İranda hələ müstəqil padşah olmadığından Kərim xan özünə İran şahının vəkili adı və ləqəbi verib deyirdi: "Bir padşah aralığa çıxıb taxta oturmayınca mən padşahın vəkiliyəm". Ona görə də Kərim xanı vəkil adlandırdılar. O, Urmiyada dustaq olan İbrahimxəlil ağanı zindandan buraxdırıb öz yanına çağırdı, ona at, qılınc, xələt və Qarabağ xanlığı və hakimiyyəti fərmanını verib, hörmət və təmtəraqla Qarabağa yola saldı. Pənah xana qarşı olan məhəbbətinə görə ona lütf və mehribanlıq göstərib dedi: "Mənə qarşı göstərdiyin sədaqətin və köməyin əvəzini çıxmaq üçün bir neçə müddət mənim yanımda qalmağını xahiş edirəm". Onu özü ilə bərabər Şiraza apardı. Mərhum İbrahimxəlil xan Qarabağa gəldi. Qarabağın və başqa vilayətlərin camaatı ona itaət etdi, o isə hökumət və xanlıq taxtına çıxıb kimsəyə itaət etmədən, müstəqil olaraq hökmranlıq etməyə başladı.
Mərhum Pənah xan az bir müddət Kərim xanın paytaxtı olan Şirazda qaldıqdan sonra əcəli çatıb, Şirazda Allahın rəhmətinə getdi. Cənazəsini böyük hörmətlə Qarabağa gətirib, indi Ağdam adı ilə məşhur olan, özünün satın aldığı halal mülkündə dəfn etdilər. Allah ona rəhmət eləsin.