Yalnız Allah üçün
Şəhidin dostlarından biri
Dostumu görməyə getmişdim. O, qərb bölgəsində bir
əməliyyatda yaralanmış, ayağından güclü zədə almışdı.
Məni görən kimi sevinib təşəkkür etməyə başladı.
- Seyid can, çox zəhmət çəkdin. Əgər məni geri
gətirməsəydin, yüz faiz əsir düşəcəkdim.
- Sən nə danışırsan?! Mən hamıdan tez silah dolu
maşınla geri qayıtdım və sonra məzuniyyətə getdim.
Dostum təəccübləndi.
- Yox əşi, sən idin. Mənə kömək etdin və ayağımın
yarasını bağladın.
Məni kiminləsə səhv saldığını nə qədər deyirdimsə,
qəbul etmirdi.
Bir müddət ötdü. Onun sözləri haqda yenidən
fikirləşdim. Birdən yadıma bir şey düşdü və İbrahimin
yanına getdim. O da həmin əməliyyatda iştirak etmişdi və
məzuniyyətdə idi. İbrahimlə birgə o dostumun evinə
getdik. Ona dedim: "Təşəkkür etməli olduğun adam ağa
İbrahimdir, mən deyiləm. Çünki mən ümumiyyətlə, bir
adamı hələ dağlıq bir yerdə 8 km. apara bilmərəm. Bundan
anladım ki, İbrahimin işidir; az danışan, güclü, mənim
kimi boy-buxunlu və məni tanıyan. Bildim ki, budur”.
İbrahim dillənmirdi.
- Ağa İbrahim, cəddim haqqı, əgər danışmasan, səndən
inciyəcəyəm.
İbrahim də mənim hərəkətimə çox hirslənmişdi.
– Seyid, nə deyim?!
Sonra bir qədər dayandı və soyuqqanlılıqla davam etdi.
– Mən əliboş qayıdırdım, o da bir tərəfdə yıxılıb
qalmışdı. Arxamda da kimsə yox idi, təxminən axırıncı
116
adam idim. O qaranlıqda ayağının yarasını çəkmənin ipi
ilə bağladım və yola düşdük. Yolda mənə "Seyid" deyirdi,
mən də bildim ki, sənin dostlarındandır. Buna görə bir söz
demədim və onu təcili-yardım işçilərinin yanına apardım.
Bundan sonra İbrahim məndən çox incidi, bir neçə gün
mənimlə danışmadı. O həmişə deyirdi ki, Allah üçün
görülmüş işi deməyə gərək yoxdur.
***
Kəşfiyyat qrupu ilə düşmən mövqelərinə girdik. Ətrafı
öyrənərkən birdən orada bir qoyun sürüsünün olduğunu
duyduq.
Çoban yaxınlaşıb salam verdi və soruşdu: "Siz
Xomeyninin əsgərlərisiniz?" İbrahim ona yaxınlaşdı.
– Biz Allahın bəndələriyik. Qoca, bu dağda-daşda nə
edirsən?
– Yaşayıram.
– Qoca, çətinliyin varmı?
Qoca gülümsədi.
- Çətinliyim olmasaydı, burada qalmazdım ki.
İbrahim götürdüyümüz ərzaqdan ona bir qutu xurma, bir
qədər çörək və digər şeylər verib dedi: "Bunlar İmam
Xomeyninin sizə hədiyyəsidir". Qoca çox sevinib dua etdi
və biz oradan uzaqlaşdıq.
Bəzi uşaqlar İbrahimə etiraz etdilər ki, biz bir həftə
burada qalacağıq, sən ərzağın çoxunu ona verdin.
İbrahim dedi: "Əvvəla, bizim işimizin neçə gün sürəcəyi
bəlli deyil, ikincisi isə əmin olun ki, bu qoca bizə
düşmənçilik etməz. Şübhəniz olmasın ki, Allahın razılığı
üçün görülən iş həmişə təsirli olur”.
Azuqəmiz az olsa da, o kəşfiyyatda işimiz çox tez bitdi
və hətta götürdüklərimizdən artıq da qaldı.
|