Elatlı, E. Xəyanət: detektiv roman.-Bakı: MBM MMC, 2008.-335 s.
Bu kitab Azərbaycan milli detektivinin əsas yaradıcılarından hesab olunan Elxan Elatlının geniş oxucu kütləsi qazanmasında əhəmiyyətli rol oynamışdır. Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İnsan xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır.
“Ələsgər Atayevin yeganə övladı olan Aydan Tibb Universitetində birinci kurs tələbəsi idi. Qəşəng, həm də ağıllı, tərbiyəli bir qız olan Aydanı bir ay olardı ki, çox nadir təsadüf edilən, qəribə bir xəstəlik üzürdü. Bu mərəz onu içəridən yeyir, heç bir ağrı-filan da vermirdi. Hərdənbir – üç gündə, dörd gündə bir dəfə halı pisləşir, huşunu itirirdi. Yazıq qız beləcə, göz görə-görə əriyib gedirdi.”
“Doktor son günlər düşünürdü ki, həkimlik işi günün hamısını əlindən alır, doğma qızı ilə məşğul olmağa isə vaxtı qalmır. O öz qızını bütün atalar kimi, bəlkə də bir az artıq sevirdi. Ancaq onun oxumağından, universitetdə özünü necə aparmağından, ümumiyyəmtlə, arzularından, istəklərindən, problemlərindən xəbəri olmurdu. Düzdür, vaxtlı-vaxtında pul verirdi, amma bununla işi bitmiş hesab etmək olmazdı axı?! Əslində, dörd nəfərdən ibarət bu ailənin hər bir üzvü müstəqil olaraq, öz həyatını yaşayırdı ki, doktorun fikrincə, bu o qədər də yaxşı hal deyildi. Öz işinə nə qədər bağlı olsa da, bu, övladı arxa plana keçirməyə haqq vermirdi.”
Dostları ilə paylaş: |