Şəhadət aşiqləri



Yüklə 9,35 Mb.
səhifə65/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   ...   61   62   63   64   65   66   67   68   ...   73

Nəsr-7


I

Diviziyanın qərargahı Baxtəranda idi. Kərbəla-5 əməliyyatından sonra bütün şəxsi heyət oraya köçürülmüşdü. Cəbhəyə dönüş məndə böyük özünəinam yaratmışdı. Sevdiyim yerə dönmüşdüm, əvvəlki kimi uşaqlarla işləmək və hətta əməliyyatlarda iştirak etmək barədə fikirləşirdim.

Diviziyanın düşərgəsi İslamabada təxminən 25 km. qalmış bir boğazın içində idi və ora Şəhid Əhəd Müqiminin adını vermişdilər.

1987-ci ilin baharının sonları və hava isti idi. Biz əsasən, çadırlarda qalırdıq. Dağlar düşərgənin ətrafını mühasirəyə almışdı. Dərənin içində batalyonların yollarının ayrıldığı bir yer vardı. Hamam orada yerləşirdi.

Uşaqlar mənə ailəmdən də yaxşı baxırdılar. Məmməd əmi adlı bir qoca vardı; anbarda nə qədər badam, püstə və bal vardısa, hamısını qarnıma doldururdu. Uşaqlar yaralarımı açıb-bağlamaq dəqiqəsi çatan kimi məni diviziyanın tibb məntəqəsinə aparırdılar. Böyrümün yarası günü-gündən yaxşılaşırdı. Çirk ifrazı o qədər azalmışdı ki, sutkada bir tənzifin yarısı da islanmırdı. Yaranın başı yığılandan sonra tənzifi büküb fitil kimi yaranın içinə salırdılar. Çalışırdılar ki, yara bağlanmasın və çirk bədənimdən çıxsın.

Qardaş Əbülfəz Fərəhmənd də Bədr əməliyyatında yaralanmışdı və fəqərə sütununda problem vardı. Onunla danışıb düşərgəmizin yerləşdiyi yüksəkliklərə gedirdik. Əbülfəzin vəziyyəti məndən ağır idi, hər iki ayağının siniri kəsilmiş, hərəkəti çox çətinləşmişdi. Hərəmizdə iki əsa vardı və gündə 5-10 addım bərk təpədə gəzirdik. O, öz üsulu ilə yeriyirdi, mən də öz üsulumla. Həmçinin bir-birimizin təcrübələrindən də istifadə edirdik. Hiss edirdim ki, hər addımla ayağım güclənir və yaxşılaşır. Amma hərdən ayağım boşa gedirdi və üzü üstə yerə yıxılırdım. Bütün ağırlığımı sağ ayağıma salmağı öyrənmişdim. Oturmaq, qalxmaq və yerimək üçün sağlam ayağımı dirək edirdim. Hara getsəydim, uşaqların bir-ikisi sakitcə arxamdan gəlirdilər ki, yıxılsam, tutsunlar.

Bir neçə gündən sonra yaranın tam bağlandığını gördük. Daha açıb-bağlamağa getmədim və böyrümün çirki də bitdi. Yataqdan tərpənə bilmədiyim günlərlə müqayisə edəndə özümü çox pəhləvan hiss edirdim. Lakin həqiqətən, hərəkətli bir sümük idim. Xəstə və yaralı dostlarına qarşı həmişə ana kimi mehriban olan uşaqları bir daha sınamaq imkanı əldə etmişdim. Onlar məni özümdən çox düşünürdülər. Ümumiyyətlə, cəbhədə hər şeydə vəhdət vardı: bir yaralının yaxşılaşması hamının yaxşılaşması demək idi; bir nəfərin narahatlığı hamının arasında bölünürdü.

Uşaqların mənə necə diqqət yetirdiklərini və məndən ötrü narahat olduqlarını görəndə yenə Allahın cənnətinə gəldiyimə görə qürur hissi keçirirdim. Onlar bütün bu işləri elə ixlasla, səmimiyyətlə görürdülər ki, mənə və ya digər yaralı və əlillərə yazıq kimi baxdıqları ağlıma gəlmirdi.

Kəşfiyyat bölüyünün bütün şəxsi heyəti orada idi və yaxınlarda əməliyyatın olmayacağı nəzərə çarpırdı. Lakin Şəhid Müqimi düşərgəsində on gün qalandan sonra Kərim Hörməti bəzi uşaqları seçib özü ilə apardı. Vəziyyətimə baxmayaraq, məni qalanlara başçı təyin etdi.

Seçilən uşaqlar əşyalarını götürüb bizimlə sağollaşdılar. Kəşfiyyata getdiklərini bilirdim. Avtobus yola düşdü və arxadan Həmid Allahyarinin səsini eşitdim. Nə üçünsə uşaqlardan geri qalmışdı. Avtobusun arxasınca qaça-qaça qışqırırdı: "Mən qaldım! Mən qaldım!"

Ürəyim əsdi. Maşın dayanmışdı və Həmidə çatmaq imkanım vardı. Halım dəyişmişdi. Onu qucaqlayıb dedim: "Həmid, deyəsən, sən də gedəsi oldun!"

– İnşallah.

Sanki özü də nəsə bilirdi. O da minib getdi.

Dörd gündən sonra axşamüstü Seyid Zəfərançı təcili yardım maşını ilə düşərgəyə gəldi. Məni görüb dedi: "Mehdi, səncə, maşında nə var?" Fikirləşdim ki, bəlkə ərzaq olar. Seyid Zəfərançı dedi: "Get, maşının arxasına bir nəzər sal".

Təcili yardım maşınının arxa qapısını açdım. İki şəhid cənazəsi sakitcə yan-yana uzanmışdı. Üzlərindəki ədyalı kənara çəkdim. Özü idi; Həmid Allahyari də şəhidlərə qovuşmuşdu. O biri şəhid partladıcı bölükdən idi və güman ki kəşfiyyat zamanı minaya düşmüşdülər. Başlarının üstündə oturub sakitləşənə qədər ağladım. Çoxdan bəri dostlarımın şəhadəti mənə ümid verirdi, amma orada, təcili yardım maşınının arxasında Həmidin üzünə nə qədər baxırdımsa, bu tezliyə ona və digər şəhidlərə qovuşmayacağımı hiss edirdim.

***


Evdə yeriməyə başladığım zamandan işlərimi özüm görməyə çalışırdım. Düşərgədə də uşaqların səmimi münasibətlərinə baxmayaraq, heç kimə yük olmaq istəmirdim. Uşaqlar mənə yaxşı baxırdılar; get-gələ, yatağı yığışdırmağa və paltarları yumağa kömək edirdilər. Belimin çirkinə görə bir neçə ay idi hamama getməmişdim. Uşaqlar məni maşınla yolun kənarındakı hamama aparırdılar. O müddətdə hələ görüşlərim davam edirdi, qədim döyüşçülər mənə baş çəkməyə gəlirdilər: Əhməd Yusifi, Rza Abbasnejad, Məcid Lütfi, Cəlal Zahidi və s. Mən bu dostlarımla həmsöhbət olmaqdan heç vaxt yorulmurdum.

Həmid Allahyarinin şəhadətindən sonra bölgədə işləyən uşaqlardan bizə yeni xəbər gəldi. Təxminən on gündən sonra Kərim Hörməti gəlib məni də özü ilə Kürdüstana apardı. Orada qalanlar da sonradan mikroavtobusla gəldilər.

***

Maşına minib Baxtəranı, Kamyaranı, Sənəndəci, Divandərəni, Saqqızı və Banəni keçib Sərdəştə çatdıq. Diviziyanın kəşfiyyat bölüyünün Sərdəştdəki qərargahı kirayəyə götürülmüş bir ev idi. Kəşfiyyat uşaqları oraya yerləşmişdilər. Bəzən diviziya rəhbərləri də oraya gəlirdilər. Yerli əhalidən olan bir qrup peşmərgə gecə-gündüz keşik çəkirdi. Orada bir neçə gün qaldıq. Uşaqlar yenə mənə qulluq edirdilər.



Hərdən Əbülfəz Fərəhmənd və Ələddin Nurməhəmmədzadə ilə söhbət edib təcrübə mübadiləsi aparırdıq. Təxminən hər üçümüz eyni vəziyyətdə idik. Ələddin Vəlfəcr-8 əməliyyatında yaralanmışdı və üstündən bir il keçəndən sonra təxminən yaxşılaşmışdı. Orada rişxəndlə ayağını yerə vurub deyirdi: "Bax, mənim vəziyyətim çox yaxşılaşıb". Mən də özümü göstərməyə çalışırdım. Ələddinin yaxşı təcrübələri vardı. Mənə bəzi idman hərəkətlərini öyrədib deyirdi: "Bu həkimlərin əlindən çox şey gəlmir, özümüz vəziyyətimizə dair bir şey fikirləşməliyik". O, çalışıb yenə istiqamət komandiri səviyyəsinə çatmışdı. Ona baxanda ümidvar olurdum ki, bəlkə mən də kəşfiyyata gedə bilərəm.

Get-gedə yeni qərargaha köçmək haqda söhbət getdi. Addım-addım əməliyyat bölgəsinə yaxınlaşdığımıza görə sevinirdim. Əşyalarımızı topladıq və diviziyanın əməliyyat bölgəsindəki düşərgəsinə yollandıq. Oraya Şəhid Mustafa Pişqədəmin adını vermişdilər.

***

İki yanaşı kənd vardı. Birinin adı Yuxarı Buyuran, digərinin adı Aşağı Buyuran idi. Şəhid Pişqədəm düşərgəsi Yuxarı Buyuranın yuxarı hissəsində idi. Buyuran kəndi Sərdəştdən təxminən 30 km. aralıda idi. Düşərgənin sol tərəfində məhsuldar bir dərədən başlayan hündür təpə vardı. Adı Kani Rüstəm idi. Bölgədə başqa bir yüksəklik də vardı və adı Kani Rəş idi. Ora bizim müdafiə mövqeyimiz idi. Kani Rəşin önündə iraqlıların əlində olan Dupaza yüksəkliyi yerləşirdi. Sağ tərəfdə, Kani Rəşlə Dupazanın arasında Bulfəth adlı başqa bir təpə vardı.



Bulfəth bölgədə yeganə yüksəklik idi ki, orada həm bizimkilər vardı, həm də düşmənlər. Gələcək əməliyyatın məqsədi Bulfəth və Dupazanı tam ələ keçirmək idi. Aşura və Həzrət Rəsul diviziyalarına bu tapşırıq verilmişdi.

Yay idi. Kürdüstanda hava gözəl idi. Uşaqlar hər axşam maşınla Şəhid Pişqədəm düşərgəsindən kəşfiyyat üçün Kani Rəşə, oradan da Dupazaya gedir, səhərlər yorğun halda geri dönürdülər. Aşura diviziyası uzun müddət cənub bölgəsində işləmişdi, şəxsi heyət cənub bölgəsinin ehtiyacına uyğun olaraq, aylarla dalğıclıq etmiş və qayıq sürmüşdü. İndi dağa qayıdıb kələ-kötür yolları və bölgənin təpələrini öyrənmək çətin idi.

Son əməliyyatda kəşfiyyatçıların bir-birinin ardınca şəhid olmaları və yeni qüvvələrin təcrübəsizliyi işi çətinləşdirirdi. O zaman komanda başçısı olan Əmir Əsədullahi gecələr kəşfiyyata gedib səhər qayıdır, iki saat yatandan sonra Kani Rəşdəki müşahidə postuna gedib axşama qədər gecəki kəşfiyyat yerlərini araşdırır, axşam yenə kəşfiyyata yollanırdı. O, yorulurdu, amma kəşfiyyatçı az, iş isə çox idi və köhnə uşaqlar yaxşı bilirdilər ki, nə olur-olsun, kəşfiyyat və məlumat toplama işi dayanmamalıdır. Çünki bir əməliyyatın uğuru kəşfiyyatla bilavasitə bağlı idi.

Oradakılar hələ istiqamətlərə tam bölünməmişdilər. Yeni bir qrup gətirib bəzi işləri onlara tapşırmaq istəyirdilər. Həmin günlərdə Kərim Hörməti bu barədə mənimlə danışıb dedi: "Mehdi, mən bundan ötrü nə edəcəyimi bilmirəm". Mən də Məhəmməd Purnəcəfi onun yadına salıb dedim: "Məhəmməddən istifadə et".

Deyəsən, qardaş Hörməti istəyirdi ki, cənub bölgəsində çəkdikləri əziyyətlərə görə Məhəmməd Purnəcəfi və onun kimi digərlərini bir müddət istirahətə yollasın.

– Məncə, o, vəzifə qəbul edə bilməz.

Mən də elə düşünürdüm. Bilirdim ki, o bölgədə işləmək üçün Məhəmməd Purnəcəfin özünəinamı yoxdur. Hər halda, ertəsi gün mən, Kərim Hörməti və Məhəmməd Purnəcəf birlikdə müşahidə postuna getdik. Kərim Hörməti oradan bölgəni ona izah etdi. Mən dedim: "Məhəmməd, bax, bu yolla gedib məlumat toplaya bilərsən. Ümumiyyətlə, bu istiqamətin başçısı ola bilərsən".

– Yox, vallah, mən bacarmaram. Yaxşı olar ki, Əsğər ağa və ya ağa Mənsur da mənimlə gəlsin.

Əsğər Abbasquluzadə və Mənsur Furqani öncədən o bölgədə işləmişdilər və Məhəmməd bunu bilirdi. Konkret nəticə almadan postdan endik. Yolda Məhəmmədi çox danladım: "Məgər sən başqalarından əskiksən?! Savadın onlardan bir qədər az ola bilər, amma bunu nə üçün deyirsən?!"

O qədər danışdıq ki, düşərgəyə çatana qədər Məhəmməd həmin istiqamətin rəhbərliyini qəbul etdi və tezliklə buna layiq olduğunu da göstərdi. Bölgənin bütün kəşfiyyat istiqamətləri arasında Məhəmmədin başçılıq etdiyi istiqamətin işi daha tez bitdi. Onun özü partladıcı bölükdən olduğuna görə minalanmış sahələrdə gecikmirdi, cənub bölgələrində topladığı bilik və təcrübələri burada da ona kömək edirdi.

Həmin günlərdə mən də bir neçə dəfə maşınla müşahidə postuna getdim. Piyada yol yerimək hələ çətin idi. Uzaq yolları maşınla gedir və bacardığım qədər uşaqlara kömək etməyə çalışırdım. Məhəmməd Purnəcəfi kəşfiyyata getməyə razı salmaq və bəzi problemlərin həllində həmfikirlik o vaxta qədər əlimdən gəlmiş işlər idi.

Bir dəfə müşahidə postundan Həmid Allahyarinin şəhid olduğu yeri göstərdilər. Sərdəştdən İraqın Qaladizəsinə gedən istifadəsiz bir yol idi, Bulfəth yüksəkliyinin qərb yamacında yerləşirdi. Orada mina ehtimalı böyük idi. Kərim isə deyirdi: "O hadisəyə baxmayaraq, həmin hissədə minalanmış sahənin olmasına əmin deyilik. Əməliyyat gecəsi tikinti-mühəndis bölüyü oradan keçib yol salacaq. Əgər orada minalanmış sahə olsa, iş çətinləşəcək".

Cəsarətimi toplayıb Kərimə dedim: "Əgər mümkün olsa, özüm gedib yolu yoxlayaram..."

– Yox, oraya getmək çətindir, gərək partladıcı bölüyün uşaqlarını göndərək.

Bildim ki, Kərim hələ mənim fiziki vəziyyətimdən şübhələnir. Qərara gəldik ki, partladıcı bölükdən iki nəfəri oraya göndərək. Mən də onlara qoşuldum və maşınla ordunun yaxınlıqdakı düşərgəyə getdik. Mən orada oturub dedim: "Siz gedin, baxın".

Gündüz idi, uşaqların gedib-qayıtması çox çəkmədi. Onlar dedilər: "Orada heç bir mina yoxdur".

Sözlərinə inana bilmədim. Onlar partladıcı bölüyün yeni üzvləri idilər və böyük təcrübələri yox idi. Fikirləşdim ki, buraya qədər gəlmişəm, yaxşı olar ki, özüm gedib əmin olum. Həyəcanlı idim, amma düşmənin həssaslığına görə yox. İraqlılar həm Dupazadan, həm də Bulfəthin üstündən yolu görürdülər. Gündüz çağı bizi də görə bilərdilər, amma ordunun qarovulları adətən, gündüzlər oraya gedib-gəldiklərindən bu, iraqlılar üçün təbii idi, yalnız bir qədər atəşlə orada olduqlarını bildirmələri mümkün idi.

Qərarımı verib dedim: "Birlikdə oraya qayıdırıq. Mən də sizinlə gələcəyəm. Amma əgər Kərim Hörmətiyə mənim də getdiyimi desəniz, vay halınıza!"

Baxışlarından hiss edirdim ki, mənim yola çatacağıma ümidləri yoxdur, nəinki gedib onların tapmadıqları minanı tapmağa. Zəncanlı sürücüyə də dedim ki, bizimlə gəlsin və lazım olsa, kömək etsin.

Bir müddət idi əsanı yerə qoymuşdum və yalnız sağlam ayağıma söykənərək yeriyirdim. Yola düşüb nisbətən hündürdə olan ordu qərargahından addım-addım enməyə başladıq. Elə əvvəldə yıxılmaqdan və ələ salınmaqdan qorxub daha ehtiyatla hərəkət edirdim.

Təbii ki, yoldaşlarım da vəziyyətimi nəzərə alıb yavaş-yavaş gəlirdilər. Nəhayət, yolun önündəki çaya çatdıq. Enli çay idi. Daşların üstü ilə hoppanıb o tərəfə keçməli idik. Mən normal yolu güclə yeriyirdim, orada isə bir daşdan o biri daşa hoppanmalı idim, özü də suyun üstündə. Özümə də inandırıcı gəlmirdi. Çox ciddi şəkildə partladıcı bölüyün uşaqlarına dedim: "Siz öndəki daşın üstündə dayanın. Mən hoppanıram. Əgər ayağım qatlansa və yıxılsam, məni tutun".

Hər dəfə hoppananda uşaqlar məni tuturdular və sürücünün səs-küyü qopurdu. O, əvvəldən mənə görə narahat idi və mən hər dəfə hoppananda qışqırırdı: "Ey vay! İndi yıxılar..."

Xoşbəxtlikdən, çaydan salamat keçdim. Düşmən tərəfdən tək-tük atəş səsi də gəlirdi. Birtəhər yola çatdıq. Yavaşca və diqqətlə yeri qazırdım. Deyəsən, bir şey yox idi. Amma düşünürdüm ki, ola bilməz, bu yolu belə qoymaları mümkün deyil. Minaların olduğunu hiss edirdim, amma bir şey görünmürdü. Nəhayət, tapdım.

– Budur! Tank əleyhinə mina da var.

Torpağı kənara çəkdim. Mina çoxdan basdırılmışdı, paslanmışdı. Diqqətlə ətrafını açdıq. Ehtiyatla fikir verirdik ki, tələ olmasın. Uşaqlar minanı götürdülər. Qoruyucularını axtardım, amma tapmadım. Onun yanında gözüm başqa bir minaya sataşdı. Fikirləşdim ki, ziqzaq şəklində düzülmüş minalardır. Müxtəlif əməliyyatlarda belə mina sahələri görmüşdüm. Əks-istiqamətə gedib addımımı saydım və gözlədiyim yerdə üçüncü minanı tapdım. Minanın düzülüşü haqda uşaqlara məlumat verdim və onlar işi davam etdirdilər. Hava qaralanda biz tank əleyhinə sonuncu, onuncu minanı tapdıq. Minaları toplayıb qayıtdıq. Partladıcı uşaqların rəftarlarının dəyişdiyini hiss edirdim. Bir-iki dəfə dizim qatlandı və yıxılmağa az qaldım, amma onlar yanımda idilər və mənə kömək etdilər. Daha üzlərində əvvəlki zarafat və inamsızlıq əlaməti yox idi.

Minaları maşının arxasına qoyub bölüyə yola düşdük. Sürücünün minalardan qorxduğunu görüb bütün yolboyu onu ələ saldım: "Bu dəqiqə bu çalaların birində bu minalardan biri partlayacaq və hamımız göyə uçacağıq".

Şəhid Pişqədəm düşərgəsinə çatdıq. Kərim bizi gözləyirdi.

– Nə etdiniz?

– Uşaqlar minaları toplayıb gəldilər, yoldan arxayın ol.

Uşaqlar da bir söz demədilər, amma yanıma çox gəlirdilər və tədricən dostlaşdıq.1 Mənim işim çox gizli qalmadı. Bir neçə gündən sonra bir söhbət zamanı uşaqlar demişdilər ki, Mehdi zəifdir və daha onu işə cəlb edə bilmərik, amma həmin iki nəfər demişdi: "Yox, əşi, o gün biz gedəndə özü də gəldi, minaları da o tapdı".

Bu məsələdə mənə əhəmiyyətli olan kəşfiyyat qapısının üzümə açılması idi. Allah Öz lütfü ilə bunu da mənə mümkün etdi.

***


Yay idi. Şəhid Pişqədəm düşərgəsində işlər davam edirdi. Düşərgədə şəxsi heyətin çoxluğuna baxmayaraq, camaat namazı və müxtəlif mərasimlər üçün proqram yox idi. Uşaqlarla danışıb böyük səngəri namazxana etdik. Tezliklə oranın yerini döşədik və qardaşlardan birinin imamlığı ilə ilk camaat namazını qıldıq. Get-gedə hətta xörəyi də orada birgə yeyirdik. Komandirlər, əməliyyat və rabitə mütəxəssisləri və digər uşaqlar namaza və yeməyə oraya gəlirdilər. Ötən illərin səmimi xatirələri yenidən canlanırdı.

Diviziyanın komandir müavini ağa Kaşani də orada idi və canlı qüvvəyə başçılıq edirdi. O, duz zavodu hadisəsindən sonra məni tanıyırdı və mənimlə yaxşı münasibəti vardı. Düşərgədə olduğumuz müddətdə onun futbola necə marağı olduğunu bildik. Düşərgədə kiçik bir futbol meydançası düzəltdilər. Kəşfiyyat bölüyü və digər birləşmələr futbol komandaları yaratdılar. Adətən, hər gün axşamüstü saat 4-dən sonra futbol yarışı başlayırdı. Kərim Hörməti ilə mən hər bir fürsətdən istifadə edib futbolçuları ələ salırdıq. Bir dəfə Kərimlə birgə oturmuşduq və qızğın futbol gedirdi. Həyəcanlı, səs-küylü oyun idi. Məşədi Əli əmi gəlib yanımda oturanda beynimə bir fikir gəldi. O, özünəməxsus işləri olan ağsaqqal bir qoca idi. Bəzən qalmaqal yaradırdı və hər bir işdən ötrü salavat deyirdi. O, yanımıza gələndə Kərim Hörmətiyə dedim: "Kərim ağa, bizim diviziya komandirimizin müavini də utanmaq bilmir!"

– Necə məgər?!

– Heç nə, komandir müavinidir, amma futbol oynayır.

Məşədi Əli əminin səsimizi eşitdiyini bilirdim və elə onu qıcıqlandırmaqdan ötrü bunu deyirdim. Hələ sözümüz bitməmiş Əli əmi ayağa qalxıb meydançaya girdi və topu əlinə götürdü. Uşaqlar səs-küy saldılar və hamıdan qabaq cənab Kaşani dedi: "Topu nə üçün götürdün, qoy oynumuzu oynayaq".

Bunu təbəssümlə və hörmətlə deyirdi, amma Kərimlə ona hansı plan qurduğumuzdan xəbərsiz idi. Əli əmi onun mülayim səsi önündə çox ucadan və ciddi dedi: "Guya sən diviziyanın komandir müavinisən?! Xəcalət çəkmirsən, futbol oynayırsan?!"

Məsələ ciddiləşdi və ağa Kaşani də hirslənirdi. Əli əmi vəziyyətin dəyişdiyini görüb geri çəkildi və dedi: "Eybi yox, onda bir salavat deyin, topu verim". Salavat səsi ucaldı və top yerə düşən kimi yenidən oyun başladı.

Məşədi Əli əmi cəbhə qocalarından idi və diviziyanın qərargahında işləyirdi. Həmişə yeməkdən sonra özü israrla qabları yuyurdu. Mən onun qab yumasını görəndən sonra bu işinə müxaliflərdən oldum. O, qabların üstünə bir aftaba su tökür, qabları tərpədir, sonra içindəki suyu boşaldırdı. Vəssalam, artıq qablar yuyulmuş sayılırdı və heç kim onları yenidən yuya bilməzdi. Bundan əlavə, gözləri də zəif idi və adətən, başqasının ayaqqabısını geyinirdi. Bunun üstündə həmişə Mustafa Mövləvi ilə mübahisələri düşürdü. Lakin Əli əminin xüsusi xarakterləri dəyişiləsi deyildi. Komandir səngərində dəfələrlə mühüm iclas zamanı Əli əmi çay aparmış, orada da oturmuşdu. İclasdakılar da gülüb söhbəti dəyişmişdilər ki, başa düşüb iclası tərk etsin. Bəzən özləri deməyə utandıqlarından iclasdakı hörmətli bir şəxsə deyirdilər ki, birtəhər onu başa salsın. Bu hadisə bir neçə dəfə təkrar olunmuşdu.

Bir dəfə Məşədi Əli əmi çıxandan sonra yanında oturub dedim: "Axı, baba can, bu komandirlərin hamısı uşaqdırlar, nə üçün sənin kimi ağsaqqalı iclasdan çıxarırlar?! Onlar təcrübəsizdirlər, gərək sən gedib onlara vuruşmaq öyrədəsən!"

Əli əmi də qayıdıb onlarla mübahisə etmiş, demişdi: "Siz hələ uşaqsınız, məgər mən ağsaqqal sizdən az bilirəm ki, iclasda oturmağa qoymursunuz?!"

O günlərdə bəzən müşahidə postuna gedir və uşaqların məruzəsini oxuyurdum. Hərdən onlara isti xörək hazırlayırdım ki, kəşfiyyatdan qayıdanda yaxşı istirahət etsinlər və sabaha hazırlaşsınlar.

Düşərgənin qərargahında bir neçə iclas keçirdik və Kərim Hörməti uşaqlarla söhbət etdi. Mən də əməliyyatın yaxınlaşdığına görə unudulmaqda olan bəzi proqramları xatırlatdım. Xüsusən uşaqların şəkil və görüntülərinin qeyd olunmasına israr edirdim. Bilirdim ki, o filmlər gələcəkdə şəhidləri, döyüşçüləri və cəbhənin ab-havasını nümayiş etdirəcək dəyərli və həmişəyaşar xəzinə olacaq. Hər bir iş görürdüm, hər bir təklif verirdim, amma ürəyimin istəyini deməyə cəsarət etmirdim. Çox istəyirdim ki, məni də kəşfiyyata yollasınlar, amma onlar bu haqda heç düşünmürdülər də; hətta minaları tapmağımı da üzümə vurmadılar.

Batalyonlar yavaş-yavaş düşərgəyə gəlirdi, vəzifələr təyin olunurdu. Həmin günlərdə Səudiyyə polisinin hacıların bəraət yürüşünə hücum xəbəri yayıldı. Hamımız şoka düşmüşdük. Biz cəbhədə şəhadət üçün əldən-ayaqdan gedirdik, 500 kişi və qadın isə Allah evinin ziyarəti zamanı qanlarına qəltan edilmiş, Məkkə küçələrində faciəli şəkildə şəhadətə qovuşmuşdular. Həmin günlərdə diviziyanın uşaqlarından bir neçəsi də həccə getmişdi. Kərim Fəthi və Rəhim Sarimi də onların arasında idi. Bu xəbər qanımızı coşdurdu və hətta bəzi uşaqlar arasında söhbət yayıldı ki, gələcək əməliyyatda onların intiqamı naminə vuruşacağıq.
II

İmam Hüseyn (ə), Əli Əsğər və Əmirəlmöminin (ə) batalyonları Aşura diviziyasının ilk mərhələdə hücuma keçəcək batalyonları idilər. Qardaş Yasir Zirək İmam Hüseyn (ə) batalyonunun, qardaş Bəni-Haşim1 Əli Əsğər batalyonunun, qardaş Həbibullahi də Əmirəlmöminin (ə) batalyonunun komandiri idi.

Kani Rəş müşahidə postunun yaxınlığında bir əməliyyat qərargahı yaradıldı. Bu qərargah əməliyyat yoluna yaxın idi. Əməliyyatdan iki gün öncə biz oraya getdik. Diviziyada hər hansı vəzifəsi olan uşaqların çoxu orada idi.

Qardaş Kaşani, zəncanlı uşaqlardan Nəcməddin və mən onların arasında ayaq nahiyəsindən yaralanıb əlil olmuşduq. Qardaş Ələddin bir müddət öncə oradan getmişdi, yoxsa sayımız dörd olacaqdı. Qardaş Kaşani əməliyyat qərargahında özünə belə bir heyət toplamışdı. Hərdən bəzi qardaşlarla əsa ilə qərargahın üstündəki təpəyə çıxıb ciyər süfrəsi açırdıq.

Əməliyyat qərargahına ratsiya və digər avadanlıqlar gətirirdilər. Hər şey hazır idi və biz yalnız ratsiya vasitəsi ilə vəziyyəti öyrənən tamaşaçı kimi idik. Qərargahın olduğu yerdən yüksəkliklər yaxşı görünmürdü, amma düşmənin hədəfindən qorunurdu. Hündürə çıxsaydıq, bəlkə nələrisə görərdik, amma məsələ burasında idi ki, çıxa bilmirdik. Bütün ümidimiz ratsiyaya idi və eşitdiklərimizə əsasən, beynimizdə səhnəni canlandırırdıq.

Şəxsi heyət hərəkətə hazır idi. İmam Hüseyn (ə) batalyonu həmin istiqamətdən, əməliyyat qərargahının yanından yola düşdü. Biz orada dostlarımızla son dəfə sağollaşdıq.

05.08.1987 tarixində müqəddəs "Ya Fatimətüz-Zəhra" parolu ilə Nəsr-7 əməliyyatının başlanması elan olundu. Atışma səsləri gələndə ratsiyalar da işə düşdü: "Biz indi təmizləmə işi aparırıq... Biz Dupazanın üstünə çatmışıq".

Bunlar İmam Hüseyn (ə) batalyonunun uşaqlarının məruzələri idi və bizi çox sevindirirdi. Şəhid Himmət istiqamətində döyüş hamısından uzun çəkdi. Ora boğaz kimi bir yer idi, Sərdəşt-Qaladizə yolu oradan keçirdi. Əmirəlmöminin (ə) batalyonu hələ orada vuruşurdu. İmam Hüseyn (ə) batalyonunun bölüklərindən biri də döyüşü bitirməmişdi.

Həmin gecə kəşfiyyat qüvvələrinin rəhbərliyi ilə yaradılmış Kərbəla şəhidləri batalyonu ilk dəfə əməliyyata qatıldı. Bu batalyona qardaş Amanullahi başçılıq edirdi. Onlar əməliyyat zamanı düşmən mövqeyini tutub arxadakı yolları bağlamış, üçyola qədər irəliləmiş və orada çoxlu maşınları məhv etmişdilər.

Səhər açıldı. Namazdan sonra qərargahda qalmadım, əməliyyat yolunun kənarına getdim. Nəsr-7 əməliyyatının yaralıları qatırla təpələrdən gətirilirdilər. Hər qatırın üstündə bir yaralı və ya şəhid vardı. Bir su bakı, bir qədər band və yaraları bağlamaq üçün alətlər götürmüşdüm, oraya çatan yaralılara əlimdən gələn köməyi edirdim. Kəşfiyyat uşaqları günboyu yavaş-yavaş görünməyə başladılar. Gələn hər kəs yeni xəbər gətirirdi. Biz öndəki mövqelərin vəziyyətini soruşurduq, onlar da cavab verirdilər. Məhəmməd Purnəcəf gələndə ondan Əhməd Yusifini soruşdum. Əhmədin olduğu bölüyə Məhəmməd Purnəcəf bələdçilik etmişdi. Əməliyyatdan öncə Məhəmmədə tapşırmışdım ki, Əhməddən çox istifadə etsin. O vaxta qədər uşaqlar Əhməd Yusifini yaxşı tanımırdılar. Dedim: "Əhməd şəhid oldu, yoxsa hələ sağdır?"

– Yox, sağdır. Mehdi, o, sənin dediklərindən də yüksək səviyyədə imiş.

– Necə məgər?!

– Biz bir söz demədən aslan kimi irəliləyib hamıdan qabaq təmizləmə əməliyyatına başladı. Çox yaxşı döyüşçüdür.

Əhmədin yaxşı çıxış etdiyinə sevindim, amma bilirdim ki, şəhid olmadığına görə əvvəlkindən də çox narahat olacaq. Əhmədlə səmimi münasibətimiz vardı və bir-birimizin mənəvi halından xəbərdar idik. Kiçik qardaşı cəbhəyə gəlişindən üç ay sonra şəhid olmuşdu. O vaxtdan bir yerdə qərar tutmur, deyirdi: “Mən nə etmişəm ki, iki il əməliyyatlarda iştirak edəndən sonra qalıram, Məhəmməd isə üç ay cəbhədə iştirakı ilə məndən önə keçir?!”

***

Günorta Əmir Əsədullahinin şəhadət xəbəri gəldi.



– Deməli, biz səhv etməmişik.

Əməliyyatdan öncə bölüyün bütün uşaqları arasında Əmir Əsədullahi ilə Abbas Məhəmmədinin şəhadətindən söhbət gedirdi. Hamı deyirdi ki, onlar mütləq tezliklə qanad çalıb gedəcəklər. Nəsr-7 əməliyyatının kəşfiyyat günlərində Əmirin özünü necə oda-suya vurduğunu görmüşdüm. Yaşı çox deyildi, bölüyə də yeni gəlmişdi, amma bu qısa müddətdə yaxşı inkişaf etmişdi. Son kəşfiyyatlarda çox yorulmuşdu. Onu axırıncı dəfə görəndə əynində açıq rəngli paltar vardı. Ona dedim: "Əmir, bunlar gizlənmək üçün yaxşı deyil". Orada Cəlalla paltarını dəyişdi və həmin paltarda da şəhadətə qovuşdu.

Əmirin şəhadəti bizə gözlənilməz deyildi, amma Abbas Məhəmmədinin sağ qayıtdığına inanmırdıq. Günorta Kərim Hörməti dedi: "Bütün kəşfiyyatçılar Pişqədəm düşərgəsindəki qərargaha qayıtsınlar".

Orada üç mikroavtobus bizi Baxtərana aparmaq üçün dayanmışdı. Şəhid Pişqədəm düşərgəsində üç-dörd nəfər qaldı, mən də daxil olmaqla qalanları əşyalarını götürüb mikroavtobuslara mindilər. Yolda Sərdəştə çatmamış düşmənin güclü hava hücumlarına məruz qaldıq. Mikroavtobuslar dərhal dayandı və biz yerə endik. İlk bombardmanda bir-iki yerli kürd ağır yaralanıb yerə yıxılmış, birinin ayağı kəsilmişdi. Abbas kömək etmək üçün ona yaxınlaşdı. Bir dəqiqə ötməmiş düşmən qırıcısı yenidən qayıdıb yolu bombaladı. Əbülfəz Fərəhmənd əsalarını atıb qaçmağa başladı. Mən də böyük bir daşın yanında dayandım. Bombardman bitəndən və təyyarənin getdiyinə əmin olandan sonra hərəkətə hazırlaşdıq. Abbas hələ yaralı kürdün yanında idi. Uşaqlar qışqırdılar: "Abbas yaralanıb. Qəlpə dəyib".

Bir qəlpə Abbasın sinəsini yarmışdı. Halı yaxşı idi; sakit və arxayın. Onu Sərdəştə çatdırmaqdan ötrü tez yola düşdük, amma oraya çatmamış Haqq-Taalanın görüşünə nail oldu.

Cəbhədə 6 il iştirakımızla şəhidləri şəhadətlərindən öncə tanımaqda ustalaşmışdıq. Abbas barədə də proqnozumuz doğru imiş.

Bir-bir uşaqların şəhadət xəbəri gəlirdi. Seyid Əhməd Xəyyat Nuri də şəhadətə qovuşmuşdu. Seyid hər bir kəşfiyyat və əməliyyata kəfənlə gedər, yayda-qışda, bayramda və matəmdə – həmişə paltarlarının altından qara köynək geyinərdi. Uşaqlar bunun səbəbini soruşanda demişdi: "Mən öldüyümə görə özümə əza saxlayıram". O, tanınmaz qalmış arif uşaqlardan idi, bu dünya həyatını ölüm bilirdi. Şəhid olanda 20 yaşı olsa da, illərlə riyazət çəkmiş qoca arif kimi idi. O, hətta əlyazmalarını da elə yazırdı ki, hamı istifadə edə bilmirdi və dostundan xahiş etmişdi ki, ondan sonra yazılarından heç nə qalmasın.1

Kərim Hörməti də tezliklə Baxtərana gəlib bütün uşaqlara məzuniyyət verdi. Mən də Kərimlə birgə təcili yardım maşını ilə Təbrizə qayıtdım.


III

O müddətdə hərəkətlərim artmışdı. Özümü gücə saldığıma görə böyrümün yarasının şişdiyini və ondan başqa bir şeyin çıxdığını hiss edirdim. Bir gün beynimə bir fikir gəldi; evdə bir iynəni kibritin alovunda qızdırıb böyrümün yarasına basdım. Birdən bir dəlik açıldı və oradan çoxlu çirk axmağa başladı. Yaranı bağlatdırmaq üçün tibb məntəqəsinə getdim. O günlərdə ağa İsmayıl Fərəhmənd yaraları sarıyır və adamın başına həqiqətən, oyun açırdı. O, yaramı görən kimi pinseti götürüb bir qədər qurdaladı və dedi: "Sənin yaran hələ yaxşılaşmayıb, təkcə üstü örtülüb". Sonra qayçını götürüb yaramın içinə saldı. Ağrıya dözüm deyə keyitmə iynəsi vurmuşdu. Yaranın ətrafını açdı və sterilizə olunmuş tənziflə içindəki çirki bir neçə dəfə təmizlədi. Tapşırdı ki, yaranı təmizləmək üçün hər gün oraya gedim. Elə də etdim və nəhayət, çirk yavaş-yavaş azaldı, demək olar, tam təmizləndi. Onuncu gündən yara sağalmağa başladı, yeri isə bir yumruq boyda çökək qaldı.

Təbrizdə fürsətdən istifadə edib ayağımın vətər transferi əməliyyatını etdirmək istədim. Doktor Bərzgər dedi: “Vətər və sinir əməliyyatlarını Təbrizin Şəhidlər xəstəxanasında edirlər”. Ertəsi gün oraya getdim və əməliyyata tələsdiyimdən dedim ki, İmam Xomeyni xəstəxanasında növbəm çatmışdı.

Orada xəstəxanada yatmağımı söylədilər. Təsadüfən, Xəlil Mehdizadə də oraya gəlmişdi. Onunla bir palatada yatdıq. Palatamızın üçüncü adamı qoca bir kişi idi; yol yeriməyi pis deyildi, amma o da əməliyyat olunacaqdı. Palata yoldaşlarımın qəribə işləri olurdu və başımızı yaxşı qarışdırırdı. Xəlil səhərdən axşama qədər danışıb səs-küy salırdı. Qocanın da özünəməxsus işləri və terminləri vardı. O, əməliyyatdan sonra başımıza oyun açdı. Ah-naləsi kobud sözlərlə əvəzlənmişdi və daha ona əhəmiyyət vermirdik.

Xəlil məndən öncə əməliyyata girdi. Topuğundan yanına qədər tikiş atıb sarımışdılar. Onun siatik nevralgiya əməliyyatını doktor Şərəbyani etmişdi. Xəlil özünə gəlməzdən öncə onu müayinə etməyə gəldi, mənə tapşırdı ki, əsla hərəkət etməməli, əyilməməli, qalxmamalıdır və əməliyyat nəticə verənə qədər bu şəkildə uzanmalıdır. Lakin Xəlil özünə gələndə elə atılıb-düşürdü ki, mən fikirləşdim xəstəliyi bir yana, bu hərəkətlərlə onun sağlam sinirləri də qırılacaq. İki-üç gündən sonra da dostları ilə əlaqə saxlayıb dedi ki, gəlib onu əzadarlığa aparsınlar. Məhərrəm ayı idi və dəstələr əzadarlıq edirdilər. Xəlil ağa da dəstəyə qoşulmaq həvəsinə düşmüşdü. Getdi və nəticədə əməliyyatdan heç bir xeyir görmədi.

Həmin günlərdə mənim əməliyyat növbəm çatdı. Uzun müddət idi o günü gözləyirdim və düşünürdüm ki, bu əməliyyatdan sonra tam sağalacağam. O vaxta qədər ayağımı özüm idarə edə bilmirdim, hər an qatlana və mən yıxıla bilərdim. Sevinə-sevinə əməliyyat otağına getdim, lakin başıma gələcək hadisədən xəbərsiz idim. Çarpayıda özümə gələndə başımın üstə farsdilli bir həkim vardı. Mənə dedi: "Bəxtin yaxşıdır".

– Necə məgər?

– Əməliyyatın ortasında doktor Şərəbyaniyə zəng vurdular, gəlib əməliyyat elədi.

Doktor Şərəbyaninin əməliyyat etməsini çox istəyirdim. Ayağımın yuxarısında yerləşən və işi ayağı açıb-bükmək olan iki vətər qırılmışdı. Əməliyyatda aşağıdakı vətərlərdən birini dizimə peyvənd etmişdilər ki, öz-özünə qatlanmasın və onu iradəmlə açıb-bükə bilim. Topuqdan qurşağa qədər bütün ayağımı gipsə salmış, sarığını dəyişmək üçün yalnız tikiş atılmış yerləri açıq qoymuşdular. Sol tərəfdən dizdən yanıma qədər tikiş atmış, diz qapağımı da əməliyyat etmişdilər.

O vəziyyətdə xəstəxanada qaldım və uşaqlar bəzən məni görməyə gəlirdilər. Kərim gələndə yenidən getməkdən söz düşdü, amma bu dəfə ayağımın tam sağalmasını gözləmək istəyirdim ki, cəbhəyə qayıdanda əməliyyat və kəşfiyyatlarda iştirak edə bilim.

Xəstəxanadan buraxıldım və əməliyyatdan 20 gün sonra müayinəyə getdim. Doktor müayinə edərkən dedi: "Barmaqlarını tərpət... Ayağını boşalt və sıx..." Nəhayət, tapşırdı ki, ayağımın gipsini açsınlar. Gips açıldı, amma ayağım bükülmədi. O vaxta qədər doktor deməmişdi ki, əməliyyatdan sonra ayağında problem qalacaq. Narahat oldum, amma səbir və Allaha təvəkkül eləməkdən başqa bir yolum yox idi. Bəlkə daha yaxşılaşar deyə doktorun tövsiyələrinə əməl etməyə çalışdım. İki gün onun yanına getməyimi tapşırmışdı. Getdim və sözləri ayağımı idarə etməyə yaxşı kömək etdi. Dedi ki, ayağın qatlansa da, yalnız 90 dərəcə qatlanacaq, çünki bu əməliyyatda ondan artığına imkan yoxdur. Lakin mən ayağımı açmaq istəyəndə dizim qatlanırdı, qatlamaq istəyəndə isə açılırdı. Bu nöqsanın səbəbkarı mənim iradəm deyildi. Əslində, işi ayağı qatlamaq olan vətərlərdən biri işi ayağı açmaq olan və qırılmış vətərlərin funksiyasını yerinə yetirirdi.

İki gün həkimin yanında yeridim, məşq elədim, tapşırıqlarını yerinə yetirdim və sonra fizioterapiyaya getdim. Bu iradəsiz iş əvvəllər məni gic edirdi, amma yavaş-yavaş vərdiş elədim. Ayağım 180 dərəcə açılırdı, amma qatlanması problem idi və hətta oturanda ayağımı uzadırdım. Bir ay idi xəstəxanada, evdə və fizioterapiyada ayağımla məşğul idim və cəbhəyə çox darıxmışdım. Məzuniyyətdə olan uşaqlar tez-tez mənə baş çəkirdilər. Kərim Hörməti gəlib cəbhəyə getmək istədiyini deyəndə vədələşdik və yenə təcili yardım maşını ilə Əhvaz qarnizonuna yola düşdük. Artıq qəbul etmişdim ki, müharibənin sonuna qədər cəbhədə bu şəraitdə olacağam.



Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin