Sən mənim dözümümü görəcəksən



Yüklə 0,67 Mb.
səhifə2/6
tarix16.06.2018
ölçüsü0,67 Mb.
#53846
1   2   3   4   5   6

Böyük xilaskar
Azərbaycan Xürrəmi Dövlətinin cəsur hökmdarı Əsən Babək ilk ərəb işğalından təqribən doxsan il sonra – miladi tarixi ilə 796-98-ci illərdə doğulub. Həmin vaxt Babəkin atası xürrəmi Abdulla kişi Ərdəbil şəhəri yaxınlığında yerləşən Bilalabad kəndində zeytun yağı alıb-satmaqla məşğul olurmuş. Anası Bərumənd xanımla da elə həmin kənddə yağ satarkən tanış olub evləniblər.

Bir gün Ərdəbil yaxınlığındakı çöldə quldurlarla rastlaşıb dini zəmində mübahisəyə çəkilən xürrəmi Abdulla onlardan aldığı ağır zərbələrdən yaralanır və sürünə-sürünə evinə gedib çıxa bilsə də, onu sağaltmaq mümkün olmur. Öhdəsində iki uşaqla tək qalan dul Bərumənd arvad kənddə südü quruyan qadınların uşaqlarına süd verməklə qazandığı pula öz uşaqlarını böyüdür.

Balaca Babək on yaşına çatanda anasına kömək etmək üçün naxır növbəsinə gedir, dağda-daşda kəndin inəklərini otarır. Naxırçılıq edəndə Babək tənbur çalmağı da öyrənir. Amma bu işdən əl çəkib yeniyetmə çağında karvanlara qoşulur, böyük Azərbaycanın hər tərəfini qarış-qarış gəzir. Səyahətlər zamanı ölkənin ərazisi, coğrafi şəraiti ilə yaxından bələd olmaq sonralar Babəkin çox köməyinə gəlir.

Karvanla gözəl Təbriz şəhərinə gəlib çıxan Babək burada Zərdüştlük təlimi ilə yaxından tanış olur. Eyni vaxtda ölkənin islamlaşdırılması zamanı törədilən faciələri, xalqa tutulan divanı, verilən işgəncələri bilavasitə öz gözləri ilə görür. Təbrizdə Məhəmməd ibn Rəvvad adlı bir şəxsin yanında çalışan Babək nəhayət, on səkkiz yaşına çatanda yenidən Təbrizdən Bilalabada - anasının yanına qayıdır.

Və bu qayıdış onun həyatında dönüş mərhələsi olur. Artıq gənc Əsənin dünyaya baxışı dəyişmiş, əqidəsi formalaşmış, ruhunda yadelli işğalçıya nifrət - doğma xalqına sonsuz pərəstiş yaranmışdı. O, ərəblərin gəlişi ilə itirilmək üzrə olan milli adət-ənənələrin bərpasının zəruruiliyi fikrində qətiyyətli idi. Təcavüzkarın məhv etməyə çalışdığı qədimdən-qədim Azər-Türk-Oğuz özəlliyini nəyin bahasına olursa-olsun dirçəltmək niyyətində idi.
***
Bilalabad yaxınlığındakı hündür dağ qalasında yaşayan varlı vilayət hakimi, yerli xürrəmi icmasının başçısı Cavidan Şəhrək bir dəfə qış vaxtı Zəncanda işlərini bitirib Bəzzə qayıdarkən yolda çovğuna düşür. Başının dəstəsi ilə sığınmaq üçün Bilalabada dönür və tanışı mərhum yağsatan xürrəmi Abdullanın evində qalır. Abdullanın dul qadını və iki oğlu qonaqları xoş üzlə qarşılayıb sığınacaq, yemək-içmək verirlər. Burada gənc Əsənlə görüşən Cavidan oğlanın fərasətindən bərk təəccüblənir. Çünki ucqar kəndin kasıb bir daxmasında öz yaşından çox-çox irəli getmiş, dərin dünyagörüşünə, sağlam mənəviyyata və tuncdan tökülmüş kimi möhkəm, yaraşıqlı bədənə malik ağıllı, tədbirli, alicənab bir gənclə rastlaşacağını təsəvvürünə belə gətirməzdi.

Onlar uzun qış gecəsini isti ocaq başında, rəqs edən alov dillərinə baxa-baxa maraqlı söhbətdə keçirdirlər. Ümumi əqidə və amal birliyi onları birləşdirir. Cavidan gənc Əsəni ilk baxışdan sevdiyi kimi, Əsən də ustadın söhbətlərini dərk edib onu qəlbən sevir.

Və səhərin ayazında qalxıb yola düşmək üçün hazırlaşanda Cavidan Əsənə onunla birgə Bəzzə getməyi təklif edir. Çətinliklə anasını razı salan Əsən bir gecədə tanıyıb inam bəslədiyi Cavidanla taleyini əbədilik bağlayır. Onunla birlikdə uca dağlara doğru naməlum, təhlükəli, gələcəyi qanlı-qadalı, amma şərəfli bir yola çıxır.
***
Bəzz qalasında gənc Əsənə malikanənin idarəçiliyi tapşırılır. Yaxınlıqdakı dağlarda yaşayan başqa bir xürrəmi icmasının başçısı İmranla Cavidan arasında baş verən toqquşmaların birində onlar mübahisəni təktəbək savaşda çözməyi qərara alırlar. Gərgin çarpışmada İmran həlak olur. Ölümcül qılınc yarası alan Cavidan da üç gündən sonra dünyasını dəyişir.

Cavidanın zövcəsi Kəldaniyyə xanım əhalini toplayıb, onun vəsiyyətini çatdırır: "O dedi: bilirəm, bu gecə öləcəm, xürrəmilərə xəbər ver - ruhum cismimdən ayrılıb Babəkin ruhuna qovuşur, onun bədəninə keçir. Və o dedi: sizin yardımınızla Babək elə qüdrət sahibi olacaq ki, bizim heç birimiz hələ yetə bilməmişik. Dünyanın ən güclü şəxslərini yenəcək, Zərdüştün təlimini bərpa edəcək. Sizin aranızdakı ən zəiflər iftixar, alçaldılmışlar yüksəliş tapacaq. Cavidan bunları dedi və canını tapşırdı."

Sonra Kəldaniyyə xanım hamını bir-bir çağıraraq: "Bu çörək tikəsini götür, suya batır ye və söylə: - Ey Babəkin ruhu, mən Cavidanın ruhuna inandığım qədər sənə də inanıram... Sonra da Babəkə baş əy və əlini öp" – deyir.

Adamlar o cür də edirlər. Şəhər meydanına cəm olan əhali bir ağızdan: “Uca Şirvinin Ruhu, Səni gözləyirik, bizi hər iki dünyada şad et!”- deyib Babəkin varisliyini qəbul edirlər.

Bu hadisə miladi tarixi ilə 816-cı ildə baş verir.

O vaxtdan Azərbaycan xürrəmi icmasının başçısı Bilalabadlı gənc Əsən Babək olur.

Tədbirli qadının sayəsində həm xürrəmi icması parçalanmaqdan xilas olur, həm də Odlar Yurdu Babəkin simasında güclü bir öndər qazanır.

Sevimli Cavidanın ruhunun igid Babəkə keçdiyini və onun Zərdüşt dinini dirçəldəcəyi müjdəsini verən gənc və gözəl Kəldaniyyə xanım özü də az sonra Babəklə evlənir.

Bütün ömrünü işğalçılarla vuruşlarda keçirən cəsur və müdrik sərkərdə Babək Azərbaycanda İslamın tətbiqinə qədər mövcud olmuş dini-mənəvi-mədəni dəyərləri öz dövləti daxilində dirçəldib bərpa edə bilir.
***
...Boz filin üstündə vüqarla əyləşib yad adamlar kütləsinə baxa-baxa olub-keçənlər haqqında düşünən Babəkin fikri indi çox uzaqlarda idi. Gözləri önündə barlı-bərəkətli Azərbaycan diyarı canlanırdı.

Bir vaxtlar vuruşa-vuruşa yurdun şimal torpaqlarınadək gedib çatan ərəblərin burada bərəkətli alma bağlarını görcək heyrətlə: “Allah! Allah! Cənnət-Məkan buraymış!!!” - dedikləri o gözəl diyar, yaşıl bağlar, göy çəmənlər, sıx meşələr, buz bulaqlar canlanırdı Babəkin xəyalında. O torpaqlara ayaq basanda havanın, suyun, təbiətin gözəlliyindən məst olub çəmənlərin gül-çiçəyindən, meyvə bağlarının ətrindən, axar suların zümzüməsindən, bərəkətli zəmilərin zənginliyindən vəcdə gələn tikanlı səhra bədəviləri az qala bayılaraq həyacanla qışqırışmışdılar: “Allah! Allah! Qurani-Kərimdə deyilən ağacları altından çaylar axan məkan – buraymış! Allaha şükr, yetişdik cənnətə!”

Və bu dünyada həyatın, yaşamağın dadını ilk dəfə burda bütün ləzzətiylə duyan acgöz bədəvilər nəfslərinə qul olub da bir daha bu torpaqlardan çıxmadılar, çıxmaq istəmədilər. Məhz onların islah edilməsi və Doğru Yola qayıtması üçün göndərilən yeni dini nədənsə özgələrə də yaymaq hikkəsi ilə səfərə çıxdıqlarını belə unutdular. Onlar bütün canlı qüvvələrini Ərəbistan yarımadasından şimala doğru yönəldib ən varlı, bərəkətli, gözəl məmləkətlərə yerləşdilər, dəstə-dəstə qoşun salıb kəndləri, şəhərləri taladılar, min illər boyu öz doğma torpaqlarında şad-xürrəm, dinc həyat sürən türkmənləri, sasaniləri, azərləri, xəzərləri... yerlərindən-yurdlarından didərgin saldılar. Pərən-pərən olan oğuz türklərini amansızca qılıncdan keçirib qaçanı qırdılar, dinəni vurdular, susanı incitdilər. Qupquru qaratikan yetirən susuz Ərəbistan səhralarında hər tayfa özünə bir büt yonub qarşısında səcdə qıldığı halda, bundan min il öncələrdən tək Tanrıya tapınıb onun tövsiyyə etdiyi Doğru Yol ilə gedən, ulu Tanrının göndərdiyi Odu, Alovu, Atəşi həyatın ən güclü ərməğanı bilib göz bəbəyi kimi qoruyan, ətraflarda heç kimə, heç bir qövmə pis niyyətlə baxmadan yalnız öz həyatını yaşayan Azər oğullarına “kafir” deyib haqsız-amansız-imansızca davrandılar. Arvad-uşağı əsir-yesir edib əcnəbi ölkələrin qul bazarlarında satdılar. Boşalan kəndlərdə hər əli silahlı saldırqan özünə iri-iri torpaq sahələri çəpərlədi. Ərəb uşaqları özgə ərazilərini “mənimdir” deyib mənimsədilər. Namusu ayaqlar altına atılan, qeyrəti tapdanan yerli camaat səsini qaldırdıqca bunlar daha da qeyzləndilər, əhali etiraza qalxdıqca qırdılar, xalq dirəndikcə yeni-yeni qoşun hissələri, döyüşkən ordular gətirib burda yerləşdirdilər.

Ta ki qılınc və zor gücünə dünyanın ən bərəkətli torpaqlarında oturuşana qədər hikkə və inadlarından əl çəkmədilər ərəblər. Oğuz yurdunun zənginliyini görüb gəldikləri yerləri unutdular, gəlişlərinin məqsədi də yaddan çıxdı, səbəbi də, gətirdikləri dini əqidə də bir kənara qoyuldu, and-aman etdikləri iman da...


***

İndi Bağdaddan bir neçə ağaclıq məsafədə yerləşən Samirə şəhərinin hər tərəfində qarışqa kimi qaynaşan qara-qara adamları gördükcə Babəkin gözləri önündə həmin saysız-hesabsız işğalçı qoşunların səfləri canlanırdı. Uca dağ başında yerləşən sevimli Bəzz qalasında alov rəngli qırmızı bayrağın altında dayanıb qarışqa kimi Odlar Yurduna səpələnən və qırıldıqca artan bu qara bayraqlıların irəliləməsini hər dəfə necə sonsuz nifrətlə müşahidə etdiyini xatırladı... Nərə çəkərək cəsarətlə özünü döyüşün ən qızğın, ən təhlükəli yerlərinə vurduğu anlar yadına düşdü... Onun qorxmazlığından ruh alan igid xürrəmilərin də bir ağızdan “Uca Şirvinin Ruhu, bizi hər iki dünyada şad et!”- deyərək sərkərdələrinin arxasınca qoşub düşmənə necə amansız zərbələr endirməsini, ana yurdun xilası naminə nə böyük şücaət və cəsarət göstərdiklərini xəyalından keçirdi...

