Nadir şah hicri 1160 (1747)-cı ildə öldürüldü. Pənah xan Qarabağın yerdə qalmış xalqı arasında üzə çıxdı... Bu zaman xəbər çatdı ki, vaxtilə şah tərəfindən Xorasana köçürülmüş Cavanşir və başqa ellər özbaşına bütünlüklə oradan köçüb, vətənlərinə gəlməkdədirlər. Pənah xan yanında olan adamlarla birlikdə Qarabağ ellərini qarşılamaq üçün İraq və Azərbaycan sərhədinə qədər getdi. Onu salamat görən, nökər və köməkçilərinin çoxluğunu müşahidə edən bütün el əhli və qohuməqrəbası sevindi və Pənah xanla bərabər Qarabağ torpağına daxil oldular. Hər kəs öz əvvəlki yurduna gedib rahatlandı... Bütün cavanları mal və dövlət sahibi etdi. Mal, at və xələt paylamaqla başqa camaatın da səmimiyyətini qazandı; müxalifət göstərənləri isə öldürmək və cəzalandırmaq yolu ilə özünə tabe etdi. Cavanşir, Otuziki və başqa ellər və kəndlərin əhalisindən heç bir kimsə Pənah xanın əmrindən çıxmağa cəsarət edə bilməzdi. Şirvan və Şəki hakimləri Pənah xanın Qarabağ vilayətində belə bir istiqlaliyyət sahibi olduğunu görüb-eşitdikdə, onu özləri üçün zərərli bildilər, hər ikisi Pənah xanı aradan qaldırmaq üçün ittifaq bağladılar.