Bizim gənclik çağımız birlikdə keçdi. O vaxt İbrahim bazarda işləyirdi, axşamlar da bir yerdə məscidə gedirdik. Bir gün ona dedim: "İbrahim, görürsən məhəlləmizin gənclərindən nə qədəri fəsada qurşanıb?! Çoxu araq içir və əxlaqsız işlər görür". İbrahim başı ilə təsdiqləyib dedi: "Gəl belə bir iş görək: bir heyət yaradıb uşaqları bir yerə toplayaq".
Başqa bir neçə nəfərlə də danışdı və heyəti yaratdı. İlk məclislər çərşənbə axşamı günləri onların Təcəlla küçəsindəki evlərində keçirildi.
Orada iç-içə iki otaqdan və kiçik həyətdən ibarət bir evləri var idi. Atası qapının ağzında oturub çay hazırlayır, heyət uşaqlarına xidmət edirdi. Bir nəfər dini söhbət edirdi, sonra da İbrahimlə mən oxumağa başlayırdıq. O vaxt İbrahimin yaşı az olsa da, məddahlığı yaxşı idi. Əvvəlcə özü bəzi şeirlər oxuyub ağlayırdı. Onun halı heyətin digər üzvlərinə də təsir edirdi.
Məclisdən sonra İbrahim dostlara şam hazırlayırdı. Yavaş-yavaş əxlaqsız yola düşmüş bəzi gənclər həmin məclislərə gəlməyə başladılar.
Üç aydan sonra ona "Mehdiçi gənclər heyəti" adını qoyduq. İştirakçıların artdığına görə daha İbrahimgilin evi bəs eləmirdi. Artıq qırx sabit üzvümüz vardı.
Heyətin məclisləri növbə ilə dostların evlərində keçirilirdi. Hamı İbrahimi heyətin böyüyü kimi qəbul edirdi. Dini söhbət eləməyə adam tapmayanda İbrahimin özü İmam Hüseynlə (ə) dostluq barədə danışırdı.
Heyətin məclisləri çox təsirli oldu. Məhəllədəki dostlarımızın çoxu idmana və işə həvəsləndilər. İbrahim onların vaxtını doldurmağa çalışırdı. Yadımdadır, həmin günlərdə onların bir qismilə Məşhədə getdik. Mən o səfərdə İbrahimi daha yaxından tanıdım. O, məqbərədə bizə ziyarətnamə oxuyurdu. Bir dəfə dönüb gördüm ki, ağlamaqdan bütün üzü islanıb. İmam Rzanın (ə) məqbərəsində onun Əhli-beytə hədsiz eşqinə şahid oldum.
İllər ötdü, İslam inqilabı qələbə çaldı və İbrahimin yaratdığı heyət məhəllənin məşhur heyətlərindən biri ilə birləşdi. Bu heyətin indi də həftəlik məclisləri keçirilir. O zaman əxlaqsız işlərə qurşanmaq ərəfəsində olan, ancaq Allahın köməyi və İbrahimin vasitəsi ilə təhlükədən qurtulanların çoxu sonralar məhəlləmizin aparıcı möminlərindən oldular. Onların bir neçəsi müqəddəs müdafiə dövründə şəhadətə qovuşdu.
İbrahim şəhid oldu, amma məhəllədə yadigar qoyduğu heyət yaşadı.
Müqəddəs müdafiə günlərində bir dəfə İbrahimi yuxuda gördüm. Gözəl bir bağda idi, bəzi dostları da yanında. Yaxınlaşıb salam verdim. Heyətdə çəkdiyi zəhmətlərin qarşılığında nə aldığını soruşmaq istəyəndə özü dilləndi: "Seyid Əli, şəhid olub yerə yıxılan anda İmam Hüseyn (ə) gəlib məni qucaqladı".
Dostları ilə paylaş: |