Şəhadət aşiqləri

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 9.35 Mb.
səhifə58/73
tarix26.06.2018
ölçüsü9.35 Mb.
1   ...   54   55   56   57   58   59   60   61   ...   73

Ərvəndin quşları


I

1986-cı ilin 9 fevral gecəsi dalğıcların hərəkət vaxtı idi. Narahat idim. Orada nə qədər çox qalsaydım, ayrılmağım bir o qədər çətinləşəcəkdi. Cəld bir-bir hamısını öpüb halallıq istədim. Özümü İmam Hüseyn (ə) batalyonunun komandiri qardaş Seyid Həsən Şəkuriyə çatdırmalı idim. Narahat idim, amma batalyon rəhbərlərinin bizim qədər narahat olduqlarını görmürdüm. Bəlkə də biz vəziyyətdən xəbərdar olduğumuza görə çox narahat idik; proqnoz edilməmiş problem və hadisələr, Ərvəndin dəli dalğaları... Onların yanında qala bilməyib bayıra çıxdım. Yaxınlıqdakı bir təpəyə gedib-gəlirdim. Hücumçulardan olmayıb döyüşün başlandığı anlara uzaqdan baxmağım az olmuşdu. Ratsiya arxasında hücumçu qüvvələrin zəngini gözləyən uşaqların halını anlayırdım. Yağış bəzən qısa müddətə dayanır, sonra yenidən yağmağa başlayırdı. Öz-özümə düşünürdüm ki, görəsən, indi dalğıclar haradadırlar? Döyüş başlamayıb ki? Bu axşam fırtına var, birdən uşaqlar suda qalıb mövqeyə çata bilməzlər!

Təpədən endim. Batalyon rəhbərləri şəxsi heyəti hazırlayır və hansı bölüyün hansı qayıqlarla öndən gedəcəyini təyin edirdilər. Qərara gəldilər ki, ilk qayıqda mən birinci bölüyün komandiri Mustafa Pişqədəmlə və bölükdən bir neçə döyüşçü ilə hərəkət edim. İşlər bilinəndən sonra uşaqların hərəsi bir tərəfdə dua oxumağa başladılar. Mən yenidən təpənin üstünə çıxıb gözümü qarşıya dikdim. İlk döyüş oradan başlayacaqdı. Çəkilmə və qabarmanı, düşmənin hazırlığını, silah, səngər və keşikçilərini fikirləşməkdən bezdim. Uşaqların asta dua səsləri məni bir az sakitləşdirdi. Birdən ilk səslər gəldi. Kərbəla diviziyası istiqamətində bir qədər qarşılıqlı atışma oldu və yenə sükut başladı.

Əməliyyatlarda adətən, ilk atəşi düşmən açırdı, sonra bizimkilər döyüşə başlayırdılar. İndi isə sükutun mənasını anlamırdım. Beşdəqiqəlik sükutu iztirab tufanları arasında yaşadım. Təxminən gecə saat 12-də öz istiqamətimizdən gələn düşmən güllələrinin səsi sükutu pozdu və atışma başlandı. Güman ki Aşura diviziyasının dalğıcları mövqeyə çatmışdılar. Birdən səs kəsildi və yenə ətrafa sükut çökdü.

Çox çətin anlar idi. Hücumçu qüvvələrin yanında olmadığıma görə təəssüflənirdim. Nigaranlıqdan nə edəcəyimi bilmirdim. Sükut bu dəfə 10 dəqiqədən çox sürdü və bu müddətdə uşaqların fikri məni çox narahat etdi.

Birdən bizim sahildən atışma başlandı. Müharibə boyu ilk dəfə idi düşmənin başına belə güclü atəş yağırdı. Ötən gecə sahilə yüngül və ağır silahlar, top və katyuşalar yerləşdirilmişdi və bir anda bütün silahlar düşmən bəndini hədəf seçmişdi. Nəhayət, ratsiya dilləndi: "Tez uşaqları hazırlayın, yola çıxın!" Mustafa ilə mən yan-yana qaçırdıq. Tez özümüzü qayığa çatdırdıq. Bizim arxamızca bütün batalyon qayıqların gözlədiyi çaya doğru qaçdı. Yaxşı bilirdim ki, bir qədər gecikmək suyun səviyyəsinin azalmağa başlaması və qayıqların palçığa batması demək idi.1 Biz tərpənəndən sonra digər qayıqlar da yola düşdülər. Uzaqda işıqlı nöqtə kimi parlayıb bizi özünə çağıran nişana doğru irəliləyirdik. Uşaqların biri fənərlə işarə verirdi və biz Ərvənddən keçərkən problemlə üzləşmədik. Yalnız sol tərəfdən düşmən bizə atəş açırdı. Hələ bənd tərəfdən arxayınlaşmamışdım. Düşmən bənddə bizi gözləyər və biz vuruşmağa məcbur ola bilərdik.

Ərvəndi tanıyırdıq. Həmin gecə arabir yağış yağsa da, ən sakit gecələrdən idi. Bəndin yaxınlığında maneələrə çatanda Rza Daruiyanın tanış üzünü gördüm. Dalğıc geyimində dəyişmişdi. Qayıq tikanlı məftillərə çatdı. Xoşbəxtlikdən, uşaqlar tikanlı məftilləri açmışdılar və yol açıq idi. Rza da məni suda görüb çağırırdı: "Mehdiqulu, sizsiz?"

Ona yaxınlaşanda qayığı tutub istiqamətini düzəltdi. Bir neçə metr öndə daha qayıqla getmək mümkün deyildi. Cəld suya atıldıq. Su dizdən yuxarı idi. Sahilə doğru getdik.

Bəndin üstündə dalğıcların hərəsi bir tərəfə qaçırdı. Onların çarpışdığı soyuğu hiss edə bilirdim. Kimə çatırdımsa, “Salam. Yorulmayasınız!” - deyirdim, amma uşaqlar o qədər yorğun idilər ki, bizim xoş-beşimizə cavab verməyə halları qalmamışdı.

– Uşaxlar, yaxçı hesablarına yetişdiz.2 Yorulmiyəsiz!

Onlar Ərvəndin eninə iki saatdan çox üzüb düşmən bəndinə hücum etmişdilər. Soyuq və yorğunluq onlarda taqət qoymasa da, hələ səngərləri təmizləməklə məşğul idilər. Yolumun üstündə olan ilk səngərə girdim. Başının qanı bütün üzünü örtmüş İbrahim Əsğərini gördüm. Qəlpə başını dərin yaralamışdı. Bir az onunla danışmağın əhval-ruhiyyəsinə müsbət təsir edəcəyini düşündüm. Amma məni görən kimi qışqırdı: "Siz nə üçün buraya gəldiniz?" Bildim ki, halı normal deyil və mən o vəziyyətdə ona kömək edə bilmərəm. Odur ki, səngərdən çıxdım.

Qayıqlar sahilin yaxınlığında dayanır və şəxsi heyət sürətlə bəndə doğru gəlirdi. Onları irəliyə aparmaq zamanı idi. Əməliyyatdan öncəki günlərdə müşahidə postundan durbinlə baxarkən, kəşfiyyata gedərkən və göydən çəkilmiş şəkilləri incələyərkən düşündüklərim real olaraq önümdə idi. Elə gedirdim ki, sanki orada dəfələrlə gəzmişəm, yolları, istehkamları və təpələri tanıyıram. Yolumuz haraya qədər davam etdiyini bildiyim bir arxın üzərindən keçirdi. Mustafa Pişqədəm silahını əlində tutub tez-tez arxamca gəlirdi, onun arxasınca da İmam Hüseyn (ə) batalyonu. Mən kolonun önündə silahsız gedirdim. Birdən mənim beş addımlığımda iki nəfər qalxıb ərəbcə nəsə dedi. Mustafa avtomatla onların sözünü kəsdi. Ondan sonra qərara gəldik ki, yolu magistraldan kənarda və ikinci istehkamın yanı ilə davam etdirək. Uşaqları istehkamın digər tərəfinə apardım. Bu müddətdə Kərim Hörmətinin heç kimə heç nə demədən İmam Hüseyn (ə) batalyonunun şəxsi heyəti ilə gəldiyini bilmirdim. Orada məni tanıyan uşaqların biri dedi: "O dostun şəhid oldu". Məqsədi Kərim Hörməti idi. Anlaya bilmirdim ki, onlar Kərim Hörmətini bizim istiqamətimizdə necə görüblər. Xəbərə pis oldum, amma vəzifəm şəxsi heyətə bələdçilik etmək idi və hər bir acı xəbərə dözməli idim.

İkinci mövqeyin qərb kənarı ilə irəliləyərkən birdən yanımızda istehkama bir tank mərmisi düşdü. Bildik ki, bizi nişan almışlar. Tez şəxsi heyəti mövqeyin şərq hissəsinə, yəni bir qədər əvvəl getdiyimiz tərəfə apardım. Özüm silah götürməmişdim və döyüşə qatılmadan cəld qərar verə, yolu dəyişməklə uşaqları nəzərdə tutulmuş yerə çatana qədər atəşdən uzaq saxlaya bilirdim. Birinci bənd boyu davam edən ikinci mövqeyi dövrə vurub birbaş qayıq şəkilli istehkamlara çatırdıq. Bu istehkamlar düşmənin üçüncü müdafiə cərgəsi idi və xüsusi formasına görə onlardan keçmək çox çətin idi. Həmin ərazidə bir düşərgə vardı və uşaqlarımız onun güclü atəşi altında qalmışdılar. Ora üçbucaq istehkamın bir tərəfini təşkil edirdi və biz istehkamın digər tərəfindən keçib düşməni arxada qoymaq istəyirdik. Oradakı düşmənlər sonradan bizə maneçilik törətməsinlər deyə onları məhv etməyə bir komanda göndərdik. Onların qayıtmasını gözləməyə vaxt yox idi. Cəld kolonu apardım və tezliklə qayıq şəkilli istehkamlara çatdıq. Bir qədər yuxarıda bölüklər bir-birindən ayrılacaq, ikinci və üçüncü bölüklər irəli gedəcəkdilər. Rza Ənkutiyə tapşırdım ki, yolu davam etdirsin. O, getdi, mənsə Məhəmməd Əsədi1 ilə qaldım. Birinci bölüyü sol tərəfə yönəltdim. Çox keçmədən qarşımızda bir magistral yol peyda oldu. Araşdırmalardan bilirdim ki, bu yolların hamısı Qüds magistralı ilə birləşir. Lakin mənim nəzərdə tutduğum yol düşmən zastavalarından birinin yaxınlığında idi və biz hələ oraya çatmamışdıq. Havanın qaranlığı məni daha çox şübhəyə saldı. Bəlkə o zastavadan keçmişik və xəbərimiz olmayıb. Birinci bölüyün komandiri Mustafa Pişqədəm yanımda idi. Yavaşca ona dedim: "Ağa Mustafa, sən burada qal, mən ətrafa bir göz atım, görüm zastava var, yoxsa yox". Rəhman Hərati ilə Məhəmməd Əsədini çağırdım: "Rəhman, sən sağ tərəfə get, Məhəmməd də sol tərəfə gedir. 200 metr irəliləyin və tez qayıdın". Özüm də düz getdim. Seyyidüş-şühəda batalyonunun su-quru qüvvələrinin yerləşdiyi yerə çatdım. Onlardan soruşanda dedilər: "Zastava irəlidədir. İraqlılar oradan bizə atəş açırlar". Bildim ki, yolu düz gəlmişik. Tez qayıtdım. Fikirləşirdim ki, gec qayıtdığıma görə uşaqlar nigaran qalarlar. Təxminən əmin idim ki, Rəhman və Məhəmməd artıq qayıtmışlar.

Təxminim düz idi; qardaş Pişqədəm nigaran qalmışdı. Məhəmməd Əsədi də yanında idi. Şəxsi heyəti tez bir zamanda yola çatdırmağa tələsirdim. Yola düşmək istəyəndə sağ tərəfdən qara geyimli iki nəfərin bizə yaxınlaşdığını gördüm. Yolumuzun əvvəlində iki iraqlı ilə rastlaşdığımıza görə, uşaqlar yenə düşmən olacaqlarından və hər an atəşə məruz qalacaqlarından qorxub önə keçdilər. Mənim gördüyümü Mustafa da gördü. O, silahını qaldırdı və əlimlə silahının lüləsini endirmədən öncə atəş açdı.

– Vurma, Mustafa, özümüzünkülərdir.

Ürəyim üzüldü. Düşündüm ki, birdən Rəhman olar. Həyəcanla qaçdım. Çatanda gördüm ki, güllə Rəhman Həratinin düz alnına dəyib. O, sakitcə ruhlar aləminə qanad çalmışdı. Yanındakı Böyük Şəmsəlizadə isə belindən yaralanmışdı. O vaxta qədər onun da Rəhmanla getdiyini bilmirdim. Tibb işçisi tez gəldi. Ona "Tez bunlarla məşğul ol" - deyib ayağa qalxdım. Dayanmaq olmazdı, hərəkət etməli idik. Rəhmanın şəhid olduğuna görə Mustafa Pişqədəmin üzünə elə qəm-kədər çökdü ki, baxa bilmirdim.

Kolonumuz yola çatdı. Düşündüm ki, bu yolla getsək, zastava bizə maneçilik törətməz. Bir neçə tərəfdən düşmənin atəşi altında idik. Mustafa ilə birgə uşaqların amanını kəsmiş PK və DŞK pulemyotları tərəfə getdik. Ora dağılmış bir kəndin qalığı idi. Kəndin önündən keçən çay qurumuşdu, ətrafında yaşıllıq və qamışlıq görünürdü. Çayın o tərəfindən 15-20 metr aralıda düşmən səngərləri vardı. Mövqeyi araşdırdım. Oradan dayanmadan bizə atəş açırdılar. Avtomat səsləri bir an da kəsilmirdi. Səngərə 2-3 RPG raketi atıldı, amma təsirsiz oldu. İrəliyə getməyə də imkan yox idi. Şəxsi heyət səngərin aramsız atəşi altında qalmışdı. Bölüyün cəsur və qorxmaz uşaqları özlərini bizə çatdırıb səngərə yaxınlaşmaq və onu zərərsizləşdirmək üçün icazə istəyirdilər. Qərara gəldim ki, könüllü olan Seyid Məhəmməd Vətəni ilə birgə gedim. Lakin hərəkət etməyə macal tapmadım. Əhməd Yusifi özünü çatdırıb əminliklə dedi: "Ağa Mehdi, mən tez gedib məsələni həll edə bilərəm".

Bilirdim ki, Əhməd bu işin öhdəsindən yaxşı gələr. O, dedi: "Siz yalnız güclü atəş açın və mən oraya çatana qədər başlarını qarışdırın". O, qalxdı, biz də barmaqlarımızla tətiyi sıxıb saxladıq. Əhməd qısaboy, amma enlikürək idi. Bir neçə saniyə ərzində özünü səngərə çatdırıb divarına söykəndi. Başının üstündə bir dəlik vardı, bizə oradan atəş açırdılar. Düşmən Əhmədin orada olduğunu öyrənməmiş cəld əl qumbarasını çəkib dəlikdən içəri atdı və sürətlə səngərdən bir neçə addım uzaqlaşıb təkbir deyə-deyə yerə uzandı. Bir anın içində səngər və içindəki hər şey güclü alovla birgə göyə uçdu. Deyəsən, qumbara silah qutusunun üstünə düşmüş və eyni zamanda onlarla partlayış baş vermişdi.

Bu partlayış həmin istiqamətdə vuruşan düşmənlərin qəlbinə qorxu saldı, iyirmidən artıq iraqlı dərhal əllərini qaldıraraq bayıra çıxdılar.

Şəxsi heyətin verdiyi itkiləri araşdırmağa imkan yaranmışdı. Kərim Əzimi, Kərim Corabbaf və Rəsul Rəcəbpur orada 60 kalibrli raketin qəlpəsindən yaralanmışdılar.

Canlı qüvvəni yerbəyer edib yola düşdük. Bir neçə dəqiqədən sonra Fav-əl-Bihar yoluna, yəni Qüds magistralına çatdıq. Bütün istiqamət boyu magistrala çatmış ilk döyüşçülər idik. İmam Hüseyn (ə) batalyonunun sağ cinahdan irəliləyən ikinci və üçüncü bölükləri ilə əlaqə saxladıq. Onlar da magistralın yaxınlığına qədər gəlmişdilər, amma deyirdilər ki, xurmalıq tərəfdən açılan atəşlərə görə dayanmışlar.

Canlı qüvvə magistralda yerləşdi, amma mən rahatlaşa bilmirdim. Qərara gəldim ki, irəliyə gedib məlumat toplayım. Qaranlıq gecədə arabir yağış yağıb ətrafa baxış üçün əlverişsiz şərait yaratsa da, bölgəni öyrənməyi çox istəyirdim. Məhəmməd Əsədini götürüb yola düşdüm. Təxminən 700 metr irəlidə başqa bir magistral çəkilmişdi. O, Qələbə magistralı idi.

Qələbə magistralı Favdan Bəsrəyə qədər çəkilmişdi və oranı Həbib batalyonu götürəcəkdi. Yolun üzərinə nazik asfalt çəkmişdilər. Yenə içimdə bir şübhə baş qaldırdı ki, birdən bura Qüds magistralı olar və biz şəxsi heyəti səhvən qabaqkı yolda yerləşdirmiş olarıq. Çünki bu iki magistral arasında heç bir düşmənlə rastlaşmadıq. Yenidən beynimdə araşdırmaya başladım və bütün dəlilləri nəzərə alandan sonra əmin oldum ki, səhv etməmişəm. Sonra isə Qüds magistralına qayıtdım.

O fasilədə Kərbəla diviziyası sol cinahdan bizə çatmışdı. İmam Hüseyn (ə) batalyonunun komandirini tapıb dedim: "Ağa Seyid Həsən, imkan varsa, qərargahla əlaqə saxlayın və biz şəxsi heyəti Qələbə magistralına aparaq".

- Yox, buna lüzum yoxdur.

- Əgər biz bütün gecəni burada qalsaq, səhər Qələbə magistralı istiqamətindən bizə problem yarana bilər. Düşmən səhərə qədər oranı doldura bilər.

İsrar etdim ki, əlaqə saxlayıb vəziyyəti izah etsin. Əlaqə saxladı, amma diviziya komandirinin cavabı da Qüds magistralında qalmaq oldu. Məncə, səbəbi bu idi ki, batalyon çox səpələnməsin və təmizləmə işi asanlıqla baş tutsun. Çünki Qasim batalyonu hələ Qüds magistralına çatmamışdı və o şəraitdə bizim Qələbə magistralına getməyimiz düşmənə cinah verməyimizə səbəb olardı. Belə olduqda da düşmən bizim qüvvələrimizi asanlıqla qayçılaya bilərdi.

Üçüncü bölüyə getdim. Qələbə mehi əsirdi, hər kəs sevincindən mayallaq aşırdı. Uşaqların arasında gəzirdim. Onların təbəssümü mənə yaxşı təsir bağışlayırdı. Hacı İbrahim Xəlili axtarırdım. Nəhayət, onu gördüm. Arxası üstə uzanıb göyə baxırdı.

– Salam, hacı.

Üzü güldü. İbrahim Xəlilin baxışında qələbə şövqü başqa cür parlayırdı. Yanında oturdum. Gedəsi olduğunu aydın hiss edirdim. Xüsusən ona görə ki, ağlayıb yalvarmaqla və vasitəçi tapmaqla hücumda iştirak etməyə icazə aldığını görmüşdüm.

– Hacı Xəlil, çantanda yeməyə bir şey var, yoxsa yox?

Çantasını açıb qarşıma qoydu. O gecə həmişəkindən də mehriban idi. Bir neçə dəqiqə yanında oturdum. Halı fərqli idi, çox danışmadı.

– Yerini öyrəndim. İmkan olsa, yenə gələcəyəm. Hələlik Allaha əmanət!

Bunu deyib qardaş Mustafa Pişqədəmi görməyə getdim.

Gecənin sonları idi və havada xüsusi təravət vardı. Azan ətri insan qəlbini vəcdə gətirirdi. Fikrim Mustafada qalmışdı. Onun yanına çatanda sübh namazına hazırlaşırdı. Orada təyəmmüm aldıq və yan-yana namaza başladıq. Mustafa çox kədərli idi, mən də nə deməli olduğumu bilmirdim. Hava işıqlaşmağa başlayanda dedim: "Ağa Mustafa, mən seyidin yanına gedirəm, görüm vəziyyət necədir". O, yenə heç nə demədi.

Hava işıqlanırdı və mən ətrafda gəzişən itləri aydın görə bilirdim. Gördüyüm hər bir iti güllə ilə vururdum, şəhidlərin cəsədlərinə yaxınlaşmalarından qorxurdum. Quduz olub-olmadıqları da bəlli deyildi. Seyid Həsən Şəkurinin yanına getməyə tələsərkən birdən uzaqdan bir ekskavator diqqətimi çəkdi. Yaxınlaşanda gördüm ki, İmam Hüseyn (ə) batalyonu onu düşməndən qənimət götürüb və magistral üzərində istehkam qurur. Sürücü o qədər kiçik idi ki, kuzada görünmürdü.1

Qardaş Şəkurinin yanına çatdım.

– Ağa seyid, günəş çıxıb, yenə komandirlə əlaqə saxla, Qələbə magistralına gedək.

– Yox, ağa Mehdi, lazım deyil.

– Onda mən gedim görüm magistralın vəziyyəti necədir.

Yaxınlığımda ən uyğun adam Əli Zeynəlabidinzadə idi. Birlikdə yola düşdük. Qarşımızdakı istehkamlar düşərgəyə bənzər şəkildə düzəldilmişdi, amma heç bir səs və hərəkət yox idi. İstehkama daxil olanda məni qorxu bürüdü. Ora gözlənilməz şəkildə boş idi. Çiyin-çiyinə istehkamın uzununa ehtiyatla gəzdik. Ora düşərgə üçün hazırlanmış yerə bənzəyirdi, amma bir döyüşçünün olduğunu göstərən silah və ya başqa bir əşya yox idi. Düşərgənin sonundakı istehkama çatıb ehtiyatla yuxarı qalxdıq. Qələbə magistralı qarşımızda idi. Hər şey eynilə gecə təxmin etdiyim kimi idi. Magistralın o tərəfində qara bir nöqtə hərəkət edirdi. Bir düşmən kolonunun magistrala doğru irəlilədiyini bilmək üçün azca diqqət kifayət edirdi. Təxminən bir taqım idi, çox yavaşca və ehtiyatla irəliləyirdi.

– Əli, gərək tez seyidə deyək uşaqları gətirsin.

Ehtiyatla getdiyimiz bütün yolu qaça-qaça qayıtdıq. Məsələni Seyid Həsən Şəkuriyə dedik, o da komandirlə əlaqə saxladı.

İstehkam boyunca gəzərkən yenidən gözüm Hacı İbrahim Xəlilə düşdü. Məni görən kimi çağırdı: "Ağa Mehdi, deyəsən, qarşıdan bizi incidirlər, gərək özüm gedib məsələni həll edim".

Təbəssümlə ondan ayrıldım. Hələ də uzanmışdı və tanış təbəssüm üzündə idi.

Düşmənlə vuruşmaq və ya Qələbə magistralına irəliləməyə dair əmr gəlməmişdi. Günəş yavaş-yavaş qalxır və havanın soyuqluğunu azaldırdı. Qardaş Fəthinin əmrinə əsasən, səhər açılan kimi bütün kəşfiyyatçılar özlərini sahilə çatdırmalı idilər. Qardaş Şəkurini tapıb dedim: "Ağa seyid, mənimlə işiniz yoxdursa, görüm qardaş Fəthinin əmri nədir?"

– Get, Allah amanında!

Sağollaşıb İmam Hüseyn (ə) batalyonunun komandirinin də olduğu yolla bəndə qayıtdım. Yolda çoxlu ekskavator və buldozer gördüm. Ağır texnikanın yanından yenicə keçmişdim ki, bir neçə nəfərin gülüş səsi diqqətimi cəlb etdi. Ləhcələrindən Nəcəf diviziyasından olduqlarını anladım. Onlar bir düşmən cəsədini dövrəyə almışdılar. Biri cəsədə təpik vurub deyirdi: "Fərsiz, saatın yox idisə, nə üçün müharibəyə gəlirdin?!"

Dostları güldülər. Məni də gülmək tutdu. Onlara dedim: "Məgər siz bikarsınız?! Gedin işinizin ardınca!" Onlardan uzaqlaşıb gecə dalğıclar tərəfindən ələ keçirilmiş birinci düşmən mövqeyinə yola düşdüm. Hələ iyirmi addım uzaqlaşmamış yerdə bir saat görüb götürdüm. Yəqin həmin bədbəxtin imiş.1
II

Yolboyu tanış üzləri görmək istəyirdim, amma yolda get-gəl edənlər əksərən digər diviziyaların uşaqları idilər. Xoşbəxtlikdən, Seyyidüş-şühəda batalyonunun şəxsi heyətindən iki-üç nəfəri gördüm. Batalyonun komandiri Cəmşid Nəzmi də orada idi. Bu isə o demək idi ki, batalyonun bütün şəxsi heyəti oraya yerləşmişdi və mən Məhəmməd Məhəmmədpuru görə bilərdim. Batalyonun uşaqlarından çoxunu tanıyırdım. Onlarla hal-əhval tutarkən Hadi Nəqdi ilə Söhrabinin bir müddət lal-dinməz mənə baxdıqlarını gördüm. Uşaqlarla sağollaşmaq istəyəndə Hadi yaxınlaşıb dedi: "Mehdi, Məhəmməd səni gözləyir". Məqsədi Məhəmməd Məhəmmədpur idi. Soruşdum ki, haradadır?

– Buradan get, o cığıra çatanda sola dön. Çayın üstündəki piyada körpüsünü keçəndən sonra görəcəksən.

Hadinin məni hansı tərəfə yönəltdiyinə diqqət yetirmədim. Məhəmmədi görməyi elə istəyirdim ki, hətta onun orada təkbaşına nə etdiyini də soruşmadım. Dediyi istiqamətə yola düşüb körpüyə çatdım. Keçmək istəyəndə qarşıda geniş və boş bir ərazi gördüm. Qürbət hissi qəlbimi parçaladı. Çayın kənarında gəzib Məhəmmədi gözləməyə başladım. Sakitlik idi və nigaranlığım hər an artırdı. Gəzə-gəzə çaydan uzaqlaşdım. Təxminən yüz metr irəlidə, o geniş və boş torpaqda bir nəfər tək-tənha yerə yıxılmışdı. Ətrafıma baxdım. Heç kəs yox idi. Ürəyimə dammışdı ki, bizim uşaqlardandır. Necə yalqız və qərib şəhid olduğunu düşünə-düşünə ona yaxınlaşdım. Yaşıl pasdar köynəyi ayaqlarımın taqətini üzdü, daha addım ata bilmədim. Üzü üstə yerə yıxılmışdı və mən onu arxadan görürdüm. Saçından Məhəmmədə oxşayırdı... Boy-buxunu, hərəkətsiz qolları...

– Məhəmməd, sən burada nə edirsən?! Nə üçün təksən?!..

İnana bilmirdim ki, o qərib şəhid mənim uşaqlıq dostum Məhəmməddir. Başını yerdən qaldırdım. Üzünün bir tərəfi göyərmişdi.

Onu öpürdüm, gözlərimdən ixtiyarsız axan yaş onun göyərmiş və torpaqlı üzünə tökülürdü. Saçını tumarlayıb göz yaşı içində onunla bütün xatirələrimi yadıma saldım: Şərbətzadə məscidində Quran dərsləri, birinci sinif, "O kişi gəldi", "İnqilab qələbə çaldı", Şərbətzadə məscidinin 6 saylı Müqavimət mərkəzi... Hər yerdə birlikdə idik. Nəhayət, bir gün sən cəbhəyə getdin, mən qaldım. Sən qayıdanda da mən getdim. Nəhayət, elə bir gün gəldi ki, hər ikimiz cəbhədə olduq. İndi də mən qalmışam, bəs sən haradasan?! Haradasan, Məhəmməd?!..

Qucaqlayıb zamana və yerə əhəmiyyət vermədən onunla dərdləşirdim. Əl qumbarasının xırda bir qəlpəsi ürəyinə dəymiş və sinəsinin qanı yeri islatmışdı. Bir neçə kiçik qəlpə də boğazını qızartmışdı. Ürəyimdə hiss edirdim ki, boğazında düyünlənən, namaz və dualarda açılan qəhər azadlığına zamin olmuşdu. Cibində kiçik bir xatirə dəftəri vardı. Qırmızı cildinin üzündə imamın şəkli görünürdü. Dəftərçənin hələ bir neçə vərəqi ağ idi. Onun sonuncu sətirlərini oxudum: "Bu gün qardaş Mehdiqulu Rzayini gördüm və son dəfə onunla vidalaşdım". Bu cümlə bütün vücudumu yandırdı. Deməli, Məhəmməd hər şeyi bilirmiş. Yanında oturmuşdum və o anların bitməsini istəmirdim. Bir dəstə adam mənə sarı gəlirdi. Qardaş Səməd Qasimpur da onların arasında idi. O, heç bir söz demədən şəhidin üzünə baxdı və çöhrəsinə qəm-kədər çökdü. O da Məhəmmədi yaxşı tanıyırdı. Yanındakılar cənazəni geriyə aparmaq istəyirdilər.

– Yox, hələlik irəli gedək. Güman ki orada da bəziləri şəhid olmuşlar.

Bunu dedim və sahilə tərəf getdik. Hücumçu dalğıcların bir qismi Ərvənd çayının həmin hissəsindən çıxmışdılar. Məhəmməddən təxminən 500 metr aralıda başqa bir tanış şəhid gördüm: məzlum Əli Şeyxəlizadəmiz. O, Məcid Tayfanın komandirlik etdiyi taqımın kəşfiyyatçısı idi. O, kəşfiyyatçı olduğuna görə öndən getmiş və yəqin ki hamıdan qabaq şəhadətə qovuşmuşdu. Onun şəhadət tərzi ürəyimi sıxdı: Qəlpə boğazını yarmışdı, o da bədənini sıxan dalğıc geyimini çıxarmağa çalışmış, elə həmin vəziyyətdə şəhadətə qovuşmuşdu. Sanki boğulurdum. Bölüyün növhəxanı Hüseyn Əbülqasimzadənin sözü yadıma düşdü. Deyirdi ki, hərəkətdən sonra Əli onu çağırıb deyibmiş: "Hüseyn, bundan sonra yadından çıxmasın, harada mərsiyə oxusan, şəhid anasının dili ilə mənə mərsiyə oxu və ağla..." Və biz yeni öyrənmişdik ki, onun anası yoxdur...

Bir neçə addım öndə, düz sahildəki maneələrin içində də tufan qopmuşdu. Uşaqlardan səkkizinin parça-parça olmuş cansız cəsədləri maneələrin içində yanaşı düzülmüşdü. Günəşəbənzər istehkam millərinə sarı getdik - taqımın kəşfiyyatçılarından olan Kərim Vəfanın şəhadətə qovuşduğu yerə.

Kərim güllə zərbəsindən elə atılmışdı ki, başı istehkam milinə girmiş və ayaq üstə şəhadətə qovuşmuşdu; eynilə nizəyə sancılan və Aşuranı tarixə ötürmüş başlar kimi.

Kərimin arxasında taqımın partladıcısı tikanlı məftilləri kəsdiyi yerdə şəhadətə qovuşmuşdu. Güllə beynini yarmış, beyninin parçaları laxtalanmış qanla tikanlı məftilin üzərinə və Ərvəndin palçıq sahilinə tökülmüşdü. Ondan sonra üç şəhid yan-yana yıxılmışdı: taqım komandirinin müavini Nadir Naqil Danayi, Raşid Xakpaki və Zəncandan Nadir adlı bir partladıcı. Tanış şəhid üzlərinin hər biri bir balta kimi başıma enirdi. Şəhidləri tanımaq üçün çarəsiz vəziyyətdə və qəm-qüssə içində cığırla irəliləyirdim. Bir qədər kənarda Abdullah Şükufə qana boyanmış, onun arxasında Əhməd Məhdəvi sakitcə gözlərini yummuşdu. Dalğıc geyimi hələ arıq bədənində zarıyırdı, kiçik və güclü qolları sahilin palçığı üzərində qana boyanmışdı. O dəstənin son quşu Məhəmməd Şəms idi. Ərvənd çəkilmə halında və sakit idi, suyun səviyyəsi enmişdi. Məhəmmədin dalğıc geyimi tikanlı məftillərə ilişmiş, cəsədi palçığa batmışdı.

Qəhər içində boğulurdum. Oranın mütləq sükutunda mələklərin qanadlarının səsini duymaq olurdu. Hadisəni təxmin etmək mümkün idi: Kəşfiyyatçılar taqımın önündə hərəkət edirlər və birdən düşmən onları görür. İsti güllələr atılır və uşaqlar bir-bir yerə yıxılırlar. Əvvəl kəşfiyyatçılar, sonra partladıcı bölüyün nümayəndəsi, sonra taqım komandirinin müavini və digərləri.

Eşitdim ki, Məhəmməd Şəms sahilə çatmazdan öncə suyun içində düşmənin kor atəşi nəticəsində yaralanmış, düşmən səsini duymasın deyə dostundan onu suda boğmasını istəmişdi. O, məzlumcasına və səssizcə can vermişdi. Dostu Məhəmmədin şəhidliyinə vasitə olsa da, onun cansız cəsədini özü ilə sahilə çıxarmış, Ərvəndin dalğaları aparmasın deyə dalğıc geyimini tikanlı məftillərə ilişdirmişdi. Sonra onun özü də şəhadətə qovuşmuşdu.

Uşaqlar maneələrə çatanda su enibmiş və onlar maneələri açmağa məcbur olublar. Bu zaman isə düşmən keşikçisi fənərin işığında onları görmüşdü. Uşaqlar maneələrin arasında müdafiə imkanından məhrum halda bir-bir güllələnib şəhid olmuşdular. Bunları həmin dalğıc taqımının komandir müavini, taqımın digər dalğıcları ilə birgə düşmən mövqeyini ələ keçirmiş Seyid Rza Musəvi danışırdı.

Cəsədləri bir-bir qaldırırdıq. Qanları hələ isti və yeni idi. Heç kim danışmırdı. Yalnız sinələrin hıçqırtısı, çiyin və qolların titrəmə səsi gəlirdi və hər dəfə şəhidlərin üzünə baxanda səs də ucalırdı.

Məhəmməd Şəmsi götürəndə halım pis oldu. Onu ilk dəfə Zeyddə ayrılmaz dostu Cavad Əfşurdi ilə birgə görmüşdüm. Onlar təqdimatlarını kəşfiyyat bölüyünə gətirmişdilər, bir müddət bir yerdə olduq. Zeyd bölgəsinin maneə və yollarını öyrənmək ağır və yorucu iş idi. Kəşfiyyatdan qayıdanlar bir yerdə oturan kimi yuxulayırdılar. Məhəmmədlə Cavad isə hamını məəttəl qoymuşdular. Biz tapşırıqdan dönəndə, gecə saat bir-ikidən sonra onların ibadət vaxtı idi. Bir ədyal götürüb bizdən uzaqlaşır və sübh namazına qədər raz-niyaz edirdilər. Dalğıc təlimi keçmək üçün Seyyidüş-şühəda batalyonuna gedəndə Məhəmməd Şəmsi bir də gördüm. Bu dəfə tək idi. Cavadı soruşanda dedi: "Cavad Quruculuq cihadı təşkilatı ilə gəlib, hələlik Əhvazdadır".1

Bütün şəhidləri maneələrin arasından çıxaranda günəş səmanın ortasına çatırdı. Şəhidləri aparmaq işini uşaqlar üzərlərinə götürdülər. Qardaş Qasimpurdan ayrıldım və kəşfiyyat uşaqlarını tapmaq üçün sahillə yoluma davam etdim. Bir qədər sonra uzaqdan bölüyün uşaqlarını gördüm. Hamısının üzündə qəmlə sevinc bir-birinə qarışmışdı. Qələbə böyük idi; Ərvəndi məğlub etmiş şəhidlər qədər böyük! Uşaqları soruşanda yaxınlıqdakı bir səngəri göstərdilər. Səngərə girəndə divarların məni sıxdığını hiss etdim. Bəzi uşaqlar yaralanmışdılar və hələ orada idilər, mənim kimi bəziləri də yorulmuşdular və sınıq qəlblərini oraya çatdırıb qardaş Fəthinin əmrini gözləyirdilər.

Mehdi Davudinin gəlişi ilə səngərdə sevinc yarandı. Mehdi mənə çox şeyi xatırladırdı. Bir vaxtlar o, Hüseyn Məhəmmədianın komandiri idi, Hüseyn şəhid olan günlərdə isə onun tabeliyində xidmət edirdi. Köhnə dostu Yəqub Şikari Bədr əməliyyatında şəhadətə qovuşandan kimsə Mehdinin güldüyünü və zarafatlaşdığını görməmişdi. Orada isə Mehdinin vəziyyəti digərlərindən fərqli idi. Dəstəmazının suyu saqqalından axa-axa azan verirdi. "La ilahə illəllah" cümləsini deyən kimi çəfiyəsini kəmərinə bağlayıb qəribə əminliklə dedi: "Mən şəhid olmağa gedirəm. Kim şəhid olmaq istəyirsə, gəlib arxamda namaz qılsın!" Mehdi "Qəd qamətis-səlah" deyəndə Abbas Məhəmmədi ilə Əbülfəz Yəqubi onun arxasında idilər və daha dördüncü adama yer yox idi.1

***

- Kərim ağa dedi irəli gəlin.



Tez səngərdən çıxdıq. İrəlidə bir imamzadə ziyarətgahı vardı. Qasim batalyonu onun ətrafında yerləşmişdi. Qardaş Fəthinin olduğu səngər həmin imamzadənin önündə idi. Tez imamzadəni ziyarət edib hərəmiz bir Kərbəla möhürü götürdük və düşmənin atəşi altında özümüzü səngərə çatdırdıq. Mehdi Davudi bizdən öncə oraya çatmışdı və qardaş Fəthi onun tapşırığını vermişdi. Biz çatanda o, bir neçə nəfərlə birgə yola düşdü.

Estakadaya gedin, oradan Çin gəmisinə girin. İndiyə qədər heç kim ona baş çəkməyib. Oradan əmin olandan sonra bölüyə qayıdın.

Əsğər Abbasquluzadə və Həmid Allahyari ilə yola düşdük. Dördçıraq estakadası ilə üzbəüz və düşmən sahilindən təxminən 200 metr aralıda bir Çin gəmisi lövbər salmışdı. Sahildə qayığa minib torpağa oturmuş gəmiyə sarı yola düşdük.

Ərvənd çəkilmə halında idi və gəmiyə dırmaşmaq çox çətinləşmişdi. Çox zəhmətlə yuxarı qalxdıq. O qədər yuxarı çıxmışdım ki, gəminin metal otaqlarını və sürətlə onlardan birinə qaçan bir adamı görə bilirdim. Gəmiyə girəndən sonra həmin otağa sarı qaçdıq. Əsğər əlindəki qumbaranı çəkib otağın içinə atdı. Dərhal bir nəfər özünü otaqdan bayıra tulladı. Bu, o qədər sürətlə baş verdi ki, Əsğər qeyri-ixtiyari olaraq çaxmağın üstünə qoyduğu barmağını basdı və güllə iraqlı hərbiçinin alnını dəldi.

Qumbara partlayandan və bir iraqlı öləndən sonra dörd nəfər bayıra çıxdı. Qorxu və təşviş nigaran gözlərindən aydın sezilirdi. Bildik ki, gəmidə pusqu qurmuş və uşaqlarımızı o günə qədər bir an da rahat buraxmamışdılar. İraqlıların çıxdığı otaq böyük və qaranlıq bir zal idi. Biz oradan xüsusi bir şey tapmadıq. Onlar bildirdilər ki, gəmidə başqa heç kim yoxdur, lakin düşmənə inanmaq axmaqlıq olardı. Dedim: "Əsğər ağa, biz bir-bir bütün otaqları gəzməli, hər yerə baxmalıyıq".

Gəminin bütün künc-bucağını axtardıq, amma başqa bir adam tapmadıq. Əsirləri gəmiyə gəlmiş digər uşaqların köməyi ilə geriyə göndərdik. Birdən təyyarələr peyda oldu.

Qışda günəş istisinin başqa həzzi var. Öz estakadamıza sarı hərəkət edir və səsucaldanlardan tanış səsləri dinləyirdik. Günortadan Vəlfəcr-8 əməliyyatının başlanması xəbəri bütün ölkəyə yayılmışdı. Bu xəbəri əməliyyat yerində eşitmək çox gözəl hiss idi. Əməliyyatdan öncəki gecə və gündüzlərin sükutu səs-küylə, hərəkətliliklə, müxtəlif maşın və texnikaların get-gəli, yüngül və ağır silahların gurultusu ilə əvəzlənmişdi. Tikinti-mühəndis, təchizat və digər bölüklər də ciddi məşğul idilər.

Həftələrlə sığınacağımız olmuş məscidə sarı yola düşdük. Məscid matəm içində idi. Kəşfiyyat bölüyündən sağ qalıb əmrə əsasən, bölüyə qayıtmalı olanlar bir-bir yığışırdılar. Şəhidlərin boş yeri bir yara kimi canımızı yandırırdı. Hamı ağlayırdı. Bəzi uşaqların şəhadət xəbərini biz verirdik, bəzilərini də onlardan eşidirdik.

– Əli Şeyxəlizadə şəhid oldu.

– Cəfər Haqqu da getdi.

– Uşaqlar, bilirsiniz Kərim Vəfa necə şəhid oldu?!

– Məhəmmədrza Mehrpak da şəhid oldu.

Toplantımız öz-özünə əza məclisinə dönmüşdü. Biri mərsiyə oxuyurdu; Vəlfəcr-8 əməliyyatının ilk şəhidlərinin xatirəsinə! Gecə bizimlə, indi isə Allahla olan uşaqların xatirəsinə! Növhəxan şəhidlərin adlarını çəkə-çəkə İbrahim Əsğəriyə çatdı: "Şəhid əsğərilər getdilər, amma dönmədilər..."

- İbrahim yaralanıb, özüm gördüm.

Bunu mən dedim, amma İbrahimin dostu əlavə etdi: "Yox, sonra o da şəhid oldu".

İbrahimin yarası dərin olsa da, o yara ilə şəhid olduğuna inanmırdım. "O da gələcək, görəcəksiniz". Bu söz ürəyimdən keçdi, amma dilimə gətirə bilmədim. Hamımız ağlayırdıq, kimsə başqa bir şey fikirləşə bilmirdi. Bu əsnada birdən İbrahim Əsğəri içəri girdi. Əzadarlıq kəsildi və uşaqların ən azı, birinin döndüyünə görə məscidə sevinc yayıldı.

Əldə olunan bəzi sənədlərin tərcüməsindən sonra bildik ki, düşmən keşikçiləri bəzi hərəkətlənmələri sezmişdilər. Təmas xəttindəki düşmən taqımı bölüyə məruzə etmişdi ki, hərəkətlənmə var və bizcə, iranlılar nəsə etmək istəyirlər.

Bölük batalyona, batalyon da qərargaha məlumat vermişdi. Bunlar göstərirdi ki, düşmən müəyyən həddə əməliyyatdan duyuq düşmüşdü, lakin buna baxmayaraq, zamanında reaksiya verməmiş və hücum gecəsi qəfildən yaxalanmışdı.

Bizim tapşırıqlarımız bitmişdi. Hamı kimi özümüzü Fava çatdırmağı arzulayırdıq. İraqın ən cənub limanı olan və Ərvənd çayının sahilində yerləşən Fav limanı ötən gecə Kərbəla diviziyasının igid döyüşçüləri tərəfindən azad olunmuşdu. Favda ehsanlar verilirdi, səsucaldanların səsi mühitlə tanışlığı asanlaşdırırdı. Uşaqların çoxu orada idilər. Hər bir görüş sevinc və kədərlə müşayiət olunurdu; bir dostu sağ-salamat görməyin sevinci, başqa bir dostun şəhid olmasının və ya yaralanmasının kədəri.

Həmin gündən etibarən məzuniyyət elan olunana və bizim şəhərə yola düşdüyümüz günə qədər iki nəfərin şəhadət xəbəri hamısından çox qəlbimə od vurdu: İbrahim Xəlil Xətibi və Mehdi Davudi.


III

Şəhərə qayıtmaq üçün ən əsas səbəbim əziz dostum şəhid Məhəmməd Məhəmmədpurun dəfnində iştirak etmək idi. Axşam Təbrizə çatdım. Xəbərlər şəhərə bizdən tez çatmışdı. Müqavimət mərkəzinin uşaqları məni görən kimi dedilər: "Get, Məhəmmədin şəhid olduğunu ailəsinə xəbər ver". Məndə buna taqət yox idi. Qərara gəldik ki, xəbəri məhəllənin ağsaqqallarından bir neçəsi versin.

Həmin axşam biz də onlara getdik. Öz evləri kiçik olduğuna görə qonşu evdə yas məclisi keçirilirdi. Uşaqların arasında oturmuşdum və Məhəmmədin atasının üzünə baxa bilmirdim. Bilmirdim ondan xəcalət çəkirəm, Məhəmməddən, yoxsa camaatdan. Hər əməliyyatdan sonra şəhərə qayıdanda belə çətinliyim olurdu. Bu dəfə isə Hüseyn, Məhəmməd və digər bir çox dostlarım mühacirət etmişdilər, mənə isə hətta bir yara da qismət olmamışdı.

Məhəmmədin atası gözünü üzümə dikmişdi. Başım aşağı idi. Xəcalət çəkir, özümdən acığım gəlirdi. Yalnız Allahın onların gedib bizim qalmamızı istədiyini düşünəndə bir az sakitləşdim, sonra yenə Məhəmmədin atasını görəndə eyni hissləri keçirməyə başladım. Uşaqlar sabahkı dəfn mərasiminə hazırlaşır və işləri bölürdülər.

– Sən şəklini böyüt.

– Sən də plakatları yaz.

Ayağa qalxdım. Daha şəhid atasının baxışına dözə və mənasını anlaya bilmirdim. Qapıdan çıxanda tez yaxınlaşıb məni qucaqladı. Sanki bütün göz yaşlarını o ana saxlamışdı. Uzun müddət başlarımızı bir-birimizin çiyninə qoyub ağladıq. Sanki "Məhəmməd" olduğumu və onun atasının baxışlarının mənasını anladığımı hiss edirdim. Hamı dayanıb bizə baxırdı. Məhəmmədin atası titrək səslə dedi: "Məhəmməd yoxdur, amma sən varsan. Sən mənim üçün Məhəmmədsən!"

Sözü mənə çox təsir etdi. Dedim: "Ata, mən daha bu şəhərdə qala bilmirəm. İnşallah, sabah Məhəmmədin dəfnindən sonra cəbhəyə dönəcəyəm".

Məhəmmədin atasının sözü bütün şəhid atalarının sözü ola bilərdi, amma bir şeyi başa düşürdüm ki, onun mənim “Məhəmməd” olmağıma ehtiyacından çox, mənim Hüseyn, Məhəmməd və digər şəhidlər kimi olmağa ehtiyacım vardı.

Həmin gecə altı aydan sonra ilk dəfə evdə yatdım. Anam məni sağ-salamat gördüyünə görə sevinir və təəccüblənirdi, mənsə o qədər narahat idim ki, danışmaq və dinləmək istəmirdim. Yatdım, özü də necə! Yuxuda şəhid dostlarımın gülər üzlərini gördüm. Özüm güclü dalğalar arasında çabaladığım halda onlar çayın o tərəfində idilər.

***

Təbrizin Rəhmət vadisi məzarlığında qələbəlik idi. Kürsünün önündəki həyətin son cərgələri də dolurdu. Hamısı qollar üstə gəlmişdilər: Məhəmməd Şəms, Cavad Əfşurdə, Abdullah Şükufə, Əhməd Məhdəvi, Raşid Xakpaki, Nadir Naqil Danayi, Hüseyn Ərcüməndi...1 Hüseyn Məhəmmədianın məzarı hələ yeni idi. Çox narahat idim. Növbə Məhəmmədin dəfninə çatdı. Bir tərəfdə dayanıb ağlayırdım. Birdən Məhəmmədin atasının səsi hamının sızıltısını üstələdi: "Şəhid vəsiyyət edib ki, onu dostu məzara qoysun". Pıçıltılar başladı: "Hansı dostu?"



– Mehdiqulu Rzayi.

Sanki yuxu görürdüm. "Məni neyləyirsən, Məhəmməd?!" Ürəyimdə tufan idi. Mənə yol açdılar. Məzara yaxınlaşdım. Allahı özümə heç vaxt o qədər şahid hiss etməmişdim. Məhəmmədlə baş-başa idim... Yox, Məhəmməd mələklərin yanında idi... Məzara girməzdən öncə atası onun pasdar köynəyini uzadıb dedi: "Məhəmməd demişdi ki, şəhadətimdən sonra bu köynəyi Mehdi geyinsin".

Məhəmməd öz bədənini yeni yerinə uzatmağıma kömək edirdi. Onu qiyamətə qədər Allahla tək buraxırdım. Məhəmmədi qucaqladım. O anlarda necə də yüngül idim! Alnını və göyərmiş yanağını öpdüm, torpağın üzərinə qoydum və yavaşca qulağına dedim: "Məhəmməd, gördux-görmədux, bizə də şəfaət elə!"

Yandakı məzarlar boş idi. Əmin idim ki, onların biri mənimkidir. Bu ümid məni rahatladırdı. Günortadan sonra Məhəmmədin mənə ayırdığı köynəyi qatlayıb boğçama qoydum ki, müharibənin sonuna qədər hansı əməliyyatda iştirak etsəm, geyinim. Elə həmin gün axşamüstü cəbhəyə yollandım.




Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   73
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə