Şəhadət aşiqləri



Yüklə 9,35 Mb.
səhifə60/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   ...   56   57   58   59   60   61   62   63   ...   73

Aldadıcı bölgə


I

Şətt-Əli ən yaxşı dostum Hüseynin şəhidlik xatirəsi ilə yadımda qalmışdı. O günə qədər oranı görməmişdim. Çatanda maşını buraxılış məntəqəsində saxlayıb zəng vurdum və kəşfiyyat qərargahına getmək üçün bələdçi gözlədim. Kəşfiyyat qərargahı suyun içində idi. Orada gözlədiyim bir neçə dəqiqə Hurun havasını yenidən udmaq üçün yaxşı fürsət idi. Uşaqların biri dedi: "Hüseyn Məhəmmədian orada şəhid oldu". Onun göstərdiyi istiqamət baxışımı apardı. Qəribə həzz alırdım; dərin bir kədərdən doğulan həzz idi.

1986-cı ilin mayı idi və Hurun gözəl havası vardı. Vəlfəcr-8 bölgəsi, Ərvənd çayı, Fav və duz zavodu o qədər böyüklüyünə rəğmən, Hura çatmırdı. Hurun təbiəti elə idi ki, insanı öz kökünə yaxınlaşdırırdı.

Bizə sarı gələn motorlu qayığın səsi intizarın bitdiyini bildirirdi. Qayıq estakadaya çatıb dayandı. Yan-yana qoyulmuş iki avtomobil körpüsü bir estakada rolunu yaxşı ifa edirdi. Körpülərin hər tərəfinə maşın təkərləri düzülmüşdü ki, qayıqlar dəyəndə nə onlara, nə də körpüyə ziyan toxunsun. Gözüm qayığı sürən döyüşçüyə sataşanda ixtiyarsız güldüm. Öz Məhəmməd Purnəcəfimiz idi. Uşaqların sözü ilə desəm, yenə iki nadinc birləşmişdi. Hal-əhval tutandan və əşyaları maşından qayığa daşıyandan sonra yola düşdük.

Şətt-Əli Xəndək kimi məşhur olmuş yolun sağ tərəfində yerləşirdi. Mən Bədr əməliyyatı zamanı ilk dəfə Hurda qalmışdım, amma bu hissə əsla oraya bənzəmirdi. Bədr əməliyyatı Xəndək yolunun sol tərəfində baş tutmuşdu. Şətt-Əlinin Bədr bölgəsi ilə əsas fərqi arxların çoxluğu, az bitki örtüyü, habelə heç bir bitkisi olmayan geniş və dərin gölməçələrin olması idi. Onların ən önəmlisi Ümm əl-niac gölməçəsi idi. Şətt-Əliyə getdiyim ilk gündə diqqətimi çəkən ən maraqlı şey Təhəl adlı üzən adalar idi. Tezliklə mən də onların necə düzəldildiyini öyrəndim. Bölgənin bəzi hissələri qamışlarla o qədər sıx örtülmüşdü ki, oranı yerdən qoparıb yuxarı qaldırmaq olurdu.

Suyun altından qoparılıb çıxarılan torpaq suyun üzündə bir ada kimi üzürdü. Onların bəzisi o qədər geniş idi ki, uşaqlar onun üzərində otaq düzəltmiş və hətta maşın da qoymuşdular. Nisbətən kiçik olanları qayığın arxasına bağlayıb istədiyin yerə aparmaq olurdu. Onları tərpətməyincə suyun üzündə hərəkətsiz qalırdılar, çünki Hurda suyun axını çox zəif idi.

Şətt-Əlidə canlı qüvvə iki istiqamətdə yerləşmişdi. Birinci istiqamət piyada körpüsündən düzəldilmişdi. Kauçuk körpülərin üstündə bir neçə çadır və otaq vardı. Bütün istiqamətin komandiri qardaş Rəhmətullah Ovhani orada olurdu. İkinci istiqamət isə kəşfiyyat bölüyünə aid idi. Üç-dörd cərgə körpü yanaşı düzülüb böyük bir kvadrat əmələ gətirmişdi. Çadırların yaxınlığında təxminən on piyada körpüsü yan-yana düzülmüş və iyirmi metr uzunluğunda bir dəhliz düzəltmişdi. Ayaqyolu dəhlizin sonunda yerləşirdi. Bu iyirmimetrlik yolun ortasında dəhlizə iki-üç körpü əlavə olunmuş, təchizat çadırı orada qurulmuşdu. Ayaqyolunun yanından keçən yeddi kauçuk körpü qərargah otağına gedən arxa qədər bir yol əmələ gətirmişdi. Kəşfiyyat bölüyünün yerləşdiyi ərazi hovuz kimi idi və uşaqlar üzmək üçün oradan istifadə edirdilər.

Hurun o hissəsində tualetdə bir zərrə nəcisin belə qalmasına imkan verməyən balıqlar yaşayırdı. Sanki onlar Hurun çirkabını təmizləmək üçün yaranmışdılar. Uşaqlar bu balıqlara bığlı balıq deyirdilər. Onlar insana hücum edib əqrəb kimi sancırdılar və dişlədikləri yer qaralıb şişirdi. Mən bu balıqları Bədr bölgəsində də görmüşdüm, amma uşaqlar buradakıların böyük olduğunu deyirdilər. Xüsusən, bölgəyə yeni gələnlərə təkidlə tapşırırdılar ki, onları görsəniz, ya yaxınlaşmayın, ya da güllə ilə vurun. Çünki onların sancması mütləq ölümlə nəticələnir. Mən bığlı balıqların böyüklərindən görməyincə bu sözləri ciddiyə almırdım. Lakin bir dəfə onlarla qarşı-qarşıya gələndə məsələni anladım: bir metr uzunluqları vardı və ağızlarından təxminən dörd-beş qarmaq çıxmışdı. Onları görəndə anamın döşək tikmək üçün istifadə etdiyi qıyıqlar yadıma düşdü.

Ətrafımızı sarımış qamışlıqların içində digər canlılar da yaşayırdı. Siçanlar belə canlılardan idi. Bu siçanlar suya kəllə vurmaqda və sualtı üzgüçülükdə xüsusi məharətə sahib idilər.

Onlar adam görən kimi suya kəllə vurur və on metr uzaqdan çıxırdılar. Hurda əsas problemimiz bu siçanlar idi. Gecədən səhərə qədər hakimiyyət onların əlində olurdu və nəticədə, meriya işlərinin siyahısı uzanırdı. Bölüyün meri nəcisyuyanlar adlı bir qrupa da nəzarət edirdi. Mən də könüllü şəkildə bu qrupa qoşulmuşdum. Səhər hamıdan qabaq əlimizə bir vedrə götürüb çadırdan çıxır və bütün körpüləri yuyurduq. Çadırın içini, qayıqların içini və körpüləri elə yuyurduq ki, hətta bir siçan qarası da qalmırdı. Bu işin ən bariz nəticəsi o idi ki, gün ərzində oralarda bir siçan da görünmürdü. İş o yerə çatmışdı ki, biz haradansa qayıdanda öz qayığımıza minməzdən öncə ayaqlarımızı yuyurduq. Qayığımıza başqa bir adam minsəydi, yenə onu təmiz yuyurduq, çünki digərlərinin də bu məsələyə ciddi yanaşdıqlarına əmin deyildik.

Bölgə ilə tanışlıq, onun yeniliyi və nəcis yumaq kimi işlər bir neçə gün başımı qarışdırdı. Kəşfiyyat bölüyünün təxminən bütün uşaqları oraya gəlmişdilər. Bölüyün qədim və nadinc uşaqları ilə qaynayıb-qarışmaq dəcəllik istedadımı yenidən oyatsa da, Hüseyn Məhəmmədianın şəhidliyindən sonrakı məsuliyyət hissim məni bu haqda düşünməyə vadar edirdi. Bəzən düşünürdüm ki, uşaqların vaxtının çoxu hədər gedir. Bir dəfə bölüyün oradakı qüvvələrinin komandiri qardaş Abbasquluzadəyə dedim: "Əsğər ağa, bu qədər dəyərli döyüşçü bir yerə toplaşıb, heyfdir bir proqramımız olmasın". Və təklif etdim ki, bir təlim kursu üçün proqram hazırlayaq.

– Mən bu sözü ilk dəfə səndən eşidirəm, ağa Mehdi. Uşaqlar yavaş-yavaş tənbəlliyə adət edirlər, heç kim bu haqda düşünmür.

Əsğər ağanın bu sözü təklifimi qəbul etmək demək idi. Dərhal dalğıc təlimi, daha doğrusu, dalğıclıq və kəşfiyyat məşqləri üçün proqram hazırladıq. Proqram belə idi ki, hər gün günortaya qədər qayıq sürməyi, günortadan sonra da dalğıc məşqi edəcəkdik. Tezliklə xəritə, mövqe təyinetmə və hərbi axtarış sinifləri və təcrübə mübadiləsi başlandı. Mənim böyük ümid bəslədiyim ən mühüm sinif təcrübə mübadiləsi sinfi idi. Sinfi hər gün bir nəfər idarə edir, müxtəlif kəşfiyyat və əməliyyatlarda topladığı təcrübələrdən danışırdı. Mən gizli şəkildə bu dərslərin bir neçəsini maqnitofona yazdım.

***


Kurslar get-gedə təkmilləşir, uşaqların kreativliyi dəcəlliklə birgə ortaya çıxırdı. Bu arada qardaş Ovhani ilə aramızdakı bir neçə hadisədən sonra onun əleyhinə hərəkətə keçmək qərarına gəldik.

– Komandir olandan özünü yaman çəkir...

– Dünənə qədər bizim səngərimizdə yeyib-yatırdı, indi isə bizimlə belə danışır...

Məhəmməd Purnəcəf və Rəsul Səidi də mənim kimi bu məsələyə həssas olmuşdular. Onlarla birgə bu haqda ölçü götürmək qərarına gəldik. Birinci istiqamətin vəziyyəti barədə yetərli məlumatımız yox idi. Əvvəlcə oranı öyrənməyi qarşımıza məqsəd qoyduq. Günortanın sakitliyindən istifadə edib dalğıc geyimi ilə suya girdik. Komandir çadırının arxasına gedən arxla hərəkət etdik və bir neçə dəqiqədən sonra çadırın yanına çatdıq. Hər yer sakit idi. Sudan çıxıb çadırın yanında gizləndik. Komandir səngərinin kauçuk soyuducusu yaxında idi. Çadırın altından əl uzadıb asanlıqla içini boşaltmaq olurdu. Bu iş baş tutdu, amma bir neçə meyvə şirəsi və qazlı su bizim məqsədimizi təmin edə bilməzdi. Dedim: "Yox, bu Ovhanini ki mən tanıyıram, bu işlə tənbeh olan deyil".

– Bəs nə edək?

– Bəlkə rabitə kabellərini kəsək?

İşə başlayıb əlimizə keçən hər bir kabeli kəsdik. Həmin əsnada bir səs eşitdik: "Bəs belə! Qardaş Ovhaniyə deyəcəyəm ki..."

Əsğər Neməti idi. Üç dalğıcın komandir çadırının yanında səssiz dayanması diqqətini çəkmişdi. Körpünün yanından bizə baxmış və tanımışdı. Lakin Rəsul Səidi sözünü bitirməyə qoymadı, çox ciddi halda dedi: "Əgər ona nəsə dediyini eşitsəm, başını kəsərəm!" Cəld suya girdik. Rəsul hərdən dönüb əl işarələrilə hədələrini davam etdirirdi. Qayıdanda gülə-gülə Ovhani üçün bəzi şüarlar da düzəltdik.

Həmin gün istiqamət komandirliyindən bizə qarşı heç bir hərəkət görmədik və Əsğər Nemətinin hədələri ciddi qəbul edib heç kimə bir söz demədiyini bildik. Ertəsi gündən hər dəfə Ovhanini görəndə ürəyimizdən şüar demək keçirdi:

“Salam olsun hava hücumundan müdafiəyə!

Ölüm olsun Ovhaniyə!

Salam olsun keşikçiliyə!

Ölüm olsun Ovhaniyə!”

Yazıq çox hirslənirdi. Bəzən vacib bir işdən ötrü kəşfiyyat bölüyünə gəlməyə məcbur olanda onu “gözəl” sözlərimizlə qarşılayırdıq.

Hamı bilirdi ki, Ovhani üzmək bilmir. Buna görə də, ayağını qayıqdan körpünün üstünə qoyan kimi bizim qəfil hərəkətlərimizlə üzən körpü tərpənir və o, suya düşürdü. Suya düşəndən sonra da bəzi sözlər deyib ortalığı lap qarışdırırdı və ardınca on nəfər özünü suya atıb onu boğmağa başlayırdı.

Vəziyyət o həddə çatmışdı ki, sanki onunla şərtləşmişdik və bir-birimizi görəndə normal şəkildə yolumuza davam edə bilmirdik. Bu baxımdan, bizim ətrafımızda çox hərlənmirdi. Hərdən biz suda qayıq sürəndə motorlu qayığı ilə gəlirdi. Bilirdik ki, bizi təqib edir və əziyyətlərimizin əvəzini çıxmaq istəyir. Birdən çox sürətlə qayığımızın yanından keçirdi. Bu zaman qayıq çevrilirdi və biz qayıqla birgə suya düşürdük. Ovhani bu şəkildə zarafat etdiyimiz yeganə şəxs idi.

***

Orada həyat su və üzgüsüz keçmirdi. Üzməkdə o qədər ustalaşmışdıq ki, hətta qərargahın bu tərəfindən o tərəfinə keçmək üçün özümüzü suya atırdıq. Çünki üzməklə daha rahat və tez çatırdıq. Hər an suya atılmağa hazır vəziyyətdə idik. Buna görə də, adətən, yüngül paltarlar geyinirdik ki, suya girəndə rahat üzək. Suda yaşamağın ən böyük nəticəsi bütün kəşfiyyatçıların fiziki hazırlığı idi. 8-10 km. uzunluğunda yolları üzərək getmək adi bir işə çevrilmişdi. Ümumiyyətlə, qərargahın Aşura diviziyasını belə bölgələrdə yerləşdirməkdə uzunmüddətli məqsədlərindən biri bu idi ki, şəxsi heyət gələcək əməliyyat zonalarına oxşar yerlərdə lazımi qüvvə və bacarıqlar əldə etsin.



***

Ramazan ayı idi. Bütün mümkün yollardan istifadə edib komandirlərdən oruc tutmağa icazə istədik, amma verilmədi. Əza məclisləri də rövnəqlənmişdi. Bazar ertəsi günləri oxunan Təvəssül duası əzadarlıqla bitirdi. Cümə axşamları da Kumeyl duası oxuyurduq. Bütün namazlar camaat namazı şəklində qılınırdı və imamımız Həsən Nəsiri1 adlı bir hövzə tələbəsi idi. Hər səhər kollektiv şəkildə Əhd duasını oxuyurduq və Hurda günəşin gözəl doğuşunu təxminən həmişə görürdük.

Yay idi. Gündüz hava isti olur, gecə də ağcaqanadların hücumu ara vermirdi. Piyada körpülərinin hissələrindən çarpayı düzəldib ətrafına tor çəkmişdik. Açıq hava çadırlardan çox sərin və gözəl idi. Suyun üzündən əsən mehin sərinliyi, qamışların sakit səsi və ulduzla dolu aydın səma Şətt-Əli gecələrinə gözəllik verirdi.

Su ilə əhatə olunmağın başqa bir gözəl cəhəti də vardı: Qüslə ehtiyacı olan uşaqlar hamam işində çətinlik çəkmirdilər. Hərdən səhərlər suyun səsinə yuxudan oyananda bilirdim ki, kimsə suya tək girməsin deyə özündən başqa iki-üç nəfəri də suya itələmişdir.

Bir dəfə səhər tualet növbəsində uşaqların biri qulağıma pıçıldadı: “Mehdi, məni suya itələ, bir az yuxum qaçsın”.

– Mən niyə itələyim, özün atıl.

Lakin o, məni və növbə gözləyən başqa bir neçə nəfəri də suya itələdi.

Bəzi uşaqlar bundan utanmasınlar deyə birdən səs-küy qopurdu: "Körpünün üstündə heç kim qalmasın!" Bu zaman hamı suya girməli idi. Məsələni şirinləşdirməkdən ötrü bəziləri bu kollektiv qərardan yayınmağa çalışırdılar. Beləliklə, suda olmayanları tapmaq üçün axtarışlar başlayırdı və öz xoşuna suya girməyənin vəziyyəti pis olurdu.

Bəzən biz də fərarilərdən olurduq. Əynimizdə paltar olanda isladıb, sonra qurutmaq istəmirdik. Belə zəruri hallar üçün heç bir kələk keçmirdi. Bəzi uşaqlar "Hamı suya!" əmrini eşidən kimi tez üzüqibləyə dayanıb "Allahu-Əkbər" deyirdilər. Lakin uşaqlar belələrinə də rəhm etmir və elə həmin halda qaldırıb suyun ortasına atırdılar. Bir gün gizlicə çadırın üstündəki millərdən yuxarı qalxıb tavanın yoxuşu üzərində uzandım. Uşaqlar məni görməyib axtarmağa başladılar. Maraqlı idi; ilk dəfə idi ki, kimsə özünü xilas edə bilmişdi. Birdən Yusif Sarimi qışqırdı: "Aaa... Çadırın yuxarısındakı kimdir?.. Kölgəsi görünür". Yusif çadıra girib yuxarıda bir nəfərin qeyri-adi kölgəsini görmüşdü. Fikirləşməyə macal tapmadan birdən kürəyimə dəyən güclü bir zərbəni hiss etdim. Qeyri-ixtiyari olaraq əllərim millərdən açıldı. Zərbə o qədər güclü idi ki, uşaqlara əziyyət vermədən məni suya sala bilərdi. Lakin bədbəxtlikdən, suya deyil, körpünün yanındakı qamışlığa düşdüm. Ciddi yara almadım, amma elə yıxıldım ki, kənardan baxanlar başıma bir iş gəldiyini düşünmüşdülər.

***


Kəşfiyyat bölüyündə təxminən, adət etdiyimiz hadisələrdən biri də kiçik əşya və paltarlarımızın itməsi idi; qurumağa qoyduğumuz maykadan tutmuş canamaza qədər.

Dostlara özümüzdən artıq inanırdıq. Üstəlik, itən əşyalar kiminsə işinə yarayacaq şeylər deyildi, nə də kimsə zarafata bu işi daim təkrarlaya bilərdi. Nəhayət, bir gecə körpülərin üstündə hərəkət səsi, kauçuka bənzər bir şeyin şıqqıltısı bir neçə dəfə məni yuxudan oyatdı. Körpü hissələrindən düzəldib ətrafına tor çəkdiyimiz çarpayılar artıq öz təhlükəsizliyini əldən vermişdi. Çünki gecələr körpülərdən gələn səs adamı vahiməyə salırdı. Ürəklənib fikrimi uşaqlara dedim: "Uşaqlar, bu siçanlar gecələr nə özləri yatırlar, nə də bizi yatmağa qoyurlar. Məncə, körpülərdə nəsə var".

Nəhayət, qərara gəldik ki, siçanları izləyib körpülərin içindəki səsin sirrini öyrənək.

Həmin gecə izlədiyimiz bir siçan körpülərin birinin içinə girdi və bizə şirin yuxunu haram edən səslərdən gəldi. Əmin olduq ki, siçan kauçukların içi ilə irəliləyir, çünki səsin yeri tədricən dəyişirdi. Səsin dayandığı yer yəqin ki siçan üçün mühüm yer imiş. Körpünün həmin hissəsini açdıq. Ağır iş idi və çox vaxtımızı aldı. Kauçuk parçalarını çıxarandan sonra qamışa bənzər hissəyə çatdıq. Altında bir neçə yarpaq parçası da vardı. Yarpaqları götürəndən sonra yumşaq parçalar bayıra çıxdı. Bir şortik də tapıldı. Əsğər ağanın hələ də axtardığı canamazı da orada idi. Əlbəttə, canamazın üstündə beş siçan balası vardı. Deyəsən, yeni doğulmuşdular. Canamazı içindəkilərlə birgə suya atdıq və bala siçanların hamısı tez Hurun balıqlarına yem oldular. Ondan sonra həm ehtiyatımız çoxaldı, həm də kiçik paltarların itməsinə çox da təəccüblənmədik.

***

Uşaqların içində olmaq darıxmağı müəyyən həddə unutdursa da, yenə də mənim ən mühüm istirahətim hamıdan uzaq sakit bir yerə getmək idi. Quşlar, ördəklər, su samurları, balıqlar və digər heyvanlar suda, quruda və göydə sakitcə həyatlarını davam etdirirdilər. Sanki illərdir burada müharibə olmamış, mərmi və raket partlamamışdı. Bəzən saatlarla səssizcə suda qalırdım. Mənə adət etmiş heyvanlar adi işlərində idilər. Çox əlverişli fürsət idi. Mən Hurun gizli səfasını və təbiətin əl dəyməmiş gözəlliyini orada görürdüm. Mübarək ramazan ayı təlimlərlə keçirdi. Qədr gecələri ibadət və dua gecələri idi. Xüsusən o gecələrdə düşünürdüm ki, Hurun gözəlliyi orada yaşayan insanların ruhunun gözəlliyinə borcludur. Mübarək Ramazan ayının son cüməsində, yəni Qüds günündə biz də körpülərin üstündə yürüş keçirdik və "İsrailə ölüm" şüarı ilə ərazini gəzdik.



***

Hələ bölüyə xüsusi bir tapşırıq verilməmişdi. Əsğər ağa orada kəşfiyyata başlamaq üçün yeni bir proqram fikirləşirdi. Məqsəd yeni qüvvələrin təcrübə keçməsi, köhnə kəşfiyyatçıların da məşq etmələri idi. Hələ yeni qərarı tam müzakirə etməmiş 12-13 nəfəri Əhvaza çağırdılar. Mənim də daxil olduğum bu qrup Şətt-Əlini tərk edib Əhvaza yola düşdü.


II

Qardaş Fəthi Əhvazda idi. Onunla son görüşümüzdən uzun müddət ötürdü və onun nəsihətlərinə darıxmışdım. O, şəxsi heyətin önündə qardaş Hörmətini kəşfiyyat bölüyünün komandir müavini kimi təqdim etdi. Vəlfəcr-8 əməliyyatından və qardaş Fəthinin yaralanmasından aylar ötürdü və bəzi səbəblərdən o, bölükdə az olurdu. Bu seçimlə qardaş Hörməti işləri yerbəyer edə biləcəkdi. Orada gələcək təlim üçün seçəcəyimiz yerin xüsusiyyətlərini dedilər və biz bölük üçün nəzərdə tutulmuş əşyaları təhvil alıb Əhvazın Hava Hücumundan Müdafiə qarnizonunu tərk etdik.

Yedditəpənin yaxınlığından bir yolla Kərbəla diviziyasına doğru getməyə başladıq. Orada Dez çayının eni 600-700 metr idi və digər yerlərə nisbətən çox enli sayılırdı. Suyun axını güclü idi, çaydan keçid və dalğıc təlimi üçün əlverişli yer idi. Çayın sahilində bölüyə yaxşı yer tapmadıq, amma suyun içində bizə uyğun bir ada vardı. Adada qalsaydıq, keşik çəkməyə də ehtiyat olmayacaqdı. Suya iki-üç motorlu qayıq saldıq, iyirmi nəfər üçün lazımi əşyaları, o cümlədən çadır, ədyal və ərzağı adaya apardıq. Oxşar yerlərdə olduğu kimi, orada da adanın sahilində bir estakada qurduq.

Adanın eni-uzunu təxminən 200-500 metr idi. Adanı yaşıl çəmən örtmüşdü və su bölgələrinə xas iynəyarpaqlı ağaclar bitmişdi. Yay olduğuna görə istilik və rütubət bitkilərin inkişafına əlverişli şərait yaradırdı. Karun çayının həmin hissəsi Yedditəpə Əkinçilik və Sənaye Mərkəzinə yaxın idi. Çuğundur tarlalarına verilən su yenidən çaya tökülürdü. Bu səbəbdən çayın həmin hissəsi həmişə bulanıq olurdu.

Şəxsi heyətə təlim proqramı hazırlandı və ilk gündə Şətt-Əlidə qalanların da köçürülmə xəbərini eşitdik. Onların kəşfiyyat üçün ölkənin qərbində yerləşən Şeyx Saleh bölgəsinə göndəriləcəyini deyirdilər. Diviziyanın batalyonlarının da tədricən qərb cəbhələrinə köçürüləcəyini söylədilər. Bu xəbərləri yan-yana qoyanda ehtimal verdik ki, diviziyanın gələcək əməliyyatı qərbdə baş tutacaq. Bu isə o demək idi ki, bizim əməliyyatda heç bir rolumuz olmayacaq. Bu xəbərin mənfi təsiri hamının üzündə görünürdü. Mən o günə qədər əksər əməliyyat və kəşfiyyatlarda iştirak etmişdim, uşaqların qərbdə kəşfiyyat apardıqları və hücuma hazırlaşdıqları bir zamanda adada qalıb başımı təlim və məşqlə qarışdırmağı qəbul edə bilmirdim. Bu fikir bütün uşaqları narahat etsə də, mənim qəlbimdə xüsusi bir ümid vardı ki, əsas iş bizimkidir. Kəşfiyyatın əsas və bacarıqlı qüvvələri bizim aramızda idilər. Bizim əməliyyatdan uzaq qaldığımızı göstərən əlamətlərə baxmayaraq, əmin idim ki, bu dəfə üzərimizə hələ bölüyün xəbəri olmayan təhlükəli bir iş düşəcək. Bu daxili səs həvəsimi artırırdı, hər bir işə gedir, hər bir məsuliyyəti qəbul edirdim ki, ilahi baxış məni də aparsın. Hüseyn Məhəmmədianın şəhidliyindən sonra vərdiş etdiyim sükut və tənhalıq get-gedə uşaqların arasında yaddan çıxırdı. Lakin daxildən qaynayan bulaq bəzən yandırır, bəzən yuyub təmizləyir, bəzən də tufan qoparıb vücudumun dərin qatlarına işləyirdi. Vəlfəcr-8 və "Ya Mehdi" əməliyyatlarından salamat qayıdanda bir fikir ruhumu yorurdu: düşünürdüm ki, bəlkə tənbəlliyimə və iradəsizliyimə görə mənə şəhidlik qismət olmur. Əhd etmişdim ki, harada nə iş olsa, bütün vücudumla xidmət edəcəyəm. Buna əsasən, həmişəkinin əksinə olaraq, hay-küy salmadım, sakit qaldım ki, Hüseynin şəhadətindən bir neçə gün öncə zümzümə etdiyi fikri bir qədər təcrübə edim: "Aldadıcı bölgədə işləmək hissi".

Bütün şəxsi heyətə Əsğər Abbasquluzadə başçılıq edirdi. Qərara gəldik ki, şəxsi heyət iki istiqamətdə və dörd komanda halında işləsin. Nasir Dibayi ilə mən təlim istiqamətlərinin komandiri olduq. Kərim Ahənclə Rza Sultanzadəni həmin istiqamətdə təlim keçən komandalara başçı təyin etdim. Bütün şəxsi heyətin bilik, təcrübə və fiziki qüvvə baxımından eyni həddə olduqlarına görə istiqamət və komanda başçılarını seçmək çətin deyildi. Kəşfiyyat bölüyü müharibə boyu xüsusi siyasətinə görə üstünlüyünü sübuta yetirmiş, müxtəlif dönəmlərdə istiqamət və komanda başçılarını dəyişməklə hamıya bu imkanı yaratmışdı.

Vəzifə bölgüsündən sonra ən mühüm məşğuliyyətim uşaqların fiziki gücünü artırmaq üçün proqram hazırlamaq idi. Dalğıclıq və üzgüçülük təlimləri bütün uşaqlar üçün sadə məsələlər idi.

Fikirləşdim ki, ən yaxşı iş suyun axınının əksinə üzməkdir. Həmin hissədə axının sürəti saatda 40-50 km.-ə çatırdı. Təlim dalğıc geyimi ilə aparılırdı və uşaqlar üzgəclə suyun axınının əks istiqamətinə irəliləyirdilər. İşin yeniliyi və çətinliyi hamını həvəsləndirirdi və təlim yaxşı gedirdi. Kəşfiyyat sirlərini qorumaq üçün bir neçə iş gördük. Bu işlərin birincisi adaya yeni bir ad qoymaq idi. Bu iş müharibə boyu kəşfiyyat bölüyündə ənənəyə çevrilmişdi.1 Uşaqlar hətta öz aralarında da yerin həqiqi adından istifadə etmirdilər.

Biz o adanın adını Bermud üçbucağı qoyduq. İkinci qərar məzuniyyəti ləğv etmək və şəhərə get-gəli minimuma endirmək idi. Belə ki yalnız xəstələnən və adi dərmanlarla müalicəsi mümkün olmayan xəstələr Bermud üçbucağından çıxırdı.

Bütün bu işlərin yanında uşaqlar qərb cəbhələrindən xəbər öyrənmək üçün fürsət axtarırdılar. Ən mühüm informasiya mənbəyimiz də təchizat bölməsinin başçısı Amanullah Amani idi. O, etimadlı adam idi və hər dəfə gələndə suallarımızın əlli faizini cavablayırdı. Onun sözlərindən yaranan təsəvvürlərimiz əməliyyatdan öncəki hazırlıqlarla üst-üstə düşürdü.

Bir-birinin ardınca qərbdən hücumu təsdiqləyən xəbərlər gəlirdi və biz yorğunluğumuzu, etiraz və arzularımızı namaz səcdələrinə aparırdıq. Şəhərlərin siyasi vəziyyəti, iqtisadi blokada və xəbərlərin təhlilindən anladığımız digər məsələlər bizi cəbhəyə və ilahi ruha daha çox bağlayırdı. Cəbhədə olub əməliyyatdan uzaq qalanda yalnız dua, münacat və Allahla daha çox ünsiyyət bizi sakitləşdirirdi. Əksər dualar göz yaşları ilə müşayiət olunurdu: "İlahi, yardımını bizim uşaqlarımızdan əsirgəmə! Bu əməliyyatda da bizə kömək ol!"

Bu dua və münacat halı ümumi idi. Daha heç kim ibadətini gizlətmirdi. Uşaqlar riyanın əl-qolunu arxadan bağlamışdılar və kim necə idisə, elə də görünürdü. Gecə namazına qalxanlar digərlərindən uzaqlaşmadan elə oradaca çəfiyələrini sərirdilər. Əməliyyatdan uzaq düşmək hamının qəlbini sındırmışdı və hamı öncəkindən daha təvazökar, daha mehriban olmuşdu.

Həmin günlərdə nisbətən yeni gəlmiş bəzi uşaqların naşılıqları bizə maraqlı gəlirdi və bu da istər-istəməz zarafat bazarını qızışdırırdı.

Özüm də bundan istisna deyildim. İlk dəfə düşündüm ki, bəzilərinə mütləq nəsihət vermək lazımdır. Onları bir yerə topladım. Qəribə baxışlarını görəndə isə nəsihətdən öncə dedim: "Qardaşlar, mən Şimr-zad deyiləm, sizin kimi bir adamam..." Əlbəttə, qardaşlar da məni yaxşı anladılar, çünki gülüşlərini zorla saxladıqlarına görə hamısı qıp-qırmızı olmuşdu. Bu hadisə tezliklə Bermud üçbucağına yayıldı, hətta sonralar bütün bölükdə məşhur oldu. Belə ki məni görən hər kəs deyirdi: "Bəli, ağa Mehdi, sən Şimr-zad deyilsən..."

Şəxsi heyət arasında bəziləri diqqətimi cəlb etmişdilər. Əmir Əsədullahi "Ya Mehdi" əməliyyatında özünü sübut etmiş uşaqlardan idi. On yeddi yaşı vardı, əxlaqına, ixlasına, mədəni davranışına və gecə namazlarına görə hamı ona hörmət edirdi. O və onun kimi başqa bir neçə nəfər gözlərimiz önündə şəhadət üçün yetişirdilər. Belə uşaqların ən mühüm xüsusiyyəti bu idi ki, heç kimin onlardan inciməməsinə çalışırdılar. Üzlərində həmişə mehriban təbəssüm vardı. Hətta təsadüfən onlara baxanda da gülümsəyirdilər. Qısası, dua, qünut və səcdələrinin ləzzəti hamını məst edirdi.

***


Xəbərlər başlayan kimi radioya yapışanlardan olmuşdum. Gündəlik dünya xəbərlərini dinləməyi özümə vacib etmişdim. Bir dəfə Xarici İşlər Nazirliyinin Birləşmiş Millətlər Təşkilatına şikayət etdiyini eşitdim. Mövzu qərb cəbhələrində düşmənin kimyəvi raketlərdən istifadə etməsi idi. Birdən-birə kədərlə sevinc arasında qaldım. Qərbdəki uşaqların fikri ruhumu incidirdi. Lakin digər tərəfdən, qərbdəki əməliyyatın üstünün açıldığını güman edirdim. Belə olsaydı, əməliyyat bizim tərəfdən olacaqdı və bu məni çox sevindirirdi. Bu təhlilləri uşaqların müzakirəsinə çıxardım.

- Uşaqlar, bildiyiniz kimi, Şeyx Saleh bölgəsi kimyəvi hücuma məruz qalıb".

- Sən haradan bilirsən? Xəbərlərdə yalnız “qərb cəbhələri” dedilər.

- Təsadüfən, qərbdə yalnız orada işləyirlər, oranı da bombalayıblar... Güman ki kəşfiyyat və hücum dayandırılacaq.

Söhbət bəzilərinin təsdiqi, bəzilərinin də "bilmirəm" sözü ilə bitdi. Sonda qərara gəldik ki, Allaha təvəkkül edək və Onun istəyinə razı olaq.

Bu xəbərdən iki gün ötməmiş adanı tərk etmək əmri verildi. Cəld bütün əşyaları toplayıb yeni bölgəyə yollandıq.


III

Yeni bölgə Vəlfəcr-8 əməliyyatının keçirildiyi yer idi. Diviziyanın keçmiş qərargahına yerləşdik. Məqsəd Ərvənd çayında təlim keçmək idi. Bölgülər aparıldı, vəzifələr təyin olundu. Mən yeni bir vəzifə də qəbul etdim: aşpaz köməkçisi. Bermud üçbucağında olduğu kimi, orada da yeməyi özümüz bişirirdik. Çünki diviziya orada deyildi və iyirmi adama yemək bişirmək də çox vaxt almırdı. Hər həftə bizə üç-dörd donmuş qoyun verirdilər. Quru ərzağımız da vardı. Diviziyadan göndərilmiş aşpaza kömək edərək həm günboyu başımızı qarışdırır, həm də aşpazlığı öyrənirdik.

Əməliyyata hazırlıq məşqlərini gecələr edirdik. Karun çayında axının əks istiqamətinə 3 km. üzə bilirdik, Ərvənd çayında isə yüz metr getmək ondan çətin idi. Həm axın sürətli idi, həm dalğalar bir an sakitləşmirdi, həm də axının istiqaməti tez-tez dəyişirdi. Su qabarma zamanı Bəsrəyə doğru axırdı, çəkilmə zamanı isə Fars körfəzinə doğru. İstiqamətin dəyşildiyi bir neçə dəqiqədə də Ərvənddə qiyamət qopurdu; çayın ortası Fars körfəzinə doğru axırdı, kənarları Bəsrəyə sarı.

Ərvəndlə və onun daim dəyişən axınları ilə tanışlıqdan ötrü zamana ehtiyac var idi. Hər axşam Ərvəndlə mübarizəmiz başlayırdı. Get-gedə bacarığımız artsa da, Ərvəndin vəhşi qürurunu yenmək üçün daha güclü olmaq lazım idi. Təlimin ortasında Həmid Allahyari ilə başqa bir döyüşçünü seçib Xürrəmşəhrə apardılar. Biz o günə qədər Şeyx Salehdə işləyən qüvvələrin hamısının Xürrəmşəhrə aparıldığını bilmirdik. Beş günün içində Ərvənddə gecə təlimi keçənlərin hamısını Xürrəmşəhrə çağırdılar.

***

Xürrəmşəhrdə uşaqlara bir qərargah vermişdilər. Orada gördüyüm ilk adam Həmid Allahyari idi. O, bir neçə gün ərzində bölgənin vəziyyətinə dair geniş məlumat toplamışdı. Ona çox güvənir, hörmət edirdim. Birgə əməliyyatlarda iştirak etdiyimiz uzun müddətdə bir-birimizə sirdaş olmuşduq.



- Həmid, nə xəbər? Vəziyyət necədir?

- Gözlə - deyib əlində kağız və karandaş məni bir tərəfə apardı. - Bura Ümm əl-rəsasədir... bura da Bəvarindir... Ərvənd çayı buradadır və bura Ümm əl-təvilədir... Boğaz buradadır, böyük ehtimalla kəşfiyyat buradan başlayacaq...

Həmidin verdiyi ümumi və faydalı informasiya işimə yaradı.

İlk fürsətdə Xürrəmşəhri gəzməyə başladıq. Şəhərdə qəribə ab-hava vardı. Şəhər dağılmışdı; küçələr, evlər, ağaclar - hər şey bir-birinə qarışmışdı. Şəhərin nisbətən varlılar yaşamış bölgəsində Aşura diviziyası bəzi evləri özünə qərargah seçmişdi. Kəşfiyyat bölüyü üçün seçilmiş ev kiçik idi. Buna görə də, yaxınlıqda yerləşən və yuxarı mərtəbələri dağılmış üçmərtəbəli bir evin birinci mərtəbəsinə palaz döşədik. Şəhərin üç və dördmərtəbəli binalarının hamısı uçub dağılmış, ancaq birinci mərtəbələri salamat qalmışdı. Su və elektrik yox idi. Təsadüfən, hansısa krandan gələn azca su boruda qalmış su idi, pis qoxusu və dadı vardı.

Xürrəmşəhrə bir baxışla şəhərin iki hissədən ibarət olduğunu bilmək olurdu: çox varlı və çox kasıb hissələr. Bir neçə il ötsə də, hələ əksər evlərin əşyaları dururdu. Varlı və kasıb evlərinin ərazi və əşyaları arasındakı ziddiyyət maraqlı idi. Bəzən bir mərtəbədə dörd təmiz hamamı olan təmtəraqlı və dəbdəbəli evlərdə əxlaqsız jurnallar görürdük. Palçıq divarları olan kiçik evlərin taxçalarında isə güllə bəzənmiş parçanın içində bir Quran olurdu.

Şəhərdə mülki adam yox idi. Xürrəmşəhrin işğalçıların əlində əsir qaldığı bir il bir neçə ayda Bəəs hərbçiləri faydalı hər bir şeyi qarət etmişdilər. Digər əşyalar isə qalın toz-torpağın altında güllə və qəlpə yaraları ilə qalmışdı. Din alimlərindən şəriət icazəsi almadan evlərdə qalmış sağlam əşyalardan istifadə etməyi haram bilirdik. Vəlfəcr-8 əməliyyatında Ərvənd çayının sahilindəki xurmalıqda yerləşdiyimiz zaman da müctəhidlərdən icazə hökmü gəlməyincə get-gedə qurumaqda olan xurmalara heç kim əl vurmadı. Xürrəmşəhrə gələnlər də həmin adamlar idilər. Bu dəfə mövzu xurma deyil, dəbdəbəli ev əşyaları olsa da, İslam döyüşçülərinin qəlbində dünya sevgisi çoxdan ölmüşdü.

Bölükdən gətirdiyimiz əşyaları evə yerləşdirdik. Şəhərə ehtiyacımızı azaltmaqdan ötrü həyətdə bir hamam tikmişdik. Növbə meriya və evdarlıq işlərinə çatdı. Öz bacarıq və maraqlarına uyğun olaraq, hərə evin bir işini üzərinə götürdü.

- Yeməyi hazırlayıb süfrəyə gətirmək işi Mehdiqulunun.

- Çörəyi isladıb hazırlamaq Abbas Məhəmmədinin.

- Mehdi Əliəkbəri süfrəni sərəcək və toplayacaq.

- Otaqları süpürmək...

Süfrəyə xörək gələn kimi hamı duaya başlayırdı: "İlahi! Bizə çoxlu halal və gözəl ruzi yetir! Qarnımızı haram və şübhəli qidalardan qoru!"

Bu kollektiv duadan sonra yemək başlanırdı. Süfrəni yığmazdan öncə də hamı bir-bir dua edir, digərləri də “amin” deyirdilər. Bəzi dualar çox gözəl idi və ürəyə yatırdı. Bir dəfə Mirdavud Hüseyni çox ciddi halda belə dua etdi: "Allah! Bizi adam elə!" Amin yerinə uşaqlardan gülüş səsi ucaldı. Mirdavud daha ciddi görkəm alıb əlavə etdi: "Bəs necə?! Hələ adam olmamışıq... Gərək adam olmağımızı istəyək".

***


Xürrəmşəhrdə boş vaxtımın çoxunu şəhəri və evləri gəzməklə keçirirdim. İnqilab tarixini və 1979-cu ildən öncəki dövrü öyrənmək üçün evlərdən məlumat toplamaq olurdu. Bəzi evlərdə Xalq fədailəri partizanlarının kitab, jurnal və bəyanatları və Ərəb Xalq Partiyasının nəşriyyələri görünürdü. Hər bir ev sakinlərinin düşüncələrinə hakim olmuş siyasi ab-havanı onlardan öyrənmək mümkün idi. Eşitmişdim ki, müharibədən öncə Azərbaycandakı Müsəlman Xalq Partiyası kimi, cənubda da Ərəb Xalq Partiyası varmış. Orada onların ideya və məramlarını oxuyub öyrənirdim.

Bir gün Məhəmməd Purnəcəf və Mirdavud Hüseynilə birgə şəhərə çıxdıq. Evlərin damından bütün şəhərin mənzərəsi görünürdü. Birdən səmada bir neçə qara nöqtə peyda oldu. Yaxınlaşanda yeddi düşmən qırıcısı olduğunu bildik. Dedim: "Məhəmməd, bunlar bombardmana gəliblər. Qaçdıq!"

Cəld pillələrdən endik. Birdən aləm bir-birinə dəydi; partlayış səsi, toz-torpaq, uçqun... Bir anlığa başımı göyə qaldırdım və gördüklərimdən dəhşətə gəldim. Hiss etdim ki, düz başımızın üstünə şığımış qırıcının pilotu bizi nişan alıb. Bir neçə addımlığımızda küçəyə bir raket düşdü; nərdə, pəncərə, damdakı baklar, tavanın dəmirləri, torpaq, daş, kəsək... Başıma tökülənlərin altında boğulmağa qalmışdım. Mirdavud Hüseyni qışqırdı: "Vay başım!"

- Nə oldu?

- Deyəsən, qəlpə dəydi.

Özümü ona çatdırdım. Hələ toz-torpaq yatmamışdı. Boynundan qan axırdı. Başının arxasındakı dərin qəlpə yarasını gördüm. Köynəyimi çıxarıb başını bağladım. Məhəmmədlə hərəmiz bir tərəfdən qoltuğuna girib yola düşdük. Səma bir an da qırıcılardan boşalmırdı. Hələ birinci dəstə getməmiş ikincisi də gəldi. Şəhər titrəyirdi. Qırıcılar sanki şəhəri yerlə-yeksan etməyə gəlmişdilər. Bir neçə dəfə yolumuzu dəyişib bölüyün qərargahına çatdıq. Orada vəziyyət daha pis idi. Tüstü və toz-torpaq hər yeri bürümüşdü. Köynəyim olmadığına görə çox üşüyürdüm. Yalnız yaralı dostumu tibb məntəqəsinə çatdırmağı düşünürdüm. Bombardman bir an da dayanmırdı. Hirslənib öz-özümə deyirdim: "Birdən-birə şəhərə bu qədər canlı qüvvə toplayanda təbii ki, düşmən xəbər tutacaq. Casuslar və peyklər tətildə deyillər ki".

Aşura diviziyasının əksər bölükləri Xürrəmşəhrə yerləşmişdi. Digər diviziyalar da şəhərin başqa yerlərində mərkəzləşmişdilər. Düşmən çox düşünülmüş şəkildə gəlmişdi. Bizim istifadə etdiyimiz əsas prospektdə eni-uzunu təxminən altımetrlik bir yer açılmışdı. Bombalar yerə yaxınlaşanda cəsarət edib baxsaydın, sanki altımetrlik bir konteynerin başına endiyini görərdin. Bomba və raketlər bütün nəqliyyat vasitələrini məhv etmişdi, maşınların şüşələri sınmışdı. Mirdavudu tibb məntəqəsinə aparmaq üçün bir şey axtarırdım. O həngamədə hamamın qapısı açıldı və Həmid Qəlei əynində bir şortik bayıra qaçdı.

Kərim Fəthi oyan-buyana qaçıb qışqırırdı: "Qaçın içəri... Cəld içəri qaçın!"

O bizdən nigaran idi, Əmin ağa da ondan.

- Özün içəri gir!

Kərim Təriqət də onların yanında idi. Belə bir vəziyyətdə sağlam bir motosiklet tapmaq sevindirici idi. Motosikleti işə salıb güclü qanaxmadan əldən düşmüş Mirdavudun yanına getdim. Əsğər Abbasquluzadə də bizi görüb oraya gəlmişdi.

- Gözlə, birlikdə gedək.

Özü irəlidə oturdu, Mirdavud ortada, mən də arxada.

Motosiklet yola düşdü. Hərəkət etdiyimizə görə qırıcıların diqqətini daha çox cəlb edirdik. Bütün yollar bağlanmışdı.

Yol əleyhinə bombalar Xürrəmşəhrdə küçə adlı bir şey qoymamışdı. İsti qəlpələrin, daş və şüşələrin altından dayanmadan keçib təcili yardıma çatmalı idik. Azca dayanmaq atəşə tuş gəlmək təhlükəsini dəfələrlə artırırdı. Gərgin dəqiqələrdən sonra çatdıq. Orada qələbəlik idi. Mirdavudu tibb işçilərinə tapşırıb bölüyə qayıtdıq. Tüstü və toz-torpaqdan şəhərin havası bozarmışdı.

Axşamüstü idi. Təxminən üç saat idi düşmən dayanmadan şəhərə atəş yağdırırdı. Qayıdanda özümü çoxlu şəhid cəsədini görməyə hazırlayırdım, lakin bölüyümüzdən Mirdavuddan başqa heç kimin xəsarət almadığını öyrənəndə Allaha şükür etdim. Diviziyanın digər bölmələrindən bəziləri yaralanmış, bəziləri şəhid olmuşdu.

Hava qaralanda düşmən təyyarələri Xürrəmşəhrin səmasından uzaqlaşdılar. Deyilənə görə, şəhəri otuz qırıcı bombalamışdı. Evlər yerlə-yeksan olmuşdu. Vəziyyət elə bir həddə idi ki, diviziya komandirinin əmrilə bütün şəxsi heyət elə həmin gecə Karunun sahilində bir bölgəyə köçürüldü.


Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin