13
Bununla belə, hər bir seçicinin səsinin qanunvericilik orqanının
təşkilinə təsir göstərməsi mümkün olmalıdır,
əks halda səsvermə
hüququ, seçki prosesi və son nəticədə demokratik quruluşun özü
mənasını itirmiş olardı (Riza və başqaları Bolqarıstana qarşı, 148-ci
bənd). Beləliklə, dövlətlər seçkilərin təşkilində geniş qiymətləndirmə
sərbəstliyinə malikdirlər. Seçki dairələrinin sərhədlərinin qeyri-
bərabər sayda əhalisi olan dairələrin meydana çıxmasına səbəb olan
tərzdə müəyyənləşdirilməsi 1 saylı Protokolun 3-cü maddəsini
pozmur, bu şərtlə ki, seçkilər xalqın sərbəst iradəsini düzgün əks
etdirmiş olsun (Bompar Fransaya qarşı (qərardad)). Nəhayət,
qanunverici orqanın seçilməsində xalqın öz rəyini sərbəst surətdə
ifadə etməsini təmin edən seçki sisteminin (bu,
istər proporsional
təmsilçiliyə əsaslanan sistem, istərsə də majoritar və ya hər hansı
digər sistem olsun) seçilməsi elə məsələdir ki, burada dövlət geniş
qiymətləndirmə sərbəstliyinə malikdir (Metyus Birləşmiş Krallığa
qarşı [BP], 64-cü bənd).
1 saylı Protokolun 3-cü maddəsi Konvensiyanın və Protokolların
digər substantiv (maddi-hüquqi) normalarından fərqlənir, belə ki, bu
maddədə müəyyən hüquq və ya azadlıq deyil, Razılığa gələn Yüksək
Tərəfin öhdəliyi, yəni xalqın öz rəyini sərbəst ifadə etməsini təmin
edən seçkilərin keçirilməsi öhdəliyi müəyyən edilib. Lakin 1 saylı
Protokolun 3-cü maddəsinin hazırlanmasına aid materialları və bu
maddənin bütövlükdə Konvensiya baxımından şərhini nəzərə alaraq,
Məhkəmə müəyyən edib ki, bu maddə həm də seçmək hüququndan
(seçki hüququnun "aktiv aspekti") və seçilmək hüququndan (seçki
hüququnun "passiv aspekti") ibarət olan fərdi hüquqları nəzərdə tutur
(Matye-Moen və Klerfeyt Belçikaya qarşı, 48-51-ci bəndlər; Jdanok
Latviyaya qarşı [BP], 102-ci bənd).
Parlament seçkilərində səs vermək hüququna ("aktiv aspekt")
nisbətən namizəd qismində iştirak etmək hüququna ("passiv aspekt")
daha sərt tələblər tətbiq edilə bilər. Faktiki olaraq, 1 saylı Protokolun
14
3-cü maddəsinin "aktiv" aspekti ilə bağlı
qiymətləndirmə, adətən,
şəxsi və ya şəxslər qrupunu səs vermək hüququndan məhrum edən
qanunvericilik normalarının mütənasibliyinin daha geniş şəkildə
qiymətləndirilməsini özündə ehtiva etdiyi halda, seçki hüququnun
"passiv" aspekti ilə bağlı Məhkəmənin qiymətləndirməsi, əsasən,
şəxsin namizədliyini irəli sürmək hüququndan
məhrum edilməsinə
gətirib çıxaran ölkədaxili prosedurlarda sui-istifadə hallarının olub-
olmadığının yoxlanması ilə məhdudlaşır (yenə orada, 115-ci bənd;
Melniçenko Ukraynaya qarşı, 57-ci bənd).
Seçki hüququnun "passiv" aspektinin pozulduğunu məhz kimin iddia
etmək hüququna malik olması məsələsinə gəlincə, Məhkəmə qəbul
edib ki, seçki qanunvericiliyi və ya milli hakimiyyət orqanları partiya
siyahısındakı ayrı-ayrı şəxslərin seçkidə namizəd qismində iştirak
hüququnu məhdudlaşdırırsa, müvafiq partiya məhz partiya qismində,
öz namizədlərindən ayrılıqda bu pozuntunun qurbanı olduğunu iddia
edə bilər (Gürcüstan Əmək Partiyası Gürcüstana qarşı, 72-74-cü
bəndlər; Riza və başqaları Bolqarıstana qarşı, 142-ci bənd).
Nəhayət, ölkənin seçki sistemini araşdırarkən (bu araşdırma
istər
seçki hüququnun "aktiv", istərsə də "passiv" aspektinə aid olsun)
Məhkəmə dövlətlərin tarixi kontekstlərinin müxtəlifliyini nəzərə alır.
Belə ki, şəraitlərin bu müxtəlifliyi onunla nəticələnə bilər ki,
Məhkəmə bir ölkənin seçki normaları ilə digərininkinin fərqliliyini
qəbul edə, eləcə də araşdırılan dövrdən asılı olaraq seçki sistemi
qarşısında qoyulan tələbi daha yuxarı səviyyəyə qaldıra
və bununla
bağlı izahat verə bilər.