Fəthülmübin
I
Zəlican dərəsi Mışdağ silsiləsinin təxminən əvvəlində yerləşən qumlu təpələrin arasında daşlıq bir yerdir. Düşmənə yaxın olduğuna görə gecə vaxtı yola düşdük. Avtobus Əhvaz-Əndiməşk magistralı ilə gedirdi və biz sağ tərəfimizdə atışma səslərini eşidirdik. Nəhayət, Zəlican dərəsindəki mövqeyimizə çatdıq. Xuzistanın soyuğu bizi qarşıladı. Soyuğun iliyimizə qədər işlədiyi bir şəraitdə sübh namazını qılıb çadırları qurmağa başladıq. İkinci bölüyün yerləşdiyi yer digər bölüklərin yerindən hündürdə idi. Taqımımızın uşaqları digərlərindən hündürdə böyük bir qayanın üstündə çadır qurmaq qərarına gəldilər. İyirmi iki nəfərlik taqıma bir çadır düşürdü. Bütün taqımlarda yer problemi vardı. Sonradan hər taqıma əlavə bir çadır verdilər və beləliklə, Zəlicanda bir neçə aylıq həyatımız başlandı.
Sübh namazından sonra səhər mərasimi keçirilirdi. Cəzairi və Çitsaz məscidlərində də belə idi. Hər gün qaçışdan sonra ağır idmanlar edir, Yasir Zirəkdən əlbəyaxa döyüş qaydalarını öyrənirdik. Bütün namazlar camaat namazı şəklində qılınırdı. Əziz dostum Məhəmməd Məhəmmədpurun tövsiyəsi ilə camaat namazlarında həmişə iştirak edirdim. Fərəc və Əhd dualarını oxumadan heç kim namaz sırasından çıxmırdı. Bəzən taqımlar özləri çadırlarda Aşura ziyarətnaməsini oxuyurdular. Bu dualar mənim üçün yeni idi və hamıya yüksək əhval-ruhiyyə bağışlayırdı. Bir dəfə dostlarımızdan biri yuxuda İmam Mehdinin (ə) Zəlican dərəsində döyüşçülərə baş çəkdiyini görmüşdü. Bu yuxu bizim həvəs və həyəcanımızı artırırdı.
Qoca və gənclərin nurlu simalarını yanaşı görmək mənə çox qəribə gəlirdi. Həbibibnməzahirlərdən biri bizim imamımız idi. Özü ruhani olmasa da, döyüşçülər onu pişnamaz seçmişdilər. Söz və əməlləri dillər əzbəri olan başqa bir qoca da vardı, pasdar olmaq üçün keçilən təlimlərin ağır olduğunu görüb deyirdi: «Mən onsuz da şah dövründən Sepahın üzvüyəm».
Həmin günlərdə bizə qalın və quru çörəklər verilirdi, onları yumşaltmaq üçün saatlarla suda saxlamalı idik. Həmin qoca bir dəfə inadkarlıqla o çörəklərdən yeməyə çalışdı, amma protez dişi sındı. Belə hərəkət və sözlərinə görə ona “Baba Fincan” deyirdik.
Həmin günlərdə Nəcəf briqadasının digər batalyonları qonşu dərələrə yerləşdilər. Süsəngird döyüşçülərindən bir qismi də bizim batalyona qatılmışdı. Onların aramızda olmaları bizə yaxşı təsir bağışlayırdı.
Canlı qüvvənin çoxluğu əhval-ruhiyyə və ümid baxımından müsbət hal olsa da, maddi problemləri də artırırdı. Misal üçün, iki batalyonun təchizat işləri üçün bircə vanet1 vermişdilər, yaxud bir neçə bölüyə yalnız bir hamam düşürdü. Hamam üçün yaranan uzun növbə bir problem idi, neft və su tapmaq da başqa bir problem. Hamama getmək yarım gün vaxt alırdı. Mən Zəlicanda qaldığım müddətdə yalnız bir dəfə hamamdan istifadə edə bildim.
O şəraitdə öncədən döyüşlərdə iştirak etmiş təcrübəli döyüşçülərin xatirələri bizi həvəsləndirirdi. Süsəngirddən alnında yara ilə qayıtmış Məhəmməd Fəthipur qəhrəmancasına döyüşdən danışırdı. Onun dediyinə görə, Əli Təcəllayinin komandirlik etdiyi otuzdan az döyüşçü Süsəngirdə hücuma keçmiş bir neçə düşmən diviziyası önündə müqavimət göstərmiş və düşməni bir neçə gün dayandıra bilmişdilər. O, Əlinin kreativ addımlarından danışıb deyirdi: «Əli tapşırmışdı ki, düşmənin tanklarını küçə və xiyabanların girişində vurub yolu bağlayaq. Onun özü yaralanmışdı, amma əsla bildirmir və hamını ruhlandırırdı”.
Çadırımızın əksər uşaqları hər gecə namaza qalxırdılar. Mən onların gizli və aşkar ağlamalarına qibtə edirdim. Məhəmməd Fəthipur, Yasir Zirək, Məhəmməd Məhəmmədi, Rəhim Rəhbəri, Əli Əsədi, Davud Salehpur, Seyid Saleh Hüseyni, Əvəz Qeybi və digər rəşadətli döyüşçülərə görə bizim taqımımız digərlərindən bir addım öndə idi. Onların çoxu Süsəngirddə döyüşmüşdülər. Onlar mühasirəni yarıb Şəhid Çəmranın başçılıq etdiyi qüvvələrin və Nasir Bəyrəqinin başçılıq etdiyi azərbaycanlı döyüşçülərin Həmidiyyə istiqamətindən şəhərə girmələrindən, şəhərin müdafiəçilərinin çətinliklərindən, məzlum şəhadətlərindən və Bəni-Sədrin xəyanətindən danışır, ağlaya-ağlaya şəhidləri yad edirdilər. Hamısı deyirdi ki, biz hələ bir iş görməmişik, şəhid analarının yarasına məlhəm qoymamışıq və gərək güclü olaq. Bu xatirələri eşidəndə biz də çox ağlayırdıq. Xüsusən “İmam Xomeyni yolunun davamçıları” birliyindən olan tələbələrin şəhadəti bizi kədərləndirirdi. Onların pak cəsədləri Hüveyzədə tankların tırtılları altında əzilmişdi. Beləliklə, günlərimizin qədrini daha yaxşı bilir və çatışmazlıqlardan şikayət etmirdik.
Bir gün taqım komandirimiz qucağında bir bağlama ilə çadıra girdi. Bağlamanı açıb ortaya qoydu və dedi: «Təəssüf ki, şəxsi əşya çatışmazlığımız var. Hər taqıma bir bağlama verdilər, qardaşlardan kimin daha çox ehtiyacı olsa, bu paltarlardan götürə bilər».
Bağlamada yeddi dəst şalvar-köynək vardı. Cəbhəyə göndərəndə hərəmizə bir dəst paltar vermişdilər, amma bu müddətdə bəzisi cırılmışdı. Şalvarımın dizlərindəki yamağa baxıb birini götürmək istədim, amma gözlədim ki, kimsə götürsün, sonra mən götürərəm.
Başımı qaldırıb uşaqların təvazökar və sevgi dolu üzlərini görəndə fikirlərimə görə özümü danladım. Çünki onlardan heç biri paltar götürmədi. Bir saatdan sonra taqımımızın igid rəhbəri Yasir Zirək paltar bağlamasını bölüyün təchizat bölməsinə qaytardı. Get-gedə taqımımızın adını Fədakar taqım qoydular.
***
Keşikçilik söhbətinin ortaya çıxdığı ilk gecələr idi. Əvvəllər Şərbətzadə məscidində gecələr keşik çəkmişdim, lakin döyüş bölgəsinin keşikçiliyi ilə şəhər keşikçiliyi çox fərqli idi. “Sizin vəzifəniz öndən ehtiyatlı olmaqdır, çünki düşmən kəşfiyyatçıları bəzən postdan keçib həm kəşfiyyata, həm də zərbə vurmağa gəlirlər. Gərək çox ehtiyatlı olasınız”. Bu, taqım komandirimizin tövsiyəsi idi. Döyüşçülər əllərində silah və qumbara ilə ikisaatlıq keşik çəkməli idilər. Növbə mənə çatanda çox istəyirdim ki, qorxduğumu söyləyim, amma bacarmadım. Yadıma saldım ki, münafiqlərin terrorları ərəfəsində gecələr də keşik çəkmişəm. Müsəlman Xalq Partiyasının tərəfdarları arasında imamın elanlarını paylayarkən Abbas Əkbəri ilə birgə tutulduğumuz da yadıma düşdü. Yazıq Abbası o ki var döydülər, nəhayət, əzab-əziyyətlə əllərindən qaçdıq. Lakin bu fikirlərin də faydası olmurdu, komandirin keşikçilik işinin əhəmiyyəti haqda dedikləri tez-tez yadıma düşürdü.
Vəzifələrini yerinə yetirməkdə səhlənkarlıq edənlərdən ola biləcəyimi düşünəndə özümdən acığım gəlirdi. Hər halda, gecənin zülmət qaranlığında iki saatı birtəhər başa vurdum. Gecə növbətçisi olan Məhəmməd Fəthipuru gördükdə sevindiyimdən qaçıb onu qucaqlamaq istəyirdim.
Həmin gecə bitdi və sözügedən həyəcan get-gedə həvəsə və marağa çevrildi. Artıq qorxum qalmamışdı. Düşünürdüm ki, özümü nə qədər çox işə versəm, daha tez alışaram. Elə buna görə də, tez-tez keşikçilik üçün könüllü olur və digərlərinin yerinə də keşik çəkirdim.
***
Günlər ötdü, gecə təlimləri daha da ciddiləşib çətinləşdi. Müxtəlif təlimlər keçirilirdi: silah və minalarla tanışlıq, hərəkət tərzi, mina təmizləmə və s. Gecə təlimlərində dərənin ətrafındakı qumluqlara gedirdik. Bəzən yük və silahlarla hərəkət edirdik ki, əməliyyata hazır olaq.
Həmin günlər Zəlican dərəsində xüsusi ab-hava vardı, hər bir şey əməliyyatın yaxınlaşdığını bildirirdi. Bir bölük taktika təlimi keçir, bir bölük silahlarla tanış olurdu. Həvəslə gözlədiyim məsələlərdən biri Məhəmməd Səburinin qəhrəmanlıq şeirlərini dinləmək idi. O, Şəhid Mədəni batalyonunun bölüklərindən birinin komandiri idi, şeir oxuyub bizi ruhlandırırdı. Digər taqım və bölüklərin komandirlərini adətən, siniflərdə, səhər mərasimlərində və camaat namazlarında görürdük. Qəhrəman komandirimiz Əli Təcəllayini görmək də arzumuz idi. Həmin müddətdə onu yalnız iki-üç dəfə görə bildik. Onun və digər komandirlərin səmimi salamlaşmaları və halımızı soruşmaları bizə bir neçə günlük həvəs və enerji verirdi.
Bir müddətdən sonra hərdən tək qalmaq imkanı yaranmağa başladı. 1982-ci ilin martında hava o qədər yaxşı idi ki, vətənimin qar-boranı yadımdan çıxmışdı. Dərənin yuxarısındakı düzənliyin bir hissəsi lalə gülləri ilə dolu idi. Kiçik bir radio götürüb güllərin yaxınlığında çəmənlikdə uzanır, səmaya baxırdım. Oranın lalələri mənim gördüklərimdən böyük və gözəl idi. Radiodan çox sevdiyim nəğmə yayımlananda onunla birgə oxuyurdum:
Ey cananım, qalx və bələdçini dinlə,
İmamımız əlində bayraq gəlir!
Təkbir de, “ləbbeyk” de, yola çıx,
Yolumuz Qüds diyarınadır, öndədir!
Bəzən Razi məktəbinin artıq döyüş yoldaşlarım olmuş şagirdlərini də oraya aparırdım. Özümüzə çay süfrəsi açırdıq. Uzaqdan kimsə görsəydi, gəzməyə çıxmış bir qrup yeniyetmə olduğumuzu düşünərdi. Lakin bizim söhbətimiz qarşıdakı əməliyyatdan, məktəb xatirələrindən və iki yaxşı müəllimimiz olmuş Səməd Şükuhi və Mənuçöhr Simsaridən idi.
II
Bir xəritə üzərində əməliyyat bölgəsini, yolunu və batalyonların tapşırığını hamıya başa saldılar. Bölgənin bütün detalları xəritənin üzərində əks olunmuşdu. Çox diqqətlə hazırlanmışdı, Mışdağ yüksəklikləri, qum təpələri, Riqabiyyə təpələri, yoxuşlar və hər kəsin tapşırıq bölgəsindəki hədəfləri müəyyən olunmuşdu.
Bir gecə piyada yürüş təlimi zamanı bölük komandirimiz Urənginin aramızda olmadığını duyduq. Uşaqların arasında onun yoxa çıxması xəbəri yayıldı. Təcrübəli uşaqlar onun kəşfiyyata getdiyini deyirdilər, mənsə kəşfiyyatın necə və kimlər tərəfindən aparıldığını bilmirdim. Həmin gecə bölüyü komandir müavini Qəmbər Zahiri idarə etdi. Hərbi təchizatla gecənin qaranlığında qumların üstündə hərəkət etmək çətin gəlirdi. Təxminən dörd kilometr yürüşdən sonra geri qayıtdıq. Bu, əməliyyat gecəsi gedəcəyimiz böyük məsafə üçün yaxşı təlim idi.
Səhər tezdən, biz çadırda olan vaxt taqım komandiri hazırlıq əmri verdi.
– Səhərin bu vaxtı əməliyyat?!
Sual zamanı deyildi. Tez silah-sursatlarımızı götürüb mikroavtobuslara sarı qaçdıq. Yük çantası kürəyimdə idi, avtomatı da sinəmə sıxmışdım. Mikroavtobuslar hər iki tərəfi çöllük və qum təpələrindən ibarət olan bir yolda bir-birinin arxasınca irəliləyirdi. Haraya getdiyimizi bilmirdik. Qədim döyüşçülər isə öncəki günlərin əksinə olaraq, çox şən görünürdülər. Düşünürdüm ki, görəsən, əməliyyata həmişə belə gedirlər? Gündüz vaxtı və sağollaşmadan?
Bir saat yol getdik. Partlayış səsləri get-gedə yaxınlaşırdı. Mikroavtobus dayanan kimi cəld aşağı endik. Gurultular arasında oranın Riqabiyyə boğazı olduğunu eşitdim. Mikroavtobusdan uzaqlaşmamış ağ saqqalı yetmişi göstərən bir qoca ilə rastlaşdım. O, qışqırırdı: «İslam rəzməndələri!1 İslamın köməyinə gedin və heç nədən qorxmayın!» Bizimkilərdən idi, bizdən öncə çatmışdı. Həmin anlarda uşaqları onun qədər heç nə ruhlandıra bilməzdi. Partlayış səsi bir an da dayanmırdı. Təlim zamanı demişdilər ki, raket atılanda fit səsi ilə gəlir. Buna görə də, hər dəfə fit səsi eşidəndə yerə uzanırdım. Hər tərəf düşmən cəsədləri ilə dolu idi. Yer titrəyirdi. Riqabiyyə boğazı iki nisbətən hündür təpənin arasında kiçik bir yer olduğuna görə top və raket partlayışlarından lərzəyə gəlirdi. Döyüş bir neçə saat öncədən başlamışdı. Biz əsas yoldan təxminən 300 metr aralanandan sonra təmas xəttinə birləşən bir kanala çatdıq. Kanalın girişinə bir şəhid cənazəsi düşmüşdü. İxtiyarsız olaraq, dayandım və bir şey fikirləşə bilmədim. Hündürlüyü 100-150, eni isə 70 sm. olan bir kanalda isə dayanmaq olmazdı, bir-birimizin ardınca hərəkət etməli idik. 300-400 metr gedəndən sonra təxminən iki metr hündürlüyündə bir istehkama çatdıq. Ötən gecənin döyüş izləri orada da görünürdü. Şəhid cənazələri, görkəm və geyimlərindən asanlıqla tanınan düşmən cəsədləri, barıt qoxusu, tüstü, raket və mərmi qəlpələri hər yerə dolmuşdu.
Düşmənin tank və piyadaları xüsusi düzülüşlə bizə yaxınlaşırdılar. Səmədlə birgə istehkamda səngərə bənzəyən bir yer tapdıq və pulemyotu hazırlayıb atəş açmağa başladıq.
Bir neçə dəqiqədən sonra pulemyot xarab oldu. Çantamdan kalaşnikov avtomatını çıxarıb geri çəkilməkdə tanklarla yarışa girmiş piyadalara tuşladım. Hərəkətdən öncəki həyəcanım sevinclə əvəz olunmuşdu. Bütün döyüşçülər, hətta bizdən öncə orada ağır döyüş keçirənlər də baxışları ilə gülürdülər. Düşmən qaçmağa üz qoymuşdu və heç bir müqavimət göstərmirdi. Lakin top və raketləri bir an da dayanmırdı. Bizim köməkçi qüvvələrimiz bir-birinin ardınca gəlirdilər. İstehkamın arxası və kanalın içi düşmən cəsədlərini yoxlayıb təmizəməklə məşğul olan uşaqlarla dolu idi. Uşaqlar üzlərini örtüb özlərini ölmüşlüyə vurmuş üç-dörd iraqlı əsgəri əsir tutdular. Düşmən ölüləri arasında hələ də sağ qalanların olduğunu bilirdik. Uşaqların biri ölü sandığı bir iraqlını yoxlayarkən o, birdən ayağa qalxıb qaçmağa başladı. Uşaqlar onu vurdular, amma “ölünün dirildiyindən” qorxan dostumuzun rəngi bir-iki saat özünə gəlmədi.
Ara sakitləşəndən sonra səngərlərə getdik. Oranın səngərləri misilsiz idi: iraqlılar yeri bir metr yarım dərinliyində qazmış, yuxarıdan da kubik daş və kisələrlə yarımmetrlik divar qaldırmışdılar. Atəş açmaq üçün kisələrin arasından bir neçə dəlik də açmışdılar. Üstübağlı səngərlər o qədər möhkəm idi ki, ağır mərmi və raket atəşləri altında da ciddi zədələnməmişdi. Düşməndən öyrəndiyimiz ilk dərs bu idi.
Təxminən saat dörddə yola doğru getmək əmri verildi. Yolda Səməd Xətibinin qoluna qəlpə dəydiyini öyrəndik, taqımı sayarkən Əvəz Qeybi adlı bir yoldaşımızın da itdiyi məlum oldu. Onda itkin düşmək sözünün mənasını bilmirdim, dostlarımın kədərli üzündən də bir şey anlamadım. Hələ işğalçı düşmənlə ilk rastlaşdığımız anları və onların necə rəzalətlə qaçdığını düşünürdüm.
Ötən gecəki ağır döyüşdən söhbət düşdü. Düşmən Çəzzabə, Riqabiyyə və Abbas düzü bölgələrindən böyük hücuma keçmiş və ilk anlarda bəzi uğurlar əldə etmişdi, lakin İslam döyüşçülərinin əks-hücumu nəticəsində əvvəlki mövqelərinə geri çəkilmişdi.
Hələ mart ayının 19-cu günəşi batmamış Əvəz Qeybinin şəhid olduğu və cəsədinin itkin düşdüyü xəbərini aldıq. Yadıma ilk düşən onun ailəsi oldu. O, bizim aramızda azsaylı evlilərdən idi və ondan ailəsinə aparılacaq heç nə tapılmamışdı.
Fədakar taqım günbatan çağı qəm-qüssə içində idi. İki batalyonun yeganə şəhidi olan Əvəz Qeybinin boş yeri bizi üzürdü. Özümü gizli laləliyə verib doyunca ağlamaq istəyirdim. Lakin şəhadətin dostların hərəkətinə necə stimul verdiyini görmək üçün elə orada, fədakar taqımın mərd insanları arasında qaldım.
III
Düşmən hücumunu dəf etməyə getdiyimiz bir günün içində düşərgəmizin vəziyyəti dəyişmişdi. Oraya çoxlu ağır top gətirilmiş, düzənlikdə tibb məntəqəsi açılmışdı və yaralıları oraya toplamışdılar. Təcili yardım işçiləri ciddi məşğul idilər. Hamı böyük və taleyüklü bir hücuma hazırlaşmaqda idi, özü də bir gün öncə düşmənin geniş hücuma keçdiyi yerdə. Düşmənin əməliyyatdan duyuq düşdüyünü çox ehtimal edirdik. Bir tərəfdən əməliyyatın başlaması fikri bizi rahat buraxmırdı, digər tərəfdən də düşünürdük ki, düşmən əməliyyatdan xəbər tutubsa, mütləq hazırlıq görmüşdür.
Həmin gün günortadan sonra bahar girdi və uşaqlar novruzun «Halımızı ən yaxşı halla əvəzlə» duasını həqiqətən, yaşadılar. Hamımız əməliyyata gedəcəkdik, hamımızın yolu bir idi, amma bu yolun sonu bəziləri üçün ayrı cür olacaqdı. Son əməliyyat iclasında deyildi ki, Şəhid Qazi batalyonunun vəzifəsi düşmənin ön xəttinin arxasına keçib ehtiyat qüvvələrini mühasirəyə almaqdır. Əməliyyat və atışma başlayan kimi düşmənin ehtiyat qüvvələrini məhv etməkdən ibarət işimiz də başlayırdı. Düşmənin ehtiyat qüvvələri öz təmas xətlərini gücləndirməsinlər deyə biz sürətlə güclü hücuma keçməli idik. Ən böyük problemimiz qumlar üzərində uzun yol getmək idi. Təxminən 13-15 km. yol gedib düşmənin boş cinahını məhv etməli idik.
Ordu və Sepah qüvvələri dörd müştərək qərargahın rəhbərliyi altında əməliyyat keçirəcəkdilər.
Axşamüstü bütün taqım və bölüklər hərəkətə hazır vəziyyətə gəldilər. Bəzilərinin üzü daha da nurlanmışdı. Boyundan asılan kimlik nişanları az olduğuna görə bəzilərinə demişdilər ki, adlarını flomasterlə paltarlarının bir neçə yerinə yazsınlar. Mən də bir neçə yerdən yazdım: “Mehdiqulu Rzayi, Təbrizdən ezam”.
Günbatan çağı idi. Vida səhnəsi, ilk dəfə digərlərindən halallıq istəmək xatirəsi zehnimə həkk olunurdu. Qatarda bizə maraqlı əhvalatlar danışan Yadullah Muradinin mehriban sağollaşması, məktəb və məscid yoldaşlarımla, Məhəmmədbaqirxan Məhəmmədi və digər dostlarla vidalaşma...
Kolon hərəkətə hazırlaşırdı. Yola düşdük. Günəşin qırmızı şüaları sol tərəfimizdə gözəl səhnə yaratmışdı. Kolonun o başından qoca azançının səsi gəlirdi: «Əşhədu əlla ilahə illəllah». Artıq hamıdan ümidimizi üzmüşdük. Allaha təvəkkül edib qumların üzərində irəliləməyə başladıq. Namaz vaxtı hərəkət edə-edə ağızlar Allaha həmdlə açılırdı, aləmlərin Rəbbi önündə işarə ilə rüku və səcdə edirdik. İlk dəfə idi belə bir namaz qılırdım. Allah bilirdi ki, bu, hansımızın son aşiqanə namazı olacaqdı. Təmas xəttinə çatana qədər bir postumuzdan keçdik. Zənnimcə, oraya 92-ci zirehli diviziya nəzarət edirdi. Postdan keçəndən sonra sükut əmri verildi. Hər bir taqımın komandiri bu əmri yavaşca özündən arxadakına deyirdi, o da özündən arxadakına. Hərənin bir nömrəsi vardı. Mənimki 15 idi. Kolon istirahət üçün bir neçə dəqiqə dayananda hərəkətdən öncə hər kəs yavaşca bir dəfə öz nömrəsini deyirdi. Bu zaman qaranlıqda kolona qoşulmuş yad adam üzə çıxırdı. Həmin bölgədə beşinci kolonun fəaliyyəti çox güclü idi. Əməliyyatın üstünün açılması və düşmənin Riqabiyyədə hücuma keçməsi də onlara görə olmuşdu.
***
Ay işıq saçırdı. Bölgə qumlu, yol uzun idi. Bəzən 150-200 metr hündürlüyündə təpələrdən aşırdıq. Bir ayaq quma batanda növbəti addımı atmaq imkansız görünürdü, amma sakit gecədə döyüşçülərin iradəsi qumları fəth edib irəliləyirdi. Silah-sursatın ağırlığı yorğunluğu ikiqat artırırdı. Hər bir qum təpəsinə qalxmaq minmetrlik bir dağ zirvəsinə qalxmaq qədər enerji və zaman alırdı. İrəliləyir və Mışdağ yüksəkliyini sağımızda görürdük. Mışdağı iclaslarda xəritədə görmüşdüm. «Onda yaxınlaşmışıq, bəlkə elə burada, bu təpənin arxasında...» fikri hələ beynimə tam oturuşmamış ilk fişəng səmanı işıqlandırdı. Özümü hamıdan tez yerə yıxdım. Ləhləyirdim, amma fişəng sönənə qədər yerdə uzanmaq imkanı gözəl idi. Hələ sinəmin qərarsızlığı sakitləşməmiş kolon ayağa qalxdı. Özümü səliqəyə salıb yola düşdüm.
Arabir düşmən tərəfdən seyrək atəş səsləri eşidilirdi və bu, təbii idi.
Yavaş-yavaş qum təpələri azalır, ayağımızın altındakı yer bərkiyib piyada yürüşünü asanlaşdırırdı. Axşamkı işıqlı ay da çəkilmiş, hər yerə qaranlıq çökmüşdü. Nəhayət, kolon minalanmış sahəyə çatıb dayandı. Öncədən demişdilər ki, düşmən öz cinahını qorumaq üçün önündəki sahəni minalamışdır. Başqa sözlə desəm, düşmən iranlıların hücumuna ehtimal vermədiyi yerdə canlı qüvvə toplamaq yerinə minalanmış sahədən istifadə edirdi.
Sahəyə əvvəlcə partladıcı bölüyün uşaqları girdilər, onların arxasınca da bizim taqımımız. İlk dəfə idi minalanmış sahə görürdüm: bir-birinə bağlanmış bir neçə cərgə müxtəlif minalar, bir cərgə də piyada əleyhinə minalar. Sahənin eni çox deyildi və tələləri qırmaqla yol təmizləndi. Bu sahədən keçmək düşmən mövqeyinə girmək demək idi. Biz sahəni problemsiz arxada qoyduq, qarşıdakı yolumuz da boş bir yer idi. Yəqin uzun müddət idi oradan heç bir canlı keçməmişdi. Bir az irəlidə isə ikinci minalanmış sahəni qucağına almış bir düzənlik vardı. Bu sahə düşmənin ehtiyat qüvvələrinin dövrəsində qurulmuşdu. Sahənin yanında oturub partladıcı bölükdən işarə gözlədik. Sağ tərəfimizdə və arxamızda atışma başlanmışdı. Danışmaq qadağan idi. Düşünürdüm ki, biz hələ ehtiyat qüvvələrə çatmamış digər batalyonlar hücuma keçmişlər. Yasir Zirəkin arxasınca gedirdim. İkinci taqımın komandiri və qatardan tanıdığım Yadullahın qardaşı olan Fətullah Muradi mina zərərsizləşdirməyi yaxşı bildiyindən irəli keçmişdi. İkinci sahəni keçəndən sonra düşmənin ehtiyat qüvvələri ilə vuruşub mövqelərini ələ keçirməli idik. Bizim bölüyümüz ortadan, Şəhid Qazi batalyonunun digər iki bölüyü də sağ və soldan girib düşməni mühasirəyə almalı idik. İkinci sahədə hər şeydən öncə iki-üç telefon kabelini kəsdik. Arxamızdakı çatışma get-gedə güclənirdi, bizi isə hələ görməmişdilər. Biz arxası kolona oturmuşduq. Fətullah da bir az aralıda yerdə oturub bir minanı zərərsizləşdirirdi. Birdən altındakı yer çökdü. Mina partlayan kimi iraqlıların amansız atəşləri açıldı. Fətullah qan içində idi. Mən də yerə yıxılmışdım. Dizimdəki dəliyi görəndə qorxdum ki, birdən ayağım kəsilmiş olar. Özümü çox itirdim. Uşaqlar vuruşur və minalanmış sahəni cəld keçirdilər. İraqlılar sahədən bir keçidin açıldığını görüb oraya avtomat, pulemyot və raket atəşləri yağdırırdılar. Güllələr qulağımın dibindən keçəndə qəribə səs çıxarırdı. Düşünürdüm ki, bu dünyada düşmənin atəş açdığı sahənin ortasında qalmaqdan pis bir şey yoxdur. Birtəhər ayağa qalxıb ehtiyat qüvvələrinin mövqelərinə sarı yola düşdüm.
Fətullah ağır yaralanmışdı. Ona dedilər ki, uşaqlar qayıdana qədər orada qalsın. Hər iki tərəfdə atışmalardan bilinirdi ki, digər iki bölük sağ və sol tərəflərdən hücuma keçmişdir. Dizim yanır, amma səsim çıxmırdı. Qışqırsaydım da o mərəkədə mənə kim kömək edəcəkdi ki?! Axsaya-axsaya gedirdim. Düşmən mövqeyi süqut etməkdə idi. Düşmənin ehtiyat qüvvələri nizam-intizamla düzülmüşdülər və briqada həddində idilər. Onların mövqelərinə girəndə müqavimətləri daha da gücləndi. Uşaqlar çox yorğun olmalarına baxmayaraq, sanki qum üzərində kilometrlərlə yol yeriməmiş kimi qaçırdılar. Şərqdən səmanın rəngi dəyişməkdə ikən Rəhman Müslihi məni çağırdı: «Yaralanmısan? İndi səni geriyə apara bilərik. Gəl xərəyin üstünə». Bir xərəyə baxdım, bir də ayağıma. İlk dəfə idi yaralanırdım. Sanki tibb işçiləri də ilk dəfə idi yaralı görürdülər. Elə bilirdik, ayağımın yarası çox dərindir. Bir adam yox idi desin ki, burada qal, atışma zamanı haraya gedir, hələ üstəlik, xərəyə də minirsən?!
Dörd nəfər məni qaldırdı. Havanın ala-toranlığında, düşmənin seyrək atəşləri altında yola düşdük. Əhəmiyyətsiz olduğunu sonradan öyrəndiyim yaraya görə xərək üstə getməyin də öz həzzi varmış! Rəhman Müslihi öndə gedirdi. Minalanmış sahəyə girmişdik. Rəhman gördüyü hər bir mina tələsini kökündən qoparırdı. Onların nə üçün partlamadığına təəccüblənirdim. Düşünürdüm ki, işini yaxşı bacarır. Həm də tez-tez mina zərərsizləşdirdiyini görüb düşünürdüm ki, bu sahə birdən-birə necə bu qədər böyüdü?! Sonradan anladım ki, sahənin eninə yox, uzununa gedirmişik. Birdən güclü bir partlayış bütün vücudumu titrətdi, qulaqlarımda fit səsi gəlməyə başladı. Bir anlığa hər yeri qırmızı gördüm. Gözümü tez-tez açıb-bağlayırdım. Sanki başımı benzin bakına salıb-çıxarmışdılar. Bir qədər sonra özümə gəldim. Qan və torpaq bir-birinə qarışmışdı. Ağzımda pis dad duyurdum və kəskin barıt iyi ürəyimi bulandırırdı. Baş və boynum yanırdı, tərpədə bilmirdim. Əlimi dəmir dəbilqənin üstünə sürtdüm; aşsüzən kimi olmuşdu. Üzümün islanmasından bildim ki, başım da dəbilqə kimi deşilib və qan axır. Yavaş-yavaş soyuq havanın iliyimə işlədiyini də duydum. Bədənim titrəyirdi.
Gözlərimi açanda hava işıqlanırdı. Sübh namazının vaxtı idi. Yaralı dostlarımın səsini eşidirdim. Mina tələsi başımın altında partlamış və xərəyi daşıyan dörd nəfərin dördü də yaralanmışdı. Bizdən öndə gedən Rəhmana isə heç nə olmamışdı.
Əhvazdakı bədxərclik günlərimin yadigarı olan çəfiyəmi belimdən açıb başıma bağladım. Çox xeyri oldu. Səhərin ala-toranlığında bildim ki, düşmənin pulemyot səngərinin düz önündəyik. Yanımızdan keçən bir neçə nəfər zarıltı səsimizi eşidib bizə yaxınlaşdılar. Bölük komandirlərindən biri bir neçə nəfərlə gəlirdi. Böyükağa Dildarbonabı tanıdım. Mehriban səslə məni çağırdı, sonra ratsiya ilə Mahmud Urəngi ilə danışıb bir neçə döyüşçüsünün minalanmış sahədə yaralı qaldığını söylədi. Döyüşün elə qızğın çağında Mahmud Urənginin səsini eşitdim: «Silahımız bitib». Ratsiyanın o başından zəif bir səs təkrarlayırdı: «Gözləyin, Şəhid Mədəni batalyonu gəlir».
Digərinin görməli olduğu işi gözləmək ağır idi. Böyükağa bizə təskinlik verib getdi. Bilmirəm nədənsə o anlarda Əli Təcəllayinin mətanətli və əzəmətli siması gözlərim önündə canlandı. Sübh namazını yada salan yaralıların birinin səsi ilə özümə gəldim. Elə dəstəmazsız və təyəmmümsüz, üz-başı qanlı halda, rüku və səcdəyə işarə ilə namaz qılmaq... Bütün namaz boyu bədənim titrədi, amma Allah qorxusundan yox, güclü soyuqdan. Sonuncu salamdan sonra Mahmud Saidinin “ax” səsi ucaldı. Nə baş verdiyini dərhal anladım. Biz səngərin önündə idik və hava işıqlandıqca bizi görürdülər. Snayper bizi rahat nişan alırdı. Ətrafımızdakı torpaqları yanımıza toplayıb düşmənin gözündən bir qədər uzaq qalmağa çalışdıq. Bir neçə müdafiəsiz yaralı o namərd snayperin qarşısında nə edə bilərdi?! Hər bir güllədən sonra səs gəlirdi.
– Ax, ayağım!
– Vay nənə!
Hər dəfə uşaqların səsi gələndə kiməsə güllə dəydiyini bilirdim. Mahmud Saidi orada mina qəlpələrindən əlavə dörd güllə yarası da aldı. Ağrılı anlar idi. Batalyon uşaqlarını düşünürdüm. Onlar tərəfdən də səs gəlmirdi: Silah-sursatlarını sona qədər bitirib kömək gözləyirlərmi? Hələ sağdırlarmı? Orada həyat necə də dəyərsiz görünürdü! Cəbhəyə gəlməkdən ötrü o qədər əziyyət çəkdim, əməliyyatda iştirak etmək üçün o qədər təlim keçdim, məşqlər etdim, lakin birinci əməliyyatda minalanmış sahənin içində daşürəkli bir ovçunun yaralı ovuna dönmüşəm.
Səma get-gedə işıqlanır və günəşin hərarəti bədənimizi isidirdi. Arxadan bir səs eşitdim. Düşmən kolonu idi. Onların arasından iki nəfər ayrılıb bizə yaxınlaşdı. Biri o birinə deyirdi: «Gəl! Gəl!» Yenidən Mahmudun səsi gəldi: «Vay! Aman Allah!»
Daha dözə bilmədim. Müqavimətsiz əsir düşmək və ya şəhid olmaq istəmirdim. Elə çətinliklə gəldiyim üçün belə asanlıqla gedə bilməzdim.
Əlim uşaqların birinin silahının lüləsinə dəydi. Daha snayperi düşünmədim. Yarıqalxmış vəziyyətdə avtomatla onları nişan aldım və atəş açıb hər ikisini yerə sərdim. Düşmən kolonu dərhal atəş açmağa başladı. Onların sayı altmışdan çox idi, biz isə yalnız altı nəfər idik; beş yaralı, bir sağlam və yalnız bir daraq patron.
Güllələr ətrafımızı şumladı. Qan və toz-torpaq yaralarımızı yandırırdı, amma ağzımızı açmırdıq. Güllə yağışından iki dəqiqə sonra birdən-birə atışma bir neçə dəfə artdı. İraqlılar qeybdən gələn güllələrlə yerə sərildilər. Xilaskarlar bizə yaxınlaşanda Şəhid Qazi batalyonunun komandiri Davud Noşadı gördüm. O, partizan hərəkəti ilə sahəyə girib bir saatdan artıq bizi atəş altında saxlamış səngəri susdurdu. Davud Noşad bir neçə nəfərlə birgə bizi minalanmış sahədən çıxardı. Həmin dəqiqələrdə aramızda yeganə sağlam adam olan Rəhman Müslihi dörd barmağından yara aldı.
Təcili yardım işçiləri istehkam formasında bir-birinə bitişmiş qum təpələrinin arxasında yaralarımızı bağladılar. Bir saatdan sonra düşməndən götürülmüş bir maşınla Zəlican dərəsinə gedirdik. O, Riqabiyyədən qayıdandan sonra gördüyümüz və uşaqlarla birgə kompot və digər qida məhsullarına hücum etdiyimiz təcili yardım maşını idi.
Maşında ağır yaralılar da vardı. Yolun kənarında üzərinə «Həqiqətən, Biz sənə aşkar bir zəfər bəxş etdik»1 ayəsi yazılmış çoxlu plakatlar gördüm.
Məni səhra hospitalına köçürdülər. Hospitalda yaralarımı yenidən yuyub bağladılar və dedilər ki, sizi Əhvaza göndərəcəyik. Gecəni orada birtəhər başa vurdum, amma səhər çağı bir kələklə qaçıb başı və ayağı sarıqlı halda özümü Zəlican dərəsinə, oradan da əməliyyat zonasına çatdırdım. Şəhid Qazi və Şəhid Mədəni batalyonları düşmənin ehtiyat mövqeyində yerləşmişdilər.
İki gün ərzində qələbəni dadmaq bizi çox sevindirmişdi. Ehtiyat qüvvələrinin işi yaxşı həll olunmuşdu. Düşmən qüvvələri yüznəfərlik və daha böyük qruplarda təslim olurdular. Mənimlə həmyaşıd uşaqların bir İraq bölüyünü əsir tutub geriyə apardıqlarını görəndə yerimdə qərar tuta bilmirdim. Düşmənin ehtiyat mövqeyində səngərlər kanal boyu bir-birinə bitişmişdi. Hər səngərin girişində Z şəkilli kiçik bir kanal açılmışdı. Üstübağlı səngərləri də yerin altında düzəltmişdilər, tavan təxminən yerlə bərabər idi. Səngərlərin içində divar tərəflərin torpağını çarpayı formasında saxlamış, ortanı isə çökək etmişdilər. Hər bir səngərdə çökəyin üstündə hava çəkən yer vardı.
Qaçan düşmənlə döyüş hələ davam edirdi. Əli Təcəllayi uşaqların bir qismini toplayıb bizdən təxminən 2 kilometr uzaqlaşmış pərakəndə düşmən qüvvələrinə doğru getdi. Orada ağır döyüş baş verdi, Təcəllayi ayağından yaralandı, amma döyüşçülərinin bölgədən çıxdığı son günə qədər orada qaldı.
Batalyon uşaqlarının yanında olduğum bir neçə gündə o qədər gümrah idim ki, yaralarımı unutmuşdum. Dizimin sarığını açmışdım, yalnız başımın yüngül yaralarını ağ sarıq örtmüşdü. Həmin günlərdə bir neçə dəfə döyüş yerində qalmış yaralı və şəhidləri axtarmağa getdik, tanıdığımız dostlarımızın şəhadət xəbəri bizi bu yolu davam etdirməyə ruhlandırırdı: qatarda müəllimimiz olmuş, Doğruların dastanı kitabından bizə əhvalatlar danışmış 24 yaşlı gənc Yadullah Muradi, Zəlicanda çadırın yanındakı mağaraya bənzər bir yerdə oturub vəsiyyətnaməsini yazan və bizim gizlicə şəklini çəkdiyimiz Məhəmməd Zarei, qədim dostum, Müqavimət mərkəzindən yoldaşım və belə qısa müddətdə bu qədər inkişaf edəcəyinə inanmadığım Hüseyn Lətifi,1 şeirləri ilə bizi səbirsizləndirən və bunun şəhadət məqamına nail olmaq üçün son addımları olduğunu bilmədiyimiz Məhəmməd Səburi...
Dostları ilə paylaş: |