Salam olsun İbrahimə



Yüklə 1,59 Mb.
səhifə11/49
tarix17.11.2018
ölçüsü1,59 Mb.
#84206
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

İdman müəllimi

Şəhid Rza Huryar


1980-ci ilin mayı idi. Şəhidlər liseyində idman müəllimi çalışırdım. Yaxınlıqda Əbu Reyhan liseyi vardı. İbrahim də orada idman müəllimi idi.

Bir gün onu görməyə getdim. Çox söhbətləşdik. Onun düşüncəsinə və əxlaqına vuruldum. Axırda mənə dedi: "Təkbətək voleybol oynayaq?"

Məni gülmək tutdu. Mən voleybol üzrə milli komandada beynəlxalq yarışlara çıxmışdım, o isə mənimlə təkbətək oynamaq istəyirdi. Dedim ki, oynayaq. Ürəyimdə fikirləşdim ki, zəif oynayaram, pərt olmasın.

İlk servisi atdı. O qədər möhkəm idi ki, tuta bilmədim. İkincisi, üçüncüsü... Rəngim qaçmışdı.

Şagirdlərin önündə pərt oldum. Qolunun qəribə zərbəsi vardı, servislərini götürmək həqiqətən, çətin idi. Hər tərəf də uşaqlarla dolmuşdu.

Mənə baxıb bu dəfə yavaş vurdu. Mən ilk xalı qazandım, sonra da növbəti xalları.

O, bilə-bilə topları yavaş vururdu ki, mən pərt olmayım. Hesab bərabərləşdi və mən məğlubiyyətdən qurtuldum. O, servis atmaq istəyəndə səs gəldi: "Allahu Əkbər!” Günorta azanı verilirdi. Topu yerə atıb üzüqibləyə dayandı və ucadan azan verdi. Səsi bütün məktəbə yayıldı.

Uşaqların bəzisi namaza, bəzisi də evinə getdi.

O, həyətdə namaza başladı, uşaqlar da arxasında dayandılar. Hamımız ona iqtida etdik.

Namaz bitəndən sonra yaxınlaşıb mənə əl verdi və dedi: "Ağa Rza, rəqabət rəfaqətlə (dostluqla) olanda yaxşıdır".1


İlk vaxtda namaz

Şəhidin dostları


Namaz onun bütün fəaliyyətlərinin mərkəzində dururdu. Ən çətin şəraitdə də namazını ilk vaxtda qılırdı. Daha çox məscidə gedib camaat namazında iştirak edir, digərlərini də buna dəvət edirdi.

O, İmam Əlinin (ə) buyurduğu bu hədisin real nümunəsi idi: "Məscidə gedib-gələn adam aşağıdakı faydaları götürər: Allah yolunda yoldaşlıq edən qardaş qazanar, elm öyrənər, Allahın rəhməti onu gözləyər, fəlakətdən qurtaran nəsihət eşidər, hidayətinə və günahdan uzaqlaşmasına səbəb olan söz dinləyər".1

İbrahim hətta inqilabdan öncə sübh namazlarını məsciddə cəm halda qılırdı. Onun rəftarı bizə Şəhid Rəcainin məşhur cümləsini xatırladırdı: "Namaza "işim var" deməyin, işə deyin ki, namaz vaxtıdır".

Buna ən yaxşı misal zorxana meydançasında camaat namazı qılmasıdır. Namaz vaxtı olan kimi idmanı dayandırırdı və camaat namazı qılınırdı.

Səfərdə və cəbhədə olanda da azan vaxtı yetişəndə azan deyirdi, maşını saxlayıb hamını camaat namazına çağırırdı.

İbrahimin uca səsi və gözəl azanı hamının diqqətini cəlb edirdi.

O, həzrət Peyğəmbərin bu nurlu kəlamının timsalı idi: "Allah vəd edib ki, azançını və dəstəmaz alıb məsciddə camaat namazı qılan adamı hesabsız cənnətə aparsın".2

Gənclik çağından özünə bir əba almışdı və çox vaxt onunla namaz qılırdı.

***

1980-ci il idi. Bəsicin proqramı gecənin sonlarına qədər davam etdi. Sübh azanına iki saat qalmış uşaqların işi bitdi.



İbrahim uşaqları toplayıb Kürdüstan xatirələrindən danışmağa başladı. Xatirələr həm maraqlı idi, həm də gülməli.

Beləliklə uşaqları azana qədər oyaq saxladı. Onlar sübh namazını cəm halda qıldıqdan sonra evlərinə getdilər. Sonra Bəsicin rəhbərinə dedi: "Əgər bu uşaqlar o vaxt getsəydilər, namaza oyanmaları çətin olacaqdı. Siz Bəsicin işini ya tez bitirin, ya da uşaqları azana qədər saxlayın ki, namazları qəza olmasın".

***

İbrahim gündüzlər çox zarafatcıl olurdu. O həm də çox sadə danışırdı. Adətən sübh namazından bir qədər öncə oyanıb gecə namazı qılırdı. O bu işi məxfi şəkildə görməyə çalışırdı. Son zamanlarda isə gecə ibadətləri çoxalmışdı. Bilirdi ki, hədislərdə əsl şiəliyin əlaməti gecə oyanıb namaz qılmaq kimi göstərilmişdir.



O, Kumeyl, Nüdbə və Təvəssül dualarını, hər gün sübh namazından sonra isə gündəlik dua və ziyarətnamələri oxuyurdu.

O, "Vəcəəlna"1 ayəsini həmişə zümzümə edirdi. Bir dəfə dedim: "Ağa İbrahim, bu ayə düşmən qarşısında qorunmaqdan ötrüdür, burada düşmən yoxdur axı".

Mənalı tərzdə baxıb dedi: "Şeytandan böyük düşmənmi var?!"

***


Bir dəfə yeniyetmələrdən və namaza əhəmiyyətli yanaşmaqdan söhbət düşdü. İbrahim dedi: "Atam dünyasını dəyişəndə çox narahat idim. Birinci axşam qonaqlar gedəndən sonra Allahdan küsmüş kimi namaz qılmayıb yatdım. Məni yuxu tutan kimi yuxuda atamı gördüm. O, qapını açıb hirslə birbaş otağa gəldi. Düz qarşımda dayanıb bir qədər üzümə baxdı. O anda diksinib yuxudan oyandım. Atamın baxışları mənə çox söz dedi. Hələ namaz qəzaya getməmişdi. Ayağa qalxıb dəstəmaz aldım və namazımı qıldım.

***


Onun çox əhəmiyyətli yanaşdığı məsələlərdən biri də cümə namazı idi. Hərçənd cümə namazı qaydasına düşəndə İbrahim ya Kürdüstanda idi, ya da cəbhələrdə.

Tehranda olanda isə həmişə cümə namazında iştirak edir və deyirdi: "Bilirsiniz cümə namazının nə qədər savabı və faydası var?!"

İmam Sadiq (ə) buyurur: "Allah cümə namazı üçün atılan hər bir addıma görə cəhənnəm odunu haram edər".1

Oğru ilə rəftarı

Abbas Hadi


Otaqda oturmuşduq. Qonağımız vardı. Birdən küçədən səs gəldi. İbrahim tez pəncərədən baxdı. Bir nəfər onun yeznəsinin motosikletini götürüb qaçmaq istəyirdi.

– Tutun onu... Oğru! Oğru!

Bunu deyib tez qapıya qaçdı. Məhəllə uşaqlarından biri motosikletə bir təpik vurdu, oğru motosikletlə birgə yerə yıxıldı.

Yerdəki bir dəmir parçası oğrunun əlini kəsib qanatdı. Oğrunu qorxu və həyəcan bürümüşdü, əli də ağrıyırdı. İbrahim motosikleti işə salıb dedi: "Tez min".

Həmin motosikletlə poliklinikaya getdilər, orada əlini sarıdılar, sonra birlikdə məscidə getdilər. Namazdan sonra onun yanında oturub dedi: "Nə üçün oğurluq edirsən? Axı haram pul..."

Oğru ağlamağa başladı. Bir qədər sonra dillənib dedi: "Bunların hamısını bilirəm. Mən işsizəm, ailəm var, rayondan gəlmişəm. Buna məcbur oldum".

İbrahim bir qədər fikirləşəndən sonra namazqılanların birinin yanına getdi və onunla nəsə danışdı. Gülərüzlə qayıdıb dedi: "Allaha şükür, sənə yaxşı iş tapıldı. Sabahdan işə çıxırsan. Bu pulu al, Allahdan da istə sənə kömək etsin. Həmişə halal ruzi axtar. Haram mal həyatı yandırar, halal pul az olsa da, bərəkətli olar".


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin