Əsir
Mehdi Fəridvənd, Mürtəza Parsaian
İbrahim digərlərinə, hətta müharibə əsirlərinə də hörmət
edirdi. O deyirdi: "Bu düşmənlərimizin çoxu cahil və
məlumatsız adamlardır. Gərək həqiqi İslamı bizdən
öyrənsinlər. Onda görəcəksiniz ki, onlar da Bəəs rejiminə
qarşı çıxacaqlar". Məhz buna görə də bir çox
əməliyyatlarda düşmənə atəş açmazdan öncə onları əsir
tutmaq haqda fikirləşirdi. Əsirlərlə də çox yaxşı
davranırdı.
Şəhərə üç düşmən əsiri gətirdilər. Hələ onları saxlamağa
yer yox idi. Onları saxlamaq İbrahimə tapşırıldı. Bizə
hansı ərzaq verilirdisə, nə yeyirdiksə, əsirlərə də ondan
verirdi. Bu rəftar hamının, hətta əsirlərin də onu sevməsinə
səbəb oldu.
Ərəbcə bir az bilirdi, bekar vaxtlarda oturub əsirlərlə
danışırdı.
İki gün onların yanında oldu. Nəhayət, əsirləri
aparmağa maşın gəldi. Onlar İbrahimdən soruşdular: "Siz
də bizimlə gəlirsiniz?" "Yox" cavabı alanda isə çox
narahat oldular, ağlayaraq yalvarır və deyirdilər: "Bizi
burada saxla, nə istəsən, edərik. Hətta Bəəs ordusu ilə
vuruşarıq da".
***
Bazideraz dağında əməliyyat başlandı. Başqa bir
döyüşçü ilə birgə digərlərindən uzaqlaşıb dağın başına
doğru getdik və irəlidə bir düşmən səngərinə çatdıq.
Silahla işarə verdim ki, bayıra çıxsınlar. O qədər
olacaqlarını düşünməzdim. Biz iki nəfər idik, onlarsa on
beş nəfər. Dedim ki, bayıra çıxın, ancaq yerlərindən
tərpənmədilər. Bizim aramızda elə qaldılar ki, hər an bizə
100
hücum edə bilərdilər. Bəlkə də bizim yalnız iki nəfər
olduğumuzu düşünmürdülər.
Yenidən qışqırdım: "Hərəkət edin!" Əlimlə də işarə
etdim, amma hamısı arxadakı komandirə baxırdı.
Bəəsçi zabit qaşlarını qaldırdı; yəni ki, getməyin. Çox
qorxdum. O vaxta qədər elə vəziyyətə düşməmişdim.
Qorxudan ağzım acılaşdı. Bir anlığa hamısını vurmağı
fikirləşdim, amma bu, düzgün deyildi.
Hər an pis hadisə baş verə bilərdi. Qorxudan silahı
möhkəm tutdum, Allahdan kömək istədim. Birdən
səngərin arxasından İbrahimi gördüm. Bizə doğru gəlirdi.
Çox rahatlaşdım. Yaxınlaşanda əsirlərə baxa-baxa dedim:
"Ağa İbrahim, kömək!"
– Nə olub?
– Problem o zabitdir. Bunların çıxmasına icazə vermir.
Əlimlə zabiti göstərdim. Geyimi və poqonları fərqli idi.
İbrahim silahını çiyninə atıb onlara yaxınlaşdı, bir əli ilə
zabitin yaxasından, o biri əli ilə də kəmərindən tutub
qaldırdı, bir neçə metr irəlidə qayanın yanına gətirdi.
Bütün iraqlılar qorxudan yerə oturub əllərini qaldırdılar.
Zabit dayanmadan yalvarıb deyirdi: "Əl-dəxil! Əl-dəxil!
Rəhm! Rəhm!"
Sevincimdən yerə-göyə sığmırdım. Bir qədər əvvəlki
bütün qorxularım yox olmuşdu. Allah İbrahimi bizə
köməyə göndərmişdi.
|