Şəki Regional Mədəniyyət və Turizm İdarəsi Qax rayon mks-nin metodiki-biblioqrafiya şöbəsi



Yüklə 78,16 Kb.
tarix24.05.2018
ölçüsü78,16 Kb.
#51334

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Qax rayon MKS-nin metodiki-biblioqrafiya şöbəsi

c:\users\user\desktop\000.jpg

Mətbuat cəmiyyətin aynasıdır.

Milli Mətbuat Gününə həsr olunmuş metodiki vəsait

Qax – 2017

Milli Mətbuat Günü
Azərbaycanda Millli Mətbuat Günü iyulun 22 -də, 134 il əvvəl Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri - "Əkinçi"qəzetinin buraxıldığı gündə qeyd edilir.

Ötən əsrin 80-ci illərindən milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Bu gün tez-tez dördüncü hakimiyyət adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç "klassik" qolunun (icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur.

Bu gün ölkədə mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Onların bir hissəsi daimi olaraq nəşr olunur. Azərbaycan artıq qlobal informasiya sisteminə qoşulub. Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və "Mətbuat haqqında" Qanun qəbul edilib. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqram hazırlanıb və dövlət başçısına təqdim edilib. 
Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda öz təsdiqini tapır. 
Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib. Digər Qanunverici Aktlarında da möhkəmləndirilmiş azadlıqlar - vətəndaşların qanuni yolla informasiya tapmaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüquqları dövlət təminatına əsaslanır. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təmin olunması üzrə sıra Beynəlxalq Konvensiya və Sazişlərə qoşulub. 
Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil ölkənin nüfuzlu beynəlxalq təşkilata - Avropa Şurasına daxil olmasıdır. Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaradıb. 
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.
Azərbaycan milli mətbuatının yaranması

1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfin xəbəri" adlı Azərbaycanca buraxılan əlavə milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar olmuşdur. Rəsmi bülleten xarakteri daşıyan həmin nəşrlər sözün əsl mənasında hələ qəzet adlandırıla bilməzdi.

Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli AxundovSeyid Əzim ŞirvaniNəcəf bəy VəzirovƏsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzeti səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.

Mütərəqqi ideyaların carçısı və tribunası olan "Əkinci" elm, maarif və mədəniyyətinədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. Qəzetdə təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə bağlı elmi-kütləvi məqalələr verilirdi. "Əkinçi" Azərbaycandan kənarda da - Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə yayılırdı.

Milli demokratik mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı.



1877-ci ildə "Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq Azərbaycanda bir müddət Azərbaycanca mətbu orqan çıxmamışdır. Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər bir müddət yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən "Bakinski listok" olmuşdur. 1876-cı ildə ikinci rusdilli qəzet "Bakinskiye izvestiya" nəşrə başlamışdır. Rusdilli qəzetlər içərisində daha uzunömürlü olmuş "Kaspi"nin 1897-ci ildən etibarən nşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüş və təxminən həmin dövrdən onun redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə olmuşdur. Rus dilində nəşr edilən qəzetlər Azərbaycan səhifəsi yaratmaq təşəbbüsü göstərsələr də buna nail ola bilməmişlər. 1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olmuşdur. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə o, çapını dayandırmışdır. 1883-1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı çıxırdı.

XX əsrin əvvəlində Azərbaycan mətbuatı

XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olmuşdur. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri olmuşdur. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. "Şərqi-rus" qəzeti Cəlil MəmmədquluzadəMirzə Ələkbər SabirAbbas SəhhətÖmər Faiq Nemənzadə , Hüseyn CavidMəmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bilmişdi. Qəzetin ən böyük xidmətlərindən biri də Cəlil Məmmədquluzadəni bir jurnalist kimi üzə çıxarması oldu. O, mətbuatda demokratik cərəyanın bərqərar edilməsində mühüm rol oynayan peşəkar bir redaktor kimi məhz bu qəzetdə yetişmişdir.

Çar hökumətinin oktyabr bəyannaməsindən sonra ölkənin hər tərəfinə yayılan mətbuat, buluddan sivrilib çıxan ulduzlar kimi parlamağa başlamışdı. O dövrdə Azərbaycan ziyalıları arasında siyasi-ictimai fikrin istiqamətini, məslək mübarizələrini müəyyən etmək, bunların nə qədər ziddiyyətli, mürəkkəb şəraitdə getdiyini bilmək üçün 1917-ci ilə qədər çıxan, qapanan və yenidən çıxan, adını, ünvanını, hətta yolunu dəyişən müxtəlif qəzet və məcmuələri gözdən keçirmək kifayətdir. Bakıda "Kaspi" mətbəəsindən əlavə Tiflisdə və Gəncədə kiçik mətbəələr yaranmışdı. Xüsusilə Orucov qardaşlarının bu sahədəki fəaliyyəti nəticəsində mətbəələr genişlənir, istər qəzet, məcmuə və istərsə kitab nəşri üçün böyük imkan yaranırdı. Şuşa, Naxçıvan kimi şəhərlərdə də zəif, məhdud imkanla olsa da, çapxana binası qoyulurdu.

"Təkamül" ilk nömrəsini Məhəmməd Hadinin "El fəryadı" adlı azadpərəst şeiri ilə başlayır. Şair millətin səadətini hürriyyətdə görür. "Təkamül" uzun müddət davam edə bilmədi. 1907-ci ildə onun əvəzinə "Yoldaş" nəşr olundu, o da tez bağlandı. Bu dövrdə müxtəlif dünyagörüşləri təmsil edən qəzet və jurnallar nəşr olunur, sürətlə bir-birini əvəz edirdilər ki, bunlardan "Molla Nəsrəddin", "Dəvət-Qoç", "Bakinski raboçi", "Dəbistan", "Hilal", "Tərəqqi", "Tuti", "Kəlniyyət", "Babayi Əmir" və s. göstərmək olar.

Qəzetlər arasında az-çox ardıcıl demokratik xətti Haşım bəy Vəzirovun nəşr etdirdiyi "Tazə həyat" (1907-1908), "İttifaq" (1908-1909), "Səda" (1909-1911), "Sədayi-vətən" (1911-1912), "Sədayi-həqq", "Sədayi-Qafqaz"da (1915-1916) görmək olar.

"Məzəli" jurnalı "Molla Nəsrəddin"dən sonra mətbuat tarixində ən görkəmli məzhəkə jurnalıdır. Burada günün siyasi həyatı kəskin bir qələm ilə əks olunur. "Məzəli" yalnız ümumi məsələlərdən yox, ölkənin daxili vəziyyətindən, şəhər həyatından da bəhs edirdi. Burada köhnə pərəstlər, avamlar, maarif və mədəniyyət düşmənləri, rüşvətxorlar, yalançı ruhanilər şiddətlə tənqid olunurdular. "Məzəli"də Əli NəzmiMəmməd Səid OrdubadiƏliağa Vahid, Cənnəti və s. qüvvətli qələm sahibləri iştirak edirdilər.

"Dəbistan" (1906-1907), "Rəhbər" (1906), "Məktəb" (1911-1918) isə tərbiyə və məktəb məsələlərindən bəhs edən pedaqoji məcmuələr idi. Burada sadə dildə şeirlər, hekayələr, nağıllar, məsəllər çap olunurdu. Süleyman Sani Axundovun "Qorxulu nağıllar"ı, bir sıra müəlliflərin (Abdulla Şaiq, M.A.Əliyev, Ə.M.Mustafayev və b.) yazdığı "Gülməli nağıllar" bu nəşrlərin ən faydalı yazılarındandır.

"Şərqi-rus" qəzeti ətrafında formalaşmış yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin başlanması üçün zəmin yaratdı. Cəlil Məmmədquluzadənintəşəbbüsü, redaktorluğu və naşirliyi ilə 1906-cı il aprelin 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" işıq üzü gördü. “Molla Nəsdəddin” jurnalı 1906-1918 –ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931 illərdə Bakıda nəşr edilib.748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.

Mütərəqqi ideyaların carçısı olan "Molla Nəsrəddin" jurnalı müstəmləkəçilik siyasətini, geriliyi, mövhumatı amansız satira atəşinə tutur, Azərbaycan dilinin saflığı uğrunda ardıcıl mübarizə aparırdı. Kəskin və cəsarətli tənqidi çıxışlarına, acı həqiqətləri söylədiyinə görə daim hücum və təqiblərə məruz qalan jurnalın nəşri çar senzurası tərəfindən dəfələrlə dayandırılmış, bir sıra nömrələri müsadirə olunmuş, redaktoru bir neçə dəfə məhkəmə məsuliyyətinə cəlb edilmiş, cərimə edilmişdir. Lakin bütün təqib və təzyiqlərə baxmayaraq, "Molla Nəsrəddin"in haqq səsi çox keçmədən Qafqazın hüdudlarını aşıb Rusiyada, türk aləmində, bütün Yaxın və Orta Şərqdə eşidildi. Jurnalın Mərkəzi Asiyada, Krımda, İrəvan, Kazan, Ufa, Həştərxan, Orenburq, Təbriz, Tehran, Ərzurum, İstanbul, Qahirə, Bombey, Kəlküttə və sair şəhərlərdə çoxlu oxucusu var idi.

"Molla Nəsrəddin" dövrünün mühüm siyasi hadisələrinə səs verir, milli oyanış prosesinə xidmət edirdi. Jurnalın mövzu və təsir dairəsi çox geniş idi. "Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik ziyalıları öz ətrafında toplamışdı. Jurnalda Azərbaycanın görkəmli şair, yazıçı və jurnalistləri ilə yanaşı Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadə kimi rəssamlar da fəaliyyət göstərərək Azərbaycanda yeni rəssamlıq məktəbinin təməlini qoydular. "Molla Nəsrəddin"in müasir ədəbiyyat, maarifləşmə, demokratikləşmə uğrunda mübarizəsi, onun güclü satirası jurnalda əməkdaşlıq edən sair və yazıçıların yaradıcılıq istiqamətini müəyyən etmiş, onların görkəmli sənətkar kimi formalaşmasında həlledici amil olmuş, beləliklə də "Mollanəsrəddinçilik" adlı böyük bir ictimai-ədəbi hərəkat yaranmışdı. Mollanəsrəddinçilər klassik Azərbaycan, Şərq, rus və dünya bədii-publisist irsinin ənənələrindən, xalq yumorundan məharətlə bəhrələnərək, milli mətbuat tarixində satirik jurnalistikanın bünövrəsini qoyulmuş, Azərbaycan publisistikasını janr və üslub rəngarəngliyi ilə zənginləşdirərək onun inkişafında misilsiz rol oynamışlar. Bu dövr Azərbaycanda uşaq və valideynlər üçün "Dəbistan", "Rəhbər", "Məktəb" kimi jurnalların buraxılması ilə də əlamətdar idi. Azərbaycan ziyalılarının fəal iştirakı ilə nəşr olunan "Həyat", "Füyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik" kimi qəzet və jurnalların da mətbuatımızın inkişafında böyük rolu olmuşdur.

Əsrin əvvəllərində Azərbaycanda çıxan dövri mətbuat orqanları sözsüz ki, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşdur. Azərbaycan 1918-ci il mayın 28-də öz müstəqilliyini qazanmasında milli mətbuatın da mühüm rolu olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin bütün xadimlərinin həm bir lider kimi formalaşmasında, həm də onların siyasi fəaliyyətinin gerçəkləşdirilməsində mətbuatın misilsiz xidmətləri vardır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ümummilli platformadan çıxış edən "Azərbaycan" qəzetinin dahi Üzeyir bəy Hacıbəyov tərəfindən nəşr edilməsi ictimai-siyasi proseslərin milli mədəniyyətin inkişafı ilə nə qədər bağlı olduğunun ən bariz nümunəsidir. Əslində Cümhuriyyət dövrü mətbuatının fəaliyyəti Həsən bəy Zərdabi ideyalarının, "Əkinçi" prinsiplərinin həyata keçirilməsinin yeni və çox mühüm mərhələsi idi. Təəssüf ki, bu mərhələnin ömrü az oldu.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox səhələrində olduğu kimi mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Hələ Azərbaycan Xalq Cümhuriyyәti illərindən sonra rüşeym halında inkişafını dayandırmış proseslər yenidən dirçәlәrәk demokratik mətbuatın inkişafına xidmət etdi.

Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxardı. Bu gün hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən Azərbaycanda 650-dən çox müxtəlif kütləvi informasiya vasitəsi - qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri fəaliyyət göstərir. Bu da ölkəmizin mətbuatının inkişaf yolunda olmasına dəlalət edir.



Mətbuatın sovet dövrü

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mətbuatın inkişafı daha çox partiyalı mövqe ilə bağlı idi. Respublikanın "Kommunist" (ilk nömrəsi 1919-cu ildə çıxmışdır), "Bakinskiy raboçiy" (1906-ci ildən çıxır), "Vışka" (1928-ci ildən çıxır), "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana" (ilk nömrələri 1919-cu ildə çıxmışdır), "Bakı", "Baku" (1958-ci ildən çıxır), "Ədəbiyyat və incəsənət" (1934-cü ildən çıxır) və sair tanınmış mətbuat orqanlarında kommunist ideologiyası ilə bağlı məsələlərlə yanaşı respublikanın iqtisadi, elmi, mədəni inkişafı ilə əlaqədar problemlər də öz əksini tapırdı. Xalqın həyatının işıqlandırılmasında, ideoloji buxovların mövcudluğuna baxmayaraq, öz səhifələrində müxalif fikrə də yer verən, o dövr üçün doğrudan da vətənpərvər ruhlu məqalələr dərc edən mətbuat orqanlarının milli şüurun və özünüdərkin formalaşdırılmasında böyük rolu olmuşdur. Bu qəzetlərin xalqımızın dil, ədəbiyyat və mədəniyyətinə həsr etdiyi, azərbaycançılıq ideyasına xidmət edən yazıları bu gün də aktual olaraq qalır və totalitar rejim şəraitində belə Azərbaycan jurnalistikasının mövqeyini nümayiş etdirir. Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, o öz milli varlığını qoruyub saxlaya bilmiş, əldə etdiyi zəngin ənənələri davam etdirərək respublikanın ictimai-siyasi həyatında fəal rol oynamışdır. Məhz bu dövrdə publisistikanın tamamilə yeni bir növü- teleradio jurnalistikası təşəkkül tapdı.

1919-cu ildə 20-dən çox bolşevik qəzeti nəşr olunmuşdur. Azərbaycan dilində "Bakı Fəhlə Konfransının Əxbarı", “Azərbaycan gəncləri”, "Hürriyyət","Haqq", "Füqəra sədası", "Zəhmət sədası", "Oktyabr inqilabı", "Gənc işçi", "Azərbaycan füqərası", rus dilində "Nabat", "Molot", "Proletari", "Raboçi put", "Qolos truda", "Bednota", "Molodoy raboçi", "Novı mir", və başqaları Azərbaycan bolşeviklərinin nəşr etdikləri qəzetlər idi. Doğrudur, bu qəzetlərin ömrü çox az olmuş, bəzilərinin cəmi bir və ya bir neçə nömrəsi çıxmışdır. "Kommunist" qəzeti "Hümmət’’, "Qoç-Dəvət", "Təkamül", "Yoldaş", "Hümmət" (1917-1918-ci il-lər), "Bakı Şurasının Əxbarı" kimi bolşevik qəzetlərinin davamçısı olaraq meydana atıldı.

"Kommunist" 1919-cu il avqustun 29-da həyata gəldi. "Kommunist" in 1919-cu il gizli çıxan nömrəsini Ruhulla Axundov redaktə etmişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci il aprelin 30-da Əliheydər Qarayevin redaktorluğu ilə"Kommunist" leqal şəkildə öz nəşrinə başladı.

Azərbaycanda sovet hakimiyyətinin ilk illərində "Kommunist" və "Bakinski raboçi" qəzetlərinin səhifələrində qəzalardan tez-tez materiallar dərc olunurdu. 1923-cü il iyunun 16-da Bakıda "Kəndçi qəzetəsi"nin birinci nömrəsi çapdan çıxdı. Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi (KPMK) 1923-cü il iyulun 2-də Bakıda Şərq qadınlarının, xüsusilə Azərbaycan qadınlarını ictimai-siyasi həyata alışdırmaq məqsədilə aylıq, ədəbi, ictimai və siyasi jurnal olan "Şərq qadını"nın nəşr olunmasını qərara aldı. "Şərq qadını"jurnalının 1-ci nömrəsi 1923-cü ilin noyabrında 40 səhifədən ibarət 1000 nüsxə tirajla çapdan çıxmışdır. Jurnalın ilk redaktoru Ayna Sultanova olmuşdur. 1938-ci ildən "Şərq qadını", "Azərbaycan qadını" adı ilə nəşr olunmağa başlayıb.

1927-ci ilin fevralında "Pioner" jurnalı kütləvi tirajla çıxmağa başladı.

1934-cü il sentyabrın 2-də "Kommunist maarifi" qəzeti nəşrə başladı. 1938-ci ildə adı dəyişdirilərək "Müəllim qəzeti" adlandırıldı. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olundu. 1946-cı ilin aprelindən "Azərbaycan müəllimi" adı ilə yenidən nəşrə başlayan qəzet sonrakı illərdə də bu adla yaşadı.

İdman mətbuatımızın ən böyük tarixə malik nəşri olan "İdman" qəzeti həm də Azərbaycan mətbuatının ən qocamanlarından biri sayılır. 1932-ci ildə ilk dəfə "Azərbaycan bədən tərbiyəçisi" ("Fizkulturnik Azerbaydjana") adı altında işıq üzü görmüş "İdman" qəzetinin artıq 70 - dən çox yaşı var. Sonrakı illərdə “Ədəbiyyat” (1933)", Azərbaycan pioneri" (1938), “Kirpi" jurnalı (1952), "Bakı " (1958) və s. qəzetləri meydana gəlmişdir. Sovet ideologiyasına xidmət etməsinə baxmayaraq, “Kirpi” müxtəlif nəsillərə mənsub olan peşəkar karikaturaçı rəssamları bir araya gətirə bilmişdi.Jurnala marağın artması, oxunaqlı olması bu sahəyə 1950-1960-cı illərdə Azərbaycanın görkəmli rəssamları olan T.Salahov, K.Kazımzadə, G.Müstafayeva kimi şəxsiyyətləri cəlb etmişdi. Dövrün eybəcərliklərini əks etdirən felyeton, atmaca və karikaturalarla oxuyucularının pozulmuş hüquqlarını bərpa edir. 2012-ci il iyul ayının 10-u “Kirpi” jurnalının nəşrə başlamasının 60 illiyinə həsr olunmuş tədbir və sərgi keçirilmişdir.



Müasir mətbuat

Bütün Sovet Sosialist Respublikası İttifaqında (SSRİ) başlayan yenidənqurma havası Azərbaycana da çatdı və ictimai mühitə kəskin təsir göstərdi. Millətin dirçəliş dövrü kimi tarixdə qalan 1989-cu ildə “Azərbaycan” qəzeti yaradıldı. Müstəqil mətbuatın qaranquşları hesab edilən “Səhər” qəzeti 1989-cu ilin 4 avqust tarixində və “Azadlıq” qəzeti 1989-cu ilin 24 dekabr tarixində işıq üzü gördülər. “Səhər”ə tanınmış jurnalist Məzahir Süleymanzadə, “Azadlıq”a tanınmış jurnalist Nəcəf Nəcəfov rəhbərlik edirdilər.

1990-cı ildə “Zerkalo”, “Səs”, 1991-92-ci illərdə “Yeni Müsavat”, “İki Sahil”, “525-ci qəzet”, “Yeni Azərbaycan” qəzetləri nəşr olunmağa başladı.

1998-ci ilin avqust ayının 6-da prezident Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Həmçinin, 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikasının Qanununun (ARQ), digər hüquqi-normativ aktların qəbulu həyata keçirilib.

Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına Dövlət Dəstəyi Konsepsiyası (DDK) kimi mühüm bir sənəd təsdiq olunmuşdur. Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (DDF) yaradılmışdır.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox millim-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi.Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı-qəzet və jurnal fəaliyyət göstərir.Milli mətbuatımız illər keçdikcə daha da büllurlaşacaq, saflaşacaqdır.Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün -22 iyul Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur.



Hazırda ölkədə 4500-ə yaxın mətbuat orqan Ədliyyə Nazirliyində (ƏN) qeydiyyatdan keçib.

Azərbaycan mətbuatı

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.
1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. 22 iyul - Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əsas rol oynamış “Əkinçi”nin əsas məqsədi fanatizmi, cəhaləti aradan qalddırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək olub. Çox ciddi senzura altında cəmi 56 nömrəsi çapdan çıxan “Əkinçi” qəzetinin nəşrinə 1877-
ci ildə qadağa qoyulmuşdur. Buna əsas səbəb kimi Rusiya-Türkiyə müharibəsinin başlanması və 
qəzetin siyasi mövzulara da toxunması olub. XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olublar. Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci llərdə KİV-lər Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynayıblar. “Şərqi-rus”, “Həyat”, “Füyuzat”, “Təzə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” və digər qəzetlər xalqın milli özünüdərk hissinin formalaşmasına çalışıblar. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyul Azərbaycan jurnalistikası günü elan edilmişdir. 
Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş baş verib. Hazırda ölkədə 4200-dən artıq kütləvi informasiya vasitəsi qeydiyyata alınmışdır. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. Yarandığı 139 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçmişdir. Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə malik olması, Şərq və Qərb sivilizasiyasının qovuşduğu məkanda formalaşmış mədəniyyəti demokratik milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Bu gün ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.
O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib. 
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.
Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.
Ötən illlər Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla 
Azərbaycan Milli Mətbuatının 135 və 140 illik yubileyi bütün ölkədə qeyd olunub.

 

İstifadə edilən mənbə:


Ədəbiyyat:

Azərbaycan Rezərbspublikasının Prezidenti Heydər Əliyev, Bakı, 27 mart 2000-ci il, № 308.

Azərbaycan mətbuat tarixi Аkif Şahverdiyev, Əhməd Vəliyev. "Тəhsil " nəşriyyatı, 2006 - 248 səh.

İstinadlarMənbəMir Cəlal. Azərbaycanda ədəbi məktəblər. Bakı: "Ziya-Nurlan" NPM, 2004, 392 səh.


İnternetdə:

https://az.wikipedia.org/wiki/

https://az.trend.az/azerbaijan/politics/1509263.html

http://files.preslib.az/site/newspdf/milmet.pdf



http://news.lent.az/news/71400

Hazırladı: MKS-nin metodiki-biblioqrafiya şöbəsinin müdiri Xəlilova Reyhan
Yüklə 78,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin