Ayrılıq
Abbas Hadi
İbrahimin itkin düşməsindən bir ay ötdü. Onun
dostlarının heç biri qəm-qüssədən ayrıla bilmirdi.
Harada bir yerə toplaşırdıqsa, İbrahimdən danışıb
ağlayırdıq. Uşaqların birini görmək üçün xəstəxanaya
getdim. Rza Qudini də orada idi. Məni görən kimi dərdi
təzələndi və ucadan ağlamağa başladı. Sonra dedi:
"Uşaqlar, İbrahimsiz bu dünya mənə yaşamaq yeri deyil.
Əmin olun ki, mən də ilk əməliyyatda şəhid olacağam".
Uşaqların başqa biri dedi: "Biz İbrahimin kim olduğunu
anlamadıq. O, Allahın xalis bəndəsi idi. Bizim aramıza
gəldi, bir müddət onunla yaşadıq ki, “Allah bəndəsi”
sözünün mənasını bilək".
Başqa biri dedi: "İbrahim sözün əsl mənasında bir
pəhləvan idi; pəhləvan arif".
***
İbrahimin şəhadətindən beş ay ötdü. Anam hərdən
soruşurdu ki, İbrahim nə üçün məzuniyyətə gəlmir. Biz də
hər dəfə müxtəlif bəhanələrlə mövzunu dəyişdirirdik.
Deyirdik ki, indi əməliyyat var, hələlik gələ bilmir - hər
dəfə bir söz deyirdik.
Bir gün anam otaqda İbrahimin şəkli ilə üz-üzə oturub
ağlayırdı. Yaxınlaşdım.
– Ana, nə olub?
– Mən İbrahimin ətrini hiss edirəm. İbrahim indi bu
otaqda, buradadır...
Bir qədər sakitləşəndən sonra əlavə etdi: "Mən əminəm
ki, İbrahim şəhid olub. O, son dəfə çox dəyişmişdi. Ona
çox dedim ki, gəl, elçiliyə gedim, səni evləndirmək
istəyirəm. O isə deyirdi: "Yox, ana, mən əminəm ki,
213
qayıtmayacağam. İstəmirəm ki, evin küncündə ağlar bir
göz məni gözləsin".
Bir neçə gündən sonra yenə İbrahimin şəklinin önündə
dayanıb ağlayırdı. Biz axırda məcbur qalıb dayımızı
çağırdıq ki, anama həqiqəti söyləsin.
Həmin gün anamın halı pisləşdi, ürək narahatlığı
gücləndi və biz onu xəstəxanaya yerləşdirdik.
İllər sonra anamı Behişti-Zəhra (ə) məzarlığına
aparanda daha çox 44-cü sıraya getmək istəyirdi. O,
İbrahimin xatirəsi ilə naməlum şəhidlərin məzarı yanında
otururdu. Ona ağlamaq olmazdı, amma orada ürəyini
boşaldır və naməlum şəhidlərə ürək sözlərini deyirdi.
|