Mərhum İbrahim xan evini və köçünü Xan bağından köçürüb, qalanın yaxınlığına gətirdi. Dələ-duzlardan bir neçəsi mayora nə isə demişdilər. Gecə mayor bir dəstə qoşunla İbrahim xanın yaşadığı mənzilə getdi. Hökmü dəyişilməz olan fələkin qəzasından mərhum İbrahim xan bir neçə nəfər əhli-əyalı və yaxın adamı ilə orada öldürüldü.
(Mirzə Adıgözəl bəy. Qarabağnamə /Qarabağnamələr. I kitab.)
Erməni müəllifi şahidlik edir:
Abbas Mirzənin ordusu Şuşa qalasını atəşə tutmağa hazırlaşırdı. İbrahim xan öz ailəsi və adamları ilə birlikdə gecə ikən qalanı tərk etdi və Abbas Mirzənin düşərgəsinə doğru hərəkət etdi. Bunu xanın niyyətini yaxşı haqqında bilən məlik Cümşüddən başqa heç kim duymadı. Bu zaman məlik Cümşüd süvari dəstəsi ilə qalada idi. O, həmin dəqiqə podpolkovnik Lisaneviçə məlumat verdi və hər ikisi İbrahim xanı izləməyə başladılar. Onu yarıyolda tutaraq yaxın adamları ilə birlikdə öldürdülər.