Cahanşah
Şəhər həyatından həftələrlə ayrı düşüb cəbhə şəraitində yaşamaq nisbətən ağır işdir. Bəzi dostlarımız belə mühitdə uzun müddət qala bilmirdilər. Yaxşı yadımdadır, bəzi döyüşçülər bir müddət cəbhədə qalandan sonra depressiyaya və ya digər psixoloji xəstəliklərə düşürdülər.
Belələrinin dərmanı kollektiv işlər idi. Bu işlər həm də psixoloji xəstəliklərə qarşı profilaktik tədbir sayılırdı. Oyun oynamaq, zarafat etmək və deyib-gülmək bu baxımdan yaxşı təsir bağışlayırdı.
İbrahim bu sahədə usta idi. İbrahimin və digər dostlarının zarafatları hamını güldürürdü. Bekar olanda həmişə kollektiv oyunlar keçirirdi.
Bir dəfə korpusdakı dostlarımız cənubdan Gilanqərbə gəldilər. İbrahim bəzi dostlarla birgə onların yanında oturmuşdu. Oradan eşidilən yeganə səs isə gülüş səsi idi. Onlara yaxınlaşanda İbrahimə dedim: "Nə iş görürsən?!" Zarafata dedi: "Ağlamağımızı istəyirsən?!" Sonra da çox adi şəkildə ağlamağa başladı və gözlərindən yaş axdı.
Bir gün Əndərzqu dəstəsinin döyüşçüləri ilə oturmuşduq. İranın mərkəzi şəhərlərindən birinin cümə imamı döyüşçüləri görməyə gəlmişdi. Günorta idi. O, dəstəmaz almaq üçün üst paltarlarını çıxardı. İbrahim dərhal icazə alıb onun paltarlarını geyindi və dostlarımızın birinə yaxınlaşıb diksindirdi.
İbrahimin yaxın dostları arasında Kermanşahdan bir nəfər var idi. Onların dostluğu maraqlı idi.
Boyu təxminən iki metr olardı, özü də enlikürək və bədənli gənc idi. Onu ilk dəfə İbrahimlə Kermanşaha Hacı ağa İslamini görməyə gedəndə görmüşdüm.
İbrahim onu bizə təqdim edib dedi: "Ağa Cahanşah bizim dostlarımızdandır". Cahanşahla əl görüşəndə İbrahim mənim arxamdan nə işarə verdisə, əlimi elə sıxdı ki, indi də yadıma düşəndə əlimin bütün sümükləri ağrıyır. Qışqırıb əlimi geri çəkdim. Bütün barmaqlarım bir-birinə yapışmışdı.
Həmin axşam İbrahim, Cahanşah, Hacı İslami və mən bir yerdə qaldıq. Bizə yeddi ədəd bişmiş toyuq və yumurta gətirdilər. Biz üçümüzə bir toyuq yedik, Cahanşah isə təkbaşına altı toyuğu çörəklə yedi. Şamdan sonra da bir mürəbbə şüşəsi götürüb qaşıqlamağa başladı.
Yavaşca İbrahimə dedim: "Bu dostun nə edir?! Bu qədər yemək olar?!"
İbrahim çox soyuqqanlılıqla dedi: "Bu axşam rahat yatmaq istəyir, ona görə həmişəkindən az yedi".
Cahanşah yeməkdən sonra jim eləməyə başladı, dostlarından biri də belində oturdu. Sanki o qədər yemək yeməmişdi.
Ertəsi gün oradan qayıtdıq.
***
Bir müddətdən sonra İbrahimlə Kermanşaha getdik. Xəbər gəldi ki, bir yerdə yerli sakinlərdən bir neçəsi ilə iki döyüşçü arasında mübahisə yaranıb və dalaşmalarına az qalıb.
Sakinlərin biri dedi: "Bizimkilər ən güclü dostlarından birini gətirməyə gediblər".
Çox qorxdum. Bilirdim ki, qarşıdurma yaransa, aranı sakitləşdirmək çətin olacaq. İbrahimlə özümüzü oraya çatdırdıq. Bir qədər sonra sakinlərin bir qismi bir lotu ilə bizim qərargahımıza dalaşmağa gəldilər. Onlar yaxınlaşdıqca İbrahim də onlara sarı getdi və ucadan qışqırdı: "Cahanşaha eşq olsun!" Hamısından ucaboy olan Cahanşah yaxınlaşıb bizimlə görüşüb-öpüşdü.
Sakinlər mat-məəttəl bizə baxırdılar. İbrahim yerli sakinlərlə bir-bir əl verdi, görüşüb-öpüşdü. Xülasə, bu dostluq bir davanın sülhə çevrilməsinə səbəb oldu.
Cahanşah həmin il Tehrana getdi və pis bir əməlinə görə həbs olundu.
O, həbsxanada nəzarətçiyə demişdi: "Bu qandalı qolumdan aç, biləyimi ağrıdır, yoxsa özüm açaram".
Nəzarətçi gülmüş, Cahanşah da qollarını aralayıb qandalı qırmışdı. O, orada qədim ikitümənlik metal pulu da məhbusların gözü önündə əymişdi. İnanın ki, ən güclülər yarışına çıxsaydı, birinci yeri tutardı.
Növbəti ildə dostlarımız Cahanşahın avtomobil qəzasında dünyadan köçdüyünü bildirdilər. Mən və digər döyüşçü dostlar buna inanmadıq, zarafata dedik: "Adi bir maşın o boyda adamı öldürə bilməz".
Dedilər: "Təsadüfən, Həmədan magistralında bir TIR yük maşını ilə toqquşub".
Dostları ilə paylaş: |