Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Mərkəzi Kitabxana
Bakı neftinin tarixi bədii ədəbiyyatda
(Elektron sərgi)
Bakı-2020
HAZIRLADI: CƏMİLƏ SƏMƏDOVA
(Kitabxana-biblioqrafiya proseslərinin avtomatlatlaşdırılması şöbəsinin müdiri)
Bakı nefti haqqında məluatlar yalnız tarixi-siyasi sənədlərdə deyil, incəsənət əsərlərində və bədii ədəbiyyatda da öz əksini tapmışdır. Müxtəlif vaxtlarda müxtəlif sənətkarlar bu mövzuya müraciət etmiş, həyatın bu qara-qəhvəyi möcüzəsini söz və fırçanın rənglər, obrazlar dünyasında işıqlandırmışlar.
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxanası tərəfndən hazırlanan “Bakı neftinin tarixi bədii ədəbiyyatda” adlı elektron sərgi də oxucular arasında maraqla oxunan, onları Bakı neftinin tarixi, onun uğrunda gedən mübarizələrlə səhifə-səhifə tanış edən bədii əsərlərdən söhbət açır.
Ön söz
Bakı neftnn tarx çox qədmdr. Azərbaycan dünyada neftin tarixi vətənidir. Hələ orta əsrlərdə ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğu, Əbu-İshaq İstəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun “ağ” və "qara" nefti barədə bəhs ediblər. Mənbələrdə italyan səyyahı Marko Polonun (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Olearinin (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbinin isə (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin illik gəlirləri ilə bağlı məlumatlarına rast gəlinir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazıda quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta Allahyar Məmməd Nuroğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Əmin Əhməd Razinin (İran, 1601) məlumatına görə, XVI əsrin əvvəllərində Bakı ətrafında 500-ə qədər belə neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm “qara”, həm də “ağ” neft çıxarılırdı. 1683-cü ildə İsveç səfirliyinin katibi kimi Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olan alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer neftin Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir edib. Məlumatlara görə 1803-cü (1798) ildə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki neft quyusu qazdırıbmış.
1847-ci ildə Bakıda, “Bibiheybət” yatağında qazılmış quyudan neftin fontan vurması dünya tarixinə neftin sənaye üsulu ilə çıxarılmasının başlanğıcı kimi yazılmışdır. Neftin boru kəmərilə nəqli də ilk dəfə Azərbaycanda, 1878-ci ildə Qara şəhər və Balaxanı mədənləri arasında çəkilən boru xətti vasitəsilə gerçəkləşdirilmişdir. 1883-cü ildə Bakı-Batumi dəmir yolunun tikilib istifadəyə verilməsi, 1907-ci ildən Bakı-Batumi magistral neft kəmərinin daimi istismara buraxılması Bakı neftinin dünya bazarlarına çıxarılmasında mühüm rol oynamışdır. XIX əsrin sonunda dünyadakı neft hasilatının yarısı Azərbaycanın payına düşmüş, ölkəmiz dünyada neftin çıxarılması üzrə birinci yerə sahib olmuşdur.
Ölkəyə xarici kapital axını güclənmiş və iri neft sənayeçilərindən ibarət yerli sahibkarlar sinfi meydana gəlmişdir. Neft amili ölkəmizdə maarifçilik hərəkatının, demokratik mətbuatın və dünyəvi teatrın püxtələşməsinə, bütövlükdə mədəni həyatın canlanmasına güclü təkan vermişdir. Avropa ilə Şərq memarlığının ahəngdar vəhdətini özündə əks etdirməklə Bakının yaraşıqlı binalardan ibarət yeni unikal görkəmini formalaşdıran memarlıq inciləri o illərdə yaradılmışdır.
XX əsrdə elmi-texniki nailiyyətlərin əsasında dayanan neft Azərbaycana müxtəlif sahələrdə zirvələr fəth etmək imkanı vermişdir. Ölkəmizdə bu dövrdə neft hasilatında qazanılmış təcrübə və Xəzər dənizində neftçıxarma sahəsindəki uğurlar dünyada yüksək qiymətləndirilir. Həmin müddət ərzində Azərbaycan neft sənayesi texniki baxımdan istehsal proseslərinin yeniləşdirilməsinin davamlı olaraq hər bir mərhələsini keçmişdir. Vaxtilə ən müxtəlif qazma üsulları və yeniliklər ölkəmizdə sınaqdan keçirildikdən sonra neft sənayesində tətbiq olunmuşdur. Dünyada bu gün neft istehsalı sahəsindəki işlərin bir çoxu öz başlanğıcını məhz Azərbaycandan götürmüşdür.
Bakı neftçiləri 1922-ci ildə dünyada ilk dəfə buxtanı qurutmaqla dəniz neft yatağının istismarına nail olmuşlar. 1941-ci ildə Azərbaycanda neft hasilatı ən yuxarı həddə çatmışdır. Bakı İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında hasil edilən neftin 75 faizini, aviasiya benzininin 90 faizini ödəmiş və faşizmin məğlubiyyətə uğradılmasında həlledici rol oynamışdır. 1949-cu ildə Bakıda, Neft Daşlarında yenə dünya təcrübəsində ilk dəfə açıq dənizdə neft hasilatına başlanmışdır. Neft texnologiyaları və dənizdə neft çıxarılması üçün yaradılmış əfsanəvi Neft Daşları şəhəri Azərbaycanın neft mütəxəssislərini ən qabaqcıl mövqelərə çıxarmışdır. Keçmiş Sovetlər İttifaqında yeni yaranan neft rayonlarına “İkinci Bakı”, “Üçüncü Bakı” adlarının verilməsi Azərbaycan nefti və neftçilərinin şöhrətindən xəbər verir.
Müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında
yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir.
Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi “
1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir.” Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev onun iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən ARDNŞ-in
birinci vitse-prezidenti, İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə “Məhsulun Pay Bölgüsü” sazişi-“Əsrin müqaviləsi” imzalandı.