Ayıqlıq Sərdar Əmir Növhi
Biz on beş nəfər düşmən artilleriyasını partlatmağa getdik və Mətləülfəcr əməliyyatının birinci mərhələsində düşmən mövqelərinin arxasında mühasirəyə düşdük. Oradan bizi İbrahim xilas etdi. Onu ilk dəfə idi görürdüm. Mən əməliyyatın növbəti mərhələlərində ağır yaralandım, qolum işləmədi. Özüm Kermanşahdan olsam da, müalicə üçün Tehrana getməyə məcbur qaldım.
İbrahim bunu bilən kimi məzuniyyət götürüb mənimlə gəldi. Bir neçə gün onlarda qonaq oldum, ailəsinə, xüsusən də anasına çox zəhmət verdim.
O mənim müalicəm üçün bir dostunun motosikleti ilə tez-tez ora-bura gedirdi.
Sonralar dostlarıma dedim ki, Tehranda bizim kürd yerlilərimizdən də qonaqpərvər bir gənc var.
Məhəllənin müxtəlif xüsusiyyətlərə malik bütün sakinləri İbrahimlə dost idilər. İbrahim qapıdan çıxanda hamıya salam verirdi. Azyaşlı uşaqların çoxu salamına görə onunla dostlaşmışdılar. Hətta mənim kimilərin saymadığı bəzi avaralar da İbrahimlə dost idilər.
Yadımdadır, bir gün birlikdə küçədən çıxarkən yaxşı görkəmli bir neçə ruhani bizə yaxınlaşdı. İbrahimi tanıdığıma görə düşündüm ki, onlarla çox səmimi şəkildə görüşəcək, amma onlara heç salam da vermədi.
Təəccüblə ona baxdım. Nə düşündüyümü bilib dedi: "Mənim belə ruhanilərlə işim yoxdur".
– Nə üçün?
– Onlar Əhli-beytdən başqa heç kimin vilayətini qəbul etmirlər; nə fəqihin rəhbərliyini, nə inqilabı, nə cəbhəni. Onlar yalnız mövlanın vilayətindən dəm vururlar. Mən bir müddət onlarla söhbət etdim, amma faydası olmadı. Yalnız öz işlərini qəbul edirlər.
Sonra əlavə etdi: "Bunların İslama və inqilaba təhlükəsi az deyil. Xəvaric də mövla Əlinin hakimiyyəti altında idi, amma sonra..."
Mən o zaman İbrahimin nə dediyini başa düşmədim, amma illər sonra ingilis şiəliyi və Şirazi cərəyanı ilə tanış olanda onun necə ayıq olduğunu anladım.
***
Kermanşahda dindar bir ailədə böyümüşdüm. Gəncliyin əvvəlində Gilanqərbdə İbrahimlə tanış oldum. Allah şahiddir ki, bu tanışlıq həyatıma böyük təsir etdi.
İndi o dövrdən uzun illər ötür. Hələ onun qədər təsirli bir şəxsiyyət görməmişəm. Mən onunla yoldaş olduğum zaman bütün etiqad və əxlaq məsələlərini öyrəndim.
O bizi zorxana idmanı ilə tanış etdi. İdman edəndə zikr deyir, dua oxuyurdu. Bununla bizə başa salırdı ki, idman Allahın razılığından ötrü olmalıdır. O, çoxlu Əhli-beyt təlimlərini bu yolla bizə öyrədirdi.
Mən Aşura ziyarətnaməsini ilk dəfə İbrahimlə oxudum. Onun bu ziyarətnaməyə baxışı fərqli idi. O özünü Aşura məktəbinin əsgəri bilirdi.
Biz əvvəllər zarafat edəndə kimisə ələ salırdıq, hamı da gülürdü. İbrahim də zarafat edib hamını güldürürdü, amma heç kimi ələ salmırdı. O bizə öyrətdi ki, birlikdə gülək, bir-birimizə gülməyək.
Müharibənin ilk günlərində İbrahim bizə mənəviyyat öyrətdi, şəhadətə baxışımızı dəyişdi. O bizə düzgün həyat dərsi keçdi.
***
Müharibə dövrünün tehranlı döyüşçülərinin, hətta bu böyük şəhərin Bəsic üzvlərinin bu gün vahid bir rəhbəri yoxdur. Bir zamanlar tehranlı uşaqlar Hacı Himmət kimi bir örnəyi qəbul edir, onu əfsanə sayırdılar.
Dünənki döyüşçülərin bəzisi bir siyasi cərəyandadırlar, bəzisi başqa bir siyasi cərəyanda, bəziləri də ümumiyyətlə siyasətə qoşulmurlar. Yəni Tehranda bir dini-mədəni-ideoloji inqilab edə bilən güclü potensial əldən çıxıb. Lakin əminliklə deyirəm ki, İbrahim aramızda olsaydı, bizim dindar və inqilabçı toplumumuza mədəni-ideoloji rəhbərlik edə bilərdi. Mənim buna sübutum da var.
Mən növbəti dəfə 1982-ci ildə Tehrana getdim. İbrahim yaralanmışdı və müalicə olunurdu. Bir çox şəhidlərin yas məclisinə birlikdə gedirdik.
Bəzi Bəsic üzvləri İbrahimi bir dəfə görməklə onun əxlaqına və rəftarına vurulurdular. Bunu dəfələrlə görmüşəm. İbrahim bir yerə gedəndə ətrafı adamla dolu olurdu. Yalnız Bəsic üzvləri deyil, adi adamlar da onun gözəl əxlaqına cəlb olunurdular.
O zaman gördüm ki, şəhidlərin mərasimlərində Tehranın bəzi komandirləri çıxış edir, hətta siyasi mövqe bildirirdilər. İbrahim adətən bu məclislərdən sonra həmin komandir və ya natiqlə danışıb çox gözəl şəkildə çıxışını dəyərləndirir, nöqsanlarını deyirdi.
Bir dəfə bir komandirə gözəl şəkildə başa saldı ki, sizin bu məclisdəki sözünüzdə təqva ətri yoxdur, gərək ehtiyatlı olasınız, siz Bəsic gənclərinə örnəksiniz...
Mən o zaman dostlarıma dedim: "İbrahimin xarakteri və düzgün rəftarı hamını, hətta inqilab xəttində olmayanları da özünə cəlb edir. Çoxlu gənclər İbrahimə baxırlar. Bu şəxsiyyət Bəsic üzvlərinə rəhbərlik etməyə qadirdir və onlara siyasi mövqe baxımından kömək edə bilər”.
Dostları ilə paylaş: |