Şəhər cənub-qərbdən, şimal-şərqdən, həmçinin qərb və cənub tərəfdən piyada və qeyriləri üçün gediş-gəliş mümkün olmayan möhkəm hasar və təbii sıldırım qayalarla əhatə olunmuşdur. Divar çəkmək üçün şəhərin aşağı tərəfini və bir də şərq tərəfinin bəzi yerlərini ölçdülər. Bu işdə kənd əhli, mahalların məlikləri, ellərin başçıları ilə bir yerdə çalışaraq, beş arşın hündürlüyündə, iki arşın enində bir divar hördülər. Bu divardan nə top gülləsi, nə də başqa bir şey keçməzdi. Çünki divar daş və əhənglə bərkidilmişdi. Bu divarlardan dörd darvaza açdılar. Şimal və şərq tərəfdən olan darvazaya - Şuşa kənd darvazası deyilir. İki darvaza isə şimal ilə qərb arasındadır. Bunlardan birinə İrəvan darvazası, digərinə isə Gəncə və Çiləbörd darvazası deyilir. Dördüncü darvaza isə dağılmış və hazırda onun yerinə divar tikilmişdir. İndi isə şəhərin ancaq üç darvazası var.