Şəhidin dostları
Müharibənin ilk günlərində İbrahim çoxlu döyüşçülər üçün örnəyə çevrilmişdi. Çoxları onunla dost olmağa can atırdı. O isə tərif və şöhrətdən həmişə qaçırdı.
O, hərbi geyimə fikir vermir, uzun köynək və kürd şalvarı geyinirdi. Bununla həm yerli əhaliyə bənzəmək, həm də sadə görünməklə öz nəfsini ram etmək istəyirdi. Mən onu ilk dəfə görəndə qulluqçu sanmışdım.
İbrahim necə deyərlər, stereotipləri sındırırdı. O, zahiri görkəmdən çox məsələlərin məğzinə fikir verirdi. Uşaqlar da ondan öyrənirdilər.
O həmişə deyirdi: "Uşaqlara eyni hərbi forma verməkdən çox onların bilik və mənəviyyatları haqda düşünməli, onlarla yaxın dost olmalıyıq”.
Bu düşüncənin nəticəsi partizan əməliyyatlarında aydın görünürdü; hərçənd bəziləri onun düşüncələrini qəbul etmirdilər.
***
Kamifulyaj parça alıb bir dəst kürd paltarı tikdirmişdi. Geyinəndə çox yaraşıqlı göründü. Qərargahdan getdi. Bir saatdan sonra qayıdanda isə əsgər geyimində idi. Yeni paltarının harada olduğunu soruşdum. Dedi ki, kürd uşaqlardan birinin xoşu gəldi, mən də hədiyyə verdim.
Saatını da başqa birinə vermişdi. O adam saatı soruşmuşdu, İbrahim də saatını ona bağışlamışdı. Bu sadə işləri yerli kürdlərin onu sevmələrinə və Əndərzqu dəstəsinə qoşulmalarına səbəb oldu. İbrahim sadəliklə yanaşı siyasi məsələlərdən tam məlumatlı idi, siyasi cərəyanları yaxşı tanıyırdı.
İmam Xomeyninin və Şəhid Behiştinin şəkillərini qərargaha vurandan bir müddət sonra ozamankı prezident Bəni-Sədrin nəzarəti altında olan baş qərargahdan dəstənin buraxılmasına və ərzağının kəsilməsinə dair sərəncam verildi. Lakin bölgədəki ordu komandiri dəstənin qalmasını lazım bildi. Bizim bütün hücumlarımız bu dəstə vasitəsilə icra olunurdu. Həmin komandirin səyləri nəticəsində bir müddətdən sonra sözügedən sərəncam ləğv olundu.
Bir gün (xain prezident) Bəni-Sədrin Kermanşaha baxış keçirdiyini söylədilər. İbrahim, Cavad və başqa bir neçə nəfər Hacı Hüseynlə birgə Kermanşaha getdilər.
Hərbi komandirlər yaraşıqlı hərbi geyimdə Bəni-Sədri gözləyirdilər. Əndərzqu uşaqlarının görkəmi isə maraqlı idi. Onlar həmişəki geyimdə və enli kürd şalvarında prezidenti qarşılamağa getmişdilər. Əslində isə məqsədləri başqa idi. Onlar deyirdilər ki, biz bu adamla danışmaq istəyirik, görək hansı hərbi baxışla müharibəni idarə edir.
Həmin gün çox gözlədik, axırda elan etdilər ki, prezident helikopterdəki texniki nasazlığa görə Kermanşaha gəlməyəcək.
Bir müddətdən sonra həzrət Ayətullah Xamenei Kermanşaha gəldi. O zaman o, Tehranın cümə imamı idi. İbrahim bütün uşaqları özü ilə apardı. Onlar eyni sadə görkəmlə ağa ilə görüşdülər, bir-bir onu qucaqlayıb öpdülər.
Dostları ilə paylaş: |