Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi
Mərkəzləşdirilmiş Kitabxana sistemi
Metodika və biblioqrafiya şöbəsi
20 yanvar Milli Matəm günü ilə əlaqədar
20 Yanvar – Xalqımızın qürur yeri
(metodik vəsait)
Şəki-2013
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: Nəsrullayeva Zibar - MKS-nin Metodika və
biblioqrafiya şöbəsinin müdiri.
Xalqımız 1990-cı ilin mühdiş 20 yanvar faciəsini heç vaxt unatmayacaqdır.Çünki o, ayrı-ayrı insanlara qəsd, təcavüz deyildi, bu bütün Azərbaycan xalqına, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır.
H.Əliyev
I.Bölmə: 20 yanvardan başlanan faciə.
1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi daxil olmuşdur. Düz 23 il əvvəl doğma yurdumun, xalqımın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycanın övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
Bədnam M.Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar hərəkətlərinin açıq-aşkar dəstəklənməsinə və o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Bakıda misli görünməmiş faciəyə gətirib çıxarmışdı, böyük itkilərə, günahsız insanların ölümü ilə nəticələnmişdir. Nəticədə 170 nəfər həlak olmuş, 400-ə yaxın insan yaralanmışdır.
Azərbaycanın o vaxtkı səriştəsiz , kölə pisxologiyalı rəhbərlərinin əksinə olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi H.Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etmişdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırmışdı.
Xalqımızın ümummilli lideri H.Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qaydışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmişdi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılmışdı. 20 Yanvar-Ümümxalq Hüzn Günü elan edilmişdi.
20 Yanvar qurbanlarının dəfn edildiyi yer Şəhidlər Xiyabanıdır.Hər il yanvarın 20-də minlərlə insan vətəninin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edirlər. Bakının ən yüksək nöqtələrindən biri hər bir azərbaycanlı üçün müqəddəs bir yerə çevrilib. Nəsillər dəyişəcək, lakin vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
II.Bölmə.Faciənin 23-cü ildönümü ilə əlaqədar keçirilən
tədbirlər
20 Yanvar 1990-cı il...Bu qanlı olaydan nə az, nə çox 23 il ötür. Hər il olduğu kimi bu ildə şəhidlərimiz yad olunur, onların xatirəsinə dualar oxunur. 20 yanvar faciəsi ilə bağlı kitabxanalarımızda da tədbirlər planı hazırlanmışdır. Bu tədbirlərin sayı çox genişdir. Belə ki, tədbirlər planına kitab sərgisini, foto sərgisini, şeir müsabiqələrini, xatirə gecələrini, ədəbi-bədii kompozisiya və sair tədbirləri daxil etmək olar. İlk öncə kitabxanalarda kitab sərgisi və şəhidlərimizin foto stendləri hazırlanmalıdır. Sərgi müxtəlif başlıqlar altında keçirilə bilər: “Qanlı faciə”, “ Tarixin qan yaddaşı”, “Başın sağ olsun vətən” və sairə.
“20 Yanvar-Azadlığa gedən yolun zirvəsi” adlı sərginin sxemini veririk:
1.Başlıq: “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”
2.Mövzuya aid şəkillər.
3.Sitatlar.
4.Dövrü mətbuatda çap olunan məqalələr
5.20 Yanvar faciəsinə aid nəşr olunan kitabların siyahısı
6.Şeir parçası:
Sitatlar:
I. XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir cinayətdir.Həmin cinayəti törədənlər indiyədək öz cəzalarını almamışlar.Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar.
Ümummilli lider Heydər Əliyev
II. 20 yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
İlham Əliyev
III. Bizim vəzifəmiz həmin günü sadəcə qryd etməklə, şəhidlərin məzarını ziyarət etməklə, başqa tədbirlər keçirməklə kifayətlənmək deyil.Biz bu günlər o faciənin yaranma səbəblərini , Azərbaycan xalqına nə qədər zərbə vurduğunu bütün vasitələrlə açmalıyıq.
Heydər Əliyev
Şeir parçası:
Bu günahsız qanlara,
Bu müqəddəs canlara,
Bu nakam cavanlara,
Ağla,qəeənfil, ağla!
_____1_____
_______ _____2_____ _________
________ ______ _____3_____ ___________
________ ______ _____4_____ ___________
_______ _____5_____ _______
Kitabxanada 20 yanvar matəm günü ilə əlaqədar keçirilək tədbirlərin siyahısına xatirə gecəsini daxil etmək olar.“Əbədiyyət yolçuları” başlıqlı xatirə gecəsinin ssenarisini veririk:
“20 yanvar 1990-cı il...” sözləri yazılmış plakat asılmışdır. Aparıcılar səhnəyə çıxır.
I aparıcı: 19 yanvar 1991-cı il.Narahat, mühdiş şənbə gecəsi...Bütün şəhər həyacanlı ürək kimi döyünür.
II aparıcı: Bakı azadlıq ümmanlı təlatüm dənizi idi ogünlər. Azadlıq carçısı, azadlıq mücahidi, azadlıq təşnəsi oğullar bu ümmanda çalxalanan qəzəbli dalğalar kimi şahə qalxmışdı.
I aparıcı: Xalqın mənəvi birliyi mərkəzi hökuməti - Qarbaçov hakimiyyətini qorxuya saldı. Azərbaycana-Bakıya qoşun yeridilməsi haqqında gizli fərman verildi.
II aparıcı: Dövlət öz vətəndaşlarını əliyalın, köməksiz xalqın üzərinə odlu güllələrlə, zirehli maşınlarla hücuma keçdi.Bakı-Sovet tanklarının qarşısına müstəqillik inamı ilə çıxan Azadlıq fədailəri hədəfə çevrildilər, müqəddəs bir yolun əbədi yolçuları oldular o gecə.
Arxadan atışma səsləri gəlir. Səhnədə 20 yanvar gecəsində baş verən hadisələr göstərilir.Həzin musiqi səslənir.
Aktyor: Nə qara, nə mühdiş gecəymiş, Allah
Qarqara güllələr, odlar, silahlar
Axıb tökülübmüş gül səhərinə
O gecə fəryadlar, amanlar, ahlar
Od vurdu bir qara yel şəhərinə,
O gecə yas tutdu el şəhərinə.
Hardan yol başladı oqara gecə
Sinəmdə çal-çarpaz bir yara gecə,
İlanmış sürünə-sürünə gəlib
Şeytanmış bürünə-bürünə gəlib.
Gəlib niyyətində ölüm, fəlakət,
Gəlib əllərində qara bir qərar.
Hanı haqq-ədalət, hanı həqiqət,
Axı bu torpağın nə günahı var?
Elnarənin “Təlqin” mahnısı səslənir. Qara paltarlı baş gəlir.Ruhlara üz tutaraq: Gözləriniz yoxdu torpaq tökülə
Telləriniz yoxdu sığal çəkilə
Cəsədiniz yoxdu kəfən bükülə
Biz necə oxşayaq yaranı, qardaş,
Torpaq götürməsin bu qanı qardaşı.
Əliniz ümüddən qopmayıb hələ
Qanınız torpağa hopmayıb hələ
“Sevirəm” kəlməsi tapmayıb hələ
Qəfil güllə tapdı sevdanı, qardaş,
Torpaq götürməsin bu qanı, qardaş.
Bəlkə ana, bacı kiriyə, dönə
Yandıqca bir yanar körüyə dönə
Bu yoldan çətin ki, geriyə dönə
Vətən çətin dönüb usanır, qardaş,
Torpaq götürməsin bu qanı, qardaş.
Qaranlıq gözümün işığı qardaş.
Anamın vuran ürəyi,
Atam evin dirəyi,
Dar gündə vətənin gərəyi qardaş.
Şah igidim, şahbaz igidim mənim
Şəhidim mənim.
Musiqinin ikinci bəndi səslənir. Ana gəlir:
Oğul, oğul ay oğul,
Niyə qırdın belimi.
Demədinmi sənə gəlsə mənə göndər ölümü?
Sənə ümüd bağlamışdım
ümüdlərim qırıldı,
Uzun-uzun yollarına baxmaqdan
Görən gözüm kor oldu.
Şirin-şirin arzularım ağulandı,
Bəs beləni danışmışdıq
Niyə pozdun, oğul andı?!
Nər oğlum, ər oğlum
İgidim mənim,
Şəhidim mənim!
Musiqi dəyişir. “Anama deyin”
Ağ geyimdə Şəhid ruh ayağa qalxır.Fon səsiylə:
Ağlama, bacı, ağlama, ana
Mən bu meydana
“Vətən, vətən” deyib gəldim,
Mən əynimə kəfənimigeyib gəldim.
Əhmədlərin, Məmmədlərin, Fəridlərin,
Milyonlarla şəhidlərin biriyəm mən.
Nə qədər ki, azərbaycan torpağı var,
Nə qədər ki, bu vətən var,
Ölməmişəm, diriyəm mən.
Musiqi sədaları altında iştirakçılar əllərində şam səhnədə “Şəhidlər” mahnısını xorla oxuyurlar:
Qatil gülləsinə qurban gedirkən
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.
Millət millət olur xeyir-şəriylə,
İnsan insan olur əməlləriylə,
Torpağın bağrını cəsədləriylə
Azadlıq tumunu əkdi şəhidlər.
Bu vətən, bu torpaq mənimdi deyib
Üstündə vüqarla gəzdi şəhidlər.
Əyninə qanundan bir köynək geyib
Düşmənin yolunu kəsdi şəhidlər.
Təki vətənimiz düşməsin dara
Baxmayıb soyuğa, borana, qara
Cavab vermək üçün o azğınlara
Hər bir cətiniylə dözdü şəhidlər.
Arzusu göylərə, yerə sığmayan
Araza sığmayan, Kürə sığmayan
Nağıla, dastana, şeirə sığmayan
Ən ali, müqəddəs sözdü şəhidlər.
I aparıcı: Bəli belə bir ömür yaşadı 20 Yanvar facəsinin qurbanları. Əsil igid ömrü, şəhid ömrü.
Musiqi: Yaşa, qol-qanad aç, qovaq kimi yox,
Barlı bağ kimi.
Elə bəhər gətir, elə yaşa ki,
Sənə həyat eşqi şirin görünsün.
Çağla, sısqa axan bulaq kimi yox
Coşqun sel kimi,
Elə vur özünü dağa-daşa ki,
İzin qayalarda dərin görünsün!
Alış, tüsülənən ocaq kimi yox
İldırım kimi.
Elə vur vuranda ömrü başa ki,
Özündən sonra da yerin görünsün.
Beləliklə, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, lakin vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.Xalqın milli qürur günü heç vaxt unudulmayacaqdır. 20 yanvar bizim milli qürur günümüzdür.
Tədbir Azərbaycanın Dövlət Himni ilə başa çatır. Tədbirdə iştirak edən qonaqlar şəhidlər xiyabanını da ziyarət edirlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qəbirləri nurla dolsun!
Adınız dolaşdı bütün dünyanı,
Çox da ki, ağınız qara yozuldu.
Bizim şəhidlərin tökülən qanı
Haqqın kitabında imzanız oldu.
SON.
Kitabxana işçiləri söhbətlər, məruzələr vasitəsilə Ümumxalq Hüzn günü haqqında geniş məlumatlar verməlidirlər. Kitabxanaçılara tövsiyə edirik ki, Ümumxalq Hüzn günü ilə əlqədar dərc olunan materialları mövzu kartotekası şəklində hazırlayıb oxucuların istifadəsinə versinlər.
İstifadə edilmiş ədəbiyyat:
-
Qanlı Yanvar 1990-cı il həqiqətləri [Mətn] /tərt.ed.X. Muxtarlı.-Bakı:Mütərcim,2005.-116s.
-
Məhərrəmov V. Qanlı gecə, qanlı tarix [Mətn] /H.N.Şıxlar; red.R. Əsgər.-Bakı: Müəllim, 2011.-95s.
-
Yanardağ S.Yanvar qırğınının intiqamı [Mətn]/ S. Yanardağ; red.S.Vəfadar.-Bakı:Şəms, 2009.-122s.
-
Şəhidlər unudulmur //Təhsil problemləri.-2009.-21-31 yanvar.-s.3.
-
Osmanov C. Qanlı faciə// Respublika.-2009.-23 yanvar.- s.6.
-
Bəhramov M. Tariximizin qanlı səhifəsi // Respublika.-2009.-11yanvar.-s.4
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi
Mərkəzləşdirilmiş Kitabxana sistemi
Metodika və biblioqrafiya şöbəsi
17 noyabr Milli Dirçəliş günü münasibəti ilə
Milli dirçəlişdən qüdrətli dövlətçiliyə
doğru
(metodiki vəsait)
Şəki-2013
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: Nəsrullayeva Zibar - MKS-nin Metodika və
biblioqrafiya şöbəsinin müdiri.
Milli Dirçəliş Günü
“XX əsri sona vuraraq, 2000-ci ilə gedərək qürur hissi ilə deyə bilərəm ki, həyatımızın nə qədər çətin, faciəvi bir dövrünü yaşadıqsa, eyni zamanda ölkəmizin dirçəlişini, inkişafını daha da gözəl gələcəyini təmin edə bildik”.
Heydər Əliyev
1988-ci ilin ilk günlərində Ermaənistan Azərbaycana qarşı açıq təcavüzü başlanmışdı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qarboçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlılar öz ata-baba yurdlarından kütləvi surətdə qovmuşdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmuşdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmurdular, həm də onları cismən öldürmüş, diri-diri yandırmışdılar.Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qarbaçov və ətrafı heç bir reaksiya verməmişdilər. Ermənilər bununla da kifayətlənməmiş, 1988-ci il fevral ayının əvvələrindəAzərbaycanın Dağlıq Qarabağ bölgəsinidə ixtişaşlar törətmişdilər.Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırmışdılar.
Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxmış, xalq öz etirazını kəskin şəkildə rəhbərliyə bildirmiş, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir. Azadlıq meydanına toplaşır, ermənilərin və sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazını bildirmişdilər.
1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlamışdı.O, vaxt bütün xalq bir yumruq kimi düyümlənmişdi.Bu əsl xalq hərakatı, milli azadlıq hərakatı idi.Dekabrın əvvəlində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdılmışdı.1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.Bu bizim ən böyük bayramımızdır. Çünki digər tarixi hadisələrin məhz milli dirçəliş hissimizdən, milli oyanışımızdan dünyaya gəlib. Oyanış günümüz mübarək olsun!
II. Milli Dirçəliş günü ilə əlaqədar keçiriləcək tədbirlər
Azərbaycan Respublikasının Milli Dirçəliş günü münasibəti ilə respublikamızın hər yerində olduğu kimi kitabxanalarda,litsey və gimnaziyalarda, ümumtəhsil məktəblərində, muzeylərdə və sair yerlərdə bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Drçəlişimizlə, müstəqilliyimizlə bağlı ilk növbədə sərgi, kitab icmallarını, oxucu konfranslarını, inşa, şeir, rəsm müsabiqələrini, ədəbi-bədii kompazisiyaları və sair daxil etmək olar. İlk növbədə kitabxanalarda Milli Dirçəliş Günü ilə bağlı sərginin tərtib olunması vacibdir.Sərgidə Milli Dirçəliş Günü və Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə bağlı nəşr olunan kitabları, proşuraları, dövrü mətbuatda çap olunan qəzet və jurnalları nümayiş etdirmək olar.
Sərgilərə müxtəlif başlıqlar vermək olar.Məs: “Milli Dirçəliş yolu milli birlikdən keçir”, “Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol”, “17 noyabr- milli şüurun yüksəliş günü”, “Birliyimizin sübut günü”, “17noyabr- Milli Dirçəliş Günüdür”, “Ən böyük naliyyətimiz müstəqilliyimizdir”, “17 noyabr- inqilab, oyanış bayramıdır”, “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru”, “Müstəqilliyimiz əbədidir” və sairə.
İndi isə “Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol” adlı sərginin sxemini nümunə üçün veririk:
-
Başlıq.
-
Azərbaycan Respublikasının üçrəngli bayrağı.
-
Milli Dirçəliş günü ilə bağlı görkəmli insanların söylədikləri sitatlar.
-
Bu münasibətlə nəşr olunmuş kitabların nümayişi.
Nümayiş olunacaq kitablar.
1.Ə.Ə.Qocayev, F.V. Vəliyev.Bayramlar və tarixi günlər.
2.Vaqif Kəhrizli Azərbaycan bayrağı
3.M.Mərdanov, Ə. Quliyev Azərbaycan Respublikasının dövlət rəmzləri.
4.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Icild.
5. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. IIcild.
6. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. IIIcild.
7.Azərbaycan Demokratik Respublikası Dövründə ədəbiyyat.
8.Müstəqil Dövlətimiz və Parlamentimiz.
9.Dövrü mətbuatdan materiallar .
10.Şeir parçası
Azadlıq təşnələri
Meydanlara doldular.
Xalqının düşmənləri
Saraldılar, soldular.
Bakının küçələri
Coşqun bir çaya döndü...
Düyümlənən yumruqlar
Düşmənə:Ölüm!-dedi.
Bəsdir bu qədər zillət.
Bu qədər zülm,- dedi.
(“Dirçəliş günü” Rafiq Yusifoğlu)
Sitatlar:
“17 noyabr 1990-cı il Milli Dirçəliş Günü Azərbaycan dövlətçiliyinin, milli dövlət rəmzləri tariximizin dönüş nöqtələrindən biri kimi tarixi yaddaşımıza əbədi daxil olub.
Xalqımın dirçəlişi ilə əldə olunan Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır”.
H. Əliyev
“XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır. 17 noyabr Milli Dirçəliş Günü hadisələrindən sonra, müstəqil Azərbaycan Dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcək”.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev
Kitabxanalarda yuxarı sinif şagirdlərinin iştirakı ilə “Azərbaycan dövlətinin müstəqilliyi əbədidir” başlıqlı konfrans da təşkil etmək olar. Konfransdan öncə onun proqramı tərtib olunmalı, konfransın keçiriləcəyi dəqiq vaxt müəyyən olunmalıdır. Proqramda konfransda çıxış edəcək qonaqların, müəllimlərin və şagirdlərin adları, onların çıxış edəcəkləri mövzular, tədbirin keçiriləcəyi məkan və zaman qeyd olunur. Konfrans zamanı Milli Dirçəlişimizlə bağlı kitabxana rəhbərliyi, müəllimlər, jurnalist, yazıçı və şairlərin çıxışları dinlənilir. Oxucu konfransının planını sizə təqdim edirik:
1.Giriş hissə(Milli Dirçəlişimiz haqqında məruzə)
2.17 noyabr Milli Dirçəliş Günü haqqında kitabxana rəhbərliyinin, müəllim, yazıçı, və sair çıxışları.
3.Yuxarı sinif şagirdlərindən ibarət olan oxucuların məruzələri.
4.Konfransın yekunu.
Kitabxanada keçirilən tədbirin ən maraqlısı ədəbi-bədii gecədir. “Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol” adlı ədəbi-bədii gecənin ssenarisini sizə təqdim edirik. Tədbir Azərbaycanın Dövlət Himni ilə başlayır. Səhnəyə üçrəngli Azərbaycan bayrağı gətirilir. Bir çox sitatlar səhnənin divarlarından asılır.Məs: “Milli Dirçəliş Günü”, 17 noyabr oyanış bayramıdır”, “Birliyimizin sübut günü”, “Müstəqilliyimiz əbədidir” və sair.
Səhnəyə aparıcılar daxil olur:
I aparıcı: Əziz və hörmətli qonaqlar! Hamınızı bu əziz bayramda xoş gördük. Bildiyimiz kimi, xalqımız keşməkeşli mübarizələr dolu tarixi bir yol keçmişdir. Bunların hamısının bir məqsədi, bir məramı olmuşdur: azadlıq, müstəqillik. Dirçəliş oyanışdı, yenidən yranmaq, dünyaya təzədən yaranmaq, dünyaya təzədən gəlməkdi.Elə bizim xalqın da Milli Dirçəliş Günü onun özünü təsdiqi idi. Müstəqil Azərbaycanın dövlət səviyyəsində qeyd etdiyi bayramlar içərisində Milli Dirçəliş Günü xüsusi yer tutur.
I oxucu: Dirçəliş günümüz gəldi nəhayət,
Xalqının arzusu güldü nəhayət.
Parladı köksümdə olan cəsarət,
Onun dərdi, qəmi azalan oldu.
II oxucu: Dirçəliş günümüz- azadlığımız,
Ondadır hər arzu, hər şadlığımız.
O gün təkrar oldu fərhadlığımız,
Dağların sinəsi qazılan oldu.
I oxucu: Dirçəliş günümüz-səadətimiz,
O gün-xilaskara məhəbbətimiz.
O gün qalib gəldi ədalətimiz,
Eşqimiz tarixə yazılan oldu.
II oxucu: Çiçəklər bürüdü o gün düzləri,
Sevgilər bəzədi qəmli gözləri.
O gün sevdalanıb göy ulduzları
Bizim yolumuza düzülən oldu.
I oxucu: Dirçəliş günümüz – səadətimiz,
Dirçəliş günümüz - ədalətimiz.
Oldu nəsillərə əmanətimiz-
Bütün könüllərə yazılan oldu.
II oxucu: XX əsrdə Azərbaycan xalqının ən böyük naliyyəti də məhz müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyavi dövlətin möhkəm təməlini qoymuşdur. Ona görə də XX əsr xalqımızın yaddaşında, dövlətçilik, müstəqillik ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır.
(Səhnəyə musiqi sədaları altında iki oxucu daxil olur. M.Arazın “Ayağa dur Azərbaycan!” adlı şerini söyləyirlər)
I oxucu: Nə yatmısan,qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan səninləyəm!
Səndən qeyri
biz hamımız ölə bilirik!
Bu, Şəhriyar harayıdı!
Bu, Bəxtiyar harayıdı!
Hanı sənin tufan yıxan,
Gurşad boğan yurda oğul
oğulların!
Qara Çoban, Dəli Domrul oğulların.
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış ola bayrağım!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayrağım!
II oxucu: Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran,
babam deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, silah tutan,
Külüng tutan, yaba tutan,
Kösöy tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm, qız atası,
Hanı nərən, hanı səsin!
Hanı andın!
Yoxsa sən də yatmışlara,
batmışlara,
Qeyrətini satmışlara
xırdalandım!!!
Gözünü sil, vətən oğlu,
ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə bir yaxşı bax!
Dur içində qorxunu boğ,
Ölümünlə, qalımını ayırd elə.
Dur, içindən qorxağı qov,
Dur, özünü Bozqurd elə!
I oxucu: Səninləyəm haqq-ədalət,
səninləyəm,
Milli qürur, milli qeyrət,
səninləyəm!
Səpil quma, göyər yerdə,
bit qayada,
Gizli nifrət, açıq nifrət,
səninləyəm,
Oyat bizi, ey yaradan,
səninləyəm!
Ya birmərrə yatırt bizi,
Ya birmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yarada, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
səninləyəm!
Ayağa dur, Azərbaycan,
səninləyəm!
İfaçılar səhnədən ayrılırlar.Səhnəyə iki oxucu çıxır. Onlar “Azadlıq nədir, ana” şerində biri ananın, o biri isə uşağın sözlərini söyləyir.
Ana: Bir gün balaca qızım
Bir sual verdi mənə
Uşaq: Azadlıq nədir, ana,
Xeyri nədir insana?
Müəllimim tövsiyə
Eyləyir dönə-dönə.
Ana: Qızım, azadlıq
Haqqdan gələn bir səsdir,
Sinə dolu nəfəsdir,
O sudur, o havadır,
O olmasa ölərik,
O elə günəşdir ki,
Sönsə buza dönərik.
O gül-çiçək ətirli
Xəzansız bağça-bağdır,
Üstündə gəzdiyimiz
Bu qaraca torpaqdır.
O elə bir nemətdir.
Heç vaxt müftə verilməz
O qurbanla alınar
Onun nur mayasında
Şəhidlərin qanı var.
I aparıcı: Azərbaycanın zəngin tarixi keçmişi, Şərq və Qərb dəyərlərini öz mentalitetində əks etdirilməsi, əlverişli geosiyasi mövqeyi xalqımıza firavan və təhlükəsiz yaşamaq haqqı verir. Bu, bizim tariximizdir və nə tariximizi, nə də onu yazan liderlərimizin xidmətlərini unutmağa haqqımız yoxdur. Tarixini unudan xalqı tarix unudur. Azərbaycanın bu günü göstərir ki, bu xalq tarixi unutmayıb.
İndi isə gəlin məktəbli oxucumuzun ifasında müəllifi Allahverdi Tağızadə olan “Azərbaycan” şeirini dinləyək:
I oxucu: Göz açıb dünyaya gəldiyim gündən,
Ömrümü adına bağlamışam mən.
Sənsiz mən kiməm ki, vətən, ay vətən,
Ay arzum, diləyim, ruhum, vicdanım,
Könlümün sevinci Azərbaycanım.
II oxucu: Sən varsan, ömrüm də güllü bahardır,
Mənə hər addımda taleyim yardır.
Sənsiz yerişim də müşkül olardı
Sənsən üfüqlərdə şəfəqim, danım,
Hər qumu bir inci Azərbaycanım!
I oxucu: Nə çoxdur dünyada ellər, obalar,
Hər elin öz adı, öz ünvanı var,
Övlada can deyən anası olar,
Qoysana adını hər yerdə anım
Həmişə birinci Azərbaycanım!
IV oxucu: Qara daşa dəyməz gövhərim sənsiz,
Bu geniş dünyada yox yerim sənsiz,
Bir gün dara düşsəm, de görüm sənsiz
Hikmət döyüşündə necə dayanım,
Sözümün qılıncı Azərbaycanım!
I aparıcı: Hər dəfə bu bayramın qeyd edilməsi demokratiya və suverenliyimizin qorunması uğrunda mübarizənin təntənəsinə çevrilir. Bu hərəkat hər şeydən öncə Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin monolit birliyinin azad yaşamaq istəyinin ilk nümayişi idi. Bu taleyüklü məsələnin həlli üçün xalqımızın yeganə nicatı H. Əliyevin davamçısı İ.Əliyevin ətrafında sıx birləşməkdir.
II aparıcı: İndi isə gəlin balaca oxucularımızın müstəqilliyimiz , dirçəlişimiz , vətənimiz haqqında hazırladığı atalar sözlərini dinləyək:
Uşaqlar səhnəyə çıxıb bildikləri atalar sözlərini söyləyib, bir-biri ilə deyişirlər:
El gücü-sel gücü.
Xalq ilə ol, xalqdan olma.
Vətəninin bir qışı qürbətin yüz baharından yaxşıdır.
Ölkə sahibsiz olmaz.
Köçən yurdun qədrini düşən yurdda bilərlər.
Xalq keçən körpüdən sən də keç.
İgid oğul düşmənə əyilməz.
Dünya tükənər, düşmən tükənməz.
El atan daşa güc çatmaz.
Gözsüz yaşamaq olar, vətənsiz yox!
El igidləri ilə tanınar.
Xalq atan daş uzağa düşər.
Qürbət nədir görməyən adam vətən nədir bilməz və sairə.
Daha sonra tədbirdə sözləri N.Xəzrinin, musiqisi M.Maqomayevin olan “Ey əziz Anam, Azərbaycan!” mahnısı səsləndirilir.
I aparıcı: Hörmətli tədbir iştirakçıları, əziz uşaqlar! Hamınıza məlumdur ki, Milli Dirçəliş yolu milli birlik və milli həmrəylikdən keçir. 17 noyabr hadisəsi sübut etdik ki, “El gücü-sel gücü” deyənlər haqlı imişlər. Zəngin tarixi keçmişi olan Azərbaycan xalqınin firavan yaşamağa haqqı var. Bu haqqa sahib olmaq üçün Azərbaycanın xöşbəxt gələcəyini görmək istəyən bütün qüvvələr birləşməlidirlər. Bu sahədə kitabxanaçılar olaraq bizim də üzərimizə müəyyən vəzifələr düşür. Öz oxucularımızı vətənpərvərlik hissi ilə tərbiyə etmək.Tarix bu gün yaranır.Onun nə keçmişimizdə, nə də ki, gələcəkdə yaratmaq mümkündür. Tarix dönməzdir, burada hər anın öz qiyməti var. Gəlin, biz də tariximizi qoruyaq ki, bizdən sonrakı nəsillər öz tarixi keçmişi ilə fəxr etsinlər. Bu gün Azərbaycan xalqının bayramıdır.
Aparıcılar birlikdə: Dirçəliş Günümüz mübarək!
SON
Kitabxanalarda Milli Dirçəliş günü ilə bağlı kitabxanaçı oxucularla söhbət apara bilər. Kitabxanaçı uşaqlara, məktəblərə, yeniyetmələrə öyrətməlidir ki, 17 noyabr hadisələrində xalqımızın göstərdiyi vətənpərvərlik onların vətənə sevgisindən doğur. Dirçəlişimizin, müstəqilliyimizin təbliği mövzusunda olan tədbirlərdə məktəblilərdə, gənclərdə vətənə, doğulduğu torpağa, mənsub olduğu xalqa, dövlətə, onun rəmzlərinə dərin hörmət hissi aşılanmalıdır. Dövlətimizin himni, Dövlət gerbi, milli bayrağın mənasının izah edilməsi, bunların müqəddəsllik ideyasının oxuculara öyrədilməsi ön plana çəkilməlidir.
İstifadə olunan ədəbiyyat siyahısı:
1.Əliyev Heydər Əlirza oğlu // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.İki cilddə. I cild.-Bakı, Lider nəşriyyat, 2004.-səh.341-358.
2.Mərdanov Misir, Quliyev Əsgər. Azərbaycan Respublikasının Dövlət rəmzləri.- Bakı, Çaşıoğlu, 2010.-287s.
3.Kəhrizli Vaqif. Azərbaycan bayrağı.-Bakı, Yazıçı, 2011.-192 s.
Dostları ilə paylaş: |