Mirzə Adıgözəl bəyin dediklərindən: Qızılbaş qoşunu Ağa Məhəmməd şahla bərabər Araz kənarına gəldi. Buna görə, Şuşa qalasında dayanıb, əldə olan qüvvə ilə qan-içən bir düşmənlə vuruşmaq mümkün deyildi. Uca mərtəbəli xan, əhli-əyal, övlad və nəvələrini, canlarından keçən bəylərin əhli-əyalını götürüb Car və Talaya hərəkət etdi. Mərhum İbrahim xanın kürəkəni Nəsir xan, Şahsevən Əta xan, mərhum xanın kürəkəni şəkili Səlim xan və Qarabağın sair məşhur bəyləri də behiştlik İbrahim xanla bir yerdə səfər etdilər.
Ağa Məhəmməd şah Araz kənarında bu xəbəri eşitdi, onların ardınca qoşun göndərdi ki, bəlkə gedib behiştlik xanı yaxın adamları və qəbiləsilə tutsun. Ağa Məhəmməd şahın əsgərləri Tərtər çayı körpüsü ətrafında onların köçünə rast gəldilər. Müharibəyə girişə-rək zərərdən başqa bir şey əldə etmədilər. Mərhum İbrahim xan başında olan adamları ilə Kür çayından keçdi, sağ-salamat Car və Balakənə gəldi. Yolda ləzgilərdən bəzisi Ağa Məhəmməd şahın hökm və fərmanına görə, İbrahim xanın qabağını kəsərək, onu tutub Ağa Məhəmməd şahın yanına aparmaq istədilər. Az qalmışdı ki, hər iki tərəf müharibəyə girişsin. Mərhum xanın arvadı və Avar hakimi Ümmə xanın bacısı olan Bikə ağa onlara nəsihət edib, vuruşmalarına mane oldu.