Şəhadət aşiqləri



Yüklə 9,35 Mb.
səhifə56/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   ...   52   53   54   55   56   57   58   59   ...   73

Mənəviyyat taqımı


I

Qayıdandan üç gün sonra Əhmədi gördüm, dedi ki, gəl cəbhəyə qayıdaq. Əliəkbər Puzeşpəzir də bizimlə idi. Qatara bilet alıb yola düşdük. Şəhid Bakiri qarnizonuna gedirdik. Qatarda yaşlı bir kişi ilə eyni kupeyə düşdük. Bizi görüb çox təəccübləndi. Bizim hər birimizin bir neçə ildir cəbhədə olduğumuza, bir neçə əməliyyatda iştirak edib dəfələrlə yaralandığımıza inana bilmirdi. Əhməd hərdən bəzi xatirələrdən danışıb onu çox təsirləndirirdi. Əliəkbər qulağıma dedi: "Mehdi, bu Əhmədin çoxlu xatirələri var. Sən onu danışdır, mən də səsini yazım".

Beləliklə, qatardan düşənə qədər Əhməd deyilməmiş çoxlu sözləri dedi.

Əndiməşkdə qatardan endik. Oradan Dezfula getdik və beş tümənlə özümüzü Şəhid Bakiri qarnizonuna çatdırdıq. Diviziyanın şəxsi heyətinin ezamiyyətdən dönməsinə hələ bir neçə gün qaldığına görə orada kimisə görməyimizi gözləmirdik. Lakin düşüncəmiz yanlış idi, çünki Cəlal Zahidi ilə İbrahim Əlinejad bizdən öncə şəhərdən qaçmışdılar.

Payız gəlsə də, cənubun havası hələ yay rejimində idi. Gecələr İmam Hüseyn (ə) batalyonunun təsərrüfat anbarında yatırdıq. Oranın havası daha sərin idi. Şəhid Bakiri qarnizonunun bizim batalyonumuzun yaxınlığında yerləşən hamamı yeni açılmışdı. Hələ şəxsi heyət məzuniyyətdən dönmədiyinə görə hamamdan maksimum istifadə etmək olurdu. Hər gün sübh təxminən saat 4-də Cəlal məni oyadırdı: "Qalx, gedək hamama". Birinci dəfə hamama gedəndə Cəlal isti su kranını açdı, hovuzu doldurub isti suya girdi. Mən də elə etdim. Çox rahatladıcı idi. Batalyonlar gələnə qədər iki-üç gün sübh azanından qabaqkı proqramımız isti hovuza girmək oldu. Çox xoşumuz gəlirdi, amma ikimiz də bərk xəstələndik. Xoşbəxtlikdən, Hacı Böyük Cabbarian gəldi və bizə dadlı şorbalar bişirdi.

Həmin günlərdə Cəlalla daha yaxından tanışlıq üçün çox yaxşı fürsət yarandı. Öncə Ayətullah Şəhidi məscidində görüşmüşdük və nisbi tanışlığımız vardı. Ondan sonra isə dostluğumuz möhkəmləndi. Tədricən bütün dostlarımız gəlib yığışdılar. İmam Hüseyn (ə) batalyonu yenidən qələbəlik oldu. Şəxsi heyət gələndən sonra bölgülər başlandı və taqımlar ayrıldı. Mən bu dəfə üçüncü bölüyə düşdüm. Dərhal əmr gəldi ki, birinci bölüyün bütün şəxsi heyəti Seyyidüş-şühəda batalyonuna getsin. Bu xəbər gələn kimi bəzi uşaqların naməlum xəstəliyi başlandı. Diviziya və batalyon komandirlərinin bu yerdəyişməyə yaxşı səbəbləri vardı: İmam Hüseyn (ə) batalyonunun bütün şəxsi heyəti bacarıqlı və təcrübəli idi. Onların bir bölüyünü Seyyidüş-şühəda batalyonuna göndərməklə həm o batalyon güclənərdi, həm də o qədər istedad və yaradıcılıq İmam Hüseyn (ə) batalyonunda passiv qalmazdı. Uşaqların hamısı bunu bilir, amma İmam Hüseyn (ə) batalyonunu çox sevdiklərindən bu yerdəyişmədən yayınmaq üçün hər işə əl atırdılar. O günlərdə yayılan ümumi xəstəlik bundan qaynaqlanırdı. İş o yerə çatmışdı ki, Seyyidüş-şühəda batalyonunda “bunların əksəri bacarıqsız olduğundan bizim batalyona göndərilirlər” demişdilər. Bəziləri bu xəstəlikdə o qədər irəli getdilər ki, onları yenidən İmam Hüseyn (ə) batalyonuna qaytardılar. Əlbəttə, zaman ötdükcə bu məsələ də həll oldu. İmam Hüseyn (ə) batalyonunda sıravi döyüşçü olanların çoxu digər batalyonlarda taqım və hətta bölük komandiri oldular.

