Xanım Xürrəmi
1980-ci il təvəllüdlüyəm, amma əslində, təxminən dörd ildir doğulmuşam.
Mənəviyyatın mənim həyatımda heç bir yeri yox idi. Rahatlıq tapmaq üçün həmişə özümdən xarici aləmdə nəsə axtarırdım.
Maddi vəziyyətimiz yaxşı idi, istədiyimizə nail olurduq. İdmanla məşğul oldum, işlədim, dostlarım, rəfiqələrim oldu. Hər yerdə əsl rahatlığı axtardım, amma tapmadım. Mən idmanda o qədər irəlilədim ki, hətta ölkə yığmasına da daxil oldum, amma yenə hüzursuz idim.
Hicablı xanımlara baxışım çox pis idi. Liseydə oxuyan qızım da eynilə özüm kimi idi.
O zaman gördüyüm yeganə yaxşı iş Kəhrizəkdə ehtiyaclılara kömək etmək idi. Bir dəfə öz-özlüyümdə düşündüm ki, artıq neçə ildir həftədə bir dəfə Kəhrizəkə gedirəm, deməli, çoxlu savabım var.
Bir dəfə bu fikirlə Hafiz falına baxan bir dostumun yanına getdim və niyyət etdim ki, Allahın mənim haqda fikri nədir.
Dostum kitabı açıb dedi: "Allah üçün savab hesablayırsan?! İstəyirsən ki, Allah səni rüsvay etsin və hansı işləri gördüyünü desin?!”
Bu falda məqsədin nə olduğunu bildim. Mən Allah qarşısında çox öyünürdüm. Bunu deyəndə çox kövrəldim və ağlamağa başladım.
İnanın ki, evə gəlib üç gün ağladım. Yenidən həmin dostumla danışdım. Dərhal mənə dedi: "Mənəviyyat yoluna gəl, həyatını dəyiş".
Bir qədər fikirləşib öz-özümə dedim: "Bu, mümkün deyil. Mən özümə xüsusi bir həyat tərzi seçmişəm və bu, mənəviyyatla uyğun gəlmir. Mən hər səhər yuxudan oyananda fərqli şəkildə bəzənib-düzənirəm”.
Çoxlu fikirləşəndən sonra qərara gəldim ki, heç olmasa, namaza başlayım. Dedim ki, birinci addım olaraq namaz və oruca əhəmiyyətli yanaşım, hicaba isə yox. Bir müddətdən sonra uzun və geniş manto aldım, saçımın da başörtüyündən bayıra çıxmamasına çalışdım. Bu işləri görmək nisbətən asan idi, amma qatı makiyajdan əl çəkməm mümkün deyildi.
Öz-özümə dedim: İndi ki gəlmişəm, gərək axıracan gəlim. Fikirləşib gördüm ki, belə həyat tərzi çox aşiqanədir. Allah mənim həyatımın mərkəzinə çevrilmişdi.
Yavaş-yavaş makiyajı kənara qoydum. Bu mərhələlər bir müddət çəkdi. Başqa bir problemim naməhrəmlə təmas idi. Mən bütün qonaqlıqlarda naməhrəmlərlə əl görüşürdüm. Allahdan istədim ki, bu problemimi də həll etsin və Allahın köməyi ilə pillə-pillə irəlilədim.
Növbəti ildə dostumla mağazaya gedib çadra aldım və elə mağazada başıma atdım.
Bir müddətdən sonra məhəllənin xanımlar Bəsicinə adımı yazdırdım. Mənim həyatım tamamilə dəyişdi, qızım isə əsla dəyişmirdi. Ona özüm tərbiyə vermişdim – əvvəllər yaşadığım kimi. İndi də mənim yeni həyat tərzimdən uzaqlaşır, işlərimi qəbul etmirdi.
Onu dəyişdirə bilmədiyimi gördükdə dedim: "Dəyişmək üçün gərək aşiq olasan. Mən səni məcbur etmirəm. Bilirəm ki, bir gün sən də Allaha aşiq olacaq və bu yola gələcəksən".
Qızım gülüb deyirdi ki, əsla. Hətta məni görmək üçün Bəsic mərkəzinə gələndə qəsdən saçını bayırda qoyur və çox bəzənirdi.
