Həzrət Zəhra (ə) məclisi Şəhidin dostları
Hacı Əbülfət məscidində məclisə getmişdik. Məclisdə İbrahimin həzrət Zəhra (ə) barədə yazdığı şeirlər oxundu, sonda Hacı Əli İnsani rövzə oxudu.
İbrahim özündə deyildi, şeir dəftərçəsini bağlayıb ucadan ağlayırdı. Mən onun bu rəftarına çox təəccübləndim. Məclisdən sonra evə gedəndə yolda dedi: "Adam həzrət Zəhra (ə) məclisinə daxil olanda gərək onu orada hiss etsin, çünki məclis o həzrətə məxsusdur".
***
Bir dəfə mənim israrımla eydi-Zəhra məclisinə getdik. Həzrət Fatimə aşiqi olduğuna görə çox sevinəcəyini zənn edirdim.
Məclisin məddahı guya həzrət Zəhranı (ə) sevindirmək üçün bəzi səhabələrə qarşı kobud sözlər işlədirdi. Məclisin ortasında İbrahim mənə işarə verdi və birlikdə məclisdən çıxdıq. Yolda soruşdum: "Deyəsən narahat oldun, eləmi?"
O, həmişəki kimi soyuqqanlı deyildi. Üzünü mənə tutdu və əlini hirslə tərpədib dedi: "Bu məclislərdə Allahı tapmaq olmaz. Həmişə elə yerə get ki, Allahdan və Əhli-beytdən danışsınlar".
Bu cümləni bir neçə dəfə təkrarladı. Sonralar din alimlərinin o məclislər barədə, habelə müsəlmanların birliyini qorumaq haqda fikirləri ilə tanış olanda İbrahimin dəqiqliyini alqışladım.
***
Fəthülmübində yaralananda onu cəld Dezfula, ordunun tibb məntəqəsinə apardıq. Zalda çox adam vardı, yaralılar zarıyırdılar. Nəhayət, küncdə bir yer tapıb onu yerə qoyduq. Tibb işçiləri onun boynunun və ayağının yarasını bağladılar. O şəraitdə hamının əsəbi pozulmuşdu, yaralıların səs-küyü olduqca çox idi. Birdən İbrahim ucadan oxumağa başladı.
O, həzrət Zəhranı (ə) vəsf edən gözəl bir şeir oxudu. Həmin əməliyyatın parolu da o həzrətin adından ibarət idi. Bir neçə dəqiqə zalı qəribə sükut bürüdü, heç bir yaralı sızlamadı, sanki hər şey qaydasına düşdü.
Hər tərəfdən rahatlıq yağır, yaralıların və tibb işçilərinin gözlərindən yaş damlaları axırdı.
İbrahim oxuyub qurtaranda digərlərindən yaşlı olan və hicabı kamil olmayan bir xanım doktor ona yaxınlaşdı. O, çox təsirlənmişdi. Yavaşca dedi: "Sən də mənim oğlum kimisən. Siz gənclərə qurban olum!"
Sonra oturub İbrahimin başından öpdü. İbrahimin üzü qulaqlarına qədər qızardı. Sonra xəcalətindən mələfəni üzünə çəkdi.
İbrahim həmişə deyirdi: "Allaha təvəkküldən sonra məsumlara, xüsusən də həzrət Zəhraya (ə) təvəssül etmək problemlərin açarıdır”.
***
İbrahimi görmək üçün Nəcmiyyə xəstəxanasına getmişdim. Bir yerdə oturmuşduq. İbrahim icazə alıb həzrət Zəhra (ə) haqda rövzə oxumağa başladı. İki həkim uzaqdan bizə baxırdı. Yaxınlaşıb soruşdum ki, bir şey olub?
- Yox. Biz təyyarədə onun yanında idik. Tez-tez huşunu itirirdi, amma o vəziyyətdə də gözəl səslə həzrət Fatimənin (ə) mədhinə yazılmış şeirlər oxuyurdu.
