Səməd Behrənginin qətli



Yüklə 42,59 Kb.
tarix13.04.2020
ölçüsü42,59 Kb.
#102427
növüYazı

Həmid Herisçi: “Səməd Behrənginin qətli”

Son vaxtlar, bilmirəm nədən, ürəyim yamanca sıxılır, tez-tez rəhmətlik atamın nəhəng arxivinə girib İran inqilabıyla bağlı sənədlərə baxıram. Qəfildən gözümə bir qutu dəydi. Qapağı götürəndə heyrətdən az qala bayıldım- Pişəvərinin ən yaxın silahdaşlarına verdiyi “21 Azər” medalı, uzun bir mikrofilm, ərəb hərifləriylə yazılmış kiçik mətnlər, Praqa Opera binasının əzik bukleti, qəzet parçasına bükülü paslı açar, nəhayət, qutunun üzərinə həkk edilmiş “Fransua Jenu” kəlməsi...
Nəydi bu? Pişəvəinin əliylə atamın yaxasına sancılmış bir paslı “21 Azər” medalı çoxdan mənə tanışdı. Çoxdan. Bəs bu ikinci medal hardan çıxdı, niyə onun barəsində indiyəcən mən xəbərsiziydim? Lakin, Fransua Jenu adı mənə az-maz tanışdır-lap uşaqlıq günlərimdə atam onun barəsində pıçıltıynan bəzi söhbətlər edib mənlə...
Yaddaşımı silkələyib o müdhiş xatirələri bir daha beynimdə canlandırdım. 

İSVEÇRƏ BANKİRİ

Sizin hər hansı bir İsveçrə bankiri ilə görüşünüz olubmu, hə?

***
Sualım deyesən sizləri yamanca çaşdırdı.
Bu “solaxay” sualıma nə cavab verəcəyinizi elə indidən eşidirəm: Əşşi, bir sadə insanlarıq, bəstəkar Kamal kimilərdən deyilik ki, hər zaman bir ayağımız İsveçrə gölü sahillərində olsun. Sualınızın ünvanını səhv salıbsız, varlı oliqarxlarımıza verin bu sorunuzu, əl çəkin bizlərdən, kasıb adamlarıq, qəpiyə güllə atırıq, biz heç Bakı bankirini görməmişik, hələ qalsın siz deyən o İsveçrə bankirləri ...
Sualıma bu cür cavab verməklə bərk yanılırsız, təcrübəmə söykənərək deyirəm: İsveçrə bankirləri heç vaxt öz varlı müştəriləriylə, -qoy o, lap ərəb milyarderi olsun!- görüşmürlər, həmin işi öz icraçılarına tapşırırlar. İsveçrə bankirləri bilirsinizmi kimlərlə bir fincan qəhvə içib sonra Lozann şəhəri sokaklarında gəzişir? Diqqət edin dediklərimə-onların görüşdüyü kəslər ya çox etibarlı pərdəarxası- pərdəönü deyil!- siyasi xadimlərdir, yaxud...
Yaxud öz işində dönməzlik nümayiş etdirmiş əsl soyuqqanlı inqilabçılar. Bəli, dediklərimi düz eşitdiz, alovlu deyil, məhz soyuqqanlı inqilabçılar- Lenin kimi!- elə belə gedib çıxmır qarlı İsveçrə dağları ətəklərinə. Əsl İsveçrə bankirləri əsl inqilabçıları çox sevirlər. Deyəcəksiz “Niyə?”
Sualınızı cavablandırıram –bankirlər, bizim oliqarxlar kimi, heç vaxt inqilabçıların cibinə pul basmır, dünyanın sirlərini öyrənib, fikir alveri... bəli, məhz fikir alveri edirlər onlarla. Özü də bu işdə qətiyyən pul olmur.
Nə vaxt İsveçrə bankiri bir siyasi mühacirlə  Jenevə  gölünə baxıb uzun sükuta qapılırsa, hə, bax həmin andan əsl İsveçrə saatları da işə düşüb başlayır tıqqıldamağa. Oğul istəyirəm ki, öz iti qulaqlarında həmin tıqqıltını eşitsin, qəfildən qanrılıb bir, Cenevə gölünə baxsın, sonra öz qol saatına.
Sonra baxsın Moskva, Tehran saatlarına, qəfildən, dodaqları ucunda, bir azacıq gülümsəsin.
İsveç bankiri həmin görüşdən sonra mütləq bir Jenevə saatsasızla söhbət etmək istəyəcək, inqilabçı isə...
İnqilabçı isə öz xalqıyla...
40 il öncə bu cür görüşlərdə olmuş rəhmətlik atamın xatirələrini indi sizin diqqətinizə çatdırıram.


NATO-nun “SENTO” MƏCARASI

60-cı illərin ortalarından İranda, ən çox da Güney Azərbaycan ərazisində silsilə qətl hadisələri baş alıb gedir-sol təfəkkürlü ziyalı inqilabçılar gecə vaxtı oğurlanır, işkəncəyə məruz qalır, yaxud, qəfil həyatdan qeyb olur, heç meyidləri belə ələ gəlmir. Az sonra qətllərin dinamikası daha da artır, kommunizmə meyli ilə tanınan bəzi Təbriz ailələri ucdantutma öldürülür, ətraf kəndlərdə-Üskü, Bostanabad, Xamnədə soyqırım hadisələri qeydə alınır. Bir gün isə Araz kənarından lap qara xəbər gəlir-tanınmış inqilabçı, kənd müəllimi, İtalyada ədəbi ödülə layiq görülmüş yazıçı Səməd Behrənginin eybəcər hala salınmış meyidi Araz sularına atılıb...Qəddarlığa bir baxın- qatillər onun qara ciyərini  bədənindən çıxarıbmışlar...


Güneydən həyəcanlı xəbərlər alan Bakıdakı siyasi mühacirlər, Pişəvərinin Azərbaycan Demokrat Firqəsi rəhbərliyi, İran Kommunist Partiyası “Tudə”nin fəalları çaşbaş qalırlar, gözlərinə yuxu getmir, başlayırlar bu cinayətləri tədqiq etməyə. Çe Qevara ardıcılı, kənd müəllimi, Güneydə başlanacaq partizan müharibəsi rəhbəri, ana dilimizdə uşaqlarçün ilk “Əlifba” dərsliyini yazmış Səməd Behrənginin xain qətli hamını düşündürür, fədailər dərk edirlər ki, bu həna, bu qətllər əvvəlkilərin tayı deyil, təcili tədbir tökməli, qatilləri ifşa etmək lazımdır. Yoxsa belə getsə, Təbrizdə başına çuval keçirilib oğurlanan insanların sayı-hesabı olmayacaq. Güneydə partizan müharibəsi başlamaq xəyalı buxar kimi havaya sovrulacaq.
Şahənşah əks-kəşfiyyatındakı “öz adamlarına” müraciət edən fədailər qəribə cavab eşidirlər-“bu silsilə qətlləri törədən gizli qüvvə İran SAVAK-ı deyil, axtarın, bir başqa tam məxfi gücdür, şayət, İranda yeni bir cəza dəstəsi fəaliyyət göstərir, mümkün ki, onların  şahənşahla da heç bir əlaqəsi yoxdur...Amerikalılardan şübhələnirik”.
Tezliklə bu məsələ Tudənin Şərqi Almaniyadakı baş qərərgahında da ciddi şəkildə müzakirəyə çıxarılır, iclasdakı Kreml nümayəndələri  həmin məsələdə cınqırlarını belə çıxarmır, boyunlarını sıxan  qalstuklarını elə hey sağa-sola dartırlar, vəssəlam. Mokvanın sükutunu görən Partiya Mərkəzi Komitəsi qərara gəlir-məsələylə əlaqədar Alman Vahid Sosialist Partiyası rəhbərliyinə müraciət edək, birbaş yoldaş  Ulbrixt, Vilhelm Pik, Erik Xonekkerə.
Dəqiq ünvana göndərilmiş xahişə tez də dəqiq cavab gəlir-“Qətllərin ardıcıllığını, dürüst tarixlərini göstərin, cinayətlərin hansı coğrafi ərazidə törədildiyini xəritədə nişan verin”.
Partiya rəhbərliyi, dəyirmanın işə düşdüyünü görüb- şükür!- dərindən rahat nəfəs alır, tam məxfi “xüsusi tədqiqatlar şöbəsi” rəhbəri atam Qafar Kəndli ilə baş katib İyrəc İskəndəriyə göstəriş verir ki, bu işlə əlaqədar Şərqi Alman partiya nümayəndələriylə sıx əlaqə saxlasınlar.
Tezliklə atamla İskəndəri Berlinə, yoldaş “Qenrix”lə görüşə dəvət olunur.

