İdman klubu Ustad Şirgir
Əlli ildən artıqdır ki, Tehranın cənubunda, Şəhid Ayətullah Səidi məhəlləsində idman klubum var. O zaman bütün Tehranda yeddi-səkkiz idman klubu vardı və bizim çempionlarımızın çoxu həmin klublarda, imkansız şəraitdə yetişiblər.
O zaman klubumuzda həm zorxana meydançası vardı, həm də güləş döşəyi. Çətinliklə, amma böyük həvəslə işləyirdik. Allah ölənlərin hamısına rəhmət eləsin! O dövrün müəllimlərini də yaxşı xatırlayıram. Mərhum ağa Qudərzi və Məhəmmədi uşaqlar üçün çox əziyyət çəkirdilər. Bir dönəmdə meydançanın kənarında hətta camaat namazımız da olurdu.
Mən bu əlli ildə orada hər cür adam görmüşəm. Klubumuzda dünya çempionu da yetişib; Məhəmməd Bənnadan tutmuş digərlərinə qədər. Lakin mənim üçün mühüm olan pəhləvan əxlaqı, pəhləvan davranışıdır.
İlkin mərhələləri keçən bütün güləşçilərə proqram hazırlayır və məşqləri yazırdım. O dövrdən uzun illər ötsə də, İbrahim Hadi yaxşı yadımdadır. O, zorxanadan buraya gəlmişdi. Şəhid olduğu üçün tərifləmirəm, dostlar məni tanıyırlar, əbəs yerə adam tərifləyən deyiləm.
Mənim şəhid olmuş idmançım var idi. Burada olanda tərifli adam deyildi, amma birdən dəyişdi və getdi. İbrahimin isə dəyərli xüsusiyyətləri vardı. Uzun zaman ötsə də, yaxşı xatırlayıram.
O, çox azdanışan idi, dövrün bir çox gənclərindən fərqli olaraq, sözlərinə fikir verirdi. Güləş onun üçün məqsəd deyildi. O, bədənini gücləndirməyə gəlmişdi. Bütün idmançılarla yaxşı rəftar edirdi və onlara müsbət təsir göstərməyə çalışırdı.
O illərdə güləşçilərin biri mənim diqqətimi çəkdi. Həmişə onunla idi. O da bir müddətdən sonra İbrahim kimi ilk vaxtda namaz qılmağa və digər işlərə əhəmiyyətli yanaşmağa başladı.
O, idman çempionu olmağa gəlmişdi, İbrahim isə onu çempionluğun və qəhrəmanlığın zirvəsinə çatdırdı.
O, sonralar korpus komandirlərindən biri, Seyyidüş-şühəda diviziyasının komandir əvəzedicisi oldu. İbrahimlə yoldaşlığı onun həyatını dəyişdirmişdi. Söhbət güclü güləşçi olmuş Hacı Cəfər Cəngrudan gedir.
İbrahim bizim yanımızda idman edəndə ölkə çempionu səviyyəsində deyildi, amma çox çalışır və yaxşı məşq edirdi.
Onun qəribə və gözəl xüsusiyyətləri vardı. Dəfələrlə şahid olmuşam, yarışda rəqibinin onu yıxmasına şərait yaradırdı. Ona etiraz edirdim ki, nə üçün filan fəndi işlətmədin? Deyirdi: "Bu Allah bəndəsi də məşq edib, çətinlik çəkib. O da rəqibini yıxmağı arzulayır".
Mən onun nə dediyini həqiqətən anlamırdım. Məgər adamın bu qədər idmandan, məşqdən sonra yarışda rəqibinə yazığı gələr?!
Xüsusi pəhləvan ruhiyyəsi vardı. Yadımdadır, mərhum Qudərzi güləş öyrədəndə istirahət vaxtı uşaqlara mərhum Təxtidən, Teyyubdan və ölkəmizin digər məşhur pəhləvanlarından danışırdı.
İbrahim bu sözlərə hamıdan diqqətlə qulaq asır və əməl edirdi. O, pəhləvanlıq qaydalarını diqqətlə mənimsəyirdi.
Mənim əvvəllər mərhum Təxtidə və sonra İbrahimdə gördüyüm xüsusiyyətlərdən biri də bu idi ki, yarışda rəqiblərinin zəif yerlərinə yaxınlaşmazdılar. Əgər rəqibinin sol ayağının ağrıdığını bilsəydi, ona toxunmazdı.
Bir dəfə məşq yarışları zamanı öz çəkisində olan biri ilə güləşirdi. Rəqibi bilmədən İbrahimin üzünə kəllə vurdu. Gözünün altı şişib qaraldı. Rəqibi qorxurdu və narahat idi. Belə halların dava-dalaşa səbəb olduğunu dəfələrlə görmüşdüm.
İbrahim isə pəhləvan ruhiyyəli olduğuna görə yaxınlaşıb rəqibinin üzündən öpdü və dedi: "Mühüm deyil, idmanda belə şeylər olur".
Bunlar kiçik məsələlər deyil. Mən dəfələrlə bunun əksini görmüşəm.
İnsan haqqı Məhəmmədsəid Saleh
Evimiz Sədra klubunun arxasında yerləşirdi. Mən İbrahimin qardaşı Abbas Hadi ilə bir sinifdə oxuyurdum. Qonşuluğumuzda mehriban və hörmətli bir ailə vardı, biz onlarla get-gəl edirdik. Sonra öyrəndim ki, bu ailənin xanımı Abbas Hadinin xalasıdır.
Qardaşımla mən əkiz idik və Abbasa görə İbrahimlə dostlaşdıq. Onu hər dəfə görəndə bizi çox yaxşı qarşılayır, bizə bir ovuc püstə və badam verirdi. Sonra gördüm ki, hamı ilə belədir. Onunla bir dəfə ünsiyyətdə olan hər kəs onu sevirdi. İndi yaşım altmışa az qalıb. Həyatımda, xüsusən də gəncliyimin əvvəlində Özünün yaxşı bəndələrindən birini qarşıma çıxardığına görə Allaha şükür edirəm.
İnanın ki, biz insaniyyətin, yaxşı insan olmağın mənasını İbrahimdən öyrəndik. Mənim bütün həyatım həmin bir neçə ildən təsirlənib. Övladlarım İbrahimlə bağlı xatirələri dəfələrlə məndən eşidiblər. Mən məhəlləmizin bir çox şəhidləri ilə yaxın münasibətdə olmuşam. Onların hamısı böyük insanlar idilər, İbrahim isə tamam başqa idi.
Yadımdadır, bir dəfə onunla dağa getdik. Elə əvvəllərdə ayağım burxuldu və İbrahim məni kürəyində apardı. Yol çox uzun və çətin idi. Onun yerinə kim olsaydı, deyərdi ki, burada qal, bizi gözlə. O isə həm ayaqlarını gücləndirirdi, həm də yarımçıq yoldaş olmaq istəmirdi.
Kulkəçala doğru çox sərt yoxuşu olan bir zirvə var. İnsan orada yüksüz də yorulur. İbrahim oraya məni kürəyində qaldırdı. Həm xəcalət çəkdim, həm də onun fiziki qüvvəsinə “afərin” dedim.
Ağa Fəxxari adlı bir dostum var, mağazasına ağa İbrahimin şəklini vurub. Bu hadisə bir dəfə də onun başına gəlib. O da bundan sonra İbrahimi çox sevib.
Qısası, məhəllədə İbrahimlə dostluğumuz davam edirdi. Qardaşımla mən evdə həmişə İbrahimdən danışırdıq. Valideynlərimiz də onu tanıyır və oğullarının belə bir gənclə yoldaşlıq etmələrinə sevinirdilər. Əminliklə deyirəm ki, biz dini inancları da İbrahimdən öyrəndik. Təxminən 17 yaşı vardı, amma dini məsələləri elə bilirdi ki, heç bizim böyüklərimiz elə bilmirdilər.
Bir dəfə voleybol oynamaq istəyirdik. Mənim ketim yox idi. İbrahimin yoldaşlarının birinin ayağında qədim çin keti vardı. Ona dedim: "Oynamırsansa, ketini ver, mən oynayım". Öz çəkələyimi verib ketini aldım. Oyundan sonra onu tapmayıb həmin ketlə evə qayıtdım. Bir qədər sonra İbrahim bizə gəldi. Sevincək qapıya çıxdım. Məni görən kimi dedi: "Səid, Allah qiyamət günü hər şeydən keçər, amma insan haqqından keçməz. Buna görə də, çalış həyatda heç bir insanın sənin boynunda haqqı qalmasın".
Sonra sözünə davam etdi: "Bacardığın qədər sənin olmayan bir şeyə yaxınlaşma, çox ehtiyatlı ol. Əgər birindən əmanət almısansa, özün onu qaytarmağa çalış".
Mən dedim: "Ağa İbrahim, baş üstə. Düzü, ketini aldığım dostunun harada olduğunu bilmirdim, oyun bitmədən getmişdi..."
Dostları ilə paylaş: |