Salam olsun İbrahimə



Yüklə 0,69 Mb.
səhifə13/28
tarix17.11.2018
ölçüsü0,69 Mb.
#83878
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

Qırmızıdəsmallılar

Mürtəza Parsayian


İbrahimlə inqilab günlərində Şah Əbdüləzim ziyarətgahında tanış oldum. Bir cümə axşamı motosikletimi bağlayanda yaxınlaşıb salam verdi, halımı soruşub dedi: "Hansı məhəllədənsən?"

– Xorasan meydanı tərəfdən, Şahin xiyabanından.

Dərhal yaxınlaşıb əl verdi və dedi: "Deməli, bir məhəllə uşağıyıq. Biz də Xorasan meydanının yaxınlığında qalırıq".

Ondan sonra tez-tez bir-birimizi görürdük. Belə asanlıqla dostlaşdıq. Nəhayət, 1979-cu ilin yayında dostlarımdan biri ilə birgə Kürdüstana yola düşdüm. Pavə şəhərində Əsğər Vüsalinin dəstəsinə qoşuldum.

Mən dəstənin ən kiçik üzvü idim. Əsğər bizim məhəlləmizdən idi. Onda 16 yaşım olsa da, şah vaxtında siyasi məhbus olduğumu bilib məni öz partizan dəstəsinə qəbul etdi.

Əsğər Vüsali də inqilabdan öncəki dövrün siyasi məhbuslarından idi. Eşitdiyimə görə, edam hökmü də verilibmiş, amma Allah onun yaşamasını istəyib. Əsğər yoldaşı ilə birgə qərbə yollanmışdı və Kürdüstanda fəaliyyət göstərirdi. Pavədə döyüş başlayanda özünü oraya çatdırdı. Pavə Əsğərin və onun dəstəsinin məzlum qəhrəmanlığının zirvə nöqtəsi sayılır.

Pavədə olduğumuz zaman Əsğər bir axşam qırmızı parça gətirib kiçik hissələrə böldü və partizan dəstəsinin adını Qırmızıdəsmallılar qoydu. O deyirdi: "Bu parçanın qırmızı rəngi şəhidlər ağası İmam Hüseynin (ə) qanını yadımıza salacaq. Həm də bununla şəhidliyə hazır olduğumuzu elan edirik".

Dəstə üzvlərinin sayı altmışı ötməzdi. Onların əllidən çoxu həmin illərdə şəhadətə qovuşdu. Əsğər Vüsalinin dəstəsindən indi uzaqbaşı on nəfər yaşayır.

İmamın müraciətindən və könüllülərin izdihamından sonra Pavə döyüşləri sona çatdı. Növbəti tapşırıq yerimiz Məhabad rayonu oldu.

Məhabad korpusunda İbrahim Hadini gördüm. O, müəllim idi, İmam Xomeyninin müraciətindən sonra Kürdüstana gəlmişdi.

Yaxınlaşıb salamlaşdıq. Bu zaman Əsğər də gəldi. Onun da İbrahimi tanıdığını bilmirdim.

Əsğər İbrahimi qucaqladı. Sanki iki qədim dost bir-birini görürdü. Sonra İbrahimdən Qırmızıdəsmallıllar dəstəsinə qoşulmasını istədi. İbrahim də qəbul etdi və Əsğərin adamları ilə birgə qarnizondan çıxdıq.

Deyirdilər ki, qarşıdurmanı separatçı kürd qrupları yaradıblar. Əslində isə elə deyildi. Biz qarşımızda şah ailəsinə bağlı çoxlu silahlı görürdük. Onların heç biri kürd deyildi, fürsətdən istifadə edib İslam respublikasına qarşı hərbi fəaliyyətə başlamışdılar.

Partizan əməliyyatları və şəhər döyüşləri apardığımız günlər çox ağır günlər idi. O dövrü xatırlamaq mənə həqiqətən çətindir.

Bəzən mühasirəyə düşürdük və hər tərəfdən bizə atəş açırdılar. Bu zaman qorxu bütün vücudumuzu bürüyürdü. Lakin Əsğər və İbrahim kimi döyüşçülərin cəsarətini görəndə ruhlanırdıq.

İbrahim Qırmızıdəsmallılar dəstəsində qaldı. Nəhayət, Kürdüstanda nisbi əmin-amanlıq təmin olundu, qısa müddətdən sonra isə müharibə başladı.

Müharibə başlayan gün İbrahim Tehranda idi. Xəbəri eşidən kimi dərhal Kermanşaha və oradan Sərpol Zəhaba getdi.

Biz Məhabadda Qırmızıdəsmallılar dəstəsində idik. Hamımız özümüzü Sərpol Zəhaba Əbuzər qarnizonuna çatdırdıq.

1980-ci ilin 22 sentyabrında Sərpol Zəhaba çatanda Qəsri-Şirin şəhərinin süqut etdiyini və bir neçə düşmən briqadasının bir neçə saatdan sonra Sərpol Zəhaba gələcəyini eşitdik.

Dövlətimizə qarşı əməlli-başlı müharibə başlanmışdı. Nə baş verəcəyini heç kim təxmin etmirdi.


Azan

Mürtəza Parsayian


Qırmızıdəsmallılarla birgə Sərpol Zəhaba gələn kimi İbrahimlə rastlaşdım. Əsğər Vüsali yaxınlaşıb İbrahimi qucaqladı və sonra şəhərin vəziyyəti barədə söhbət etdilər.

Şəhərdəki çox azsaylı canlı qüvvənin idarəsi Əsğərə tapşırıldı. Əsğər Qırmızıdəsmallılardan əlavə özü ilə təxminən əlli kürd peşmərgəsi də gətirmişdi.

Hələ şəxsi heyət nizam-intizama salınmamış İraq ordusunun bir zirehli briqadasının və bir neçə piyada batalyonunun Sərpola doğru gəldiyini eşitdik.

Sərpol Zəhabın süqutu Əbuzər qarnizonunun və Kermanşah rayonunun süqutu demək idi. Onu qorumaq olduqca vacib idi.

Əsğər dərhal şəxsi heyəti həssas bölgələrə yerləşdirdi. Kürdüstanda əldə etdiyi təcrübəyə əsaslanaraq düşmən tanklarının şəhərə yaxınlaşmasını gözlədi. Sonra Əsğərin əmri ilə əlimizdəki silahlarla və məhdud imkanlarla hücuma keçdik.

Yadımdan çıxmaz, İbrahim səngərlərin birindən dayanmadan qumbara atırdı.

Döyüşçülərin qəhrəmanlığı nəticəsində İraq ordusu Sərpol Zəhabdan geri çəkilməyə məcbur oldu, amma onların artilleriyası bizim mövqelərimizi dayanmadan bombalayırdı.

Bir çox döyüşçülərin qorxduğu o şəraitdə İbrahim hamını ruhlandırırdı.

Günorta mənə dedi: "Mən dama çıxıram".

Şəhərin girişində bir evin damına çıxdı. Düşmənlə məsafəsi çox deyildi. Sonra səyyar meyvəsatanların səsucaldanına bənzər bir səsucaldanı ağzına yaxınlaşdırıb azan verməyə başladı.

Səsi bütün bölgəyə yayıldı. İbrahimin azanı ən çox öz döyüşçülərimizə müsbət təsir edirdi. Onlar bu mənəvi səsi eşidib ruhlanırdılar. Əlbəttə, İbrahim həmişə və hər yerdə azan verirdi. Hər azan verəndə də Əsğər Vüsali deyirdi: "Afərin! Afərin! Bu, döyüşçülərimizi yaxşı ruhlandırır".

Həmin gün İbrahim azan verəndə düşmən topxanasının atəşi gücləndi. Bəziləri dilləndilər ki, İbrahim, indi azan vaxtı deyil. O isə azanını sona çatdırdı.

Yadımdadır, Kürdüstanda inqilab düşmənlərinin mühasirəsinə düşəndə də azan vermişdi. Hər tərəfdən atəşə məruz qalanda və mənim kimi bir yeniyetmə tir-tir əsəndə İbrahim dama çıxıb səsucaldanla azan verirdi. O azanın şəxsi heyəti necə ruhlandırdığını təsəvvür edə bilməzsiniz. Hətta inqilab düşmənləri də təəccübləndilər. Onlar bizim ruhdan düşdüyümüzü və tezliklə təslim olacağımızı zənn edirdilər. Lakin düz qarşılarından belə gözəl azan səsinin gəlməsi düşmən təzyiqinin azalmasına səbəb oldu.

Həmin gün düşmən Sərpol Zəhaba da hər tərəfdən hücuma keçmişdi. Şəhərə nəzarət edən yüksəkliklər düşmənin əlində idi. Onlar bu mövqelərdən istifadə edib şəhəri dəqiq atəşə tuturdular.

Belə bir şəraitdə İbrahim gündə üç dəfə hündür bir yerə çıxıb azan verirdi. O, hər azan verəndə düşmənin atəşi güclənirdi. Onlar azan səsindən qorxurdular.

Yadımdadır, bir gün Əsğər Vüsali, İbrahim və başqa bir neçə nəfərlə oturmuşduq. Bir nəfər İbrahimə etirazla dedi: "Nə üçün hər bir şəraitdə, hətta mühasirəyə düşdükdə də azan verirsən; özü də ucadan və düşmənin qarşısında?"

Bu sual çoxlarını düşündürürdü, amma verməyə cəsarət etmirdilər. Hamı cavab gözləyirdi.

İbrahim bir qədər fikirləşib yalnız bir neçə cümlə dedi və bununla hamı cavabını aldı.

– Məgər İmam Hüseyn (ə) Kərbəlada mühasirədə deyildi?! Nə üçün azan verdi və düz düşmənin önündə namaz qıldı?

Bir qədər dayanıb əlavə etdi: "Biz düşmənlə azana və namaza görə vuruşuruq".



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin