Sən mənim dözümümü görəcəksən



Yüklə 0,67 Mb.
səhifə1/6
tarix16.06.2018
ölçüsü0,67 Mb.
#53846
  1   2   3   4   5   6

Akif ƏLİ


A Z M A N

d:\akif ali - dokument\depo\28 08 2013\babek-foto-new+\18.jpg

və ya
“Sən mənim dözümümü görəcəksən...”

Akif ƏLİ


Müstəqil Azərbaycan Respublikasına ithaf edirəm.

A Z M A N
d:\akif ali - dokument\depo\28 08 2013\babek-foto-new+\1a.jpg

və ya


“Sən mənim dözümümü görəcəksən...”

(patetik fantaziya)

Bakı – 2013.

Akif ƏLİ. AZMAN. Bakı, “Renessans” nəşriyyatı – 2013. 226 səh.

----------------------------------------------------------

Yazıçı-publisist, fəlsəfə doktoru Akif ƏLİ-nin yeni kitabı eramızın IX əsrində yeni din tətbiqi adı altında əslində Azərbaycan torpaqlarına işğalçılıq yürüşlərinə çıxan Ərəb Xilafəti ilə mübarizədə xalqı səfərbər etmiş və güclü müstəqil Azərbaycan Hürrəmi dövləti yaradaraq 22 il yadelli işğalçılara müqavimət göstərmiş bacarıqlı dövlət xadimi, böyük sərkərdə Babəkə həsr edilmişdir. Tarixi sənədlər üzərində araşdırma aparan müəllif uzaq dövrün hadisələrini yaradıcı təxəyyülün süzgəcindən keçirərək hadisələrin son gedişinə dair öz versiyasını irəli sürmüşdür. Babəkin mübarizəsinə bu günkü azad, müstəqil Azərbaycan Respublikasında bərqərar olan demokratik dünyagörüşü prizmasından baxaraq, uzaq dövr haqqında həqiqətlərin bir daha ucadan deyilməsinə çalışmışdır. Torpaqları hələ də düşmən işğalı altında olan ölkəmizdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsi üçün bu mövzunun aktuallığı şübhəsizdir. Təsadüfi deyil ki, yeni ədəbi üslubdan və zəngin bədii ifadə vasitələrindən istifadə edən müəllif geniş oxucu kütləsi üçün nəzərdə tutduğu əsərini müstəqil Azərbaycan Respublikasına ithaf etmişdir.

M ü ə l l i f d ə n


Məlum deyimdir: “Öncə dünyaya Söz gəlib.”

Həqiqətən Yaradanın “OL” kəlməsindən sonra Dünya peyda olub, İnsana ruh verilib və sonra Söz həyatı irəliyə aparan kosmoqonik güc kimi daim var olub.

İnsanlar zaman-zaman Haqqdan gələn həqiqət Sözünə tapınaraq onun qüdrəti ilə dünyanın Doğru Yolunu tapıblar.

Hələ misdən, bürüncdən, dəmirdən öncəki dövrdə qədim Azərlər də vahiməli göylərdən Alov dilləri üstündə enən sehrli Sözü Yaradanın bəşərə lütf payı bilib. Bu işığı, atəşi ulu Tanrının yerdəki bir nişanəsi, müqəddəslik əlaməti bilib sönməyə qoymayıb, gecə-gündüz ocaq başında keşik çəkib.

Beləcə qədim Odlar Yurdunda sehirli Od Oğuzlar dünyanın ilk tarixini yaradıb da yaşadıblar.

Ancaq zaman dövr edib dəyişdikcə möcüzəli bir oxun ətrafında hərlənib dönən dünya da dəyişib. Tarixi yazmağa başlayan yadsoylular bu tarixi yaradan türksoylu oğuzlara haqsız olublar. Oğuzun alovlu ruhunu anlamadan, ya anlayıb da bilərəkdən yanlış yozumla qələmə alıblar. Bu isə təkcə Azər qövmünə deyil, Tanrı kəlamı yazan müqəddəs qələmə də sayğısızlıqdan irəli gəlib.

Bir vaxtlar yer üzündə qədim-qaim Oğuz eli haqqında o qədər çox yalanlar yazılır ki, bunu göylər də götürə bilmir. Meydanlarda qılınc çalıb bata bilmədikləri Oğuzun azmanlığını danmaq, şəxsini alçaltmaq, şücaətini kiçiltmək hikkəsi ilə xəlvət guşələrdə qələm çalmaqla qalib görünməyə çalışıb yağılar. Yadlar Oğuz igidinin özündən yox, qəhrəmanlığının sədasından heyif alıblar. Xatirəsini zədələmək niyyəti ilə onların yaddaşlara gedən yolunu kəsiblər...

Çox belə pisniyyət əmələ qol qoyublar Oğuzun əvəzinə tarix yazan yadlar.


Təbii, bu sayaq şər əməllərdən həzz alan cahillər nə qədər haqqı danıb ədaləti örtmək istəsələr də, o yenə əbədi günəş kimi üzdə qalıb işıq saçırdı.

Göylərin himayəsi altında olan müqəddəs torpaq bu haqsızlığı götürməzdi. Günahı yalnız Vətən sevgisi olan cəsurların adı insanlığın qüdrət yaddaşından silinəməzdi. İmkanlı imansızların nəzərə almadıqları sadə bir həqiqət vardı: kiməsə bir pisliyin əsər etməsi üçün öncə Tanrının izni gərəkdir...

Tanrı isə haqqın və ədalətin ta özüdür.

Həsədə tuş gəlib kölgəsi qılınclanan parlaq ruh sahiblərindən, adı Vətəninin adı ilə əbədi qoşalaşan ulu qəhrəmanlardan biri də Oğuz elinin igidi - Əsən Babək Xürrəmidir.

Böyük Azərbaycan sərkərdəsi ulu Babək.

Bu cəsarətə ithaf yazısında sözümüzün əvvəli də, axırı da onun bənzərsiz və təkrarsız şücaəti haqqındadır. Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canını fəda etmiş xalq qəhrəmanının amalı hələ bu gün də işğalçı ilə üz-üzə duran Azərbaycan övladı üçün ən dəyərli mübarizlik rəmzidir.


***

Proloq
...Zəmanənin elə bir dövranı idi ki, insanca yaşamağın tək meyarı olan həqiqət tərəzisi bu dəfə ərəb dünyasına tərəf əyilmiş, ədalətin gücü sonsuz qızmar səhralarda ilğıma dönüb görünməz olmuşdu. Bu məkanda cahillərin həddini bilməməsi, səhv yoldan Doğru Yola dönməsi üçün uca Tanrı yerə yeni Elçi göndərməli olmuşdu. Böyük səbr və mərhəmət sahibi olan Yaradan yenə bədbəxt bəndələrinə tövbə imkanı verirdi.
Hamının və hamı üçün olan uca Tanrı, yolunu azan qövmlərə cəza verməzdən öncə, həmişə öz Elçisini yerə göndərib haqq Sözünü onların dilindən nadanlara anladardı. Bu sonuncuya qədər də dünyaya çox Tanrı elçisi gəlib-getmişdi. Adəmdən İsaya qədər kimlər gəlmişdi bu dünyaya... Şiit, İdris, Nuh, Hud gəldi, Saleh, İbrahim, İshaq varid olmuşdu. Yaquba, Yusifə, Əyyuba, Süleymana peyğəmbərlik verilmişdi...

Bəşərin nizamını sahmanlayana qədər bu seçilmişlərə Tanrı Sözünü daşımaq qüdrəti verilsə də, onlardan yalnız bir qisminə həm də müqəddəs Oxu Kitabı nazil edilmişdi.

Tanrının lütfü ilə ən qədim, bəlkə də ilk müqəddəs Kitaba layiq bilinən qövmlərdən biri də parlaq günəşli mavi səma altında, başı qarlı uca dağlar qoynunda, güllü-çiçəkli bağ-bağat içində şad-xürrəm ömür sürən Azər-Oğuz elatı idi. Xeyirlə Şər arasında əbədi çəkişmədən ibarət olan Dünya həyatını Doğru Yol üstündə keçib Haqq dərgahına ucalmaq üçün Doğru düşünməyi, Doğru danışmağı və Doğru əməl sahibi olmağı təlqin edən müqəddəs “Avesta”nı Tanrı məhz bu bərəkətli torpağın sakini Zərdüştə vəhy verib də göydən endirmişdi.

Sonra zaman-zaman möcüzəli Musaya - “Tövrat”ı, pak Davuda - “Zəbur”u agah etmişdi. Yolunu azan nadanların günahını öz üzərinə götürüb çarmıxa çəkilən məsum İsanın sayəsində günahlılar dünyası “İncil”in müjdəsini almışdı...

İndi budur, aradan yüzillər keçmiş, yer üzündə daha bir cahil qövmə Elçi göndərmək gərəkmişdi. Adı gözəl, özü gözəl Mühəmmədin vasitəçiliyi ilə səmadan yeni Oxu kitabı – “Quran” nazil olmuşdu. Yolunu azan bütpərəst ərəb cahilləri Doğru Yola çağırılırdı.
Bu münvalla dünya durduqca Adəm övladı Yaradanın nəzarəti altında var olub yaşamağın Doğru Yolu ilə cahillikdən kamilliyə, ibtidadan ali məqama daşınırdı.

İndi bu köhnə dünyanın bir üzündə insanlar çoxdan tapındıqları tək Tanrı inamı ilə ilahi nizam-düzənə uyğun rahat yaşayıb səmaların göstərdiyi Doğru Yolla getdikləri halda, başqa bir üzündə yenicə nazil olmuş sonuncu müqəddəs “Oxu” kitabı hələ dərk edilmədiyindən və geniş yayılmadığından külli miqdarda saxta inanclar, oyuncaqlar, bütlər cəngəlliyində çabalayan tayfaların həyatı, türkün məsəli, “ərəb saçı” kimi qarmaqarışıq idi.

***

İnam diyarı
İlk insan məskənlərindən olan qədim Azərbaycan diyarı həm də müxtəlif əqidə və amalların, inam və inancların mövcudluğu üçün münbit idi. İbtidai şüur səviyyəsindən doğan mifik təfəkkürlə sıx əlaqədə təzahür edən fərqli əqidə və inamlar, çeşidli dünyabaxşılarından sonra Zərdüstilik, Yəhudilik, Xristianlıq, İslam və islamaqədərki digər inanclar bu ərazidə sərbəst yayılıb. Həm özəlliyini saxlayıb, həm qarşılıqlı ünsiyyətdə inkişaf edıb.

Azərbaycanda ilk dini inanclardan olan təbiətə pərəstişin kökü çox qədimlərə gedir. Bu məkanda zaman-zaman dağlara, qayalara, ağaclara, suya, çörəyə, səmadakı cisimlərə pərəstiş olub. Qafqaz Albanlarının Günəsə, Aya, Göyə sitayis etdiyi məlumdur. İbtidai azər insanı fetişizm, totemizm, şamanlıq kimi inanclardan, əcdadların ruhuna inamdan ta ali dini görüş olan təkTanrıçılığa qədər uzun yol keçib.

Qədim Azərbaycan əhalisi təbiətə dərin etiqad bəsləyib, ən çox onun qüdrətinə inanıb. Torpaq, Su, Od, Səma fetişləşdirilib. Kainatın bu doğal nemətlərinə inam zaman-zaman başqa dini inancların yayılması ilə qismən azalsa da, tamamilə yox olmayıb, hətta çağdaş dövrə qədər gəlib çatıb.

Azərbaycan ərazisində islamaqədərki dini inanclardan ən geniş yayılanı - Atəşpərəstlik olub. O məhz dünyanın təməl ünsürlərinə bağlılıqdan doğulub. İnsan odu-alovu, günəşi qədim zamanlardan müqəddəs həyat neməti kimi tanıyıb. Azərlər odun, ocağın, alovun, günəşin həyatverici enerjiyə malik olmasına, pisliyi yox etmək qüvvəsinə, insan ruhunun oddan-alovdan keçərkən təmizləndiyinə inanıblar və həyatda sınaqdan çıxarıblar. Hər yaz təbiətin oyanışı, həyatın təzələnməsi, ilin dəyişməsi, gedənlə gələnin təhvil-təslimi kimi dəyərləndirilən Novruz şənliklərində bu energetika özünü daha qabarıq büruzə verir. Hələ də yaşadılan “Çərşənbə mərasimləri” həmin ənənələrin uzaq keçmişlərdən gələn əks-sədasıdır.

Atropatenanın dini mərkəzi Qazakada, Bakıda, Şamaxıda, Salyanda və Lənkəranda çox qədim ənənələrdən xəbər verən Atəsgahlar var idi. Müxtəlif ölkələrdən bu Atəsgahlara ziyarətə gələrdilər. Qafqazda xristianlıq yayılanda Atəspərəstlik hələ mövcudluğunu saxlayırdı. Lakin İslamın gəlişi bu qədim dini inancın qılınc gücünə sıxışdırılıb aradan qaldırılmasına səbəb oldu.

Zərdüştilik.

Zərdüştilikdə Atəşpərəstliyə rəğbət heç də bütpərəstlik əlaməti deyildi. Vəhy dinlərindən ən qədimi olan mükəmməl Zərdüştilik dininin müqəddəs kitabı “Zənd-Avesta” miladi tarixinin başlanğıcından hələ beş yüz il əvvəl (e.ə. VI əsr) əslən Azərbaycanın Urmiyyə gölü ətraflarında dünyaya gələn Zərdüşt peyğəmbərə səmadan nazil edilmişdir.

Bu dini inanca görə yer üzündə bir-birinə əks olan iki əbədi qüvvə var - Xeyir və Şər. Xeyirin (haqqın, ədalətin) mövcud olduğu İşıqlı Dünyanın təmsilçisi Hörmüzd (Ahura-Mazda), Şərin (zülmün, pisliyin) mövcud olduğu Qaranlıq Dünyanın təmsilçisi isə Əhrimən (Ahura-Manyu) sayılır. “Avesta” bu əbədi mübarizədə Xeyirin qalib gələcəyini, Şərə qarsı mübarizə aparan insanların nəhayətdə, uğura qovuşacağını təsdiq edir. Tək Tanrıya istinadən və O-ndan aldığı tövsiyyələrlə Zərdüşt peyğəmbər insanları ədalətli, saf niyyətli olmağa, Şərə qarşı barışmazlığa səsləyir.

Zərdüştilik əqidəsində İşığa, Günəşə, Alova xüsusi rəğbət bildirildiyindən cox vaxt Atəşpərəstlik – bütpərəstlik kimi qələmə verilir. Halbuki Zərdüştilər Oda, Alova, Günəşə cansız büt olaraq sitayiş etməyiblər. Onları göylərin İnsana verdiyi həyat gücünün daşıyıcıları kimi rəğbətlə qəbul edib qoruyublar, keşiyində durublar, müqəddəs biliblər. İnsanın ruhunu göylərdən gəlib də göylərə qayıdan əbədi substansiya, bədəni isə müvəqqəti cam kimi qavrayan Zərdüştilərin sitayiş etdikləri yeganə tapınaq mənbəyi - səmadakı tək Tanrı olub. Zərdüştilərin bütün adət, ənənə, ayin və mərasimləri məhz bu cür səmavi görüşlərdən qaynaqlanıb.

Sadəcə əlinə qələm alan məkrli rəqiblər müqəddəs Zərdüştə və Atəşpərəstliyə çamur atıblar...

Yəhudilik.

Movses Kalankatlının yazılarında Dağ Yəhudilərinin Qafqaza e.ə. I əsrdə gəldiyi göstərilir. Bəzi başqa tarixçilər isə qədim dağ yəhudilərini vaxtilə Fələstindən Midiyaya qaçmağa məcbur olan İsrail oğullarından hesab edirlər. Xristianlıq təsəkkül tapmağa baslayanda İsa Məsihi təqib edənlər arasında dağ yəhudiləri olmayıb. Midiyada tatlarla ünsiyyət səbəbindən dağ yəhudiləri qədim fars və yəhudi sözləri ilə qarışıq bir ləhcədə danışmağa başlayıblar.

Başqa bir mülahizəyə görə isə dağ yəhudiləri Qafqaza e.ə. VI əsrdə Sasani hökmdarı Xosrov I Ənuşirəvan tərəfindən köcürülüb. Belə ki, Xosrov Qafqazda salınan qala-şəhərlərə İkiçayarası (Dəclə və Fərat) vadilərdən farsları və yəhudiləri köçürürdü. Dağ yəhudilərinin danışdıqları tat dilinə bənzərlik də o zamandan qalıb.

Bütün hallarda dağ yəhudiləri Azərbaycan ərazisində iki min ildən çox müddətdir yaşayırlar. Onlar həmişə yerli əhali ilə sıx təmasda və yaxşı münasibətlərdə olmuşlar. Bununla yanaşı öz adət-ənənələrini, dinlərini, həyat və düşüncə tərzlərini də qoruyub saxlamışlar.



Xristianlıq.

Azərbaycan ərazisində Xristianlıq yeni eranın ilk əsrlərində Qafqaz Albaniyası tərəflərdən yayılmağa başlamışdır. 70-ci illərdə buraya gələn həvarilər Varfolomey və Faddey İsa peyğəmbərin möcüzələrindən danışar, insanların diqqətini buna cəlb edərək bölgədə xristian icmaları yaradardılar. Sonralar Yerusəlim patriarxının xeyir-duası ilə yeni dini təbliğ edən Yelisey də Aqvan diyarına gəlib Şəkinin Kiş kəndində Qafqazın ilk kilsəsini tikir. Bundan sonra o, din təbliğini davam etdirərək Samur çayını kecib üzü şimala - Dərbəndə yol alır. Helmes kəndində onu qətlə yetirib bir xəndəyə atırlar. Alban məliki Vaçaqanın göstərisi ilə Yeliseyin cəsədi ordan çıxarılıb torpağa basdırılır.

313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürəndən sonra Azərbaycanda da xristianlıq sürətlə yayılmağa baslayır. IV-V əsrlərdə ruhanilik və kilsə iyerarxiyası təsəkkül tapır. Feodallar öz ərazilərində kilsə tikintisi ücün xüsusi yerlər ayırırlar. Dini kitablar Alban dilinə tərcümə edilir. 552-ci ildə Alban katolikosunun iqamətgahı Bərdəyə köcürülür.

İslamın gəlişindən sonra ölkədə Atəşpərəstlik kimi, Xristianlığın da rolu zəifləməyə başlayır.




İslam.

VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana cıxan yeni İslam dini 18 il sonra, 639-ci ildən Azərbaycana gətirilir. Ərəblər Azərbaycanda ilk müqavimət dalğasına başçılıq edən İsfəndiyar Fərruxzadı tez bir zamanda yenərək məğlub edirlər. Cənub əyalətləri (Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Arran) zəbt edən ərəb qoşunları Xəzərin sahili boyunca Azərbaycanın şimalına - Dərbəndə doğru qalxırlar.

Tarixi məlumatlara görə, Xəlifə Əli bin Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycanın əksər yerlərində İslam dini əhaliyə zorla qəbul etdirilirdi. Ərəblər zəbt etdikləri ərazilərdə əhalinin üzərinə ağır vergilər qoyub yürüşlərini davam etdirir, vergi verməkdən imtina edənlərə güc tətbiq edir, silahlı təpki ilə istəklərinə nail olurdular. İslamı qəbul etmək istəməyən Zərdüştilər, Atəşpərəstlər, Xristianlar və qeyriləri müsəlmanlarla döyüşməli olurdular. Mövqelərini möhkəmlətmək üçün ərəblər tutduqları ərazilərdə İslamı qəbul etməyən yerli əhalini başqa yerə köçürürdülər.

Səlcuqilər dövründə (XI - XIII əsrlər) dini təriqətlər genis yayılır. Monqol istilaları dövründə (XIII - XV əsrlər) hürufilik güclənir. Səfəvilərin (1501-1786) zamanından başlayaraq, Osmanlı hakimiyyəti dövründə şiəlik geniş təbliğ edilir. 12 şiə imamının şərəfinə Azərbaycandakı müsəlmanların başına 12 qırmızı zolaqlı əmmamə bağlayıb "qızılbaşlar" adlandırırlar. Türk qırğınına çevrilən məşhur Çaldıran döyüşündə Səfəvilərə qalib gələn Osmanlılar Azərbaycanda sünni hənəfi məzhəbini yayırlar.

Başıbəlalı Müqəddəs Torpaq Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra Çar hökuməti Azərbaycanda müsəlman din xadimlərini ələ almaq məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər islami dini qurum yaratmaq siyasəti yürüdür. Rus çarının 29 noyabr 1832-ci ildə Senata göndərdiyi məktubda Zaqafqaziya müsəlmanları dini işlər idarəsi haqqında əsasnamə hazırlamaq təklif olunur.

1918-ci ildən Azərbaycan Demokratik Cümhuriyyətində İslamın rasionallaşdırılması və müasirləşdirilməsi meylləri başlanır.

1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqda müsəlman din xadimləri təqiblərə məruz qalır, məscidlərin əksəriyyəti bağlanır. Yalnız 1943-cü ildə faşizmə qarşı mübarizədə dinin imkanlarından istifadə etmək məqsədilə Zaqafqaziya müsəlmanlarının dini qurumu bərpa edilir. 25 may 1944-cü ildə Bakıda Zaqafqaziya müsəlmanlarının I qurultayı çağırılır və mərkəzi Bakı olmaqla Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradılır. Axund Ağa Əlizadə Şeyxülislam seçilir.
***


Azman adam
...Samirəyə yaz gəlmişdi.

Bu yazı təkcə İslamın bayrağını sələfləri Əli, Osman, Ömər kimi ləyaqətlə saxlamayıb, az qala Xilafəti məhvə sürükləyən, böyük hadisələr içində itib-batan və bu səbəbdən daim əsəbi və qəzəbli gəzən Xəlifə Mötəsimbillah gözləmirdi. Bu yazı son illər çox itgilər verib çox da qorxulu günlər yaşamış bütün Ərəb Xilafəti bir xilas fürsəti kimi intizarla gözləyirdi. Bundan öncəki zamanlarda belə bir yaz gününün gəlişini Mötəsimin mərhum qardaşı xəlifə Məmun da çox gözləmişdi. Hətta onun gəlişini tezləşdirmək naminə böyük itgilər verib çox həyəcanlı, qorxulu günlər yaşasa da, Xəlifə Məmun böyük Yaradanın iradəsi ilə o xoşbəxt anı yaşamadan, gözlədiyi günü görmədən əcələ təslim oldu.

O xöş gün Mötəsimin bəxtinə yazılıbmış.
Sübh namazına doğru irəliləyən darıxdırıcı zaman gecənin zülmətindən çıxıb alatorana qovuşmada idi. Uzaq səmada bərq vuran Dan Ulduzu yenicə işarar-işarmaz Xəlifə Mötəsim yatağından dik atılıb qan-tər içində “Bismillah!” deyə-deyə cangüdəni ibn Abidi səslədi: “Abid, Abid! Zındıq yerindədir?” Dərhal çadırın ortasındakı qalın pərdənin arasından içəri addım atan zəhmli ibn Abid sakitcə: “Bəli, ya Xəlifə, yerin altındadır! Rahat yatın...” – deyə mızıldandı.

O, Xəlifənin son aylar eyni sualla bezdirici müraciətlərinə alışdığı üçün indi də dərhal onun eşitmək istədiyi cavabı səsləndirirdi.

Xəlifə dişini-dişinə sıxıb öz-özünə danışdı: “O murdar iti görüm birdəfəlik yerin altında qalsın!” Sonra yenə arxası üstə özünü yumşaq ipək yatağa atdı. Bir qədər gözləyəndən sonra hər tərəfi dəvə yunundan toxunma gəbələrlə, xovlu xalça-palazla döşənmiş bəzəkli, zər-baftalı, ipək-qumaşlı geniş yataq otağına səssizlik çökdüyünü görən İbn Abid də pərdənin arxasında yox oldu.
***
... Azman adam quyudan çıxan kimi əvvəlcə qalın dodaqlarının altında pıçıltı ilə Tanrıya dua etdi. Onu quyunun dibindən zəncirlə zorla dartıb çıxaran cüssəli qara qullara ötəri nəzər salıb başını göyə qaldırdı, səmaya baxdı, gözləri ilə üfüqdən qalxan sübh günəşini salamladı. Sonra dönüb üstü dəmir barmaqlıqlarla hörülmüş dərin qaranlıq quyuya baxdı. Sanki bütün qışı yatdığı bu yeraltı nəm zindanla vidalaşırdı. O daha bura qayıtmayacağını duymuşdu.

Ötən aylarda qara saqqallı, qara əbalı, qara əmmaməli qara-qara adamlar dəstə-dəstə bu qaranlıq quyunun başına gəlib yuxarıdan aşağı qarmaqarışıq dildə nələrsə deyir-deyinir, ucadan söyür-söylənir və nifrətlə tüpürüb gedirdilər. Əlbəttə, o təxmin edirdi ki, adamlar ona lənət yağdırır, nalayiq sözlər danışırlar, amma yad dili bilmədiyi üçün anlamadığı nifrinlərə də məhəl qoymurdu. Əli-qolu zəncirli halda quyunun dibində başıaşağı oturub susurdu.

Əslində onların dilini bilib söyləntilərini anlasa belə, bu cahillərə baş qoşmağı özünə rəva bilməyəcəkdi. Odur ki, enli alnını iri əzələli dizlərinin üstünə qoyub gözüyumulu dinməzcə oturar, öz aləminə qapılıb son illərin olub-keçən dəhşətlərini xatırlayar, Tanrının bəxş etdiyi acı taleyinin nədənini düşünər, düşünərdi. Düşünərdi ki, quyu-zindana lənətə gələn bu adamlara və bu adamların bütün öncəki nəsillərinə illər boyu öz sözünü deyib, dediklərini qan qarışıq uddurduğu üçün indiki halda bu qaraların “cəsarətlə” ondan heyif çıxmaları da anlaşılandır.
Yan tərəfdən başqa bir quyudan Abdullanı da çıxardıb sürüyə-sürüyə Azman adamın yanına gətirdilər. Üzü göyə dikili fikirli-fikirli dayanan Azman qıyqacı nəzərlərlə taqətsiz halda çiyninə söykədilən qardaşına baxıb dinmədi, yalnız nəzərlərilə ona ürək-dirək verdi. Abdulla da eynən onun kimi öncə gözlərini qaldırıb göyə baxdı, üfüqdən parlayan günəşi salamladı, dodağının altında müqəddəs Tanrı duasını pıçıldadı. Və yenə taqətsiz halda gözlərini yumub başını qardaşının əzələli çiyninə söykədi.

Silahlı əsgərlər bir ayrı quyu-zindandan ağsaqqal Mazyarı da kobudca sürüyüb çıxartdılar və qardaşların yanına gətirdilər. Ayaq üstə dayanmağa taqəti olmadığı üçün onu da Azmanın o biri çiyninə dayayıb getdilər. Azman sağındakı, solundakı doğmalarına baxıb onlara toxtaqlıq vermək üçün xəfifcə gülümsündü, amma qəlbindən həm də bir ilıq gizilti keçdi: uzun ayrılıqdan sonra əqidə dostları yenə onun yanında idilər və onlar döyüş meydanlarında olduğu kimi, düşmən qarşısında yenə çiyin-çiyinə dayanmışdılar. O, uzun şəvə saçlı iri başını səmaya qaldırıb: “Şükr, Tanrım!”- pıçıldadı. Əvvəlki zamanlardan fərqli olaraq indi onun qarşısında sakit, həyəcansız, qorxu-hürküsüz, vurnuxub-çaxnaşmadan dolaşan rəqiblərə baxdı. Onlar arxayınca öz işlərini görür, onun yanından saymazyana keçib o tərəf-bu tərəfə gedir, nələrsə aparıb-gətirir, nəyəsə hazırlıq görürdülər...


***
Bir dəstə qulağı sırğalı, qıvrımsaçlı qara qul yaxınlaşıb silahlı əsgərlərin zindan-quyudan çıxartdığı uzun saçlı, ağ bənizli əcnəbi əsirləri iri qara çadıra tərəf apardılar. Çadırın içində uzun zaman çirkablı nəm quyuda qalmaqdan əyinlərindən süzülüb tökülən köhnə paltarları cırıqlayıb yerə atdılar. Azman adam yalnız uzun illərdən bəri boğazında saxladığı qırmızı dolağı cəld özü açıb əlində saxladı. Yarıçılpaq qullardan biri yerdəki çirkli cır-cındırı qucağına yığıb həyətdə tüstülənən ocağa tərəf getdi. Sonra iki qul həmin ocağın üstündəki hisli iri qazanın qulpundan yapışıb çadırın içinə gətirdilər. Şən əhvalla, sanki dalaşırlarmış kimi çığır-bağırla, bir-birləri ilə qaba zarafatlar edə-edə əsirlərin başından mis camlarla isti su töküb üz-gözlərini, bədənlərini alababat yudular. Uca boylu, nəhəng cüssəli Azmanı üç-dörd nəfər yuyundururdu. Onlardan biri ayağının altına kətil qoyub yuxarıdan su tökür, biri üz-gözünü yuyur, biri xurma yarpaqları ilə qollarını, kürəyini sürtürdü. Həyət-bacada qara işlər görmək üçün xüsusi seçilmiş cüssəli qullar belə yuyundurduqları bu nəhəng yad adamın yanında çox cılız görünürdülər, o qədər ki özləri də Azman insanı həyatlarında ilk dəfə gördüklərinə təəccüb, bəlkə də heyrət edirdilər. Qara qullar Azmanın əzələli uzun qollarını, palıd kimi möhkəm yoğun budlarını, arxasında beş adamın gizlənə biləcəyi lay divar kimi enli kürəyini sürtdükcə bir-birlərinə göz vurur, nələrsə deyir, gah Azmanın əzalarını göstərib şit-şit zarafatlaşır, gah da ciddiləşib həvəslə qulluqlarını davam etdirirdilər.
Nəhayət, yuyundurma işi bitincə çadırın ortasındakı dirəkdən asılmış çirkli dəsmal ilə əsirlərin üz-gözünü, uzun şəvə saçlarını, bədənlərini quruladılar. Öncədən çadır-hamama gətirilib bir küncə yığılmış paltar dəstlərini bir-bir açıb eyni şən əhvalla onlara geyindirməyə başladılar. Yenə Azman adam yuyunmazdan öncə boğazından açıb dirəyin ən uca bir yerindən asdığı qırmızı dolağı götürüb boğazına sarıdı.

Əvvəlcə nəhəng əsiri bəzədilər. Artıq xeyli hissəsinə dən düşmüş uzun şəvə saçlarını enli diş taxta daraqla arxaya daradılar. Əyninə şahlara layiq, üstü mirvarilərlə işlənmiş, yaxası qiymətli daş-qaşlarla bəzədilmiş libas taxdılar. Ayağına yüngül rahat məs geyindirdilər. Bütün bu müddət ərzində Azman əsir nəfəsini dərmədən öz bədənləri aylarla su üzünə həsrət bu pis qoxulu qara qulların həvəslə icra etdikləri “təmizlik” işlərinə ürəyi bulana-bulana dözdü. Dinməzcə dayanıb onların nə vaxt kənara çəkiləcəyini gözlədi.

Abdulla ilə Mazyara bir elə həvəs göstərməyən qullar onları qurulamadan elə yaş-yaş da geyindirdilər. Onlara da təzə əyin-baş verdilər, saçlarını daradılar.

Qullar işini bitirən kimi qapıda gözləyən mühafizə əsgərləri içəri girib, əsirləri hamamxana-çadırdan həyətə çıxartdılar, yenə əl-qollarını möhkəm-möhkəm zəncirlədilər.

Baş mühafizəçinin əmri ilə həyətin o başındakı iri tövlədən uzun xortumunu aşağı-yuxarı yellədən boz bir fili sürüb yaxına gətirdilər. Bu fili vaxtilə Hindistan şahzadəsi hörmət və ehtiram adına, əslində isə qorxu və itaət əlaməti olaraq Xəlifə Məmuna bəxşiş göndərmişdi. Ancaq ölüm ayağında olan Xəlifə Məmun qızmar səhrada bu nataraz fillə nə edəcəyini bilmirdi. Minib səhranı gəzməyəmi çıxsın, döyüşəmi göndərsin, ya su daşıtdırsın? Axı fili qurban kəsmək də olmazdı... Beləcə öz doğmalarından və doğma meşələrindən ayrı düşüb qızmar səhralarda yad adamların əlində xiffətdən və dərddən boğulub qaralan nəhəng boz fil tövlədə yararsız əşya kimi ayağından bağlanıb qalmışdı. İndi budur, mərhum Məmundan sonra ilk dəfəydi filə iş tapılırdı və odur ki, havaya çıxan fil çox məmnun halda və itaətlə onu aparanların arxasınca addımlayırdı.

On ərəb kişisi iri cüssəli Azmanı çiyinlərinə alıb zər-xarayla çullanmış Hindistan filinin belinə qaldırdı. Ədəb-ərkanla filin üstündəki taxta əyləşdirəndən və yolda düşüb-düşməyəcəyini yoxlayandan sonra ayaqlarını filin qarnının altından keçən yoğun zəncirlərlə bağladılar. Yarıçılpaq qara bir qul əlinə bambuk çubuğu alıb xurma ağacına dırmaşan cin kimi nəhəng filin boynuna qalxdı. Yerdə qalan qullar eyni dalaşqan əhval-ruhiyyə ilə, hay-küylə belində yad adamı daşıyan yad heyvanın başına-quyruğuna döyəcləyə-döyəcləyə və “Allahu-Əkbər!” deyə-deyə onu zindan həyətinin çıxış darvazasına doğru sürdülər.

Arxadan gələn qara inəyin belində Abdulla ilə Mazyarı əyləşdirmişdilər. Onların da əlləri, ayaqları inəyin qarnının altından zəncirlənmişdi.

Buralardan çox uzaq olan yad bir diyardan tutulub gətirilmiş əsir kişilər haray-həşiri bir-birinə qarışan dalaşqan adamların səhər-səhər ciddi-cəhdlə nəyə hazırlaşdıqlarını, nələr etmək istədiklərini və nə düşündüklərini hələ bilmirdilər. Təkcə onu bilirdilər ki, özlərinə “müslüm” deyib dəqiqə başı Allahın Böyüklüyünü qışqıran bu yad adamlar iki yekə kişini qara inəyin belinə mindirməklə artıq Allah yanında çox ağır günaha batırdılar. Çünki kimsəyə pislik etməyən fağır inək müqəddəs varlıq kimi hələ ulu Zərdüştün Tanrıdan gətirdiyi müjdələr arasında bərəkət timsalı olaraq mötəbər duyurulmuşdu.

Uzaq Azərbaycan diyarından tutulub gətirilmiş cüssəli əsir kişilər ərəbcə bilsəydilər qulların qara-qışqırığından onu da başa düşərdilər ki, bütün bu işləklər Xəlifənin özünün buyuruğudur. O həşəmət sahibi özü tapşırmışdı ki, əsirlərə əməlli əyin-baş verilsin, böyük ölkənin böyük xaqanları kimi geyindirilsin, şahlara layiq bəzəndirilsin, ta ki yol boyu camaat zindanda çürüdülən yadları görüb deməsinlər bu boyda Xilafət yüz ildir gör kimlərin əlində əsir-yesir qalıb.
***

...Atları mahmızlayıb qabağa çapan carçıların arxasınca əsirləri aparan karvan da tərpəndi. Ön cərgələrdə müxtəlif təbəqədən olan məmurlar, əyanlar, dövlət qulluqçuları gedirdi. Onların arxasınca silahlı süvari və piyada dəstələri, ortadakı fillə inəyin üstündə bayramsayağı geyindirilib-bəzədilmiş əsirlər, arxada isə yenə piyada və süvari döyüşçülərdən ibarət qoşun dəstəsi yeriyirdi.

Karvanın qabağında gözəl bir ərəb atının üstündə türk kökənli sərkərdə Afşin Heydər Kavus oğlu gedirdi. Qalib ədası ilə ətrafını məmnun-məmnun seyr edən Afşinin arxasınca par-par parıldayan bahalı ipək paltarlı, gödək toppuş barmaqlarının onuna da rəngbərəng daş-qaşlı üzüklər taxmış, yaxasına qızıl zəncirlərdə əlvan muncuqlardan bəzəklər asmış fəxri qonaq – Alpan diyarından gələn erməni kökənli Sünik knyazı Səhl ibn Sumbat yeriyirdi...

Xəlifənin sarayına doğru gedən izdihamlı yolun hər iki tərəfi bayramsayağı bəzədilmişdi.

Zindanxana həyətindən çıxıb şəhər küçələri ilə saraya üz tutan dəbdəbəli karvanı bir belə qoşun dəstəsinin müşaiyət etdiyini görən tacirlər, sənətkarlar, sadə adamlar və şəhərin müsafirləri böyük maraqla tamaşaya dayanır, təəccüblə bir-birlərindən nələr baş verdiyini soruşurdular. Bilənlər bilməyənlərə qorxa-qorxa nələrsə pıçıldayır və dərhal üzünü göyə tutub salavat çevirirdi.

Əhalinin gur toplaşdığı bazar meydanına çatanda karvan dayandı. Dərhal carçılar və qamçılı süvarilər bağıra-bağıra camaatı karvanın ətrafına topladılar. Xəlifənin tövsiyyəsi ilə din-iman və haqq-ədalət naminə karvanda aparılan düşmənlərin lənətlənməsinin vacibliyi bəyan edildi. Karvanın ətrafına toplaşıb heyrətlə əl-ayağı zəncirlənmiş adamlara baxan, arada qorxudan qarğış yağdırıb tüpürən bazar əhli və hadisəni maraqla izləyən əcnəbi tacirlər təbii ki, tarixin ən böyük imansızlıqlarından və haqsızlıqlarından birinin şahidi olduqlarının fərqində deyildilər. Onlar yalnız carçıların dediklərindən bunu anlayırdılar ki, filin üstündəki Azman adam – Azərbaycandan gətirilmiş əsir padşah Əsən Babək, inəyin üstündəkilər isə onun qardaşı Abdulla və Azərbaycanlı Baş Atəşgah qoruyucusu Mazyar adlı kafir bütpərəstlərdir.


***
Sonra carçılar car çəkdi, buynuzlar gurladı, zınqırovlar cingildədi və tarixin karvanı yenə ləngər vurub yoluna davam etdi.

Qolları və ayaqları zəncirlənmiş olsa da, halını pozmadan başını dik tutub əzəmətlə boz Hindistan filinin üstündən təntənəni seyr edən Azərbaycanlı əsir Babəkin yadına düşdü ki, ötən ilin payızına doğru əlaltısı Ərməniyyəli Səhl ibn Sumbatın satqınlığı ilə Bəzzdən Bizansa gedən yolda pusquya salınıb əsir götürüləndə də Afşinin qərargahına beləcə yüzlərlə silahlı qara ərəb əsgərinin müşaiyəti ilə aparılmışdı. Yol boyu iki cərgə düzülmüş döyüşçülərin arasından keçib getdikcə Babək diqqət edib görmüşdü ki, onların çoxunu hətta sifətdən tanıyır, döyüşlərdə üz-üzə gəlib, ya yaralayıb, ya əsir götürüb, Bəzzdə saxlayıb və təcavüzkar olsalar da hansınınsa incidilməsinə yol verməyib, şəxsən özü əksər ərəb əsiri ilə üzbəsurət görüşüb danışıb, hal-əhval tutub. El-obasını qoyub özgə yurduna basqın yapmasının doğru yol olmadığını izah etməyə çalışıb. Hətta yaralı olanlara qayğı göstərib, çörəklə sudan başqa sarğı da verməyi tapşırıb. Elə bu həssas, rəhmli davranışına görə o zaman qoşun başçılarının gözləntisinin əksinə olaraq sırada duran keçmiş Bəzz əsirlərindən heç biri Bəzzin sahibi, qolubağlı Babəkə əl qaldırmamış, ağır bir söz deməmişdi. Qoşun başçılarından önünə yetişincə kafiri lənətləmək, tüpürmək, pis təhqir etməklə alçaltmaq tapşırığı alan əsgərlər nəinki bunu etməmiş, əksinə, o yaxınlaşdıqca utandıqlarından başlarını aşağı salıb dik baxa bilməmişdilər.

İndi budur, aylar sonrası o yenə əli-qolu bağlı halda qara-qara ərəb döyüşçülərinin arasından keçirilirdi. Fərq ondaydı ki, bu dəfə öz doğma yurdunda qurulan hərbi düşərgəyə yox, İraq ərazisində yerləşən Ərəb Xilafətinin mərkəzi Samirə şəhərində həşəmətli Xəlifə Mötəsimbillahın hüzuruna aparılırdı...
***


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin