Rza Kəhnuc şəhərinin Cameətül-Quran mərkəzinin xanımlarından biri
On beş il öncə hamiləliyimin son aylarını keçirirdim. Halım birdən-birə pisləşdi. Səkkizinci ayım idi. Həkim dedi ki, bətnindəki uşaq ölüb.
Çox üzüldüm, çox ağladım. Bir neçə həkimə müraciət etdim. Dedilər ki, uşağın sağlamlığına yalnız bir faiz ümid var. Onda da gərək tez qeysəriyyə əməliyyatı ilə uşağı götürək.
Həmin axşam İmam Rzaya (ə) təvəssül edib dedim: "Övladımın sağlamlığı üçün dua etməni istəyirəm. Əgər oğlan olsa və yaşasa, adını Rza qoyacağam".
Cərrahiyyə əməliyyatı baş tutdu. İnanılmaz olsa da, övladım sağlam dünyaya gəldi, amma çəkisi 900 qram idi.
Uşaq nəzir-niyazla və çətinliklə böyüdü. Gec dil açdı, üç yaşında yeriməyə başladı.
Oğlum inkişaf mərhələlərini keçdi, amma fiziki zəifliyi yerində qalırdı. Səkkizinci sinfə qədər elə oxudu. Doqquzuncu sinifdə isə məktəbi uzaqda oldu. Yoldaşım dedi ki, oğlumuzun problemi var, bu qədər uzun yolu gedə bilməz.
Dərs ili başlandı, amma bizim Rza evdə qaldı. Ondan ötrü çox narahat idim. Özü də çox əziyyət çəkirdi. Nə edəcəyimi bilmirdim.
Həmin günlərdə Kəhnucun Cameətül-Quran mərkəzinin dərslərinə gedirdim. Bir gün bizə bir şəhidin kitabını verib dedilər: "Bu kitabı mütləq oxuyun. Fəcr ongünlüyündə bundan müsabiqə keçirəcəyik".
Kitabın adı “Salam olsun İbrahimə” idi. Həmin axşam kitaba başladım, o şəhidin xatirələri ilə çox ağladım.
Gecə kitabı bağlayıb balışımın altına qoydum, şəhidlə dərdləşə-dərdləşə yuxuya getdim. Yuxuya gedəndən sonra qapının açıldığını hiss etdim. Şəhid İbrahim Hadi içəri girdi və əlində bir kasa mənə yaxınlaşdı. Təəccüblə ona baxırdım. Kasanı mənə uzatdı. İçində püşk kağızları kimi bir neçə kağız vardı.
Onların birini götürdüm. Üzərinə belə yazılmışdı: "Onu dəxil et".
Təəccüblə dedim: "Onu dəxil edim? Kimə? Haraya?"
İbrahim Hadi dedi: "Sizin 900 qramlıq övladınızı buraya çatdırana – İmam Rzaya (ə)”.
Yuxudan oyandım. Öz-özümə fikirləşdim ki, oğlumu necə dəxil edim, onu necə Məşhədə aparım. Maddi vəziyyətimiz də yaxşı deyildi. Amma öz-özümə düşündüm ki, Allah işləri düzəldəndir, mütləq kömək edəcək.
Ertəsi gün mərkəzə gedib yuxumu müdirə danışdım. O dedi: "İnşallah xeyirdir, mütləq Məşhədə get".
– Axı həm maddi imkanımız yoxdur, həm də bir neçə dəfə Məşhədə aparmışıq, dəyişiklik olmayıb.
– Allah istəsə, səfər imkanı yaradar. Bu dəfə Məşhədə gedəndə İmam Rzaya (ə) de ki, məni İbrahim Hadi göndərib.
Ertəsi gün eşitdim ki, Təbliğat komitəsi tərəfindən heyət üzvlərindən bir neçəsini Məşhədə aparacaqlar. Biz də adımızı yazdırdıq. Bir neçə gündən sonra püşkatmada mənim adım da çıxdı.
İnanılmaz olsa da, növbəti həftə İmam Rzanın (ə) məqbərəsində idim, hərəkət problemi olan oğlum Rza ilə birlikdə.
Üzümü ağanın məqbərəsinə tutub dedim: "Mən Rzanı sənin yanına gətirmişəm. Məni buraya Şəhid İbrahim Hadi göndərib. Siz necə məsləhət görürsünüzsə..."
Allahın lütfü və İmam Rzanın (ə) duası ilə Məşhəd səfərindən sonra oğlumun halı günbəgün yaxşılaşdı. O, məktəbə getdi, təhsilini davam etdirdi və indi normal həyat sürür.
Dostları ilə paylaş: |