***
-Təkcə elə İranla məhdudlaşmır siz dediyiiz qətllər, dünyanın hər yerində-xüsusən Peru, Venesuela, Salvador, Türkiyyə, Filippin, İtaliyada yerli kommunistlər bu görünməz qara qüvvənin təcavüzünə məruz qalıblar.. Qurbanlarımızın sayı artıq minlərlə ölçülür. Görünür bizim “qerillla”, yəni partizan müharibəmizə qarşı əksinqilab öz “kontrqerilla” dəstələrini yaradır. Latın Amerikasında onlara  “ölüm eskandronları” deyilir...Mən, sizdə baş verən qətllərin tarixinə, dinamikasına fikir verdim-qətllər İranda, Peruda, Salvador, Filippində düz eyni vaxtda törədilib...Eyni saatda...Bəli, qorxulu bir iş baş verib-imperializm də bizlərlə, nizami deyil, qeyri-nizami partizan savaşına qalxıb. Əməliyyat Amerika Mərkəzi Kəşfiyyat idarəsi vasitəsiylə həyata keçirilir. Killer dəstələrinin tərkibi beynəlmiləldir-məsəlçün, hər hansı əməliyyat zamanı rabitəni alman əksinqilabçıları təmin edir, snayperlər italyanlardan seçilir, işkəncəni türklər, dindirməni amerikalılar həyata keçirirlər. Danışdıqlar zamanı əməliyyatçılar milli dillərində deyil, xüsusi kodlarla öz aralarında danışırlar. “Öldür, kəs!” kimi əmrlərin xüsusi rəmzləri var, vaxtaşırı onlar dəyişdirilir. İşkəncə zamanı ən  əzablı üsullardan istifadə olunur, iradəli kommunistlər tibbi baxımdan maraq mərkəzindədir-dindirmə zamanı onların üzərində bəzi çox qorxulu psixoloji dərmanlar sınaqdan keçirilir. Məsəlçün, “LSD” narkotiki...


Yoldaş Qenrix dəmir seyfini açıb ordan bir bir şüşə ampul çıxararaq onu İran kommunistlərinə göstərir. – Bunu gizli yollarla əldə etmişik. Çox təhlükəli maddədir.
Atamgildən səs çıxmadığını görən Qenrix söhbətinə davam edir:
-Oğurlanmış kommunistlərin bədən üzvləri-xüsusən, böyrək, ürək, göz, ciyərlər bəzən yarılıb çıxarılır, dəstə tərkibindəki “həkimlər” onların bir başqalarına köçürülməsi üzərində tibbi sınaqlar keçirirlər. Bu əksinqilabçı partizan qərargahları, adətən gözdən uzaq yerlərdə, məsəlçün, guya neft, qaz, kömür, dəmir filizi axtaran səyyar “qeoloq” düşərgələrində yerləşir. Qətllərin törədildiyi ərazilərə fikir verin, fərqi yoxdur, Boliviyada yaxud İranda olsun, - bunu deyib, yoldaş Qenrix bir neçə xəritəni atamgilin diqqətinə çatdırır, -görürsünüzmü, yaxınlıqda həmişə bir beynəlxalq, yaxud yerli şirkətin tam qapalı “geoloji kəşfiyyat” düşərgəsi var. Oğurlan yoldaşlarınız ora gətirilir, dindirilir, tibbi sınaqlardan keçirilir. Türkiyyədə, baxın bir xəritəyə, bu cinayətlər, adətən, məsəlçün deyirəm, “BOTAŞ” müəssələri ərazisində həyata keçirilir. İndi İran xərtəsinə baxaq, görün, burda  cinayətlər törədilib, yaxınlıqda isə bir səyyar geoloji kəşfiyyat mərkəzi var. Orda torpağı qazanlar təkcə qızıl axtarmır, orda çox dərin toplu məzarlar da qazılır, sonra üstləri örtülür...
-Demək, biz həmin “geoloq”lardan özümüzü qorumalıyıq...”Geoloji kəşfiyyat” ifadəsinə məcazi məna verməliyik...Bu ki əsl faşist konslaqerləri, Osvensim həbs düşərgələridir. Dediyiniz o tibbi sınaqlar da ilk olaraq məhz Osvensimdə həyata keçirilib. – Atam, söhbətin bu yerində əsəblərini cilovlammır.
Yoldaş Qenrix buna anında cavab qaytarır:
-Mən özüm əvvəllər Hitler ordu kəşfiyyatı Abverdə işləmişəm. Bəli, Osvensimdəki elmi tədqiqatların sənədləri indi amerikalıların ixtiyarındadır, yankilər də bax bu cür onları davam etdirir. Lakin, biləsiz, biz almanlar,  Lidisanı, Xatını, Oraduru yandırıb dinc əhalini qətlə yetirməmişik. Onları britaniya-amerikan təxribat dəstələri həyata keçirib ki, yerli dinc əhalidə bizə qarşı nifrət hissi oyatsınlar. Hitler kəşfiyyatı vaxtilə bütün bu cinayətləri aşkarlayıb, britaniyalı qatilləri ifşa edib. O sənədlər bizdə mövcuddur...Sovetlər də bu üsuldan istifadə ediblər Qərbi Ukrayna millətçilərinə qarşı. Bandera əsgərləri qayafəsində xalqı qətlə yetiriblər. Mİ-6 Britaniya kəşfiyyatında bu əməliyyata “Yalançı bayraq” kod ismi verilib...Yadda saxlayın, sizin indi başınıza gətirilənlər, vaxtilə Abverin də qismətinə düşüb.
KİÇİK HAŞİYƏ: Həmin bu beynəlxalq “ölüm eskandronları, kontrqerilla” güclərinin bir qolu da, indi Türkiyyədə mühakimə olunan “Erqenekon” dəstəsidir. Türk mətbuatı iddia edir ki, saysız qurbanlarını bu killer, tətikçi dəstəsi adətən BOTAŞ şirkəti ərazisindəki dərin quyulara atırmış. İndi bu quyuları açmaq istəyirlər. O ki, qaldı “həkimlər”in bu cür qapalı ərazilərdə apardığı tibbi sınaqlara, deyirəm, eşidin-indi dünyada “at çapan” transplantasiya tibb əməliyyatları, vaxtilə həmin “həbs düşərgə”lərində aparılıb-Osvensimdə başlayan bu cür sınaqlar, bəlkə də BOTAŞ-larda davam etdirilərək lap axırda öz tibb lisenziyasını alıb. Bu baxımdan bütün dünyada ad çıxarmış türk transpantoloqu “doktor Frankşteyn” Sönməzə xüsusi fikir verməyinizi xahiş edərdim. Sönməz kimilər, yadda saxlayın, həmin “Erqenekon”un bir başqa-tibbi! - əməliyyatlarını həyata keçirib. Sonra onu, NATO rəhbərliyi Kosovaya göndərib ki, orda öz işini davam etdirsin. Sönməz barəsində hay-həşir də məhz ordan başlayıb. Bir sözlə, indiki transpantoloqiya elminin qısa tarixçəsi yamanca qaranlıqdır. 

***
Keçmiş Abver əməkdaşı “yoldaş Qenrix” atam Qafar Kəndli, Tudənin rəhbəri  İyrəc İskəndəriyə çıxarıb bir qalaq sənəd təqdim edir, arada, Səməd Behrənginin  şəkilinə də diqqətlə baxır:


-Hə, hər gün ən dönməz yoldaşlarımızı itiririk... Bu, “Berlin-Praqa” qatarına biletiniz, qalacağınız otelin ünvanı, bu isə Praqa Operasına iki bilet. Danışdığımız mövzunu orda tanış olacağınız bir başqası davam etdirəcək. Sağ olun, sizə uğurlar...
Praqaya gəlib yerləşən köhnə dostlar elə həmin axşam Opera binasına yollanırlar.
Səməd Behrənginin qətlini araşdırmaq, bəli, görün bir onları haralara gətirib çıxarır.
Opera lojasına daxil olunca atamgil orda çox yaraşıqlı, alicənab sırf avropalı birisiylə rastlaşırlar. O, əvvəlcə almanca danışır:
-Salam, sizi tanıdım. Dəfələrlə üzr istəyirəm, mən özümü həmişə söhbətin axırında qonaqlarıma təqdim edirəm. Rica edirəm, şərtimi qəbul edin. İndiysə operanı dinləyək.
Tamaşanın birinci hissəsi zamanı ağzına su alıb susmuş həmin kəs, antrakta az qalmış qəfildən üzünü atama tutub fransızca deyir:
- Vyetnam müharibəsi barədə fikriniz nədir?
-Məncə, Hind-Çində avropalılarla çinlilərin ilk savaşı “tiryək müharibəsi” adlanıb, eləmi?
-Demək, biz həmin müharibənin bir yeni pilləsini yaşayırıq. Yadda saxlayın-Pentaqon müharibələri tərkibində həmişə bir “tiryək əməliyyatı” da olur. Lakin, bu yerdə söhbətimizi siyasətdən fəlsəfəyə doğru yönəltməyə məcburam. Siz Atlantida haqda nə düşünürsüz?
-Qədim yunan filosofu Platonun Atlantida barədə dediklərini qoyaq bir kənara. Yox, deyəsən yenə də siyasətə qayıtmaq məcburiyyətindəyik. Atlantidanı yunan fəlsəfəsində deyil, indiki siyasi geopolitik məkanda axtaraq-bu, Şimali Atlantika siyasi alyansıdır.
-Hə, razıyam, siyasət, görürsünüzmü ən qədim fəlsəfi mövzuları oğurlayır, nəticədə biz fəlsəfi deyil, siyasi söhbətlərə sürüklənirik. – Bu məqamda opera tamaşasının birinci hissəsi bitir, pərdə aşağı enir, tamaşaçılar qalxıb əl çalırlar, bizim qəhrəmanlar isə, lojanın arxasındakı qapalı odaya keçir.
-Bu sənədləri gözdən keçirib  geri qaytarın...  NATO-nun “Clandestine Planning Committee” kimi tam məxfi qurumları, görürsünüzmü, necə işlərlə məşğuldur. Batmış Atlantida yenidən üzə çıxır-NATO güclənir, öz ərazisində bir başqa, tam gizli NATO-nu qurur, həmin şəbəkənin ümumi adı “Stay-behind”- yəni, “arxada qalmış partizan dəstələri”dir. Eyni quruma Latın Amerikasında  “ölüm eskandronları” adını veriblər, İranda bu ölüm eskadronları “SENTO”(Pakistan, İran, Türkiyyə) hərbi paktı çərçivəsində təşəkkül tapıb. Bütün digər ölkələrdə olduğu kimi, İranda da bu qurum  jandarma gücləri içərisində gizlədilib. SENTO ismi, təsadüfən NATO kəlməsini yada salmır-Türkiyyə, İran, Pakistan həmin çərçivədə Atlantik alyansına qatılır.
Qafar Kəndli ilə İyrəc İskəndəri İrandakı “ölüm eskadronları” (Türkiyyədə indi mühakimə olunan “Erqenekon”nun ekiz qardaşı) barədəki tam məxfi SENTO sənədlərinə diqqətlə baxaraq onun bütün incəliklərinə, rəhbərliyinə bələd olurlar. Səməd Behrəngi qatilləri üzərindəki qara pərdə yerə düşüncə, Praqa operası öz pərdəsini qaldırır-tenorların səsi ətrafa yayılır.
-Tanış olaq- İsveçrə bankiri, vəkil Fransua Jenu. Sizin kimi mən də inqilabçıyam. İran inqilabına hər cür dəstək verməyə hazıram. Qərbi Almaniya mətbuatında çap etdirdiyiniz antişah məqalələr, iran tələbələri arasında apardığınız məxfi təbliğat, indi biləsiz, mən tərəfimdən maliyyələşdirilir. Xahiş edirəm, şah barədə, İrandakı ölüm eskandronları haqda bildiklərinizi mənə çatdırın. Bu eskadronlar bir vahid şəbəkədir, əsas məqsədləri isə, dedikləri kimi, kommunizmin qarşısını almaq deyil əsla. Ruslar heç vaxt Qərbi işğal etməyəcək. Məqsəd başqadır-ölüm eskadronları vasitəsiylə bütün dünyada paralel gizli hökumətlər qurmaq. Yaxşı. Gələcək söhbətlərimizə də bir mövzu qalsın.Ümüd edirəm ki, bu, bizim son görüşümüz deyil.

***


DOSYE: Fransua Jenu-1915-ci ildə Lozannada anadan olub, çox varlı, qədim ailədəndir. 1930-cu illərdə Almaniyada təhsil alıb, şəxsən Hitlerlə görüşüb. 1935-36-cı illərdə Ərəb ölkələrini avtomobilə gəzib, həmin vaxtdan islamı, şərq mədəniyyətini sevib, Qüdsün məşhur Böyük Müftisiylə çox sıx təmas saxlayırmış. Deyilənə görə Abverə qulluq edirmiş, müharibədən sonra nasistlərin bütün pul-parası, ləl-cəvahirəti Jenu vasitəsiylə İsveç banklarına köçürülüb. Hitler, Qebbels qələmindən çıxan bütün əsərlərin müəllif haqqı sən demə Jenuya məxsusmuş. Əl-Cəzair savaşı dönəmindən ərəb millətçilərini dəstəkləyib, ilk Ərəb-İslam bankını yaradıb, sonra adını Fələstin azadlıq hərəkatıyla bağlayıb. Antisionist Fələstin hərəkatını, antikapitalist sol “qırmızı terrorçular”la (Almaniyada “Qırmızı Ordu Fraksiyası”, italyan “Qırmızı briqada” təşkilatı) əlaqəsini, gözünüz aydın, məhz Fransua Jenu təmin edib! Bir çox sol terroristi məhkəmələrdə ya özü müdafiə edib, yaxud bu işləri yaxın silahdaşı, məşhur inqilabçı-vəkil Jak Verjesə tapşırıb. 70-80-ci illər Fələstin, Avropa sol terroru, bütün dünyanın başına min kərə fırlandıqdan sonra gedib çıxır bax bu bizim Jenunun ünvanına. Lozannadakı nəhəng malikanəsi, memarlıq baxımından faşist svastikasını xatırlatmağı, özünüz fikirləşin, nədən xəbər verirmiş, hə? Nəhayət, görün bir o, nə edib-İmam Xomeyni Parisdəykən onun bütün xərclərini öz boynuna götürüb!
O,  1996-cı ilin 30 may tarixində, eynən Hitler kimi, ailəsi ahətəsində, zəhər içərək intihar edib. Deyilənə inansaq o, məşhur müəmmalı “intiharçılar klubu” üzvüymüş...
Xülasə, keçmiş abverçi yoldaş Qenrix, Səmədin qatillərini axtaran Qafar Kəndlini bir başqa Abver əməkdaşı Fransua Jenuyla görüşdürür.
Onun “ Qərbi Almaniya mətbuatındakı antişah təbliğatını maliyyələşdirirəm” kəlmələri məni çox düşündürdü. “O vaxtkı Alman dərgilərində bu barədə kim öz qələmini sınayıb?” sualını qarşıma qoyaraq axtarışa başladım. Cavab özünü çox gözlətmədi- tanınmış Qərbi Alman qadın jurnalisti Ulrika Maynxof! Almaniyada 70-ci illər qırmızı terrorunun başçısı! Bir mühüm məsələ yadımızdan çıxmasın-2 iyun 1967-ci ildə, Qərbi Almaniyada, Ulrikanın antişah məqalələrinin təsiriylə İran şahı əleyhinə izdihamlı nümayiş təşkil olunur, polis atəş açır, nəticədə tələbə Benno Onezorq həlak olur. Alman gəncliyi məhz bu qətl sayəsində silahlanıb qırmızı terrora keçir...
İndi özünüz düşünün-gör nələr varmış bütün bunların arxasında. Səməd Behrəngi, Ulrika Maynxof, Benno Onezorq... Sizi təkcə inqilab, ölüm birləşdirmir...Fransua Jenu kölgəsi də ziyarət edibmiş sizin döyüş meydanlarını...

***


Bir başqa sual-“Fürerin vəsiyyəti” niyə cənab Jenunun əlindəymiş? Neyçün  Hitler, Qebbels kimi tarixi şəxsiyyətlər öz müəllliflik haqlarını Jenuya həvalə etmişlər? Niyə...bəli, niyə onun iqamətgahı nəhəng svastika şəklindəymiş? Gün hardan çıxıb, neyçün nasistlərin qır-qızılı Jenu vasitəsiylə İsveç banklarında saxlanılıb? Bəlkə...
Deyirəm bəlkə Hitlerdən sonra növbəti gizli Fürer şayət elə o imiş, hə? Fürer ənənəsinə uyğun şəkildə təxminən eyni tərzdə Jenu da intihar edib-bütün SS zabitləri kimi! Tarixə bir fikir verin-1996-cı il 30 may. Hitler 1945-in 30 aprelində zəhər içib. Arada düz 50 il, üstəgəl, 1 il, 1 ay fərq var. Jenu, İsveç saatsazlarıyla məxfi əlaqədəymiş. Rəqəmlərlə, zamanla, gözəgörünməz tam məxfi bir İsveç saatıyla qəribə mistik ayinlərə bənzəmir ki bütün bunlar? Bəzi konspiroloqlar iddia edir ki, Jenunun üzv olduğu “intiharçılar klubu” əslində tam qapalı nasist təşkilatıymış.
Jenu kimi qatı nasisti Avropa solçuları, İran kommunistləriylə bağlayan suallara isə aşağıda cavab axtaraq.

***
Hitler məğlubiyyətindən sonra nasistlərin bir qismi keçir anqlo-amerikan tabeçiliyinə-tarixi sənədləri diqqətlə öyrənsəz, vəssəlam, həqiqət sizə bəlli olacaq-NATO, öz “Erqenekon” kimi gizli təşkilatlarını bütün Avropada, amallarına dönük çıxmış keçmiş nasist mütəxəssisləri vasitəsiylə yaradıb! Lakin, təslimçiliyi qəbul etməmiş Jenu kimi əsl faşistlər də varmış. Bax onlar, sağçı atlantistlərlə deyil, solçular, bir də, ərəb-islam mücahidləriylə birləşərək beynəlxalq sionizmə qarşı öz əvvəlki savaşlarını davam etdirirlər! Bu dəfə, müsəlmanları, solçuları öz mübarizələrinə qatırlar! Sol terrorçular vasitəsiylə Jenu görün bir kimləri qətlə yetirirdi-Amerikaya satılmış köhnə nasistləri! Fələstin fədailərinin əliylə isə o, beynəlxalq sionistərə qarşı savaş açmışdı. 



21 AZƏR ORDENİ

Qafar Kəndli:-Mən gəncliyimdə Təbrizdəki “ziddi-faşist” hərəkatı sıralarındaydım.


Fransua Jenu:-Mən də antikommunist idim o vaxtlar... İndisə birik...Alın, budur Behrəngi qatillərinin adı...Cəmi 286 nəfər.

Adı dillər əzbəri Pələstin terrorçusu Həddad ( diqqət!-o, Şərqi Almaniyada, yoldaş Qenrixin vətənində vəfat edib!) Fransua Jenuya “Şeyx Jenu” adını veribmiş. Bəli, o, çox mürəkkəb bir insanıydı- eyni anda bir neçə qatda düşünməyi bacarır, Şərqi, xüsusən Təbriz, Fələstin fədai məktəbini böyük məhəbbətlə sevirmiş. “Beynəlxalq intiharçılar klubu” üzvlüyünə Təbriz fədailərindən başqa daha kim üzv olmağa layiqmiş axı?


Praqa operasındakı qapalı lojada Şeyx Fransua ilə Qafar Kəndli, İyrəc İskəndəri sonra bir neçə dəfə də görüşürlər. Həmin söhbətlər indiki yox, gələcək söhbətlərimiz üçün maraqlı
görünər deyə, xatirələrimizə ara vermək qərarına gəldim.
Qayıdaq Qafarağanın arxivindən tapdığım  “21 Azər” medalına. Atam, Səməd Behrənginin qətlini araşdırıb qatilləri tapmışdı. Həmin cəlladlar arasında, 1946-cı il Təbriz qırğınını təşkil edərək 22 min məsum həmvətənimizi qətlə yetirmiş şahənşah generalları da varmış. Yadda saxlayın-söhbət 286 şah general və zabitindən gedir. Onların hamısı İran sayağı “Erqenekon”, SENTO  “dərin dövlət”ini təşkil edən hərbi xunta üzvləriydi. Şeyx Jenu bax elə həmin siyahını təqdim edibmiş həm bizə, həm də Xomeyni tərəfdarlarına-1979-un fevral ayında Tehrana dönən Xomeyninin cibində bircə sənəd varmış-Jenunun verdiyi həmin siyahı! Lakin bizim fədailər xomeyniçilərdən tez tərpənib o caniləri ucdantutma məhv etdilər.
İndi bu sətirləri yazarkən bir gözümlə həmin medala baxıram-ata, sən bu nişanını mənəmi göndərdin indi?

***


Xaricə gedib ciyərlərini dəyişən şoumenlərə məsləhətim var-Səməd Behrənginin ciyərini o vaxt yarıb çıxaranlar, bəli, indi sizin dərdinizə çarə qılır. Lakin, unutmayın-bu donor ciyərləri, qətlə yetirilmiş inqilabçıların bədənindən çıxarılardı bir zamanlar.
Kimə, hansı şoumenə layiq gördülər o vaxt görəsən Səmədin qara ciyərini? Türkiyyədəki transplantoloq doktor Sönməzlər inqilabçıların bədənini yara-yara, yadda saxlayın, öz sahəsinin mütəxəssisinə çevrilib.
Faşist onlardır.
Fransua Jenuya həmin adı yaxmayın.
Yüklə 42,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin