Vərəndə məliki Məlik Şahnəzər, öz əmisi Məlik Hüsünü fəna piyaləsindən sərməst etdi (öldürdü). Məliklik sədası ilə cahana səs saldı və məliklik taxtında oturdu. Xəmsə məlikləri bu hadisəni eşitdikdə birləşərək Məlik Şahnəzərlə düşmənçilik etməyi qəti olaraq qərara aldılar. Onlar "sən nə üçün itaəti vacib olan əminə ağ olmusan" - deyib birlikdə onu cəzalandırmağa getdilər. Bu dörd məlik gəlincə, Məlik Şahnəzər də Çanaqçıda qala düzəldib, oraya çəkildi. Xəmsə məlikləri gəlib bütün Vərəndə mahalını qarət etdilər. Qalanı almaqdan aciz qalaraq, məqsədlərinə çatmadan böyük peşmanlıqla geri qayıtdılar. Onlar (öz aralarında) belə əhd etdilər ki, bahar fəsli gəlib qalanı da alsınlar. Məlik Şahnəzər özünü zəif və qol-qanadını sınmış gördü. O, gələcəyi gördüyündən, niyaz üzünü qul bəsləyən xanın kandarına sürtdü, itaət sırğasını qulağına asdı və xidmət kəmərini belinə bağladı. Xanın hüzurunda lazımi dərəcədə canfəşanlıq etdi və son dərəcə mehribanlıq göstərdi. İndiki Şuşa şəhərinin yerini mərhum xanın yadına salıb, ona tərif etdi. Sonra uca şanlı xanı gətirib bu yeri ona göstərdi. O da bu yeri bəyənmiş olduğundan, həmin şəhərin binasını qoyub orada məskən etdi. Bu qalanı və möhkəm binanı düzəldib ölkənin mərkəzi etdi. Meqri, Güney mahallarını Bərgüşada qədər Qaradağ hakiminin əlindən alıb özünə tabe etdi. Tatef və Sisyan mahallarını Naxçıvan hakimindən, Zəngəzur və Qapan mahallarını Təbriz bəylərbəyisindən aldı. Kolanıların məskəni olub, Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtər çayı sahilindəki yerləri İrəvan hakimindən aldı. Gəncə hakimlərinə aid və Xudafərin körpüsündən Kürək çayına qədər olan yerləri də öz əlinə keçirdi. Bundan başqa, Naxçıvan elindən olub bir minbaşıya tabe Kəngərli eli, Gürcüstandakı Dəmirçi Həsənlilərdən olub, bayraq sahibi və bir minbaşıya tabe Dəmirçi Həsənli eli, yenə bir minbaşıdan asılı olan və Gürcüstanın məşhur elatından sayılan Cinni tayfası mərhum Pənah xanın ədalət, şövkət və təntənəsinin sədasını eşidərək öz xahişlərilə onun möhkəm bünövrəli, Allah vergisi olan dövlətinə pənah gətirdilər. Qarabağda yurd və məskən rutaraq böyük bir sədaqət və son dərəcə səmimiyyətlə Pənah xana itaət etdilər. Gözəl sədaqət və qabiliyyətlərinə görə, uca mərtəbəli xandan son dərəcədə hörmət, izzət və mərhəmət gördülər.
Pənah xan Məlik Şahnəzərlə məsləhətləşdi. Onun məsləhəti və bələdçiliyilə Şuşa şəhərini bina etdi. Şəhərin bina olunacağı yerdə axar su və bulaq yox idi. İmtahan üçün bir neçə quyu qazdılar. O quyulardan su çıxandan sonra, 1170-ci ildə1 Şuşa şəhərinin binasını qoydular. (1750-1751)