İlahi izdivac Rza Hadi
Axşamüstü idi. İbrahim işdən qayıdırdı. Küçəyə girəndə gözü bir anlığa qonşu oğlana sataşdı. Gənc bir qızla danışırdı. Oğlan İbrahimi görən kimi tez qızla sağollaşıb getdi.
Bu hadisə bir neçə gündən sonra yenə təkrar olundu. Bu dəfə də qızla sağollaşmaq istəyəndə İbrahimin onlara yaxınlaşdığını gördülər. Qız tez küçənin o biri tərəfinə keçdi və oğlan İbrahimin qarşısında qaldı.
İbrahim onunla salamlaşdı, halını soruşdu. Oğlan qorxurdu, amma İbrahim həmişəki kimi gülümsəyirdi. O, oğlanın əlini buraxmadan xüsusi aramlıqla danışmağa başladı.
– Bax, bizim məhəlləmizdə belə şeylər olmayıb. Mən səni və ailəni yaxşı tanıyıram. Sən həqiqətən bu qızı istəyirsənsə, mən atanla danışaram...
Gənc İbrahimin sözünü kəsib dedi: "Yox, sən Allah, atama heç nə demə. Mən səhv etdim, qələt etdim, bağışla...”
– Yox, məqsədimi başa düşmədin. Atanın böyük evi var, sən də mağazasında işləyirsən. Mən bu axşam məsciddə atanla danışaram, inşallah bu qızla ailə qurarsan.
Gənc çox utanırdı, başını aşağı salmışdı.
– Atam bilsə, çox hirslənəcək.
– Atan mənlikdir. Mən Hacını tanıyıram, məntiqli adamdır.
– Bilmirəm nə deyim, siz necə məsləhət görürsünüzsə, elə də olsun.
Sonra sağollaşıb getdi.
Axşam namazından sonra məsciddə o gəncin atası ilə danışdı. Əvvəlcə izdivacdan danışdı, ailə qurmağa şəraiti olan və münasib həyat yoldaşı tapan birinin evlənməli olduğunu dedi. Bildirdi ki, evlənməyib günaha düşsə, Allah qarşısında cavab verəcək. Həm də dedi ki, bu işdə gənclərə kömək etmək lazımdır.
Hacı İbrahimin sözlərini təsdiqlədi, amma mövzunun oğlu olduğunu biləndə üzünü turşutdu.
– Hacı, oğlun özünü qoruyub günahdan uzaqlaşmaq istəyir, özü də belə bir mühitdə. Məgər pis iş görür?!
Hacı bir neçə saniyə sükutdan sonra dedi: "Yox".
Ertəsi gün İbrahimin anası o gəncin anası ilə danışdı və sonra da qızın anası ilə.
İbrahim bir aydan sonra axşam bazardan qayıdanda küçənin sonunda rəngli işıqlar yanırdı. O, şeytani bir dostluğu ilahi bir izdivaca çevirdiyinə görə sevinib təbəssüm etdi. Bu izdivac hələ də davam edir və cütlük ailə həyatlarını İbrahimin gözəl təşəbbüsünə borcludurlar.
Dostları ilə paylaş: |