Xatirə məzarı Şəhidin bacısı
İbrahimin şəhadətindən sonra çox pis olmuşdum. İbrahim mənim bütün həyatım idi. Ona çox bağlı idim. O bizə yalnız qardaş deyildi, həm də tərbiyəçi idi.
Mənimlə dəfələrlə hicab barədə danışıb deyirdi: "Bir qadının imanı hicaba tam riayət edəndə kamilləşir".
Evdən çıxanda və ya bir qonaqlığa gedəndə bizə naməhrəmlə davranış tərzi haqda tövsiyə verirdi, amma heç vaxt əmr etməz və ya qadağa qoymazdı. İbrahimin tərbiyə üsulu nəsihət vermək idi.
O bizi zarafat və gülüşlə sübh namazına çağırar və deyərdi: "Namaz yalnız ilk vaxtda və camaatla!"
Dostlarına həmişə azan verməyi tövsiyə edərdi. Deyirdi ki, harada olsanız, hətta motosikletdə olsanız belə, azan səsini eşidən kimi dayanın və ucadan azan verin.
İbrahim yaralanıb evə gələndə bir tərəfdən narahat idik, bir tərəfdən də sevinirdik. Narahatlığımız yaralandığına görə, sevincimiz isə onu daha çox görə biləcəyimizə görə idi.
Yaxşı yadımdadır, dostları onu görməyə gələndə bir şeir oxumağa başladı. Məncə, öz şeiri idi:
Əgər bütün dünyada mənimlə vuruşsalar,
Əgər xəncərlə qanımı töksələr,
Əgər qanla bədənimi yusalar,
Əgər bədənimdən başımı alsalar,
Əgər od və qan arasında qalsam,
Qızıl Rəhbər xəttindən dönmərəm!
Bəziləri deyirdilər ki, biz cəbhəyə yalnız şəhid olmaqdan ötrü gedirik. İbrahimin isə dəfələrlə bu sözdən xoşlanmadığını eşitmişdim. O, dostlarına deyirdi: "Həmişə deyin ki, son ana qədər, nə qədər ki nəfəsim gəlir, İslama və inqilaba xidmət edəcəyəm. Əgər Allah istəsə və qiymətimiz beş olsa, onda şəhid olarıq. Lakin nə qədər ki bədənimizdə qüvvə var, İslam yolunda mübarizə aparmalıyıq”.
O həmçinin deyirdi: "Bu bədənlə o qədər işləməli, Allah yolunda elə çalışmalıyıq ki, Özü məsləhət biləndə kağızımızı imzalasın və şəhid olaq. Lakin şəhid olmaq səadətinin pis rəftarla, pis bir işlə alınması da mümkündür”.
***
İbrahimin şəhadətindən illər ötdü. Onun yoxluğunun bizim ailəyə nə yaşatdığını heç kəs təsəvvür edə bilməz. Anamız İbrahimin dərdindən yatağa düşdü.
Nəhayət, eşitdim ki, 2011-ci ildə İbrahimə Behişti-Zəhradakı (ə) naməlum şəhid qəbirlərinin birinin üstündə xatirə daşı qoyulacaq.
İbrahim naməlum, tanınmaz qalmağı sevirdi. İndi isə naməlum bir şəhidin qəbri üstündə ona məzar daşı qoyulacaq, əslində, naməlum şəhidlərin biri İbrahimin vasitəsilə uca tutulacaqdı.
İlk dəfə İbrahimin baş daşı önündə dayananda birdən bütün vücudum titrədi, rəngim qaçdı və təəccüblə ətrafa baxdım.
Qohumlarımızdan bir neçəsi də eyni vəziyyətə düşdülər. Otuz il öncə orada baş vermiş bir hadisə yadımıza düşdü.
Xürrəmşəhrin azadlığı üçün keçirilən əməliyyatda anamın əmisi oğlu Şəhid Həsən Siracian şəhadətə qovuşdu. O zaman İbrahim yaralı idi və əsa ilə gəzirdi, ancaq onun şəhid olduğunu bilib Behişti-Zəhraya (ə) gəldi.
Həsəni dəfn edəndə yaxınlaşıb dedi: "Xoş halına, Həsən! Necə yaxşı yerdəsən! 26-cı sırada və əsas xiyabanın kənarında. Buradan keçən hər kəs sənə Fatihə oxuyacaq”.
Sonra sözünə əlavə etdi: "Gərək mən də yanına gəlim. Dua et ki, mən də buraya gəlim".
Bunu deyib əsasını yerə vurdu və Həsəndən bir qədər kənardakı yeri göstərdi.
Bir neçə ildən sonra İbrahimin göstərdiyi yerdə naməlum bir şəhid dəfn olundu və sonra qəribə bir şəkildə İbrahimin xatirə başdaşı məhz özünün istədiyi həmin məkanda qoyuldu.
Dostları ilə paylaş: |