Yay Mürtəza Parsaian
Yaralandığına görə Tehranda müalicə olunan İbrahim 1982-ci ilin yayında məktəb məsələləri ilə maraqlandı. O, xidmətlə yanaşı təkmilləşdirici kurslara qatıldı və həmin qısa müddətdə bir neçə dini-mədəni fəaliyyətlə çıxış etdi.
***
Onu əsa ilə maarif şöbəsinin pilləkənlərindən qalxarkən gördüm. Yaxınlaşıb salam verdim.
– Ağa İbrahim, nə olub? Əgər bir işin varsa, de, biz görək.
– Yox, özüm həll edəcəm.
Bir neçə otağa girib imza aldı. İşləri bitəndən sonra soruşdum: "Bu kağız nə idi? Nə üçün özünü bu qədər əziyyətə saldın?”
– Bir Allah bəndəsi var, iki il müəllim işləyib, amma hələ işədüzəlmədə problem yaşayır. Onun işini gördüm.
– Cəbhə uşaqlarındandır?
– Güman etmirəm. Məndən xahiş elədi, mən də gördüm ki, bacararam. Ona görə gəldim.
Sonra sözünə davam etdi: "Adam gərək Allah bəndələri üçün bacardığı işi görsün. Xüsusən də belə yaxşı xalqımıza gərək əlimizdən gələni edək. İmam Xomeyni buyurub ki, xalq bizim nemət sahibimizdir".
***
Məhəllədə İbrahimi hamı tanıyırdı. Hamı bir ünsiyyətlə onun rəftar və düşüncələrinə aşiq olurdu.
İbrahimgilin evi həmişə dostları ilə dolu olurdu. Cəbhədən gələn uşaqlar öz evlərindən öncə onlara gedib İbrahimə baş çəkirdilər.
Bir gün Məhəmmədiyyə məscidinin imamı sübh namazına gəlməmişdi. Camaat israrla İbrahimi önə çıxardı və onun arxasında namaz qıldı.
Hacı ağa bunu eşidəndə çox sevinib dedi: "Əgər mən də olsaydım, məmnuniyyətlə ağa Hadinin arxasında namaz qılardım".
***
İbrahim əsa ilə küçədən keçirdi. Bir neçə dəfə göyə baxıb başını aşağı saldı.
Yaxınlaşıb soruşdum: "Ağa İbrahim, nə olub?"
Əvvəlcə cavab vermək istəmədi. İsrarımdan sonra isə dedi: "Hər gün bu vaxta qədər ən azı bir Allah bəndəsi bizə yaxınlaşırdı və birtəhər problemini həll edirdik. Bu gün isə səhərdən indiyə qədər heç kim müraciət etməyib. Qorxuram ki, hansısa əməlimə görə Allah Öz bəndələrinə xidmət səadətini məndən almış olar".
Tərbiyə üsulu
Bizim evimiz ağa İbrahimgilə yaxın idi. O vaxt mənim 16 yaşım vardı. Hər gün küçədə uşaqlarla voleybol oynayır, sonra da damda quş uçururduq.
O vaxt təxminən 170 göyərçinim var idi. Azan veriləndə qardaşım məscidə gedirdi. Mənsə məscid adamı deyildim.
Axşamüstü idi və biz yenə voleybol oynayırdıq. İbrahim evlərinin önündə əsa ilə dayanıb bizə baxırdı. Oyun zamanı top onun yanına düşdü. Mən topu götürməyə gedəndə o götürdü və baş barmağı üzərində gözəl şəkildə fırladıb dedi: "Buyurun, ağa Cavad".
Adımı bilməsinə çox təəccübləndim. Oyunun sonuna qədər bir gözüm onda idi. Fikirləşirdim ki, mənim adımı haradan bilir.
Bir neçə gündən sonra yenə oynayanda yaxınlaşıb dedi: "Dostlar, məni də oyuna alırsınız?"
- Əlbəttə. Siz voleybol da oynayırsınız?
– Bilməsəm də sizdən öyrənərəm.
Əsanı kənara qoyub axsaya-axsaya oynamağa başladı.
Mən o vaxta qədər elə yaxşı oyunçu görməmişdim. O hələ yaralı idi və yerindən tərpənmirdi. Topa çox güclü zərbə vurur, servisləri də çox yaxşı götürürdü.
Axşam qardaşıma dedim: "Ağa İbrahimi tanıyırsan? Yaxşı voleybol oynayır".
Qardaşım gülüb dedi: "İbrahim məktəblər arasında voleybol çempionu olub. Həm də güləş üzrə çempiondur".
Təəccüblə dedim: "Doğru deyirsən?! Bəs nə üçün bizə heç nə demədi?"
- Bilmirəm. Ancaq bil ki, o, çox böyük adamdır.
Bir neçə gündən sonra biz voleybol oynayanda yenə gəldi. Hamı onu öz komandasına istəyirdi. Yenə oynadıq və çox gözəl oyun göstərdi.
Oyunun ortasında məsciddə günorta azanı başladı. İbrahim topu saxlayıb dedi: "Uşaqlar, birlikdə məscidə gedəkmi?"
Dedik: "Gedək".
Sonra birlikdə camaat namazına getdik.
Bir neçə gün ötdü. Ağa İbrahimi çox istəyir, ona görə məscidə gedirdim. Bir dəfə bizi nahar yeməyinə dəvət etdi və birlikdə çox söhbətləşdik. Ondan sonra hər gün ağa İbrahimi axtarırdım. Onu bir gün görməyəndə darıxır, həqiqətən narahat olurdum. Bir dəfə onunla zorxana idmanına getdik. Onun əxlaq və rəftarını çox sevirdim. O, sevgi və dostluqla bizi namaza və məscidə aparırdı.
Yaralı dövrünün sonları idi. Cəbhəyə qayıtmaq istəyirdi. Bir axşam küçədə oturanda mənə Fəthülmübin əməliyyatındakı 13-14 yaşlı uşaqlardan danışdı və bir cümlə ilə sözünü dedi: "Onlar yaş və bədən baxımından səndən kiçik olsalar da, Allaha təvəkkül edib böyük qəhrəmanlıqlar yaradırlar. Sən də burada oturub gözünü göyə dikmisən ki, görüm göyərçinlər nə edirlər".
Ertəsi gün bütün göyərçinləri başqasına verib cəbhəyə yollandım.
O hadisədən illər ötür. İndi təhsil məsələləri üzrə ekspertəm və başa düşürəm ki, İbrahim öz tərbiyə işini necə düzgün və dəqiq görürmüş. O, çox gözəl şəkildə yaxşı işlərə dəvət edir, pis işlərdən çəkindirirdi. Onun gözəl rəftarı tərbiyə iddiaçılarına örnək idi; özü də elə bir zamanda ki, tərbiyə üsulları haqda heç bir söhbət getmirdi.
***
Şəbanın on beşi idi. İbrahimlə küçəyə girdik. Küçə çox gözəl bəzədilmişdi. Məhəllə uşaqları küçənin sonunda toplaşmışdılar. Onlara yaxınlaşanda kart oynadıqlarını gördük.
İbrahim çox hirslənsə də, heç nə demədi. Mən yaxınlaşıb ağa İbrahimi təqdim etdim.
– O, mənim dostlarımdan, voleybol və güləş çempionudur.
Uşaqlar İbrahimlə salamlaşıb hal-əhval tutdular.
Sonra heç kim duymadan İbrahim mənə pul verib dedi: "Tez on ədəd dondurma al, gəl".
Həmin axşam İbrahim bir qədər dondurma ilə, habelə deyib-gülməklə bizim məhəllə uşaqlarımızla dostlaşdı. Sonda da kartın haram olmasından danışdı.
Biz küçədən çıxanda artıq bütün kartlar cırılıb kanala tökülmüşdü.
Dostları ilə paylaş: |