Bir müddətdən sonra liseydə cəbhə bölgələrinin ziyarətinə ekskursiya elanı vuruldu. Qızım dostları ilə əylənmək xatirinə icazə alıb cəbhə bölgələrinin ziyarətinə getdi. Mən dedim ki, inşallah qayıdanda namazına başlayarsan. O isə yenə gülüb dedi ki, əsla.
Qızım hər axşam mənimlə əlaqə saxlayıb deyirdi: "Bizə deyirlər ki, sizi buraya şəhidlər dəvət edib". Sonra gülüb onları ələ salırdı. Lakin get-gedə əməliyyat bölgələrinin mənəvi ab-havasından təsirləndiyini hiss edirdim.
Həmin günlərdə bir dəfə məscidə getdim. Nədənsə qəribə həyəcanım var idi. Bir neçə dəfə yerimi dəyişdirdim. Sonuncu dəfə yerdə bir kağız gördüm. Götürüb oxudum. Bir şəhidin həyatı idi. Hiss elədim ki, Allah mənim bu şəhidlə tanış olmağımı istəyir. Onu oxuyub həzz aldım. Sonra da kağızı götürdüm və Bəsic rəisindən icazə alıb özümlə apardım.
Kağızda İbrahim Hadi adlı bir idmançı şəhidin həyatı haqda qısa məlumat yazılmışdı.
Həmin gün şəhidin şəkli ilə danışıb qızımı ona tapşırdım: "Əminəm ki, siz qızımı mənəviyyata cəlb edə bilərsiniz".
Həmin axşam qızım yenə zəng vurdu.
– Ana, karvanımızın rəvayətçisi həmişə bizə bir şəhidin xatirələrindən danışır. Sözləri çox maraqlıdır. Şəhidin adı İbrahim Hadidir. İcazə verirsən onun xatirələrinə dair kitabı alım?
Həmin gün əlimə çatmış kağızı xatırlayıb həyəcanla dedim: "Mütləq al". Əmin oldum ki, daha məsələ həll olunmuşdur. Baş verən hadisələrdən anladım ki, İbrahim mənim övladımın hidayətçisi olacaq.
Bundan sonranı qızım özü belə danışır:
"Cəbhə bölgələrində çox qəribə ab-hava vardı. Ora bütünlüklə düzənlikdən ibarət idi, amma çox qəribə yer idi. Mən oranın torpağından bir qədər özümlə gətirdim.
Bu səfərin ən mühüm hadisəsi İbrahimlə tanış olmağım idi. "Salam olsun İbrahimə" kitabı mənə çox təsir etdi. Mən çox kitab oxumuşam, amma bu, olduqca maraqlı idi.
Mən kitabı oxuyandan sonra namaz qılmaq qərarına gəldim, amma anamla inadkarlıq etmək üçün bunu bir qədər gecikdirdim. Əvvəlcə gizli şəkildə namaza başladım, sonra yavaş-yavaş aşkara çıxdı.
Mən idmançı idim, voleybol oynayırdım. İbrahim də idmançı, güləş və voleybol çempionu olmuşdu.
Mən həmişə onunla danışıram, yarış və imtahanlara gedəndə ondan dua etməsini istəyirəm.
Mən nəzir edib, namaz qılıb savablarını ona hədiyyə edirəm və öz problemlərimdə Allahın lütfünü duyuram.
Bir müddətdən sonra mən də anam kimi oldum. Dostlarım məndə olan dəyişikliklərlə bağlı soruşanda deyirəm: "Mən bütün yolları getmişəm. Həmişə pulum və istədiyim şeylər olub. Hər növ əyləncə ilə əylənmişəm. Lakin Allahın yolu çox ləzzətlidir. Bunun üçün yalnız eşq lazımdır”.
Hicabın da qayda-qanunları var. Onları biləndən sonra aşiq olursan. Əvvəl elə bilirdim ki, çətindir, amma elə deyilmiş.
Mənim həyatım tamamilə dəyişdi. Mən indi həyatdan olduqca həzz alıram”.
Dostları ilə paylaş: |