Həmin dəyişikliklər ərəfəsində köhnə dostum Hüseyn Məhəmmədian peyda oldu. Onu görməyə çox sevindim, o isə başqa bir iş üçün gəlmişdi.

– Mehdiqulu, bölüyə qayıtmağın vaxtı çatmayıb?!

Hüseynin sözü yatmış arzumu oyatdı, amma inadkarlığım tutmuşdu: "Nə qədər ki, o, oradadır, oraya ayağımı qoymaram!"

Hüseyn geri çəkilmədi. O, deyirdi ki, indi sənin vəzifən bölüyə qayıtmaqdır. Ürəyimdə bir hiss baş qaldırıb "gəlirəm, gəlirəm" deyirdi, amma şeytan vəsvəsə edirdi ki, sözümün üstündə durum. Hüseyn nə qədər israr etdisə, qəbul etmədim ki etmədim. Hüseyn qardaş Kərim Fəthidən mənim üçün yerdəyişmə vərəqəsi aldığını demədi. Mənsiz qayıtdı, amma onun iti və həssas gözü batalyonda olduğu müddətdə üç nəfəri kəşfiyyat bölüyü üçün oğurlamışdı: Həsən Təyyar, Rəsul Rzazadə və Məhəmmədrza Balud.1 Məhəmmədrzanın yerdəyişməsi baş tutmadı, amma Rəsul və Həsənin işi tez həll oldu və Hüseynlə birgə gedib onun komandasında işə başladılar.

Hüseynin gəlib-getməsi məni yenə tərəddüdə saldı. Ürəyimdə bir hiss deyirdi: "Sən hara getsən də, axırda kəşfiyyat bölüyünə qayıtmalısan. Sənin müharibədən qismətin kəşfiyyat bölüyüdür..." Bunları düşünə-düşünə öz-özümə deyirdim ki, İmam Hüseyn (ə) batalyonunda olmağım hələlik bilmədiyim bir məsləhətə görədir.

Bir bölüyün Seyyidüş-şühəda batalyonuna verilməsindən sonra batalyonumuzda çoxlu dəyişikliklər baş verdi və birinci bölüyün qalan heyətini bizim bölüyümüzə verdilər. Həmin əsnada qardaş Çərtab məni çağırıb dedi: "Qardaş Zarepur imtahanlarını vermək istəyir. O olmayanda birinci taqıma başçılıq edən lazımdır. Sən hələlik onların çadırına get, görək nə olur". Bu təklif batalyona gələrkən özümə verdiyim sözə zidd olsa da, batalyonda faydalı olmaq ümidilə qəbul etdim. Bəlkə elə bir şərait yaranacaqdı ki, batalyonda qalmaq və ya kəşfiyyat bölüyünə qayıtmaq barədə ciddi bir qərar qəbul edəcəkdim.


II

Mahmud Ağəndə, İbrahim Asayiş, Cəlil Hacınuri və Səməd Salehniya son dəyişiklikdən sonra birinci taqıma qoşulmuşdular. Məsud Fərzamian, Hüseyn Qocayi, Pedram Şakiri, Rza Bədri, Əli Zeynəlabidinzadə, Həbib Şiri, İbrahim Əlipur, Əyyub Rzayi və digərləri də birinci taqımda idilər. Taqımın şəxsi heyətinin əksəriyyəti məni qabaqcadan tanıdığına görə səmimi qarşılandım və çox tezliklə uşaqlarla dostlaşdım.

Hər şeydən öncə iki çox təmiz çadır əldə etdik. Çadırımızın yerini palaz və ədyalla örtdük, girişdə kiçik bir otaq düzəltdik. O otaq həm yağışda ayaqqabılarımızı qoruyurdu, həm qeyri-zəruri əşyalarımız üçün anbar sayılırdı, həm də soyuğun və küləyin qarşısını qismən alırdı. Bu işlərdən sonra taqımımız çox tez bir zamanda bölükdə diqqət cəlb elədi. Uşaqların bir-biri ilə münasibətləri gözəl idi və hər gün ötdükcə hiss edirdim ki, Allah o taqımda olmaq üçün İmam Hüseyn (ə) batalyonunu mənə qismət etmişdir.

Əyyub Rzayi ilə aramda qarşılıqlı ünsiyyət və hörmət artmışdı. Uşaqların hər biri özəl xüsusiyyətlərinə görə gözümü tutmuşdu. Pedram Şakiri 16 yaşında olsa da, döyüş zamanı zirəkliyə və qorxmazlığa çevrilən nadinclikləri ilə diqqətimi çəkirdi. Onun o yaşda və o halda cəbhədə iştirakı digərlərinin əhval-ruhiyyəsini yüksəldirdi. Pedramın çox zarafat edib sataşdığı adam Rza Bədri idi. Rza cəbhəyə ilk dəfə gələndə Pedram ona o qədər "hələ ağzından süd iyi gəlir" demişdi ki, yalnız buna görə şəhərə dönmüş və yenidən cəbhəyə ezam olunmuşdu ki, cəbhəyə ikinci gəlişi olduğunu desin.

Birinci taqıma gəldiyim ilk günlərdə Seyyidüş-şühəda batalyonundan bizim taqıma üç nəfər yolladılar. Onlar bizim çadırımıza girəndən sonra özümü bölük komandirinin səngərinə yetirib dedim: "Qardaş Çərtab, lütfən bu uşaqları başqa bir yerə göndər, mən ki bunları gördüm, nə mənimlə düz gələcəklər, nə də uşaqlarla".

Qardaş Çərtab məntiqli cavab verdi: "Axı hələ onları tanımırsan, qoy yerləşsinlər, görək nə olur".

Çadıra döndüm. Həmin üç nəfər çadırda oturmuşdu. Birincisi kök idi, ikincisi arıq idi və axsayırdı, üçüncüsünün isə hələ bığının yeri göyərməmişdi. Fikirləşirdim ki, taqımımızın ikigünlük qonaqlarıdır və bizimlə düz gəlmədikləri sübut olunan kimi qardaş Çərtab özü onları başqa yerə göndərəcək.

İki gün ötdü, amma xüsusi bir hadisə baş vermədi. Özünü İbrahim Xəlil Xətibi kimi təqdim edən kök kişi o iki gündə əsla danışmamışdı. Fikirləşirdim ki, bəlkə narahatlığı var, ya da bizim aramızda olmaqdan xoşlanmır. Özümü toplayıb ona dedim: "Hacı ağa, Allah səni qorusun, nə üçün bizimlə danışmırsan? Biz sizdən ruhlanmalıyıq, bu qardaşlar..."

– Allah bu qardaşların ata-babalarına rəhmət eləsin!

Yerimdə donub qaldım. Hər bir sözü gözləyirdim, bunu isə yox. Uşaqlar hörmətsizlik olmasın deyə gülüşlərini güclə saxladılar. Elə həmin gündən İbrahim Xəlilin qısa kəlamlarından ibarət sel axını başladı. Heç kim o kəlamların qarşısında özünü saxlaya bilmirdi. Hacı Xəlil bir söz demək üçün ağzını açan kimi uşaqlar gülməyə başlayırdılar.

Bir gün axşamüstü Hacı Xəlil çadırın önündə dayanmışdı. Fikirləşirdim ki, bu şən simanın arxasında başqa sözlər də ola bilər. Düşündüm ki, bəlkə cəbhəyə gəlişini danışmaq istəyər. Onun səsi düşüncələrimi dağıtdı: "Qardaş, haqqını halal elə".

– Məgər mənə nə etmisən ki, halal edim?!

Batalyonumuzun komandir müavini qardaş Səbzinin səsini eşitdim. Bizim çadırımızın önündən keçirdi. İbrahim Xəlil yenidən dedi: "Yox, gərək məni bağışlayasan". Məsələ ciddiləşdi. Hamımızı maraq götürdü ki, İbrahim Xəlil çatar-çatmaz nə edib ki, belə israrla halallıq istəyir. Qardaş Səbzi deyirdi: "Axı mənə nə etdiyini bilmirəm, necə bağışlayım?!" İbrahim Xəlil məsələyə aydınlıq gətirəndə uşaqların gülüş səsi ərazidə raket effekti verdi.

– Əşi, heç nə. Mən həmişə fikirləşirdim ki, sən düz-əməlli adamsan, amma necə səhvə yol verdiyimi yenicə anlamışam.

İbrahim Xəlil üçün böyük-kiçik, komandir-qeyri komandir fərq etmirdi. O, bu səmimiliyinə görə tezliklə digər taqım və bölüklər arasında da məşhurlaşdı. İş o yerə çatdı ki, İbrahim Xəlili hər gün bir çadıra dəvət edirdilər. Biz arzu edirdik ki, bir gün də öz taqımımızda qalsın. Bəzən uşaqlar gedib ondan vaxt alırdılar ki, öz çadırımıza da baş çəksin.

Bizə qoşulmuş üç qardaşla taqımımız hər cəhətdən - həm zarafat, həm də mənəviyyat baxımından təkmilləşdi. Bizə yeni qoşulmuş arıq gənc olan Abdullah əvvəllər yaralanmışdı və bir ayağı axsayırdı. O, müsəlman və mömin bir döyüşçü anlayışının real nümunəsi idi. Abdullahın mənəvi cəhəti o qədər güclü idi ki, həm danışığı, həm də sükutu bəndəlik ruhu ilə aşıb-daşırdı. Ona baxanda və yanında olanda insan Allahı xatırlayırdı. Həmişə düşünürdüm ki, Məşədi Abdullahın nurlu siması və əlçatmaz halı taqımımızın hörmət və etibarını artırmışdır. O, həqiqətən, Abdullah – yəni Allah bəndəsi idi. Bütün müstəhəb əməlləri yerinə yetirməyə çalışan, həyatı ibadətlə qarışmış azsaylı insanlardan idi və batalyonun kollektiv proqramlarında işin bir ucu onun iradəsinə bağlı olurdu.

Batalyon üçün kreativ bir bak düzəltmişdik. Batalyonun bütün şəxsi heyəti bir yerə toplaşanda böyük bir samovar yerinə ondan istifadə edirdik. Həmin günlərdə Məşədi Abdullahı o bakın yanında tapmaq olardı; çay hazırlamaqla məşğul idi, geniş və nurlu alnında tər damcıları parlayırdı.

Taqım üzvlərinin çoxluğunu nəzərə alıb başqa bir çadır da qurduq. Uşaqların səkkizi gecələr orada yatırdı. Uşaqlar hər gecə birlikdə gecə namazına qalxırdılar. Qərara gəlmişdik ki, kim tez oyansa, digərlərini də oyatsın. Hacı Xəlil gecə namazına çətin oyanırdı, Pedram isə əsla oyanmırdı. Hər gecə hamı oyanıb namaza və duaya hazırlaşanda gözlərimizi taqımımızın qocasına dikirdik ki, bu dəfə hansı əda ilə oyanacaq.

Bir gecə uşaqların biri onu çox səslədi. Hacı İbrahim Xəlil çox zəhmətlə yerindən qalxdı. Bir az dayandı, onu oyadanı qucaqlayıb öpdü, sonra yerindən qalxıb çadırın sonuna getdi. Çətinliklə qapını açmağa çalışırdı, amma orada qapı yox idi. Qapı onun qarşı tərəfində və çadırın bu başında idi. Yuxulu Hacı İbrahim uşaqların ucadan gülməsinə səbəb oldu. Ona yaxınlaşıb qolundan tutdum və çadırın qapısına tərəf apardım.

Səhər məsələni soruşanda dedi: "Taksiyə minmək istəyirdim, nə illah etdimsə, qapısını aça bilmədim. Əgər sən olmasaydın, orada qapının arxasında qalacaqdım".

Pedram Şakiri də şuluqluqda öndə gedənlərdən idi. O, gecə namazına qalxmadığını bildiyimiz azsaylı adamlardan idi. Bir gecə fikirləşdim ki, onu bir qədər ələ salmağın vaxtıdır. Rza Bədriyə dedim: "Pedram tapşırıb ki, onu da gecə namazına oyadaq. Get, yuxudan oyat".

Rza başının üstünü alıb dedi: "Pedram... Pedram..."

Pedramın yuxusu o qədər dərin idi ki, bir neçə dəfə çağırmaqla oyanan deyildi. Uşaqların hamısı xorla və tərpədə-tərpədə onu çağırırdılar: "Pedram, qalx ayağa! Pedram, qalx ayağa!" Nəhayət, oyanıb dedi: "Nə olub? Sizə nə olub?"

- Qalx! Məgər gecə namazı qılmaq istəmirdin?!

Pedramın hirslənməyi də maraqlı idi.

- Mən?! Mən qələt eləyib gecə namazı qılmaq istəmişəm...

Xoşbəxtlikdən, gecənin yarısı onun yuxusunu kimin pozduğunu bilmədi, yoxsa səhər acığını çıxardı.

Uşaqların arasında dostluq o qədər güclənmişdi ki, bir-birinin ən sirli hallarından da xəbərdar idilər. Taqımın başçısı olduğuma görə bu sədaqət və mehribanlığın mənə təsiri daha böyük idi. Öncədən əsla görmədiyim işləri görürdüm. Çadırda məndən yaşlılar olsa da, hamıya qarşı atalıq hissi keçirirdim. Get-gedə havalar soyuyur və gecələr daha soyuq olurdu. Bütün uşaqların yatdığına əmin olmadan yatmırdım. Sonra kənara düşmüş ədyallarını düzəldirdim. Özümün üç ədyalım vardı, bəzən onları da uşaqların üstünə atırdım. O ədyalların birini Hacı İbrahimə ayırmışdım. Fikirləşirdim ki, digərlərindən yaşlıdır və daha çox üşüyər. O anlarda çox dəyişdiyimi, böyüdüyümü, öncədən dərk etmədiyim çox şeyi anladığımı hiss edir, özümdə bir növ hazırlıq yaradırdım. Nəyim varsa, nə bacarıramsa, taqımımın üzvlərinə vermək istəyirdim. Uşaqlara baxıb onların Allahın pak və ixlaslı bəndələri olduqlarını xatırlayanda onlara başçılıq etdiyimə və lazım olanda əmr verdiyimə görə xəcalət hissi keçirirdim.

Bəzən digər batalyonların şəxsi heyətini öz batalyonumuza səhər yeməyinə dəvət edirdik. Bu, hamının əməkdaşlığına ehtiyaclı olan kollektiv iş idi, birlik və yardımlaşma ruhuna çox müsbət təsir edirdi. Səmimi bir mühitdə vəhdət süfrəsi başında səhər yeməyini yemək bütün döyüşçülər üçün unudulmaz xatirəyə çevrilirdi. Bu mərasimlərdə bizim taqımımızın uşaqları, xüsusən də Mahmud Ağəndə, Məşədi Abdullah və Hacı Xəlil Xətibi əsas işləri görürdülər. Bu işlər sevgi və dostluqları artırırdı.

Taqımımızın uşaqları ilə yekdil qərara gəlmişdik ki, bütün batalyonu taqım-taqım öz çadırımıza dəvət edək. Bu işi gördük və bununla batalyonun bütün şəxsi heyəti arasında dostluq yarandı. Təxminən hamımız bir-birimizi tanıyırdıq, dostluq və qardaşlıq bazarı qızışmışdı.

Batalyon komandirliyinin bizə qonaq gəldiyi gün hamılıqla hazırladığımız sadə şam yeməyindən yedik, sonra bir-birimizlə daha yaxından tanış olmaq üçün hər kəsin özünü təqdim etməsini təklif etdim. Əvvəlcə İmam Hüseyn (ə) batalyonunun komandiri qardaş Seyid Həsən Şəkuri özünü təqdim etdi. Sonra Məhəmməd Təcəllayi və komandir müavini Balapur özlərini təqdim etdilər. Növbə İbrahim Xəlilə çatdı. O vaxta qədər çox sakit oturmuşdu və yalnız baxırdı. Birdən ucadan və çox sürətlə avtomat kimi başladı: "Salam əleyküm. Bismillahir-Rəhmanir-Rəhim. Mən Hacı İbrahim Xəlil Xətibi Azəri Maralani Təbrizi..." Çadırda aləm bir-birinə dəydi.

Bir dəfə Hacı İbrahim Xəlil narahat halda çadıra girdi. İlk dəfə idi onu belə görürdüm.

– Hacı, nə olub? Niyə narahatsan?

– Sizin mollanız məni narahat edib.

Təəccübləndim. Məqsədi Hacı Əbu Fəllah idi. O, İraq mücahidlərindən idi və İslam ordusuna qoşulmuşdu. Soruşdum ki, məgər nə deyib?

– Deyir ki, kim camaatı güldürsə, yeri cəhənnəmdir. Yəni mənim də yerim cəhənnəmdir.

Bir söz deyə bilmədim. Gülüşümü saxladım və mövzunu dəyişməyə çalışdım. Təsadüfən, həmin gün Seyid Məhəmməd Vətəni boş bir ətir şüşəsini çayla doldurub Hacı İbrahim Xəlilə hədiyyə vermişdi. Həmin hədiyyədən söhbət düşdü. Hacı İbrahim o ətrə görə o qədər sevinmişdi ki, hamıya göstərib deyirdi: "Baxın, görün məhəllə uşağımız mənə nə hədiyə verib. Baxın, öyrənin..." Əyyub Rzayi də onu yaman pərt edib gülə-gülə dedi: "Nə qoyub, nə axtarırsan, Hacı İbrahim?! O, yalnız bir şüşə çaydır..."

Hacı İbrahimin sifəti maraqlı vəziyyətə düşdü, heç nə demədi. Bir qaşı yuxarıda, bir qaşı aşağıda oturub düz Əyyub Rzayiyə baxdı. Onu o görkəmdə görmək də bizi güldürürdü. Nə dediksə, cavab vermədi. Sanki heç bir sözü cavabsız qoymayan Hacı İbrahim deyildi. Onu birtəhər sükutdan çıxarmağa çalışdım.

– Hacı ağa, buyurun...

Birdən sanki minbərin üstündə oturub bizi danlayırmış kimi ucadan və amiranə tərzdə dilləndi: "Siz Seyyidüş-şühədanın qanına xəyanət edirsiz..." Uşaqların gülüş atəşləri çadırın sükutunu darmadağın etdi.

Hacı İbrahim uşaqların yanında hətta narahat halda olanda belə, sevinc və şənlik gətirirdi. Gördüm ki, hacını belə sakitləşdirmək olmayacaq. Dedim: "Hacı ağa, axı nə olub ki, bu qədər narahatsan".

– Nə olub?! Ruhaniniz deyir ki, camaatı güldürənin yeri cəhənnəmdir, hədiyyəniz də ki belə.

- Bəlkə Hacı ağa Əbu Fəllahın dediyi söz nəyinsə əlavəsi olub. Elə bu dəqiqə qalx, get yanına və məsələni aydınlaşdır.

Bizim tövsiyəmizlə nahar da yeməyib dərhal getdi. Bir müddətdən sonra qayıtdı, gülər üzünü görəndə cəhənnəmə getmək fikrindən çıxdığını anladıq.

– Vəziyyət necədir, Hacı İbrahim?

– Gedib ona dedim ki, siz insanları güldürənin yerinin cəhənnəm olduğunu deyirsiniz, uşaqlar da mənim sözlərimə gülürlər, yəni mən cəhənnəm əhliyəm? Hacı Əbu Fəllah dedi ki, sən uşaqları güldürmək üçün nə deyirsən? Mən də sizə dediyim sözlərdən bir-ikisini ona dedim. Bir də gördüm ki, yerə uzanıb, ayaqlarını çadırın divarına söykəyib və gülməkdən uğunub. Sonra da dedi ki, belə sözlərin eybi yoxdur.

Beləliklə, Hacı İbrahim yeni icazəni əsas tutaraq daha arxayın şəkildə çadırlara gedirdi və hamının ürəyində özünə yer açmışdı. Onun həyatı barədə öyrənəndə əqidəsinə, imanına və haqq yolunda möhkəmliyinə qibtə etdik. Hacı İbrahim Xəlil Xətibinin beş övladı vardı. Kürdüstanda döyüşlər başlayanda, ailəsinin ağır vəziyyətinə rəğmən, özünü oraya çatdırıb və bir müddət Şəhid Çəmranın partizan dəstələrində vuruşub. Məzuniyyətə gələndə atası deyib ki, daha onun ailəsini saxlamayacaq və özü bir şey fikirləşməlidir. Hacı Xəlil də cəbhəni tərk etməyəcəyini deyib ailəsini özü ilə Əhvaza aparmış və orada onlara bir yer tapmışdı. Nəhayət, Əliəkbər Rəhbəri1 ona nəsihət vermişdi ki, belə düzgün deyil, qayıt, inşallah, ailənə bir ev tapandan sonra yenidən gələrsən. İbrahim Xəlil ailəsi ilə Təbrizə qayıtmış və qısa müddətdə gecə-gündüz işləyərək kiçik bir mənzil ala bilmişdi. Ailəsini oraya yerləşdirəndən sonra yenidən cəbhəyə dönmüşdü.

Birinci taqıma gələndən kəşfiyyat bölüyü tam yadımdan çıxmışdı. Nəhayət, bir gün qardaş Çərtab məni bölüyün çadırına apardı. Oradan Əhvazın Hava hücumundan müdafiə qarnizonundakı kəşfiyyat qərargahına getdim və Hüseyn Məhəmmədianın yaralandığını öyrəndim. Qardaş Məhəmməd Məhəmmədi mənimlə çox danışdı və nəhayət, bölüyə qayıtmağa razı saldı. Qardaş Fəthidən göndəriş kağızını alıb Dezfula getdim. Batalyondan ayrılmağım haqda uşaqlara heç nə demədim. Birbaş birinci taqımın çadırına gedib orada qaldım.

Bir-iki gündən sonra qardaş Səbzi məni çağırıb dedi: "Ağa Mehdi, əşyalarını götür, bölüyün çadırına gəl".

Ürəyim üzüldü. Taqımımıza o qədər alışmışdım ki, uşaqlardan ayrılmaq mənə ağır gəlirdi. Çox açıq şəkildə dedim: “Ağa Məhəmməd, mən o taqımdan ayrılan deyiləm”. Qardaş Səbzi çox səbirlə sözünü bir neçə dəfə müxtəlif formalarda təkrarladı. O qədər dedi ki, nəhayət, uşaqlara heç nə demədən əşyalarımı bölüyün çadırına apardım və Seyid Məhəmməd Vətəni dərhal birinci taqımın komandiri oldu.

Taqım komandiri vəzifəsindən çıxdığıma görə sevindim, amma sıravi döyüşçü kimi olsa belə, həmin uşaqlarla qalmaq istəyirdim. Lakin batalyon komandirinin istəyi mənimkindən fərqli idi. O, deyirdi: "Səninlə başqa işim var".

Birinci taqımdan ayrılığın ciddi və daimi olduğunu görəndə bölüyə qayıtmağın və ya ən azı, o batalyondan çıxmağın vaxtı çatdığını düşündüm. Məktubu batalyon komandirinə vermək üçün münasib zaman gözləyirdim. Birinci taqıma qayıtmaq fikrini də başımdan çıxarmışdım. Çünki nə qədər fikirləşirdimsə, kəşfiyyat bölüyünün ehtiyacı mənə daha böyük görünürdü. Təsadüfən, elə ilk günlərdə münasib şərait yarandı. Qardaş Səbzi bölüyün çadırına getməmə dair xəbər yollamışdı. Mən də getdim.

– Əşyalarını götür, bizim çadırımıza gəl.

Mənim yerdəyişməmdən xəbəri olan Mahmud Ağəndə dedi: "Hə, oğul! Allah sənə balam deyibdi! Bir gün dəstə,1 bir gün quruhan,2 bir gün də qordan!”3

O vaxta qədər Əhvazda baş verənlərdən heç nə deməmişdim. Ürəklənib dedim: "Qardaş Səbzi, birinci taqımda mənim yerim çox yaxşı idi".

– Yox, biz batalyonda kəşfiyyat bölüyü yaratmaq istəyirik. Sən də batalyonun kəşfiyyat komandiri olacaqsan. Əməliyyat bölgələrinin izahı üçün də səndən istifadə etmək istəyirik.

Kəşfiyyat bölüyündən narahatlıqla ayrılıb ondan səmimi münasibət gözlədiyim, amma etinasızlığı ilə üzləşdiyim günləri xatırladım. Ümumiyyətlə, son zamanlara qədər mənimlə yaxın münasibətdən qaçırdı. Ona dedim: "Qardaş Səbzi, lütfən göndəriş vərəqəmi imzalayın. Mən kəşfiyyat bölüyünə qayıtmaq istəyirəm". Narahat oldu. Mənə çox ehtiyac duyduğu bəlli idi.

– Xeyr, bölüyə qayıtman lazım deyil.

Qardaş Fəthinin məktubunu hirslə cırdı, lakin mən geri çəkilmədim. Əmin idim ki, o şəraitdə vəzifəm çox tez bölüyə qayıtmaqdır.

– Kəşfiyyat bölüyünün uşaqlarından bir neçəsi yaralanıb. İndi bizim vəzifəmiz orada xidmət etməkdir. Mənim orada olmam sonunda sizin batalyonunuza və bütün şəxsi heyətə faydalıdır.

Məni qucaqlayıb üzümü öpəndə bildim ki, razılaşıb.

– Haqqını halal et, ağa Mehdi.

– Nə üçün?

– Mən əvvəllər sənin barəndə ayrı cür fikirləşirdim. Mənə demişdilər ki, səni kəşfiyyat bölüyündən ixrac ediblər...

– Mühüm deyil. Mən İmam Hüseyn (ə) batalyonuna gələndə özümə söz verdim ki, sadə bir döyüşçü olum – elə də oldu...

Qardaş Səbzinin ilk günlərdəki etinasızlığının səbəbini bilib arxayınlaşdım. İmam Hüseyn (ə) batalyonunda sağollaşdığım yeganə şəxs o oldu. Bilirdim ki, ayrıldığımı bilsələr, uşaqlar da mənim qədər narahat olacaqlar.



Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin