I
Üzümə sərin külək dəyirdi. Kölgəm də özüm kimi axsayırdı. Hospitalda ciddi tapşırmışdılar ki, evdə istirahət edim, mənsə əsla evə qayıtmaq istəmirdim. Yaralı ayağımı yavaş-yavaş çəkə-çəkə məqsədsiz yeriyirdim. Bu müddətdə ev, məktəb və şəhər haqda bir dəfə də fikirləşməmişdim.
Baxtəranda ayağımı gipsə salmış və bir gündən sonra Təbrizə köçürmüşdülər. Təbrizdə də bir sutka xəstəxanada yatandan sonra evə buraxdılar. Bir neçə ay qalmaqla cəbhəyə bu qədər bağlanacağımı düşünməzdim. Darıxırdım. “Evə necə gedim?! Nə edim ki, yaralandığımı bilməsinlər?! Məktəbə necə gedim?! O məktəbdə çoxlu şəhidlərin yeri boş qalmışdı: Səməd Bəxtşükuhi, Mənuçöhr Simsari, Məhəmmədbaqir...”
Özüm də bilmədən Saat meydanına çatdım. Bələdiyyənin binasında fotosərgi keçirilirdi. Evə gec getmək istədiyimə görə tam mənə görə bir yer idi. İçəri girəndə əziz dostum Məhəmməd Məhəmmədpuru gördüm. Hər ikimiz sevindik. Məhəmməd o zaman gecə məktəbinə gedir, gündüzlər də Sepahın təbliğatında çalışırdı. Sərgini Sepah təşkil etmişdi. Vəziyyətimi görəndən sonra dost nəsihətlərinə başladı.
– Get evə. Bu vəziyyətdə nə vaxta qədər küçələrdə oyan-buyana gedəcəksən?! Evdə yəqin ki narahatdırlar...
Başqa bir yolum yox idi. Birinci taksiyə minəndə sürücü deyinməyə başladı: «Ağa can, tələs! Qocalara min rəhmət...»
Ayağımın ağrısı artmışdı. O vəziyyətdə hər bir kiçik məsələ qəlbimi qırırdı. Heç kimin yaralandığımı bilməsini istəmirdim. Çox çalışdım ki, cəld minim, amma bacarmadım. Maşın yola düşəndən sonra sürücü məsələni soruşanda da həqiqəti deyə bilmədim.
– Bir şey deyil, qəzada ayağım sınıb. İndi yaxşıyam...
Əslində isə yaxşı deyildim, halım çox pis idi, ağrıya dözə bilirdim, amma heç kimin məni başa düşmədiyindən narahat idim. Vəziyyətlə barışmağa çalışırdım: «Axı bu camaat haradan bilsin ki, mən üç gün öncə alovla qan arasında olmuşam və indi evə qayıdıram?!» Küçəmizə çatdım. Yəqin ki məhəllə sakinləri mənim yoxa çıxmağımdan cəbhəyə getdiyimi bilmişdilər. Axsadığımı görən kimi yaralandığımı anlayacaqdılar və mən bunu istəmirdim.
Bunu cəbhədə öyrənmişdim. Cəbhə uşaqları digərlərinin onlar haqda yüksək düşünmələrinə səbəb olan işləri ya tərk edir, ya da gizlicə görürdülər. Ehtiyatla yeriməyə çalışırdım. Bilirdim ki, yaralanmağımın evdə də nəticəsi olacaq və cəbhəyə qayıtmağım çətinləşəcək.
Ailəmin sevincini görəndə narahatlığım ikiqat artdı. Hər biri təbəssüm və baxışları ilə deyirdilər: «Allaha şükür ki, əməliyyat olub və sən sağlam qayıtmısan». Pillələri yavaş-yavaş qalxırdım. Hər pillədə dayanıb ciddi və ya zarafata bir söz deyirdim ki, kimsə ayağımın sındığını bilməsin. Lakin bacım çox tez anlayıb dedi: «Nə olub, dadaş? Nə üçün belə yeriyirsən?»
– Nə?! Yox əşi, təzə çatmışam, elə bilirsiniz ki, çox dəyişmişəm...
Lakin əsas problemi düşünməmişdim; otağa girəndən sonra yerdə oturmaq lazım idi. Hamının gözü məndə idi. Adam kimi oturmağa çalışdım, amma bacarmadım. Nəticədə, həm özüm çox ağrı çəkdim, həm də sınmış və gipsə salınmış ayaqla otura bilmədim. Atam bunu duyub dedi: «Oğul, nə olub?»
– Ağa can, bir şey deyil, küçənin başında ayağım burxuldu, yıxıldım. Bir az ağrıyır.
Atam ağladı. Xoşbəxtlikdən, digərləri söhbəti dəyişdirdilər. Bir saatdan sonra qardaşım Rza bir bəhanə ilə məni başqa otağa apardı. Gizlətməyin faydası yox idi. Dedim ki, yaralanmışam və səhər xəstəxanadan çıxmışam. İsrarla yaralarımı görmək istədi. Utanırdım. Lakin görəndən sonra arxayın oldum və bu haqda o birilərə açıqlama verməkdən qurtuldum. Mən olmayanda qardaşım hər şeyi başa salmışdı.
***
Günlər ötürdü. Qardaşım məni tez-tez həkimə aparırdı. Get-gedə ayağım yaxşılaşırdı, lakin hər gün daha çox darıxırdım. Cəbhədə tapdığımın və daddığımın yerini nə məktəb, nə məscid, nə məhəllə, nə də ev verə bilirdi. Müharibənin yalnız xəbərlərini eşidən adi və yeknəsəq şəhər həyatı ilə müqayisədə cəbhə uşaqlarının mənəvi paklığını və səmimiliyini dərk etməyə başlamışdım.
45 gün idi Təbrizdə idim. Bəzən evdə getməkdən danışır, amma çox tez peşman olurdum. Düzdür, cəbhə barədə əvvəlki kimi acıqlılıq yox idi, yumşaq danışırdılar, amma əsas sözləri bu idi ki, hər dəfə cəbhəyə gedəndə yaralanıram və hər dəfə yaralarım pisləşir. Lakin bir gecə gördüyüm yuxu məni nəyin bahasına olursa-olsun, cəbhəyə getməyə vadar etdi. Yuxuda gördüm ki, məktəbdə çiynimə bir əl toxundu. Dönüb gördüm ki, Şəhid Mənuçöhr Simsaridir. O mənə dedi: “Sən nə üçün burada qalmısan?! Gəl, birlikdə gedək». Mən getmədim, amma Xəlil Səburi onunla getdi.1
Bir neçə gündən sonra cəbhəyə ezam xəbərini eşitdim. 1982-ci ilin dekabrında, şəhərdə iki ay davam gətirəndən sonra bütün sözlərə rəğmən, özümü cəbhə yolçularına çatdırdım. Bu dəfə məni başqa bir şey narahat etməyə başladı. Hamı Kürdüstandan danışırdı. Dua edirdim ki, şayiə olsun. Lakin deyəsən, ciddi idi və döyüşçüləri oraya göndərirdilər. Özümü Kürdüstana getməyə heç cür razı sala bilməyəndə ezam müdiri Əvəz Məhəmmədiyə yaxınlaşdım.
– Mən cənuba getmək istəyirəm... Mən Aşura diviziyasına qoşulmaq istəyirəm, əvvəl də orada olmuşam...
İsrarımın faydası olmadı. Nəticədə, hamı getdi, mənsə qəlbisınıq halda evə döndüm.
Yenə Məhəmmədin yanına getdim. Biz bir-birimizi yaxşı başa düşürdük. O, ailəsinin maddi problemlərinə görə işləməyə məcbur idi, mən də yalnız cənub eşqinə düşmüş ürəyimin əsiri olmuşdum. Danışdıq və qərara gəldim ki, təkbaşına cənuba gedim. Düşünürdüm ki, bəlkə mənim kimi başqaları da Kürdüstana getməkdən imtina edib bu günlərdə cənuba yollanarlar. Məhəmməd kömək etməyə hazır idi. Aşura diviziyasının Baxtəranın harasında yerləşdiyini asanlıqla öyrəndim. Öncəki planla, hamam bəhanəsilə cəbhəyə yola düşdüm. Yolda Məhəmmədin dözümlülüyü və məni dəli kimi özünə çəkən cəbhənin cazibəsi haqda düşünürdüm.
II
Avtobusla Baxtərana yola düşdüm. Mənim kimi bir neçə nəfər də Aşura diviziyasının eşqi ilə gedirdi. Xoşbəxtlikdən, təzəlikcə diviziyaya çevrilmiş qərargahın yerləşdiyi yeri tanıyırdım. Ora bir neçə ay öncə ratsiya təlimi keçdiyimiz məktəb idi. Gedib gecəni orada yatdıq.
Cəbhəyə ilk gəldiyimdə təlim yoldaşlarımdan biri Hüseyn Nuri olmuşdu. Onun kəşfiyyat bölüyünə getdiyini eşitmişdim. Tək qalmamaq, məktəb yoldaşım və dostumla bir yerdə olmaq üçün “kəşfiyyat bölüyü” sözünü əzbərləmişdim ki, haraya getmək istədiyimi soruşsalar, söyləyim.
Səhər çağı bölgü müdiri Qəhrəman Zareinin yanına getdim. Salamlaşandan sonra qovluğumu aça-aça soruşdu: «İndi haraya getmək istəyirsən?»
- Kəşfiyyata. Kəşfiyyat bölüyünə getmək istəyirəm.
Elə ciddi və əminliklə dedim ki, sanki uzun müddət kəşfiyyatda olmuşdum. Ürəyimdə deyirdim ki, kimsə məndən kəşfiyyat işinin nədən ibarət olduğunu soruşsa, nə deyəcəyəm? Kəşfiyyat işi haqda təsəvvürüm yalnız ondan-bundan eşitdiklərim idi: “Kəşfiyyatçılar əməliyyat yerini öyrənirlər və hücum gecələrində şəxsi heyəti aparırlar”. Vəssəlam. Qardaş Zarei qovluğumu vərəqləyir, mən də Allaha yalvarırdım ki, kəşfiyyat işindən soruşmasın. Allah mənimlə idi. O, yalnız bunu dedi: «Axı sən orada işləyə bilərsən?»
– Hə, niyə işləmirəm?!
Qovluğuma son dəfə baxıb dedi: «Həm də yaralanmısan?!»
– Yaralanmışdım, artıq sağalıb, problem yoxdur.
Qovluğu bağlayıb yenidən mənə baxdı və təqdimatımı yazdı. Ürəyim rahat oldu. Soruşdum: «Kəşfiyyat bölüyü haradadır?»
– Gərək Dezfula gedəsən. Kəşfiyyat bölüyü Dezfulun Səfiabadında yerləşir. Çantamı götürüb Dezfula gedən maşına mindim. Səfiabada çatana qədər beynimdə kəşfiyyat haqda təsəvvürlər uydurdum, amma yenə də Hüseyn Nurini tapmağı düşünürdüm. Avtomobil dayananda hamımız endik. Ətrafımı süzəndən sonra kəşfiyyat bölüyünü axtarmağa başladım. Bir-bir qapıları döyüb deyirdim: «Salam əleyküm. Kəşfiyyat buradır?»
– Yox, kəşfiyyat zirzəmidədir.
– Bağışlayın, qardaş, kəşfiyyat buradır?
– Kəşfiyyat?! Yox. Məncə, yuxarı qalxmalısan...
– Bağışlayın, bilmirsiniz kəşfiyyat haradadır? Yəni Hüseyn Nuri...
Əlimdə çanta hər bir otağa girdim. Bəziləri lütfkarlıq edib cavab verəndə başlarını qaldırırdılar. Nəhayət, sonradan qərargah rəisinin müavini olduğunu bildiyim bir adam bir tərəfi göstərib dedi: «Onlar qardaş Əsəd Qurbaninin adamlarının yanına gedirlər. Onlarla get. Oradan kəşfiyyat bölüyünü asanlıqla tapa bilərsən».
“Necə sirli bölük! Burada bu qədər adam var, amma biri də kəşfiyyat bölüyünün yerini bilmir! Əgər bu Allah bəndəsi peyda olmasaydı, mən nə edəcəkdim?!” Bunu düşünür və bilmirdim ki, elə əslində, kəşfiyyat bölüyünün işindən kimsə baş açmamalıdır.
Toyotanın yanında iki nəfər dayanmışdı. Ətrafda onlardan başqa heç kim yox idi.
– Bağışlayın, qardaş, siz kəşfiyyat bölüyünün yerini bilirsiniz?
Bunu deyib təqdimatımı göstərdim. Bir qədər qürur qarışmış səslə əlavə etdim: «Məni kəşfiyyat bölüyünə vermişlər».
Mənə və təqdimata baxıb dedilər: «Bir saatdan sonra burada ol».
Bir saatdan sonra üçümüz toyotaya mindik və maşın yerindən sıçradı. Dezfuldan Şuşa getdik. İlk dəfə Daniyal peyğəmbərin ziyarətgahını gördüm. Dayanmadan Şuşdan keçib Fəthülmübin əməliyyatında azad edilmiş dördüncü və beşinci sahələri arxada qoyduq. Növbəti yer Çənanə adlı bir kənd idi. Çənanədən keçəndən sonra gördüklərimlə Fəthülmübin əməliyyatından yadımda qalanları müqayisə eləyə bildim. Fəthülmübin əməliyyatının keçirildiyi bölgəyə çox oxşayırdı. Qumları görüb həmin gecəni xatırladım; kilometrlərlə piyada yol, mina sahələri, minanın partlaması... Bildim ki, Riqabiyyə bölgəsinə gəlmişik. Çənanədən 2-3 kilometr uzaqda təxminən 2 kv. kilometr ərazinin ətrafında istehkam qurmuşdular. Toyota orada dayandı.
– Gəl, bura Aşura diviziyasının düşərgəsidir.
Bu söz də mənə yeni idi. Aşura diviziyasının düşərgəsi iki çadırdan və bir komandir səngərindən ibarət idi! Sonradan öyrəndim ki, oradan şərqə doğru təxminən üç kilometr gedəndən sonra Riqabiyyə boğazına və İraqın Fəthülmübindən öncə əks-hücuma keçdiyi yerə çatmaq olar. Rəzil düşmənin Fəthülmübin əməliyyatından sonra necə böyük və əhəmiyyətli bir ərazini əldən verdiyini görüb sevindim.
Qərargahda əməliyyat planına məxsus çadıra girdik. Öncədən adını eşitdiyim Əsəd Qurbani gəldi və uşaqlar məni ona təqdim etdilər. Mənə dedi ki, burada gözlə. Gözlədiyim müddətdə o və başqa iki-üç nəfər bir kağızın üzərinə tez-tez əyri-üyrü xətlər çəkirdilər. Onların nə etdiklərini bilmir, soruşmağa da cürət etmirdim.
Günəş səmanın ortasına çatmışdı. Səngərin yanında sakitcə və məzlum kimi oturmuşdum. Birdən kəşfiyyat bölüyünə yemək apardıqlarını gördüm. İntizar sona çatmışdı.
– Gəl, gedək, qardaş, kəşfiyyat bölüyü irəlidədir.
Öz-özümə deyirdim ki, İlahi, bura nə üçün belədir? Hərdən də düşünürdüm ki, görəsən, Hüseyn də buranı tapmaqdan ötrü bu qədər əziyyət çəkib, ya yox?
Kəşfiyyat bölüyünün qərargahı diviziyadan bir qədər öndə, Mışdağ yüksəkliyinin şimalında, təxminən Riqabiyyə boğazındakı qum təpələrinin arasında idi. Hündür hissəsində böyük bir ağac olan bir qum təpəsi, bir neçə çadır və sükut! Günorta idi və payız havasında küləklə günəş bir-birinə qarışmışdı. Heç kimin mənimlə işi yox idi. Küləkdən çadırların önünə sığınmış döyüşçülərə yaxınlaşdım: «Bağışlayın, məni kəşfiyyat bölüyünə göndərmişlər, indi nə etməliyəm?»
– Qardaş Təmkininin yanına get.
Bu dəfə də soruşa-soruşa qardaş Təmkinini tapdım: «Bağışlayın, mən...» Təqdimatım bitməmiş adımı-soyadımı soruşub yazdı.
– Neçə dəfə cəbhədə olmusan? Neçə əməliyyatda iştirak etmisən?..
Sualları bitəndən sonra dedi: «Bayırda gözlə, hansı çadıra gedəcəyini deyəcəyəm».
Bir çadırın önündə üç nəfər üzügünəşə oturmuşdu. Onların da kəşfiyyat bölüyündən olduqlarını, gec-tez tanış olacağımı düşünüb yaxınlaşdım. Başlamağa sözüm yox idi. Yaxınlaşanda isə onlardan biri mənə çox tanış gəldi. Gözüm onda idi və adını xatırlamağa çalışırdım. Birdən dedi: «Haralısan?»
– Təbrizdən.
– Hansı məhəllədən?
– Müfəttihdən.
– Şəkilli məscidini tanıyırsan?
– Bəli.
– Onda oranın müdiri Rəhim Sarimini də tanıyarsan.
Yadıma düşdü. O, Rəhim Sarimi idi. Biz danışanda o biri iki nəfər gizlicə gülürdülər. Elə bildim ki, uşaq görüb ələ salırlar. Üzümdə saqqal olmasa da, özümü ələ salınmayacaq qədər böyük hiss edirdim. Məni əvvəldən tanımaqlarını və məzlum birisi olmadığımı bilmələrini istəyirdim.
– Necə adamdır?
Bunu Rəhim Sarimi soruşdu. Mən də gözlətməyib dərhal cavab verdim: «Çox səfeh adamdır!»
Onun gülər üzü ciddiləşdi və dostlarının qəhqəhəsi ucaldı. Ürəyim soyudu. Yenidən gəzişməyə başladım. Yer qum idi, gəzdikcə xoşuma gəlirdi. Bəzi bərk torpaq hissələrindən bir neçə gün öncəki yağışı təxmin etmək olurdu. Sərin külək üzümə dəyib saçımı qarışdırırdı.
Çadırlardan uzaqda təxminən həmyaşıdım olan bir nəfəri gördüm. İşinə diqqətlə baxanda çox xoşum gəldi. Orada siçan çox idi. O, bir kalaşnikov avtomatı ilə siçan yuvasının dəliyini nişan almışdı. Arabir atəş açırdı və gülüş səsindən bilirdim ki, siçan ovlayıb. Bu dəfə özüm qabağa düşdüm. Kəşfiyyat bölüyündə öz yaşıdımı görmək maraqlı idi və məni ruhlandırdı. Deyəsən, o da mənim kimi düşünürdü. Çox tez dostlaşdıq. Adı Cəlal Məcidi idi.
Günəş soyumaqda ikən komandir səngərinin önündə bir motosiklet dayandı. İki nəfər mənə maraqlı gələn xüsusi jestlə motosikletdən enib çadıra girdi. Onlar kəşfiyyat bölüyündən Əbdi1 və Həmidnejad adlı döyüşçülər idilər. Güman ki səngərdə mənim təqdimatımı qardaş Əbdiyə göstərib yeni döyüşçü olduğumu demişdilər. Qardaş Həmidnejad da demişdi ki, onu mənə verin.
Beləliklə, komanda başçımız qardaş Həmidnejadın arxasınca çadıra girdim. Çadırda məndən başqa da yeni gələnlər vardı. Bizdən öncə çadırda olan və sona qədər orada qalan yeganə adam isə Fərəc Fəllah idi. O, ağıllı və aktiv idi, işlərində dəqiq olduğu bilinirdi və bu, onu digərlərindən çox sevməyimə kifayət edirdi.
III
Kəşfiyyat bölüyündəki ikinci günümdə qardaş Əbdi hamını toplayıb dedi: «Siz kəşfiyyat bölüyünə yeni gəlmisiniz, gərək təlim keçəsiniz».
Həmin gün qumların üstündə güclə hərəkət edən bir maşınla təxminən 20 kilometr gedəndən sonra diviziyanın Çənanədəki düşərgəsinə çatdıq. Təlim orada olacaqdı. Girişdə, nəzarət-buraxılış məntəqəsinin yanındakı hündür bir raket diqqətimi çəkdi.
Maşından enən kimi iki çadır qurmaq əmri verildi. Köməkləşib çadırları hazırladıq. Qardaş Rəhim Surudiyə biz on beş nəfəri toplamaq işi tapşırılmışdı. İlk söhbətlərdən öyrəndim ki, əvvəla, diviziya komandirinin və təbliğat bölüyünün çadırları da orada yerləşir; ikincisi isə bu yaxınlarda həmin mövqeləri üçmetrlik raketlərlə vurmuşlar və iki raket partlamamışdır. Nəzarət-buraxılış məntəqəsinin uşaqları qarnizonun əzəmətini artırmaqdan ötrü raketlərin birini zərərsizləşdirmədən darvazanın yanında dikinə qoymuşlar.
Bəxtimizdən təlim yeri komandir otağının yanında idi və biz diviziya komandirimizi tez-tez görürdük. Qardaş Mehdi Bakiri birinci, ikinci və doqquzuncu briqadaların təşkili ilə məşğul idi və qərargahda az olurdu. Biz ən azı, iki gündən bir onu görürdük.
Qardaş Surudi təlimə kompası öyrətməklə başladı. Rus kompasları ilə gediş-gəliş yolunun koordinatlarını, nişan nöqtəsini və koordinat saylarını öyrənirdik. Maneələrdən keçid və digər məsələlər də kəşfiyyat qrupuna xas təlimlərdən idi.
İlk bir neçə gündə Hüseyni axtarmaqla məşğul idim, amma onu heç kim tanımırdı.
– Qəribədir! Bəs o, hansı kəşfiyyat bölüyünə gedib?
Cavabım yox idi. Sonralar öyrəndim ki, Hüseyn Qasim batalyonunun kəşfiyyatına getmişdir. Uzun müddət onu görmədim, amma başqa bir Hüseynlə tanış oldum və çox tez dostlaşdıq. Hüseyn Səfaşur bölükdə tapdığım ilk Hüseyn idi. Bir əli hissiyyatsız idi, amma özü bu haqda heç nə demirdi.1 Təxminən həmişə bir yerdə idik və bu yoldaşlığın nəticəsi top kimi bütün diviziyaya səs salan dəcəlliklər olurdu. Fəthülmübin əməliyyatı bölgəsində güllə, barıt və digər partladıcı maddələri asanlıqla tapmaq olurdu. Hüseynin partladıcı maddələrə xüsusi marağı vardı. Orada sursat qalıqlarını bir yerə toplayıb yandırır, özümüz də gizlənirdik. Tezliklə işimiz elə bir həddə çatdı ki, bu işləri diviziyanın içində də görməyə başladıq.
– Gəl bu barıtları boş top mərmisinin içinə yığaq, üstünə də daş töküb yandıraq, görək nə olur.
Mən təklif etdim, Hüseyn də qəbul etdi. Böyük top mərmilərindən birini RPG barıtı ilə doldurub ağzını daşla sıx örtdük. Uzun top barıtlarından birini də içinə qoyduq, yandırıb özümüz istehkamın arxasında gizləndik. Barıt yananda mərmi böyük gurultu ilə yerdə hərəkətə başladı. O, öz dövrəsinə fırlanır, atılıb-düşürdü. O qədər güclü səs çıxarırdı ki, diviziyanın bütün uşaqları sığınacaqlara çəkildilər və bir neçə dəqiqə heç kim bayıra çıxmadı.
Raket yağışı hələ uşaqların yadında idi və hamı bunun da yeni silah olduğunu düşünürdü. Kustar mərmimizin işi bizə də gözlənilməz idi. Utana-utana istehkamın arxasından çıxıb uşaqlara qarışdıq ki, bizdən şübhələnməsinlər.
– Bunu kim elədi? Allah bəndələri, nə üçün belə edirsiniz?!
Mehdi Bakiri idi. Elə hirslə danışırdı ki, başımızı qaldırmağa cəsarət etmədik. İşimizi boynumuza almadıq, amma qərara gəldik ki, bundan sonra diviziyanın içində belə işlər görməyək.
Bir neçə gündən sonra düşərgənin yanına düşmüş və partlamamış üçmetrlik raket gözümüzü tutdu. Köməkləşib onu yuxarı qaldırdıq, yüz addım atıb geri çəkildik, yüzmetrlik məsafədən kalaşnikovla vurmağı mərc etdik. Əsla fikirləşmirdik ki, raket kiçik bir zərbə ilə partlaya bilər. Xoşbəxtlikdən, güllələr raketə dəymədi, əks-təqdirdə, qəlpələri böyük bir əraziyə yayılar və güclü partlayış baş verərdi.
Get-gedə diviziyanın uşaqları arasında məşhurlaşdıq, yavaş-yavaş fikir bildirməyə də cürət etdik. Uşaqlar düşünürdülər ki, Təkağacda olan kəşfiyyat bölməsi bizi istismar edir, kəşfiyyatın bütün imkanları oraya göndərilir və bizə heç nə verilmir. Onlarda motosiklet, maqnitofon, gödəkcə, paltar, çoxlu qida məhsulları və digər əşyalar vardı, bizim iki çadırımızda isə bunların heç biri yox idi. Bir dəfə Hüseyn Səfaşurla bu mövzu ətrafında fikir mübadiləsi apardıq. Dərhal başçımız qardaş Rəhim Surudinin yanına gedib dedik: “Ağa Rəhim, gecə kompasla gedib Təkağacdakı kəşfiyyat çadırlarına baş çəkəkmi?”
– Eybi yox, yaxşı olar.
Həmin axşam bütün on beş nəfər sıraya düzülüb öncədən xəritə üzərində təyin etdiyimiz mövqeyi kompasla tapıb Təkağaca yola düşdük. Həmişəki yolla deyil, kəsə yolla gedirdik. Yol çox gözəl idi, ağaclar, yaşıl otlar, qum, dərə və təpələr ay işığının altında çox qəşəng görünürdü. Gecə vaxtı dostlarla birgə mövqe təyin etməyə getmək zövqlü bir iş idi və mən bunu ilk dəfə idi təcrübə edirdim. Tək ağacı görəndə dayandıq. Kəşfiyyatın çadırları təpənin aşağısında idi və ətrafda heç bir keşikçi görünmürdü. Dairə şəklində toplandıq. Rəhim əli ilə qumların üstündə təxmini bir xəritə çəkdi: «Bura komandir çadırıdır, bura təchizat anbarıdır. Bizim işimiz bu iki çadırdadır».
– Uşaqlar, maqnitofon yaddan çıxmasın.
– Yaxşı, maqnitofonu kim götürəcək?
Hüseyn komandir çadırından maqnitofonu götürməyə könüllü oldu. Ərzaq anbarından əşyaları götürmək səs sala bilərdi. Bundan ötrü bir şey fikirləşdik. Təchizat bölməsinin başçısı İlayi idi və adətən, ərzaq çadırında yatırdı. Danışdıq ki, əldə çəfiyə başının üstündə dayanaq; əgər oyanıb səs salmaq istəsə, əl-ayaqlarını və ağzını bağlayaq.
Hər kəs öz tapşırığının ardınca getdi. İki nəfər motosikletləri, Səfaşur maqnitofonu götürdü. Biz də yavaşca on beş gödəkcə ayırdıq və yaxınlıqdakı təmiz hərbi formalardan götürdük. Təxminən on qutu xurma və bir qədər də digər məhsullardan toplayıb təyin etdiyimiz vaxtda yolun kənarında hazır olduq. Ağır əşyaları motosikletlərə yığıb Çənanədəki çadırlarımıza yola düşdük. Bir saatdan sonra götürdüyümüz əşyaları qərargahda gizlətdik. Motosikletləri gizlətməyə isə bir yer tapmadıq və onlar çadırın yanında qaldı. Hələ günəş tam qalxmamış bir avtomobil sürətlə düşərgəyə girdi. İlayi avtomobildən endi. Biz onu gördük, o da motosikletləri. O, Marağadan idi. Əsəbiləşib Marağa ləhcəsi ilə qışqırmağa başladı: «Bunları kim gətirib?»
Haqlı görkəm alıb dedik: «Biz gətirdik. Siz vermirdiniz, biz də fikirləşdik ki, öz haqqımızı özümüz götürək».
Qardaş İlayi bizimlə bacarmadığını görüb birbaş ağa Mehdinin yanına getdi. Ağa Mehdi dəstəmaz alırdı.1 O qədər nadinclik etmişdik ki, düşərgədə kim bir şuluq salsaydı, deyirdilər ki, yəqin kəşfiyyat bölüyündəndir. Belə bir şəraitdə ağa Mehdinin reaksiyasının necə olacağını bilmirdik.
– Ağa Mehdi, bunlar gecə vaxtı gəlib iki motosiklet, bir maqnitofon oğurlayıblar, anbarı boşaldıblar...
İlayi narahat halda bizdən ağa Mehdiyə şikayət edirdi. Ağa Mehdinin səsi isə sakit idi: «Gəlin bura görüm». Adlı-sanlı nadinclərin iki-üçü önə çıxdı. Hər şeydən öncə soruşdu: «Gecə vaxtı oraya necə getdiniz?»
– Ağa Mehdi, oraya kompasla getdik. Bu, bir təlim idi; əşyaları götürdük və geri döndük.
Baxışından bilinirdi ki, nəinki hirsli deyil, həm də uşaqların işi ona maraqlı gəlib. Gülüb dedi: «Motosikletlərin biri sizin, o birini isə qaytarın. Maqnitofonu da özlərinə verin. Qalan şeylər isə halal haqqınızdır!»
Dostları ilə paylaş: |