İrəc Girayi
İnqilabdan bir qədər öncə idi. İbrahim bazardan əlavə başqa bir işlə də məşğul idi. Təxminən heç kimin ondan xəbəri yox idi. Özü də heç nə demirdi. Onun əxlaqı və rəftarı tamam dəyişmiş, mənəviyyatı çox güclənmişdi. Səhərlər qara bir sellofan götürüb bazara tərəf gedirdi. İçində bir neçə kitab olurdu.
Bir gün motosikletlə gedərkən İbrahimi gördüm.
– Dadaş İbrahim, haraya gedirsən?
– Bazara gedirəm.
Onu motosikletə mindirdim. Yolda dedim: "Haçandır əlində bu sellofanı görürəm, nə məsələdir?"
– Heç nə, kitabdır.
Naibüs-səltənət küçəsinin başında motosikletdən endi, sağollaşıb getdi. Təəccübləndim. Onun iş yeri ora deyildi.
Maraqlanıb arxasınca getdim. Bir məscidə girdi, mən də arxasınca. İçəridə bir neçə gəncin yanında oturub kitabını açdı.
Məsciddən çıxanda oradakı bir qocadan soruşdum: "Bağışlayın, bu məscidin adı nədir?"
– Hacı Ağa Müctəhidinin mədrəsəsi.
Təəccüblə ətrafa baxdım. İbrahimin hövzə tələbəsi olduğunu düşünməzdim.
Orada divara Peyğəmbərdən bir hədis yazılmışdı: "Yer, göy və mələklər gecə-gündüz üç zümrəyə bağışlanmaq istəyirlər: alimlər, tələbələr və səxavətli insanlar".1
Axşam zorxanadan çıxanda dedim: "Dadaş İbrahim, hövzəyə gedirsən, amma bizə demirsən?!"
Dönüb təəccüblə mənə baxdı. Bildi ki, arxasınca getmişəm. Çox yavaşca dedi: "Heyfdir adam ömrünü yalnız yeyib-yatmağa sərf edə. Mən rəsmi tələbə deyiləm, elə-belə öyrənmək üçün gedirəm. Günortadan sonra da bazara gedirəm. Amma hələlik heç kimə bir söz demə".
İnqilabın qələbəsinə qədər İbrahimin işi belə idi. İnqilabdan sonra isə onun işləri o qədər çoxaldı ki, daha belə işlərə vaxt qalmadı.
Dostları ilə paylaş: |