Şəhadət aşiqləri



Yüklə 9,35 Mb.
səhifə51/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   ...   47   48   49   50   51   52   53   54   ...   73

Kərbəla şəhidləri bölüyü


I

1983-cü ilin baharının ilk günləri idi. Bir aydan çox idi Təbrizdə idim. Məhəlləmizin Müqavimət mərkəzinin uşaqlarından olan və Təbriz Sepahının Ali Şurasında çalışan Seyid Əjdər Mövlayini gördüm. Mənə dedi: «Əməliyyat ətri gəlir. İstəsən, birgə gedək». Sevincək evə getdim: «Seyid Əjdərlə birgə ziyarətə gedirik... Bəli, gedirik Məşhədə!»

Seyid Əjdər də işindən məzuniyyət götürdü. Birlikdə Təbrizin dəmiryol vağzalına getdik. Orada Rəhim Sarimini gördük. O da təkbaşına cəbhəyə gedirdi. Ezam yox idi. Birlikdə əvvəlcə Tehrana yollandıq, sonra isə Əhvazı, Dezfulu və Şuşu arxada qoyduq. Kərxədə salınmış körpüdən keçib özümüzü birtəhər Çənanəyə çatdırdıq. Diviziyanın orada olduğunu düşünürdük, amma dedilər ki, Aşura diviziyası Əbu Qüreybə köçüb. Üçümüz diviziyanı axtara-axtara Əbu Qüreyb bölgəsinə getdik və nəhayət, əməliyyat düşərgəsini tapdıq. Bizim gəlişimiz Vəlfəcr-1 əməliyyatı ilə eyni zamana təsadüf edirdi. Biz gecikdiyimizdən kəşfiyyat bölüyündə qalmalı olduq.

Vəlfəcr-1 əməliyyatının keçirildiyi bölgədə Həmreyn və Cəbəl Fövqi dağ silsilələrinin davamı olan yüksəkliklər vardı. 143, 145 və 165-ci təpələr Meysan adlı mühüm bir keçidə baxan mühüm təpələr idi. Bu keçid İraqın ən mühüm birləşdirici yollarından idi və Dəhliz adlanırdı. İraq bu həyati dəhlizi qorumaqdan ötrü böyük işlər görmüş, iranlı qüvvələrin yolunu bağlamaq üçün əlindən gələni etmişdi. Ən çətin maneələr o dərənin və keçidin içində idi. Dərə o qədər geniş idi ki, bir əməliyyat korpusu bütün imkanları ilə oraya yerləşərdi. Dərə maneələrin arasında itmişdi. İçində 1 km. məsafələrlə on üç ardıcıl kanal vardı, hər kilometr tikanlı məftillərdən və minalanmış sahələrdən ibarət beş 200 metrlik maneə ilə örtülmüşdü. Tikanlı məftillər həm yerə sərilmişdi, həm də topa-topa qalaqlanmışdı. Sahələri minalamaq üçün bütün mina növlərindən istifadə etmişdilər.

Yolun başqa bir əhəmiyyəti bu idi ki, Şərhani və Zübeydat zastavalarının arxasından keçib Bizirqan neft quyularına çatırdı. Vəlfəcr-hazırlıq əməliyyat zonası bu quyuların solunda, Vəlfəcr-1 əməliyyat zonası isə sağında qalırdı. Bu iki yerin arasında “Hur Sinaf” adlı böyük bir gölməçə vardı, Bəsrə-Əl-İmarə strateji magistralı da oradan keçirdi. Vəlfəcr-1 əməliyyatının məqsədi düşmənin cənub-qərblə əlaqəsini kəsməkdən ötrü həmin yolu məhdudlaşdırmaq idi.

Bölgədə olduğumuz üç gündə ağa Mehdini bir dəfə gördüm. Eşitmişdim ki, Vəlfəcr-hazırlıq əməliyyatında çox əziyyət çəkmişdi. Deyəsən, qərargah da əməliyyatın uğursuz olmasında Aşura diviziyasını günahlandırmışdı.

Hər halda, ağa Mehdini ilk dəfə o vəziyyətdə görürdüm. Bir həftədən çox idi bölgədə şəxsi heyətlə işləyirdi. Yemək-yatmaq bilmirdi, son günə qədər hamı ilə birgə ön xətdə iştirak edirdi. Onun iradə və bacarığı sayəsində Aşura diviziyası ilk dəfə orada öz qəhrəman simasını göstərdi. Uşaqlar digərlərindən tez və çox irəliləmişdilər. Aşura diviziyası bu əməliyyatda doqquz batalyonla iştirak edirdi. Qüds və Müslim ibn Əqil batalyonları təyin olunmuş yerlərə çatmışdılar, 143 və 145-ci yüksəkliklər fəth olunmuşdu, ancaq 165-ci yüksəklik qalırdı. Düşmən oradan bölgəni görür və bütün mövqelərə atəş açırdı.

Oranı ələ keçirmək bizim üçün çox əhəmiyyətli idi. Orada Meysan dəhlizinin bir hissəsi olan Bəcəliyyə adlı bir keçid vardı. Biz keçidə yaxınlaşmışdıq, amma düşmənin müqaviməti gözlənilməz idi. Uğurlu irəliləyişlərinə görə Aşura və Həzrət Rəsul diviziyalarının istiqamətindəki əks-hücumlar daha güclü idi. Diviziyanın komandir əvəzi Həmid Bakiri və kəşfiyyat bölüyünün komandiri Mustafa Mövləvi yaralanmış, kəşfiyyatçı uşaqların çoxu şəhid olmuşdu. Ağa Mehdinin üzündən yorğunluq və yuxusuzluq yağırdı. Başdan-ayağa toz-torpağın içində idi, amma bir an da dayanmırdı. Diviziya mövqeyi təhvil verib qayıdanda biz də oranı tərk etdik. Hər üçümüz Əndiməşkə getdik, oradan da qatarla özümüzü Tehrana çatdırdıq. Tehranda ilk dəfə olaraq, hava səfərinə çıxmaq istədim, amma bilet tapmadıq. Əvəzində orada bir kişi ilə tanış olduq. Deyirdi ki, Böyük Nanvayi adlı bir qohumu şəhid olub və dəfnində iştirak etmək üçün Təbrizə gedir. Biz onun şəxsi avtomobili ilə Təbrizə getdik.

Çox darıxırdım. Dərs və imtahan bəhanəsilə cəbhədən uzaqlaşıb evdə oturduğum iyirmi gün acı və ağır keçirdi. Təbrizdə Sepahın kəşfiyyat komandiri Bəhmən Nocədi ilə görüşəndə cəbhəyə ezam olacağını söylədi. Üzümə başqa bir rəhmət qapısı açılırdı.
II

Aralarında yeganə Bəsic üzvü mən idim. 27 nəfərlik qrupun hamısı Sepahdan idilər və əyinlərində pasdar forması vardı. Cəbhəyə Ezam Mərkəzindən dəmiryol vağzalına gedib qatarda beş pasdarla bir kupeyə yerləşdik: İsmayıl Məhəmmədi, Mənsur Furqani, Əkbər Cavani, Bəhmən Məhbubi və Əkbər Cavan Bəxşayiş. Onların bəzisi ilk dəfə idi cəbhəyə gedirdilər, cəbhə və şəhid xatirələri onlara maraqlı idi. Mənsur Furqaninin əlində on birinci sinif kitabları vardı, oxuyub attestat almaq istəyirdi. Mənim kəşfiyyat bölüyündə olduğumu biləndə soruşdu: «Kəşfiyyat komandiri kimdir?»

- Qardaş Mustafa Mövləvi.

- Mustafa öz yerlimizdir.

Mənsur Miyanədən idi və elə ilk görüşdən ondan xoşum gəldi. O da kəşfiyyat bölüyünə gəldi.

Aşura diviziyasının kəşfiyyat bölüyü Dezfulla Əndiməşkin arasındakı Şəhid Mustafa Xomeyni qarnizonunda yerləşirdi. Kəşfiyyat bölüyündən əlavə, partladıcı batalyon və diviziya qərargahı da həmin qarnizonda idi. Qarnizonun bir neçə otaqlı bir binası vardı. Biz otaqların birinə yerləşdik.

Tezliklə Əlirza Həsənzadə, Rza Əhmədi və Seyid Sadiq Eyvəzi də gəldilər. Rza Vəlfəcr-hazırlıq əməliyyatında yaralanmışdı, Seyid Sadiq də Vəlfəcr-1 əməliyyatında. Hələ yaraları sağalmamışdı. Cəbhədə dostlaşdığımız, birgə vuruşduğumuz, birlikdə gülüb-ağladığımız insanları görmək çox gözəl idi və bunun yerini başqa heç bir şey vermirdi. Getdikcə kəşfiyyatın digər uşaqları tək-tək və qrup halında gəlirdilər. Lakin Rza Əhmədi bölüyə gəlmədi. Onun partladıcı bölüyə getməkdə ciddi olduğunu görəndən israrla xahiş etməyə başladıq. O isə mətanətlə cavab verirdi: «Yox, partladıcı bölüyü tərcih edirəm». Bunu deyib partladıcı batalyona yeni gəlmiş döyüşçülərə təlim keçməyə getdi. Orada heç kim Rzanı tanımırdı və o da bunu istəyirdi.

Kəşfiyyat bölüyünün təlimləri başlandı. Bölüyə gələndə Rəhim Surudinin başçılığı ilə keçirilən təlimlərdə öyrəndiklərimizi öz təcrübələrimizlə birgə yeni şəxsi heyətə ötürürdük. Təlimlərin ara verildiyi günorta istirahətində Rza bizim otağımıza gəlirdi. Partladıcı bölükdə heç kim onun yaralı olduğunu bilmirdi. O, yaralarını bizim yanımızda bağlayırdı. Qarnındakı dərin yaradan axan qan və çirk çox vaxt köynəyinə yapışırdı. O, yarasını dəyişmək üçün paltarını qaldıranda hər dəfə yaradan qoparmağa məcbur olurdu. Bunu görüb biz də narahat olur və deyinirdik: «Ağa Rza, əgər bir qədər istirahət etsən və özünü bu qədər oda-suya vurmasan, daha tez sağalarsan». Bu sözləri bizdən təxminən 13 yaş böyük olan Rza Əhmədiyə hər gün deyirdik, lakin ona görə, sağalmaq və yaxşılaşmaq yalnız şəhidlikdən ibarət idi.

Təlimlər başlayandan üç gün sonra qardaş Mövləvi də gəldi. Vəlfəcr-hazırlıq əməliyyatında yaralanıb hospitalda yatan qardaş Şücaifərdən sonra ağa Mustafa kəşfiyyat bölüyünün rəhbərliyini üzərinə götürmüş və Vəlfəcr-1 əməliyyatında özü də yaralanmışdı. Lakin istirahət və müalicə üçün şəhərdə qalmayıb cəbhəyə dönmüşdü. O, kəşfiyyatçılardan bir neçə nəfəri, o cümlədən Mənsur Furqanini, İsmayıl Məhəmmədini, Seyid Sadiq Eyvəzini, Əlirza Həsənzadəni və Bəhmən Məhbubini seçib özü ilə apardı. Biz onların hara getdiklərini bilmirdik, amma haradasa kəşfiyyat işlərinin başlandığını təxmin edirdik. Onlar gedəndən sonra mən vaxtımın çoxunu Rza Əhmədi ilə keçirirdim. Bikar olanda Dezfula gedirdik. Bütün Bəsic üzvləri Dezful şəhərini sevirdilər.

Dörd gündən sonra qardaş Mustafa Mövləvi yenidən qərargaha gəldi və bu dəfə də üç nəfəri özü ilə apardı: Əli Məhəmmədini, Əbdürrza Əkrəmini və məni.

Əli ilə birgə IFA avtomobilinin arxasına düzülmüş ədyalların üzərində oturduq və maşın yola düşdü. Yeni bölgədə işləmək üçün seçildiyimə sevinirdim. Qardaş Mövləvinin məni tanımadığını bilirdim. Sonralar öyrəndim ki, məni Seyid Sadiq Eyvəzinin və Əli Məhəmmədinin sözü ilə yeni işə cəlb etmişdi. Dezfuldan Baxtərana, oradan da Sərpol Zəhaba getdik. Sərpol Zəhabda əhali yox idi, sakitlik idi. Kəşfiyyat komandirinin göstərişi ilə şəhərin ortasındakı evlərdən birini kəşfiyyat qərargahı etmişdilər. Evdə su kondisioneri vardı, amma su yox idi.

Yolboyu tapşırmışdılar ki, əsla özünüzü Aşura diviziyasının döyüşçüsü kimi təqdim etməyin. Vəlfəcr-hazırlıq əməliyyatında işlərin üstünün açıldığına görə məlumatı qorumağa dair hamıya ciddi tapşırıq verilmişdi. Uşaqlar deyirdilər ki, hətta hazırlıq əməliyyatından yalnız iki ay sonra baş tutan Vəlfəcr-1 əməliyyatında da kəşfiyyat məlumatlarının qorunması çox yaxşılaşmışdı. Bilirdik ki, məlumatları qorumaq onları toplamaq qədər əhəmiyyətlidir.

Bir neçə gündən sonra Mehdi və Həmid Bakirilər də oraya gəldilər. Həmin ev əslində, Sərpol Zəhabda Aşura diviziyasının qərargahı rolunu oynayırdı. Diviziya Kasəgəranda yerləşmişdi və biz qərbə gəlmiş son adamlar idik. Qərargaha ad seçməli idik. Ağa Mehdinin təklif etdiyi ad tez qəbul olundu. Bir tankeri ağ rəngə boyadıq və uşaqların biri qırmızı boya ilə bölüyün adını yazdı: «Kərbəla şəhidləri bölüyü». Müharibə bitənə qədər kəşfiyyat bölüyü bu adla tanındı.

Sərpol Zəhab qərargahı Aşura diviziyasının kəşfiyyat bölüyünün bölgədəki dəstək və istirahət yeri sayılırdı. İşə başlamaqdan ötrü kəşfiyyat aparılan bölgədə bir yer seçdilər. Ora Əmmar mövqeyi kimi məşhur oldu. Bu mövqe təxminən Sərpol Zəhabdan Əzgiləyə doğru gedən yolun kənarında və Əzgiləyə təxminən 20 km. qalmış bir ərazi idi. Düşmən Bəmonun 2000 metrlik yüksəkliyində yerləşmişdi, biz isə qonşu təpələrdəki 50-60 metr yüksəkliklərdə idik. Ora gördüyüm ilk barışıq yeri idi. Bölgədə get-gəl o qədər az idi ki, İraq oranı özünə mühüm və etimadlı dayaq bilirdi. Bölgədəki müdafiə vəziyyətindən bilmək olurdu ki, oradan əsla təhlükə ehtimalı vermir. Biz də kəşfiyyat sirrini qorumaq məqsədi ilə bu barışığı və sükutu pozan bir iş görmürdük. Əslində, bölgənin vəziyyəti ilə tanış olmaq üçün əlverişli fürsət yaranmışdı.

Bəmo və Salmanə yüksəklikləri arasındakı dərədən Salmanə çayı keçirdi. Bu iki yüksəkliyin arxasında 6-7 km. enində geniş bir düzənlik vardı. Bu düzənlik digər tərəfdən bölgənin ən hündür yüksəkliyi olan Həsənbəy dağı ilə bitirdi. Bu geniş düzənlikdə bir neçə kürd kəndi və şəhəri yerləşirdi. Oralarda demokratların və hörgütlərin fəaliyyətləri güclü idi. Salmanə çayı Həsənbəy dağından başlayıb düzənlikdən, Bəmo və Salmanə yüksəkliklərinin arasından keçirdi. Çay davamında Bağ-Mənsurun yanından Hüseynabad kəndinə gedir və sonda Cavanrud adlı başqa bir çayla birləşirdi. Cavanrud Bəmo yüksəkliyinin qarşı tərəfindən keçirdi və həmin hissədə onun üzərində beton körpü salınmışdı.

Biz həmin bölgəyə gedəndə uşaqların təşəbbüsü ilə yolda Əmmar mövqeyinin yaxınlığında salınmış böyük bir körpünün girişini bağladıq. Yaxşı bir yer əmələ gəldi və alnına «Kəşfiyyat bölüyünün namazxanası» möhrünü vurduq. Orada camaat namazları qılınır, Əhd, Təvəssül və Kumeyl duaları oxunur, aşkar və gizli münacatlar edilirdi.

Körpünün yanında bir neçə çadır qurduq və beləliklə, Aşura və Həzrət Rəsul diviziyalarının kəşfiyyat bölüklərinin yerləşdiyi Əmmar partizan düşərgəsi hazır oldu.

Hər şeydən öncə ətrafa ümumi göz atıb kəşfiyyat üçün münasib yol tapmalı idik. Bölüyün müşahidə postu Salmanə yüksəkliyinin yuxarısında idi. Ora çıxmaq üçün bir hissəsi qayalıq olan çox təhlükəli yolla qalxmalı idik. Bunu asanlaşdırmaqdan ötrü həmin hissələrdə taxta nərdivanlardan istifadə olunmuşdu. Güllə və qəlpələrlə deşilib parçalanmış nərdivanlarla qalxmaq da çətin idi. Lakin bir neçə dəfə gedəndən sonra düşmənin yerləşdiyi mövqe haqda təxmini məlumat toplaya bildik. Oradan baxanda Salmanə ilə Bəmo arasında bir çala gördük. Bağ-Mənsur bizim ümid yerimizə çevrilmişdi. Həmin bağdan düzənliyə keçə bilərdik.

Kəşfiyyat zamanı gəlmişdi. Hər dəfə kəşfiyyata getmək həyəcanlı və qorxulu olsa da, qalanların hamısı gedənlərə qibtə edirdilər. Vəlfəcr-1 əməliyyatından sonra kəşfiyyat bölüyü diviziyanın seçilmiş uşaqlarının birləşməsinə çevrilmişdi. İlk günlərdə cəbhə və kəşfiyyat barədə heç bir anlayışı olmayanları bölüyə götürürdülərsə, indi kəşfiyyatçılar partladıcı bölüyün və müxtəlif batalyonların seçilmiş döyüşçülərindən yığılırdı. Bu təqvalı, qorxmaz və igid döyüşçülər qayaların, çöllərin və qumların arasında təkbaşına, gizlicə və sakitcə işlədikcə daha da inkişaf edib bişirdilər.

Əli Məhəmmədi, Əbdürrza Əkrəmi və başqa bir neçə nəfərdən ibarət ilk kəşfiyyat qrupu ilə yola düşdük. Əli Məhəmmədi komandanın başçısı idi. Kompas da onda idi və digərlərindən öndə gedirdi. Onun ardınca addımları sayan kəşfiyyatçı, hamıdan arxada isə komandanın mühafizəçisi gəlirdi. O, hər hansı təhlükə hiss etdikdə hərəkətə keçməli və digərlərinə xəbər verməli idi.

Qaranlıqda gecə durbinilə bölgəyə baxandan sonra yola düşdük. Sülh və atəşkəsin nəticəsi dağa, düzə və dərəyə hakim olan sakitlik idi. Bəlli idi ki, düşmən hər tərəfdən arxayındır, cənub cəbhələrindən fərqli olaraq, düşmənin güclü nəzarəti və müdafiə mövqeyi yox idi; nə pusqu vardı, nə də ardıcıl fişənglər. Bağ-Mənsur yolu ilə düzənliyə çıxdıq və maneə ilə rastlaşmadan "Həsənbəy" yüksəkliklərinə qədər irəlilədik. Oranın yaxınlığında dağılmış bir kənd vardı. Bir gün orada qaldıq. Məsafənin çoxluğuna görə kəşfiyyatı bir gecədə bitirə bilməzdik. Götürdüyümüz yeyintilər bir sutkadan artıq bəs edərdi. Kənddə bulaq olduğunu öncədən proqnoz etmişdik.

Sərin və dadlı bulaq suyundan götürmək üçün özümüzlə səhəng gətirmişdik. Heç bir problem olmadan səhərdən axşama qədər kənddə qaldıq. Oradan düşmənin yaxın təpələrdəki hərəkətlərini görə bilirdik. Gecə oradan qayıdanda ilk kəşfiyyatda öyrəndiyimiz məlumatlara görə sevinirdik.

Kəşfiyyat işi Bəmo dağına qalxan yolları öyrənməklə davam etdi. Adətən, Bəmonun arasındakı çalanı keçib bir qədər gedəndən sonra Bəmo ilə aşağıdakı alçaq təpələrin arasında olan və Üçbucaq adı ilə tanınan kiçik bir düzənliyə çatırdıq. Həmin düzənlikdən sonra Bəmo dağının və Bəmoda yerləşmiş İraq qüvvələrinin təxminən arxasına keçirdik. Düşmənin Bəmodakı müdafiə mövqeyinə dəstək verən yol da həmin üçbucaq düzənlikdən keçirdi. Bəmodakı əsas kəşfiyyat üçbucaq düzənlikdən Bəmo dağına qalxmaqla başlayırdı. Biz iki kəşfiyyatda təxminən zirvənin yaxınlığına qədər getdik, oraya canlı qüvvə və silah aparmaq üçün mağara və cığırlar tapdıq.

İyulun ortalarında əməliyyat marşı çalındı, Vəlfəcr-2 əməliyyatının baş tutması və İraqın Hacı İmran qarnizonunun ələ keçirilməsi xəbərini eşitdik. Bir neçə gündən sonra bizi Əmmar partizan düşərgəsindən geri çağırdılar. Deyəsən, orada diviziyanın dəstəyinə ehtiyac duyulmuşdu. Kəşfiyyat bölüyündən təxminən 15 nəfər, o cümlədən Həmid Bakiri, Mustafa Mövləvi, Səid Fəqih və Ələddin Nurməhəmmədzadə oraya ezam olundular. Mən də onların arasında idim.

Axşamüstü Nəqədəyə çatdıq. Nəqədənin maarif şöbəsi ilə danışıb bir orta məktəbi qərargah etmişdilər. Məktəbdə ilk iş dəstəmaz alıb namaz qılmaq oldu. Yerə palaz sərildi, çiyinlər bir-birinə birləşdi. Qardaş Mehdi Bakiri gəlib arxada oturdu və israrlar başladı: "Ağa Mehdi, buyurun önə, pişnamazımız sizsiniz".

Ağa Mehdi bir cavabla hamının ağzını yumdu: "Seyid Sadiq olan yerdə imamlıq etmək bizə düşməz".

Gecə həmin məktəbdə böyük bir otaqda yatdıq. Ağa Mehdinin Seyid Sadiq barədə dediyi söz daim beynimdə təkrarlanırdı. Seyid Sadiq çox dəyərli insan idi. Onunla Vəlfəcr-hazırlıq əməliyyatında tanış olmuşduq. Yataqlarımız yanaşı idi və o, gecəyə qədər mənə çox nəsihət verirdi. Mənim işlərimə nə qədər diqqət yetirdiyini görəndə düşünürdüm ki, görəsən, öz işlərini necə diqqətlə yerinə yetirir! O, deyirdi: "Mehdiqulu, uşaqlarla bundan artıq əməkdaşlıq elə. Onlarla davranışın daha yaxşı ola bilər... Hissiyyata qapılma, kollektiv işlərdə iştirak et..."

Otağı süpürmək, qabları yumaq, camaat namazlarında daim iştirak etmək və digər bu kimi işlər seyidin həssaslıq göstərdiyi və mənə gözəl şəkildə tövsiyə etdiyi məsələlər idi. Seyid Sadiqin düşüncə və rəftarları praktik bir dərs idi. Bəzi əsgərlər yalandan İmam Mehdi (ə) ilə görüşdüklərindən danışanda və uşaqlar onlarla mübahisə edəndə Seyid Sadiq səbirlə deyirdi: "Siz bu məsələlərə qarışmayın, hər bir işə cavabdehlik daşıyan bir adam vardır. Siz düşünmək istəyirsinizsə, hücum gecəsi uşaqları deyilən mövqelərə diqqətlə aparmağınız haqda düşünün, başqa şey barədə yox..."

Həmin axşam hamımız 18 yaşlı Seyid Sadiqə iqtida etdik. Vəlfəcr-hazırlıq əməliyyatında adi bir kəşfiyyatçı olmuş Seyid Sadiq bölüyün komandir müavini vəzifəsinə yüksəlmişdi. O, elə istedadlı və iradəli idi ki, diviziyanın gələcəyi üçün bütün komandirlər ona güvənirdilər. O, hər bir işi layiqincə görürdü; dostluğu, qardaşlığı, kəşfiyyatı və döyüşü.

Səhər çağı ağa Mustafa Mövləvi gözlənilməz bir xəbər verdi.

– Qardaşlar, yorulmayasınız! Buraya qədər birgə gəlmişik. Burada sizə bir mikroavtobus verəcəyik, hamınızı Təbrizə aparacaq. Bütün qardaşlara 15 gün məzuniyyət verilir.

Şoka düşdüm. İşin ortasında nə üçün məzuniyyət verdilər? Bu, hamının sualı idi. Lakin qərarın ağa Mehdi və digər komandirlər tərəfindən verildiyini bildiyimizə görə qeyd-şərtsiz qəbul etdik. Bu gözlənilməz məzuniyyətin mənim narahat olduğum məsələ ilə əlaqəli olduğunu hiss etdim. Sərpol Zəhabda olanda atamın ağır xəstə olduğunu öyrənmişdim. Son zamanlar onu yuxuda çox görür və bir də heç vaxt görməyəcəyimdən qorxurdum. Buna görə də, bu məzuniyyətə hamıdan çox sevindim.


III

Üç aydan sonra evə dönəndə atamın vəziyyətini və ailəmin təkliyini gördüm. Belə bir durumda evi tərk etməyi, qoca və xəstə atamın son günlərində yanında olmamağı qəbul edə bilmədim. Həkimlər atamın mədəsində xərçəng şişi olduğunu söyləmişdilər.

Cərrahiyyə əməliyyatı ilə nisbətən yaxşılaşacağını düşünüb israrla xəstəxanada yatırtdıq. Mən yanında qaldım. Onun mehribanlığına cüzi də olsa, qarşılıq verməyə çalışırdım. On gündən sonra yenidən evə qayıtdıq.

1983-cü ilin yayı ağır keçirdi. Həm cəbhədən uzaq qaldığıma görə narahat idim, həm də atamın çəkdiyi əzablara görə. Bəzən görüşüb təsəlli aldığım yeganə şəxs yenə cəbhədən ayrı düşmüş dostum Məhəmməd Məhəmmədpur idi. Çox vaxt evdə olurdum; ya atamın yanında, ya da dərs və mütaliədə. Onuncu sinfin dərslərini oxuyub payız imtahanlarında iştirak etmək istəyirdim. Fikirləşirdim ki, tutduğum yolda tənbəllik böyük cinayətdir. İmtahanlara qədər bir ay vaxtım vardı. Çox dərs oxudum və bütün problemlərə baxmayaraq, onuncu sinif imtahanlarından da keçdim.

Ondan sonra dərslər başladı və mən məktəbə getməklə başımı qarışdırmağa çalışdım. Lakin daha məktəb mənə maraqlı gəlmirdi. İstəyirdim ki, cəbhəyə gedib orada dərslərimi oxuyum və yalnız imtahanlara gəlim. Bir dəfə yenə səhər çağı məktəbə getdim. Dərs zamanı qəribə həyəcanım vardı. Nə qədər etdimsə, günortaya qədər məktəbdə qala bilmədim. Tələsik evə döndüm. Küçə həmişəki kimi deyildi, sanki nəsə azalmışdı. Qapımızın önündə adamları görəndə isə həyəcanımın səbəbini anladım: atam dünyadan köçmüşdü.

Özümdən kiçik dörd qardaşım və bir bacım vardı. Böyük qardaş və bacılarımın hər biri öz ev və ailələri ilə məşğul idilər. Nə qədər fikirləşirdimsə, bu nəticəyə gəlirdim ki, ailəmizin xərcinə kömək etmək üçün bir iş tapmalıyam. Qərarımı verdim: Sepaha getdim və mənə bir qovluq açıldı. Dəfələrlə müsahibə olundum. Cəbhədə uşaqlar deyirdilər: "Sepaha qəbul olmaq üçün o qədər sual verirlər ki, heç İmam Xomeyninin özü də qəbul olmaz. İmam elə buna görə deyib ki, kaş mən də bir pasdar olaydım!"

Keçdiyim mərhələlərdə uşaqların sözünü başa düşürdüm. Müsahibə zamanı bir höccətülislam səviyyəsində məlumatlara sahib olmalı idik: tövhid məsələləri, şəriət hökmləri, siyasi suallar və gündəm mövzular.

– Filan hadisə zamanı sən nə edirdin?

– Xalq Mücahidləri Təşkilatının emblemində olan ayəni necə izah edə bilərsən?

Bəzi ümumi cavablarla suallardan qurtuldum və məni də təlimə göndərdilər. Sepahın təlimi Xasibanda keçirilirdi. Bizi 7 Tir qarnizonuna apardılar və təlim başlandı. Mən belə bir təlimi yuxuda da görə bilməzdim. Gündüzlər keçdiyimiz sıx dərslərdən əlavə, gecələr də gecə döyüşlərini öyrənirdik. Gecələr həm əməliyyat müəllimi “Qalx” komandası verib qaçırırdı, həm səngər müəllimi, həm mina müəllimi və sair.

Təlimlər sistemli deyildi, bütün məşqlər bizim alışmamızdan və güclənməmizdən ötrü idi. Bəzən təlimlər o qədər ağır olurdu ki, aylarla cəbhədə olmuş, piyada uzun yollar getmiş və bu kimi digər işlərə adət etmiş bizlər də tab gətirə bilmirdik. Məsələn, səhərlər 7 Tir qarnizonundan ürəkləri istəyən yerə qədər qaçırırdılar. Bəzən 10 km. aralıda olan Xosrovşəhrə gedib-qayıdırdıq.

O qədər vərdiş etmişdik ki, hətta yeməkxanada da müəllimin gəlişini və onun ardınca atışmanı, səs qumbarasının partlamasını, həyətə qaçmağı və sürünə-sürünə irəliləməyi gözləyirdik. Buna baxmayaraq, heç bir etirazım yox idi. Nəhayət, bir axşam bərk xəstələndim. Çox qızdırmam vardı və boğazımın iltihabı məni incidirdi. Tibb məntəqəsində heç bir dərman verməyib dedilər ki, bir şey deyil, get. Deyəsən, təlimlərdən qaçmaq üçün bəhanə gətirdiyimi düşünürdülər. Təsadüfən, həmin gecə döyüş təlimi keçirildi. Müəllim içəri girmişdi, amma mənim yerimdən qalxmağa taqətim yox idi. Nuşi-can etdiyim bir təpikdən sonra səhərə qədər yataqda qaldım. Bu tələbkarlıqların bizim müqavimət gücümüzü artırmaq məqsədi ilə edildiyini bilirdim, amma onlardan incimişdim.

Təlimlər başlayandan təxminən 45 gün sonra radiolarda Xeybər əməliyyatı haqda xəbərlər dolaşdı. Bu xəbər qərarsızlığımı daha da artırırdı. Müəllimlərin ağzına nə qədər gözümüzü dikirdiksə, cəbhə və əməliyyat barədə heç nə demirdilər. Özümüz könüllü şəkildə bizi cəbhəyə yollamalarını istədik. Bu dəfə də əməliyyatdan qalmağı qəbul edə bilmirdim. Vəlfəcr-1 və 2 əməliyyatlarından yalnız on gün sonra baş tutan və Mehran şəhərinin azadlığı ilə nəticələnən Vəlfəcr-3 əməliyyatından da qalmışdım. Oktyabr ayının ortalarına təsadüf edən Vəlfəcr-4 əməliyyatı da atamın yas günlərinə təsadüf etdi və mən yalnız cəbhədən görüntülərlə kifayətlənməli oldum. Vəlfəcr-2-də Rza Əhmədinin və Vəlfəcr-4-də Seyid Sadiq Eyvəzinin şəhid olması ürəyimi yandırırdı, amma əlimdən bir şey gəlmirdi. İndi isə Xeybər də əldən çıxmaq üzrə idi. Təlimdəki uşaqlarla birgə nə qədər israr etdiksə, bir cavab almadıq. Çox gözləmədim, bir neçə saatlıq məzuniyyət götürüb Təbrizə qayıtdım və birbaş Bəsicə yollandım. Bəsicdə qovluq açdım və ertəsi gün cəbhəyə yola düşdüm.

Yarımçıq qoyduğum təlimlərin aqibətinin nə olduğunu isə heç vaxt bilmədim.



Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin