Şəhadət aşiqləri



Yüklə 9,35 Mb.
səhifə49/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   ...   45   46   47   48   49   50   51   52   ...   73

İlk kəşfiyyat


I

Düşərgəyə get-gəl çoxalmışdı. Komandir çadırında keçirilən iclaslar əməliyyatın yaxınlaşdığına dair fikirləri təsdiqləyirdi. Bir gün qardaş Əbdi və qardaş Rza Əhmədi komandir çadırından çıxıb bizim çadırımıza gəldilər. Əllərində göydən çəkilmiş bir foto vardı və ona baxıb danışırdılar. Kəşfiyyata yeni gəldiyimizdən bizim bir şey anlamayacağımızı düşünmələri təbii idi. Dedikləri bölgələrin adları mənə tanış idi. Rza Əhmədi əlini şəklin üzərinə qoymuşdu: «Bura Mışdağdır, bura Riqabiyyə düzü, bu yol isə...»

Şəklə diqqətlə baxıb Fəthülmübin əməliyyatının keçirildiyi bölgəni təsəvvürümdə canlandıra bildim. Şəkildə görünən bəzi yerlərin adları yadıma düşdü, özümü saxlaya bilməyib dedim: «Qardaş Əhmədi, buraya baxın, bu, kanaldır, bura Xələf-Şəmbəldir, bura da...»

– Sən bunları haradan bilirsən?

– Biz burada əməliyyatda olmuşuq.

Rza Əhmədi bir mənə, bir də şəklə baxdı, sonra qardaş Əbdiyə dedi: «Ağa Əbdi, bunu ver mənim komandama».

Beləliklə, qardaş Əhmədi ilə Təkağacdakı kəşfiyyat bölməsinə getdim. Yolda fikirləşirdim ki, birdən bölgəyə dair məlumatım yanlış olar və tezliklə səhvim bilinər. Lakin çox tezliklə bildim ki, onlar da bölgəni yeni öyrənmiş və sözlərimi eşidəndə məlumatlı olduğumu düşünmüşlər. Təsadüfən, mən də bunu istəyirdim. Mən bölüyün bığsız-saqqalsız üzvlərindən idim və bu kimi məsələlərdə mənim kimilərə diqqət yetirmirdilər. İndi isə qardaş Əhmədinin özü məni önə çəkirdi.

***


Hüseyn Səfaşur, Rza Əhmədi, Rəhim Sarimi, Əlirza Həsənzadə, Firuz Vüfuri və Seyid Sadiq Eyvəzi1 ilə birgə Aşura diviziyasının ikinci briqadasının kəşfiyyat bölüyünün əsas heyətini təşkil etdik. Əmr verilmişdi ki, hər briqadanın öz kəşfiyyat bölüyü olsun, biz də həmin bir neçə nəfərlə ikinci briqadanın kəşfiyyatını yaratdıq. Orada mənimlə Firuz Vüfuridən başqa hamısı təcrübəli kəşfiyyatçılar idilər, məqamı gəlincə təcrübə və bacarıqları üzə çıxırdı. İlk günlərdə eşitdiklərim bölgəyə dair ümumi məlumatlar idi.

Bəzi adlar mənə tanış idi, bəzən də eşitdiklərimə təəccüblənirdim. Məsələn, deyirdilər ki, burada ordunun müdafiə xətti var və hər 2 kilometrdən bir tank yerləşdirmişlər. İki tank arasında məsafə çox idi və mən öz-özümə düşünürdüm: «Kimsə düşünməyibmi ki, düşmən gecə vaxtı bu ikikilometrlik məsafədən asanlıqla bir korpus yeridə bilər?! Yoxsa bilirlər və imkan azlığına görə başqa yolları yoxdur?!”

Şəhid Behişti adına müşahidə postu 70 metr hündürlüyü olan bir təpənin başında idi. Bölgənin ən hündür yeri 82 metr idi və onun üzərində düşmənin müşahidə postu vardı. Seyid Sadiq Eyvəzi ilə bir neçə dəfə oraya durbinlə baxmağa getdik. İşin həssaslığını bundan da bilmək olurdu. Elə bilirdim ki, üç-dörd nəfərin düşmənin içinə girib bölgəni öyrənməsi hər kəsin işi deyil.

Tezliklə mənə də kəşfiyyata getmək əmr olundu. Daxili həyəcanımdan kimsəyə bir söz deməmişdim. Hərəkətdən öncə bölgənin həssaslığını və işin əhəmiyyətini izah etdilər və oraya dair bizdə ümumi təsəvvür yarandı: mühüm və hündür təpələr hansılardır, haradadır və s. Təhlükəsizlik məsələlərini də xatırlatdılar ki, əsir düşsəm, məsələ necə olacaq və nə etməliyəm.

Hərəkətə Riqabiyya düzündə «Beyt Raşid» və «Beyt Bis» neft quyularını birləşdirən və Çənanənin önündən keçən yoldan başladıq. Qumluqda 6 km. piyada gedəndən sonra Dərbədiyyə bölgəsinə çatmalıydıq. Dərbədiyyə Abbas düzünü Xələf-Şəmbəl düzünə birləşdirən yeganə yol idi. Oradan keçəndən sonra kəşfiyyat bölgəsinə yaxınlaşacaqdıq. Orada qaçaqçıların müharibədən öncə istifadə etdiyi bir keçid vardı. Fəthülmübin əməliyyatından sonra bizimkilər Dərbədiyyə çalasının hər iki tərəfindəki təpələrin üstündə ara-sıra səngər düzəldib pusqu qurmuşdular. Lakin onların qüvvə və imkanları az idi. Ondan o tərəf haqda məlumat toplamaqdan ötrü isə hələ tanımadığımız yerlərə keçməli idik.

Səhər saat 10-da yola düşdük. Kəşfiyyat komandasının başçısı Əlirza Həsənzadə idi. Çox yavaş yeriyirdik. Dərbədiyyədən bölgəyə girib 3 km. gedəndən sonra İrzal-1 bölgəsinə çatdıq. Bir neçə söyüd ağacı ilə əhatə olunmuş İrzal-1-dən qərbə doğru təxminən 1 km. yarım irəliləyib İrzal-2 adlı oxşar mövqeyə, eyni istiqamətdə hərəkətə davam edib 5 km.-dən sonra bircə söyüd ağacının olduğu yerə çatdıq. Təsadüfən, o yerə də Təkağac deyirdilər və ora bizim ilk kəşfiyyatımızın sonu idi. Günorta saat üçdə heç bir xüsusi hadisə ilə rastlaşmadan çadırlarımızın yerləşdiyi Təkağaca qayıtdıq.

İkinci kəşfiyyatım isə gecə vaxtı baş tutdu. Bu dəfə Seyid Sadiq Eyvəzinin başçılığı ilə hərəkət etdik. Hələ əməliyyat yolu çəkilmədiyindən Dərbədiyyəyə qədər piyada getməyə məcbur olduq. Oradakı qüvvə və imkanlarımız bir pusqu qədərincə olmasa da, ora bizim mövqeyimiz sayılırdı.

İrzal-1, İrzal-2 və söyüd ağacı mənə tanış idi, amma söyüd ağacından Xala doğru davam edəndə ürəyimə qəribə qorxu düşdü. Dərbədiyyə kimi Xal da qumluq idi və qaçaqçılar sərhəddən keçmək üçün oradan istifadə edirdilər. Düşmən Xalın ətrafındakı təpələrdə pusqu qurmuş, özünü də minalamışdı.

Gecə əməliyyatında iştirak etmiş və hətta düşmənin pusqusu ilə vuruşmuşdum. İndi isə sayımız çox az idi. Düşünürdüm ki, görəsən, düşmənlər bizim burada olduğumuzu bilsələr, nə baş verər.

Söyüd ağacından Xala qədər məsafə 2 km.-dən bir qədər artıq idi. Sanki qum təpələri kəlbətin dəstəyi kimi oranı mühasirəyə almışdı. Dərbədiyyəyə girəndə sanki kəlbətinə daxil olur, Xala çatanda isə çıxırdıq. Xala yaxınlaşdıqca qorxum da artırdı. Düşmən Xala yaxın təpələrdə pusqu qurmuşdu. Biz hətta lampaların zəif işığını da görə bilirdik. Hər tərəf bir-birinə bənzəyirdi, yalnız kompasın köməyi ilə hərəkət etmək olurdu. Yer salamat idi, hələ orada döyüş baş verməmişdi. Qışın yağışları təpələrin bəzi yerlərində otlar bitirmişdi. Qum tozunun qarşısını almaq üçün ağaclar əkmiş, bəzi yerlərə göydən qır səpmişdilər.

Xala yaxınlaşanda Eyvəzi dayanıb dedi: «Xaldan sonrakı sahənin minalanma ehtimalı çoxdur. Yaxşı olar ki, mina haqda daha çox məlumatı olan bir nəfər öndə getsin. Əgər mənim başıma bir iş gəlsə, bölgəni yaxşı tanımadığınıza görə burada sərgərdan olarsınız. Kim istəyirsə, önə keçsin». Uşaqların arxasında gizləndim.

Mina zərərsizləşdirmə təlimi keçmişdik, amma elə qaranlıqda və düşmənin yaxınlığında mina zərərsizləşdirmək hər kəsin işi deyildi. Hüseyn Səfaşur mətanətlə və əminliklə önə keçdi, biz də onun arxasınca yola düşdük. Xalın içində 1 km. gedəndən sonra hava işıqlanmağa başladı. O şəraitdə kəşfiyyatı davam etdirmək təxminən imkansız idi. Buna görə də, getdiyimiz yolla geri döndük və növbəti kəşfiyyat həyəcanı bununla başa çatdı.

Bu təcrübələrdən sonra gün ərzində dəfələrlə Xala gedib heç bir problemlə rastlaşmadan işimizi görüb qayıtdıq. Əslində, problem Xaldan sonra idi. Dərbədiyyədən Xala qədər 9 km. gedib-gələndən sonra komandirlərin ehtiyat xəbərdarlıqlarını eşidəndə öz-özümüzə deyirdim: «Bunlar da bizi ələ salıblar. Bu qədər ehtiyatla düz-əməlli kəşfiyyat aparmaq olmaz».

Bir dəfə Dərbədiyyədən Xala gedəndə bir avtomobil izi gördüm. Yoldaşımdan soruşdum ki, axı avtomobil burada nə edirmiş?! Biz Dərbədiyyəyə qədər 6 km. piyada, oradan da Xala yenə ehtiyatla gedirik, amma avtomobil buraya qədər gəlib...

– Yəqin iraqlıların imiş. Bizim uşaqlarımızın belə ehtiyatsızlıq etmələri mümkün deyil.

Bir neçə gündən sonra öyrəndik ki, Sepahın komandirləri, o cümlədən, Quru qoşunlarının ovaxtkı komandanı qardaş Həsən Baqiri söyüd ağacına qədər maşınla gedirmişlər. Ondan sonra biz də ürəkləndik: «Kəşfiyyatçı qorxsa, bir iş görə bilməz!»


II

Vəlfəcr-hazırlıq əməliyyatı bölgəsində kəşfiyyata gedərkən ilk dəfə sistemli maneələrlə rastlaşdıq. Əvvəlcə tikanlı məftillər vardı, sonra minalanmış sahə gəlirdi; fişəng minaları, piyada, avtomobil və tank əleyhinə minalar cərgə ilə düzülmüşdü. Minalanmış sahədən sonra 200 metr boş ərazi vardı, ondan sonra yenə tikanlı məftillər, ardınca minalanmış sahə, sonra yenə 200 metr boş yer və sair. Maneələr İraq mövqeləri boyunca bu formada və 1 kilometr enində yaradılmışdı. Maneələrdən sonra eni 6 metr olan birinci kanala çatırdıq. Birinci kanaldan sonra yenə 1-2 kilometr enində sıx tikanlı məftil və minalarla dolu bir maneə gəlirdi. İkinci kanaldan sonra da müxtəlif formalı tikanlı məftillər və digər maneələr vardı. İlk müdafiə qüvvələri bütün bu maneələrin arxasında idi. Bundan əlavə, maneələrin arasındakı 2 kilometrlik ərazidə düşmən qüvvələri və pusqular yerləşmişdilər. Düşmən çox peşəkar iş görmüşdü. Təxminən qeyri-klassik və partizan kimi vuruşduğumuza görə elə geniş maneələr bizə təəccüblü gəlirdi. Həmin bölgə bir çox cəhətlərinə görə düşmənə önəmli idi. Səbəblərdən biri Bizirqan neft quyularının və əl-İmarə şəhərinin o istiqamətdə yerləşməsi idi. Bu maneə və kanalların arxasından keçən əl-İmarə-Bəsrə avtobanı İraqın şərqini cənub şərqinə birləşdirən yeganə yol idi. Arxadakı «Hur əl-himar» çayı böyük bir təbii maneə kimi alternativ yol salmağı imkansız edirdi. Elə Vəlfəcr-hazırlıq əməliyyatının məqsədi də İraqın şərq və cənub-şərq cəbhələrini bir-birindən ayırmaq, Bəsrə-əl-İmarə yolunu bağlamaq idi. Belə olduqda düşmən aşağıdakı cəbhələrini gücləndirə bilməyəcəkdi. Bölgənin əhəmiyyətini artıran başqa bir məsələ Dəclə çayı üzərindəki əl-Zeyr körpüləri idi. Avtobanın bir hissəsi həmin körpünün üzərindən keçirdi. Körpünün əhəmiyyəti barədə bunu demək yetər ki, onu təxminən bir briqada qoruyurdu. O körpü partladılsaydı, düşmənin yeni bir körpü salmaq üçün uzun zamana ehtiyacı olacaqdı və bu bizim üçün böyük uğur sayılardı. Müharibədə tam dağılmış sərhəd zastavalarımız İraq maneələrinin içində qalmış, onların əlaqə yolları get-gedə dağılıb itmişdi.

Bunlara əsasən, İraq tərəfi sərhəddə bir müdafiə mövqeyi qurub bölgə və maneələr üzərində ciddi iş görmüşdü.

Biz 70 saylı təpənin başında oturmuşduq. Birdən Çəmu bölgəsinə kəşfiyyata getmiş uşaqların qışqıra-qışqıra sürətlə bizə tərəf qaçdıqlarını gördük. Onların arxasınca bir SUV avtomobili gəlirdi.

– Baxın, maşın uşaqları qatır!

Durbindən baxıb Əlirza Həsənzadəni və Rəhim Sarimini tanıdım. Əlirza qaça-qaça qumqumasının suyunu boşaldırdı. Rəhim Sarimi də qışqırırdı: «Hazır olun! Hazır olun!» Tez təpədən endik. Avtomobil təpənin yanında dayananda düşərgədəki kəşfiyyatdan olduqlarını bildik. Uşaqlar çox ləhləyirdilər; avtomobilin düşmənə aid olduğunu düşünüb bir neçə kilometr qaçmışdılar.

Eşitmişdik ki, bölgədə işləyən digər diviziyaların uşaqları bir neçə dəfə İraq kəşfiyyatçıları ilə rastlaşmışlar. Sonuncu dəfə isə Həzrət Rəsul diviziyasının kəşfiyyatçılarından birinin düşmən tərəfindən əsir tutulduğunu eşitmişdik.

Zaman ötdükcə briqadada kəşfiyyatçı çatışmazlığı özünü göstərirdi. Briqadanın kəşfiyyatçılarının bir qismi öz bacarıqlarını göstərmişdilər, azsaylı bir qismin də kəşfiyyat bölüyünə uyğun olmadığı üzə çıxmışdı. Nəhayət, kəşfiyyat bölüyünə bir qədər döyüşçü verdilər, amma əksəriyyəti işə yaramırdı. Onların bəzisini görəndə düşünürdük ki, axı cəbhəyə ilk dəfə gəlmiş bu uşaqlar necə bu bölüyə düşmüşlər! Bir neçə ayın içində özümün bu bölüyə gələrkən “kəşfiyyat” sözünün mənasını və kəşfiyyatçının işinin nədən ibarət olduğunu bilmədiyim günləri unutmuşdum. O vaxt bir dostumu axtara-axtara gəlib kəşfiyyata çıxmışdım. Mehdi Təcəllayi,1 Mehdi Dalani, Möhsün Əsməi, Mehdi Salmanpur, Məhəmmədrza Bəni-Həsən və Hüseyn Nuri də briqadanın kəşfiyyat bölüyünə qoşulanlardan idilər. Onların gəlişindən sonra qardaş Rza Əhmədi briqadanın kəşfiyyat bölüyünə komandir təyin olundu. O, özünə iki müavin götürdü: Bəni-Həsən icra işləri üzrə, Rəhim Sarimi isə əməliyyat üzrə. Onda kəşfiyyat bölüyünə avtomobil də verdilər. Uşaqların sözü ilə desəm, bölüyün vəziyyəti yavaş-yavaş yaxşılaşırdı.

Dəyişikliklər davam edirdi. Sepah əməliyyat korpusları yaratmağa başlamışdı. Bu məqsədlə Həzrət Rəsul, Aşura və Nəsr diviziyalarından ibarət on birinci Qədr korpusu yaradıldı. Qardaş Abbas Kərimi Qədr korpusunun kəşfiyyat bölüyünün, Məsud Şücaifər də Aşura diviziyasının kəşfiyyat bölüyünün komandiri təyin olundu. Tezliklə Həzrət Rəsul diviziyasının kəşfiyyat qüvvələri də Təkağaca gəldilər və ondan sonra təxminən müştərək fəaliyyətlər başladı. Həzrət Rəsul diviziyasının bəzi kəşfiyyatçıları Aşura diviziyasının hücumçu qüvvələrinə yol göstərirdilər, bizimkilərin də bəzisi hücum gecələrində bələdçilik üçün Həzrət Rəsul diviziyasına qoşulurdular.

Həzrət Rəsul diviziyasının kəşfiyyat bölüyünün rəhbərlərindən olan qardaş Hüseyn Allahkərəm bəzən Qədr korpusunun kəşfiyyatçıları önündə çıxış edirdi. Əməliyyatda qələbə çalacağımız təqdirdə bizə verdiyi vədlər xoşumuza gəlirdi. O, bəlkə də uşaqları ruhlandırmaq üçün hərbi vəzifə və rütbə sözü verirdi.

Həmin günlərdə düşmən mediası yalançı qələbələrindən dəm vurur, hətta əsirlərin adlarını da çəkirdi. İraqlıların məni də “əsir tutduqlarını” eşidəndə təəccübdən mat qaldım. İraq ordusunun kəşfiyyat şəbəkəsi nə qədər fəal imiş! Aşura diviziyasının ikinci qərargahından olan 200 əsirin içində mənim və Məhəmmədbaqir İbadinin1 də adı çəkilirdi. Düşmənin bu psixoloji hücumu həm döyüşçüləri, həm də yeganə məlumat mənbəyi radio və televiziyalar olan xalqı ruhdan salırdı. Düşmənin bu təbliğatı yalnız radio ilə məhdudlaşmırdı. Get-gedə uşaqların arasında da qəribə pıçıltılar yayılmağa başladı.

Bir neçə gün idi Qasim batalyonuna get-gəlimiz çoxalmışdı. Kəşfiyyat işində irəliləyişlərdən sonra batalyon və bölük komandirlərini bölgəyə aparıb yerləri yaxından göstərirdik. Qasim batalyonu düşmən mövqelərini yaran ilk hücumçu idi, biz də onun kəşfiyyatçısı. Batalyonun komandiri Yasir Zirək, müavini də Məhəmmədbaqir İbadi idi. Mən onların hər ikisini öncədən tanıyırdım. Onların orada olması mənim batalyona daha çox getməyimə yaxşı bəhanə olmuşdu. Bir dəfə Qasim batalyonunun komandir çadırına girəndə həmişəkindən çox deyib-güldüklərini gördüm. Biri dedi: «Hə, biri də İmam Mehdini (ə) görüb!»

– Bu nə deməkdir?! İmam Mehdini (ə) görməyə gülərlər?!

– Bilmirsən özlərindən necə əmrlər çıxarıblar! Guya ağa deyib ki, əməliyyata başlasanız, mütləq məğlub olacaqsınız. Çünki İmam Mehdi (ə) duasını oxumursunuz!

– Guya birinə də deyib ki, mən kanalın içindəki balonların arxasında gizlənmişəm...

Uşaqlarda olan bu məlumatlara təəccübləndim. Biz o vaxta qədər kanal və düşmənin partlayıcı maddələrlə doldurduğu balonlar haqda kimsəyə söz açmamışdıq. Hücum gecəsi ümumi məlumatlandırmadan öncə bu informasiyaların yayılması əməliyyatın üstünün açılmasına səbəb olardı. Lakin iş o yerə çatmışdı ki, hər kəsin dilindən geniş informasiya ala bilirdik. İmam Mehdi (ə) ilə görüş iddiasında olanlar get-gedə heç kimlə danışmadılar. Bir dəfə bölgə haqda məlumat vermək üçün batalyonun komandir çadırına getmişdim. Oraya özünü lallığa vurmuş bir adamı gətirdilər. O, kağızın üzərinə belə yazdı: «Fərəc duası oxumadığınıza görə sizinlə danışmıram».

– Mənim qardaşım, İmam Mehdi (ə) ilə görüşən adamın bu qədər ağlı olar ki, bu əlaqəni qorusun və ona-buna deməklə gözdən salmasın.

Bunları çox deyirdik. Bu işlərin mənfi təsiri o qədər böyük idi ki, döyüşçülər komandirlərin sözlərinə qulaq asmırdılar. Onlar uşaqların həssas nöqtələri üzərində dayanırdılar. Bəzi döyüşçülər inanırdılar ki, kimsə İmam Mehdi (ə) ilə görüşdüyünü desə və bir qədər də özünə ətir vursa, həqiqətən də görmüşdür.

Yalan-doğru məlumatlar və bəzi xurafatlar çox yayılmışdı. Bir dəfə batalyon uşaqlarının camaat namazına qatıldım. İmamlıq edən ruhani deyirdi: «Əsla qorxmayın, çətin bir şey yoxdur. Yalnız iki kanal var, bir qədər minalanmış sahə, tikanlı məftillər və qum üstündə yürüş. Bunları keçəndən sonra düşməni məhv edəcəksiniz!» Təəccübümdən qışqırmağa qalmışdım. Onun sözləri iki namaz arasındakı dini söhbətdən çox əməliyyatdan az öncə verilən informasiyaya bənzəyirdi.

Tezliklə digər batalyon və diviziyalarda da oxşar cərəyanların olduğunu öyrəndik. Mənbənin eyni olduğu bəlli idi. Diviziyanın birinci briqadasında iki nəfər də İmam Mehdini (ə) görmüş və uşaqların arasında yeni məlumatlar yaymışdılar. Tezliklə kəşfiyyatçılardan da bir nəfər imamı “gördü”. Adət üzrə bu məlumat da ağız-ağız dolaşdı. Bu cərəyanı susdurmaq üçün ciddi qərar verildi. Diviziya komandirinin əmri ilə Aşura diviziyasında belə xəbərlərin mənbəyi olan döyüşçülər həbs olundular. Onların bəzisinə qamçı cəzası verildi, bəzisi də cəbhədən qovuldular. Beləliklə, bu yalanlar bitdi.

Hər gün ötdükcə batalyonlar əməliyyatda iştirak etməyə daha çox hazırlaşırdılar. Təlimlər ciddiləşmişdi. Maneələri aşmaq üçün təlimlər keçirilir, saatlarla yük çantası ilə piyada yol gedirdilər. Bu, gündəlik təlim idi.

Onlar gecələr təlimə gedib sübh namazına yaxın qayıdırdılar. Əməliyyatda iştirak etmək üçün fiziki hazırlıq baxımından belə məşqlər vacib idi. Maneə və kanallardan keçmək problemi nərdivan vasitəsilə həll olunmuşdu. Qərara alınmışdı ki, hər dəstə özü ilə 6 metr uzunluğunda iki nərdivan götürsün. Altımetrlik nərdivanı aparmağın çətin olduğu bilinəndə hər nərdivanı iki-üçmetrlik hissəyə böldülər. Nərdivanların kiçik bir qismi alüminiumdan, qalanı isə dəmirdən idi. Bundan əlavə hər bir döyüşçünün yük çantası və silahları da vardı. Düşünürdüm ki, uşaqlar bu ağır yüklə qum üstündə kilometrlərlə yol gedib yorulandan sonra maneələri aşmalı, pusqu ilə vuruşmalı və mövqeni təmizləməlidirlər. Görəsən, bunu bacaracaqlarmı?!



Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin