Salam olsun İbrahimə



Yüklə 1,08 Mb.
səhifə53/82
tarix10.01.2022
ölçüsü1,08 Mb.
#109450
1   ...   49   50   51   52   53   54   55   56   ...   82

Yaralanma

Mürtəza Parsaian, Əli Müqəddəm


Bütün batalyonlar öz istiqamətlərindən irəlilədilər. Biz qarşımızdakı mövqelərdən və ətraf səngərlərdən keçməli idik. Hava işıqlananda isə iş çox çətinləşdi. Rəfaiyyə körpüsünün yaxınlığında vəziyyət mürəkkəbləşdi. Bir səngərin içindən pulemyot dayanmadan atəş açır, heç kim irəliləyə bilmirdi. Nə qədər çalışdıqsa, pulemyotun beton səngərini vura bilmədik.

İbrahimi çağırıb uzaqdan səngəri göstərdim. Diqqətlə baxıb dedi: "Yeganə yol yaxınlaşıb içəri qumbara atmaqdır".

Sonra məndən iki əl qumbarası alıb sürünə-sürünə düşmən səngərlərinə yaxınlaşdı. Mən də onun arxasınca yola düşdüm.

Səngərlərin birində mövqe seçdim, İbrahim isə irəlilədi. O, pulemyotçuya yaxın səngərlərin birində münasib bir yer tapdı. Bu zaman qəribə bir hadisə baş verdi. Oradakı azyaşlı bir Bəsic üzvü psixoloji müvazinətini itirdi, kalaşnikov avtomatını İbrahimin sinəsinə dirəyib dayanmadan qışqırmağa başladı: "Səni öldürəcəyəm, iraqlı!"

İbrahim oturub əllərini yuxarı qaldırdı. Heç nə demirdi. Hamı yerində donub qalmışdı. Həqiqətən, nə edəcəyimizi bilmirdik. Bir neçə saniyə keçdi. Düşmən pulemyotunun səsi kəsilmirdi.

Ehtiyatla sürünə-sürünə irəliləyib özümü həmin səngərə çatdırdım. Yalnız dua edib Allahdan kömək istəyirdim; deyirdim ki, dünəndən bəri düşmənlə problemimiz olmayıb, bu problemi də Özün həll elə.

Birdən İbrahim həmin Bəsic üzvünün üzünə bir sillə vurub silahını aldı, sonra da onu qucaqladı. Sanki özünə gəlmiş gənc ağlamağa başladı. İbrahim məni çağırıb gənci təhvil verdi və dedi: "İndiyə qədər heç kimin üzünə vurmamışdım, amma burada lazım idi". Sonra pulemyota doğru getdi.

Bir neçə saniyədən sonra ilk qumbaranı atdı, amma nəticəsiz oldu. Ayağa qalxıb qaça-qaça ikinci qumbaranı atdı. Bir andan sonra isə pulemyot səngəri dağıldı. Uşaqlar "Allahu-Əkbər" qışqırıb hücuma keçdilər. Mən də sevinib uşaqlara baxırdım. Birdən dönüb səngərin yanına baxdım. Gülümsədiyim yerdə donub qaldım. İbrahim qanın içində yerə yıxılmışdı. Silahımı atıb ona sarı qaçdım.

Düz partlayış anında bir güllə üzünə, bir güllə də ayağının arxasına dəymişdi. O, çoxlu qan itirmişdi və təxminən huşsuz halda idi. Qışqırdım: "İbrahim!"

Uşaqların köməyi ilə onu və digər bir neçə yaralını maşına qoyub ordunun Dezfuldakı tibb məntəqəsinə çatdırdıq.

İbrahim son mərhələsinə qədər əməliyyatda iştirak etdi, düşmənin son səngərlərini alanda yaralandı.

Yolboyu ağlayırdım, narahat idim ki, birdən İbrahim... Yox, Allah eləməsin! İbrahim əməliyyatın birinci gecəsində də yaralanmışdı, onda da bədəni çox qan itirmişdi. Bilmirdim ki, indi müqavimət göstərə biləcək, yoxsa yox.

Dezfulda həkim dedi: "Üzünə dəyən güllə möcüzəvi şəkildə boynundan çıxıb və bir yerə xəsarət yetirməyib. Ayağına dəyən güllə isə arxa sümüyünü parçalayıb. Digər tərəfdən, böyrünün yarası da açılıb və qanayır. Bu baxımdan, müalicə üçün Tehrana göndərilməlidir".

İbrahim Tehranın Nəcmiyyə xəstəxanasında bir ay müalicə olundu. Onu bir neçə dəfə cərrahiyyə əməliyyatı edib bədənindən bir neçə qəlpə çıxardılar.

İbrahim xəstəxanada verdiyi müsahibədə demişdi: "Uşaqlar bu əməliyyatdan ötrü aylarla zəhmət çəkmiş və kəşfiyyat işləri görmüşdülər. Lakin biz Allahın lüftü ilə Fəthülmübində əməliyyat keçirmədik, yalnız "ya Zəhra" şüarı ilə yürüş etdik. Orada baş verənlər həzrət Fatiməyi-Zəhranın (ə) duasının nəticəsi idi".

İbrahim həmçinin demişdi: "Səhrada uşaqları o tərəf-bu tərəfə aparanda və hamısı yorulanda səcdəyə gedib İmam Mehdiyə (ə) təvəssül etdim. Başımı qaldıranda uşaqlar artıq istirahətdə idilər, çoxu yatmışdı. Sərin meh də əsirdi. Mən mehin əsdiyi istiqamətə getdim, bir qədər irəlidə isə artilleriya düşərgəsinin ətrafındakı istehkama çatdım".

Sonda jurnalistin "Xalqa bir sözünüz varmı?" sualına İbrahim belə cavab vermişdi: "Biz bu xalqdan xəcalətliyik. Onlar öz süfrələrindən kəsib döyüşçülərə göndərirlər. Bu xalqa borcumu ödəmək üçün gərək onun uğrunda parça-parça olum".

Ayağının sümüyü sındığına görə yeriyə bilmirdi. Bir müddət xəstəxanada qalandan sonra evə getdi və təxminən altı ay cəbhədən uzaq düşdü. O, bu müddətdə məhəllə və məscid uşaqları arasında ictimai və dini fəaliyyətlər göstərirdi.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin