düşdü.
***
Yadımdadır, 1994-cü ilin ramazan ayının son gecəsində Şəhidlər məscidində idim. Qədim cəbhə uşaqları ilə birgə Şəhid İbrahim Hadigilə getdik.
Şəhidin anasının yas məclisi idi. Evləri Şəhid Müvafiq küçəsindəki məscidin arxasında yerləşirdi.
Hacı Hüseyn Allahkərəm Şəhid Hadi haqda danışmağa başladı. Onun xatirələri maraqlı idi. Mən o zamana qədər heç kim barədə belə sözlər eşitməmişdim.
Həmin axşam Allahın lütfü mənə şamil oldu. Mən müharibəni görməmişdim. O, şəhid olanda cəmi yeddi yaşım vardı. Ancaq Allahın istəyi ilə həmin məclisdə iştirak edib xalis bəndələrindən birini tanıya bildim.
O söhbətlər illərlə məni düşündürdü. İnana bilmirdim ki, bir döyüşçü bu qədər qəhrəmanlıq etmiş və bu həddə tanınmaz qalmışdır.
Daha maraqlısı odur ki, özü Allahdan tanınmaz qalmasını istəyibmiş. İllər ötsə də, hələ cəsədi tapılmamış və barəsində heç nə yazılmamışdı.
Və mən bütün dərslərdə uşaqlara ondan danışırdım.
***
Hələ sübh azanına qədər vaxt var idi. Yuxum da qaçmışdı. Bilmək istəyirdim ki, Şeyx Zahid nə üçün İbrahimi əməli əxlaq nümunəsi kimi təqdim etdi. Ertəsi gün İbn Babuyə məzarlığına Şeyx Hüseyn Zahidin qəbri üstə getdim. Üzünü görəndən sonra yuxumun doğruluğuna tam əmin oldum.
Artıq şübhəm qalmadı ki, arifləri dağlarda və xanəgahlarda axtarmaq lazım deyil, onlar bizim yanımızda, bizim aramızdadırlar.
Həmin gün Şəhid Hadinin yoldaşlarından birini görüb yaxın dostlarının ünvanlarını və telefon nömrələrini aldım. İbrahimi daha yaxından tanımaq qərarına gəlmişdim. Allahdan da yardım istəyirdim.
Bəlkə bu, Həzrət Haqqın Öz ixlaslı bəndələrini tanıtmaq üçün üzərimizə qoyduğu vəzifə idi.
Dostları ilə paylaş: |