Zirvənin fatehi Hüseyn Qəzənfəri
Sevincək cəld silah-sursat daşımağa başladıq. Zülfüqar briqadasının üç batalyonu və korpus qüvvələri son məsələləri razılaşdırdılar. Bütün komandirlərin sözü bu idi ki, bütün Şiyakuh yüksəkliyi, o cümlədən zirvəsi azad olunmalıdır.
Mən xatirə dəftərimdə bu hadisəni təfərrüatı ilə yazmışam. 1982-ci ilin 5 fevralı, axşamüstü saat 5 idi. Artilleriya öz işinə başladı. Hələ hava qaralmamış şəxsi heyət hərəkətə keçdi. Ordu qüvvələri çox yaxşı irəliləyirdilər. Digər istiqamətdən də korpus və Bəsic qüvvələri gəlirdilər.
Zülfüqar briqadasının üçüncü və dördüncü batalyonları zirvəyə doğru yola düşdülər. Ratsiya danışığını eşidirdim. Üçüncü batalyonun komandiri cəsarətlə deyirdi: "Mən Şiyakuh zirvəsinə ayağını qoyan ilk adam olmaq istəyirəm".
Mayor şəxsi heyətini irəliləməyə həvəsləndirirdi. Bir saatdan sonra ratsiyadan belə elan olundu: "Şiyakuh zirvəsi azad olundu, üçüncü batalyon zirvəyə çatdı".
Çox sevindik. Ordu və korpus döyüşçülərinin “Allahu-Əkbər” səsi bütün bölgədə əks-səda verirdi. Düşmən qaçmağa başlamışdı. Biz Şiyakuhun yamacında, mağara olan yerdə bir tibb məntəqəsi təşkil etdik.
Hamımız qələbəyə sevindiyimiz yerdə üçüncü batalyonun komandiri mayor Toxmaçını gətirdilər. Ayağından yaralanmışdı. Onu israrla geri göndərmək istəyirdik, amma qəbul etmədi.
– Yaramı bağlayın, şəxsi heyətin yanına qayıdacağam.
Orada bir söz dedi, mənsə məqsədini anlamadım.
Mayorun ayağını sarıyanda üzünü mənə tutub dedi: "Mən İbrahim Hadidən xəcalətliyəm".
Hər halda, Şiyakuh döyüşçülərin qəhrəmanlığı ilə azad olundu.
Bir neçə gündən sonra mayoru gördüm. Ayağı yaxşılaşmışdı. Məni çağırıb dedi: "Gəl, sənə bir söz deyim. Yadındadır, dedim İbrahimdən xəcalətliyəm?”
– Bəli.
– Zülfüqar batalyonunda məni Şiyakuhun fatehi kimi tanıyırlar. Ratsiyadan dediyim sözə görə mənə hətta mükafat verdilər və rütbəmi artırdılar. Hamı elə bilir ki, dağın başındakı səngərləri fəth edən ilk adam mənəm. Amma bir şeyi etiraf etməliyəm.
Mayor dərin nəfəs aldı.
– Həmin axşam düşmənin zirvədəki səngərlərinin müqaviməti çox güclü idi. Düşmən o səngərləri əldən çıxarmaq istəmirdi. Dağın başına çatanda tək-tənha səngərlərə hücum etdim ki, oranı təmizləyib zirvənin fatehi olum. Amma orada düşmən yox idi, məndən öncə vurulan vurulmuş, qaçan qaçmışdı. Cəsədlər yerdə idi. Mən zirvəni fəth etdiyimə sevinib bunu ratsiyadan xəbər verdim. Lakin birdən inanılmaz bir səhnə ilə rastlaşdım. Ən zirvədəki səngərin yanında gənc bir döyüşçü üzüqibləyə səcdəyə getmişdi və Allaha şükür edirdi. O, birdən mənim önümdə ayağa qalxdı. Əvvəlcə qorxdum, sonra isə çəfiyəsindən bildim ki, iranlıdır.
O, zirvəyə məndən tez çatıb səngərləri təmizləmişdi, lakin heç bir söz demədən səcdəyə gedib bu qələbəyə görə Allaha şükür edirdi. Sonra ayağa qalxıb məni qucaqladı, təbrik etdi və başqa bir söz demədən digər tərəfdən öz şəxsi heyətinin yanına endi.
Təəccüblə mayora baxırdım. Mənə çox qəribə gəlirdi. Biz hamımız mayoru Şiyakuh zirvəsinin fatehi bilirdik, o isə əsl fatehin başqası olduğunu deyirdi.
- Axı kimdən danışırsınız? O qəhrəman kimdir?
Mayor gözlərimin içinə baxa-baxa dedi: "Şiyakuh zirvəsinin fatehi Baziderazın pəhləvanı İbrahim Hadidir".
Ondan sonra mayor hər dəfə İbrahimdən danışanda onu Baziderazın pəhləvanı adlandırıb deyirdi: “Bu gənci heç kim tanımır”.
Yadımdadır, polkovnik Əliyari də belə deyirdi: "Şiyakuhun fəthi o gəncə borcludur. O, əminlikdə dedi: "Əgər siz edə bilməzsinizsə, biz hücum edərik".
Ondan sonra İbrahimlə dostluğum daha da gücləndi. O mənim və ordudan olan digər dostların yaddaşında bir əfsanə kimi qaldı. Bu qədər qəhrəmanlıqlarına baxmayaraq, heç vaxt özündən danışmazdı.
Bir aydan sonra əsgərlərin biri məni səsləyib dedi: "Bir cavan oğlan gəlib, sizinlə işi var".
– Mənim burada heç kimim yoxdur.
Nəzarət-buraxılış məntəqəsinə gedəndə isə çox sevindim. İbrahim idi. Salamlaşandan və hal-əhval tutandan sonra dedi: "Sağollaşmağa gəldim. Biz cənuba gedirik".
Çox narahat halda onunla sağollaşdım. Tehranlı olmasam da, ünvanını alıb dedim: "Sizi yenə görməyi çox istəyərdim".
1982-ci ilin martında Fəthülmübin əməliyyatı başlandı. İbrahim və dostları buna görə cənuba getdilər. Bizim bir neçə batalyonumuz da həmin əməliyyatda iştirak etdi. Əməliyyatın son günlərində mən də oraya getdim və bir gün üçüncü batalyonun komandiri Toxmaçının yanında qaldım. O mənə dedi: "Doğrudan, İbrahim Hadidən xəbərin var?"
– Yox.
– Onu bir neçə gün qabaq Əhvaz hava limanında gördüm. Yaralanmışdı, böyrünə qəlpə dəymişdi. Onu Tehrana aparmaq istəyirdilər, o isə qayıtmaq istəyirdi. Həkimlər yarasını bağladılar və birlikdə qayıtdıq.
1983-cü ilin martında Toxmaçını yenə gördüm. Göstərdiyi igidliklərə görə polkovnik-leytenant olmuşdu. Yenə Şiyakuh dağından və İbrahim Hadidən söz düşdü.
- Baziderazın pəhləvanından xəbərin var? Bilirsən haradadır?
Kumeyl kanalından xəbərim olduğuna görə narahat halda dedim: "Bəli".
Polkovnik üzümdən hər şeyi anladı. Yenə nigaran halda soruşdu: "İbrahim haradadır?"
Vəlfəcr-hazırlıq əməliyyatında Kumeyl kanalının mühasirəsi haqda məlumat verib dedim: "İbrahim də onlarla qaldı. Heç kimin ondan xəbəri yoxdur".
Dostları ilə paylaş: |