Uzun zaman doğma torpaqların sinəsində şırım-şırım oyulan döyüş meydanlarında qan su yerinə axırdı. Bir zərbə ilə neçə-neçə başlar bədəndən ayrılır, qollar kəsilir, dizlər bükülürdü... İldırım təki havada çaxıb ətrafa qığılcım saçan qılıncların cingiltisi, nifrətdən, qəzəbdən, qorxudan və ağrıdan bağırışan əsgərlərin hayqırtısı, insanların vəhşi əməlindən heyrətə gəlib fır-fır fırlanan qəzəbli atların kişnərtisi bir-birinə qarışırdı. Toz-duman içində az qalırdı dünya məhvərindən çıxıb səmaya uçsun... Şahə qalxan atların ayaqları insan qanından yaranan gölməçələrdə sürüşdükcə onlar bellərindəki döyüşçünü yerə çırpıb kənara sıçrayır, qanlı qırğınlar meydanından baş götürüb azad-asudə çöllərə, insan əli çatmayan uca dağlara, kimsəsiz qalın meşələrə qaçırdılar...

Həyatla Ölüm arasında qalıb da ölümün gözünə dik baxan, Əzraillə çarpışa-çarpışa həyatı onun əlindən çəkib alan və qanlı meydandan sağ-salamat çıxıb yorğun-arğın evə qayıdan igidlərin üstü-başı, bədəni, əl-qolu, üzü, saçı büsbütün qan içində olar, qorxunc görkəm alardı. Hər döyüşdən sonra əsgərlər yuyunmaq üçün dağların ətəyindən axan çaylağa enincə aşağı obalardakı camaat həftələrlə əkin-biçinini qıpqırmızı suyla suvarardı...

Qırğınların və qırılanların sayı-hesabı yox idi.

Göz işlədikcə uzanıb gedən döyüş meydanları vəhşət doğuran mənzərələr halına gəlirdi. Bu dəhşətli qırğın mənzərələri əsgərlərə su, çörək, bişmiş daşıyan ətraf kəndlərin qız-gəlinini, arvad-uşağını sarsıdırdı. Hər vuruş sonrası çöllərdən günlərlə yaralılar yığılar, araba-araba meyitlər daşınar, qucaq-qucaq silah-sursat toplanardı.

Ən axırda o yerlərə qarğa-quzğun sahiblənər, uzun müddət səmalarda çalağanlar sevinclə səs-səsə verib qıy vurar, gecəli-gündüzlü çaqqallar ulaşardı...

Beləcə tük ürpərdən dəhşətlər içində günlər, aylar keçib gedər, fəsillər dəyişər, illər bir-birini əvəz edərdi... Bir il... Beş il... On il... On beş il...

Və düz iyirmi iki il!

İyirmi iki il Azman adam bu həyatı yaşadı...


***
Qəflətən ucalan azan səsi Babəki xəyaldan ayırdı. O dərindən köksünü ötürüb filin belindən aşağıya boylandı, ətrafına göz gəzdirdi, dönüb arxadan inək belində gələn halsız-heysiz qardaşı ilə qoca müqəddəsə baxdı.

Son aylar görüb yaşadığı haqsızlıq, satqınlıq, xəyanət və məğlubiyyət acılarından doğan hirs, hikkə və xəyal qırıqlığı, sonra da qaranlıq nəm quyuda keçən uzun tənha əsirlik taleyi Babəkin həyat tərzini dəyişdirmiş, özünə qapatmışdı və indi də xəyal Babəki qoynuna alıb yenə çox uzaqlara aparmışdı. Ona elə gəlirdi ki, bütün dünya, yer-göy yavaş-yavaş qırmızı qan rənginə boyanır. İrəlidə, filin yoğun boynunda bardaş qurub oturmuş qulağı sırğalı qara qulun çöp kimi nazik boynu da qırmızıya çalırdı. Yumruğunu düyüb qollarını qaldırmaq istədi, ancaq yoğun zəncirlər biləyinə işlədiyi üçün qollarının damarları gərilib qızardı. Bir an sonra qarşısında oturmuş bir yumruqluq canı olmayan bu saplaq boğazlı ərəbə hətta yazığı gəldi. Çünki onun qəzəbi qarışqaya deyildi, filin cilovunu qarışqaya etibar edənlərə idi. Eyni mərhəmətlə küçə boyunca düzülüb dəbdəbəli karvana baxa-baxa nələrsə deyən, deyinən, tez-tez salavat çevirən qarasaqqal kişilərin ağ çalmasına, sifətinin yalnızca bir parçası görünən zərif qadınların qalın kətan çadrasına diqqət yetirdi. Yol kənarlarına düzülüb qara bayraqlar tutan qara-qəhvəyi sifətli döyüşçülərə, əmrə müntəzir əsgərlərin əlindəki sivri qılınclara, itiuclu nizələrə, ağır-ağır dəbilqələrə, qalxanlara, əmudlara nəzər saldı. Sonra yenə dartılmaqdan qançır olmuş qolundakı zəncirlərə göz gəzdirdi... Hara baxırdısa hər şeyin qırmızıya çaldığını görürdü.

Babək dişini-dişinə sıxdı. Onu bəzəyərək müqəvva kimi küçələrdə gəzdirən təhqiramiz karvanın bir əvvəlinə, bir axırına baxıb-baxıb, ucadan söyüş söydü. Pis qoxulu düşmənin xəyanətlə əldə etdiyi qalibiyyət sevincindən vəcdə gəlib öz paytaxtında qurduğu bu həqarətli oyunbazlığa dözə bilmədi. Odlu ürək sahibi dodağının altında bozqurdlar sayağı qəzəblə mırıldandı: "Gör nə bədbəxtəm... Gör nə bədbəxtəm..." – dedi.

Filin boynunda əyləşmiş qara qul heybətli səslər eşidib qorxa-qorxa geriyə boylandı. Azman kişinin qan çanağına dönmüş gözlərini belə yaxında görüncə qorxudan diksinib tez üzünü çevirdi və bir daha arxasındakı əsirə tərəf baxmadan bütün yolu tərpənməz oturdu.


***

Qoca Şərq amansız cəng alovları içində od tutub yanırdı
Sonuncu səmavi dinə sahiblənən ərəblər hərbi cəhətdən gücləndikcə ətraf məmləkətləri öz təsirləri altına almaq fikrinə düşmüşdülər. İlk dəfə miladi tarixi ilə 633-cü ildə Xilafət ordusu İraq tərəfdən qədim Sasani imperiyasının sərhədlərini keçdi...

İşğal təhlükəsinin çox yaxın olduğunu görən Sasani hökmdarı III Yəzdigərd İsfahandan ölkənin hər tərəfinə məktublar göndərərək xalqı xilaskarlıq savaşına səslədi. Bölgələrdə əlavə hərbi birləşmələr yaradıldı.

Bundan xəbər tutan Xəlifə Ömər ibn Xəttab Sasanilərə dərs vermək üçün qumlu səhralarda sərgərdan dolaşan saysız-hesabsız bədəvilərdən böyük bir ordu toplayıb Neman ibn Muqərrinin başçılığı altında Azərbaycanın cənub torpaqlarına göndərdi. 642-ci ilin yayında Nəhavənd yaxınlığında onları azərbaycanlı sərkərdə Mərdanşah Hörmüzün başçılıq etdiyi ordu qarşıladı.

Salnaməçi yazır: “...Həmədanla İsfahan arasında, Nəhavənd şəhərinin yaxınlığında üç gün üç gecə misli görünməmiş dava getdi. Döyüşdə qan su yerinə axırdı. Sayca xeyli çox olan ərəb qoşununun qələbəsi ilə bitən döyüşdə ümumilikdə əlli min adam həlak oldu...”

Sasani ordusu otuz min şəhid verdi, ərəblər isə baş komandan Neman ibn Muqərrin daxil olmaqla iyirmi min döyüşçü itirdi...

Numani sonra yazır: “Nəhavənddəki məğlubiyyətdən sonra Sasani ordusu bir daha özünə gələ bilmədi və qocaman imperiya sürətlə süquta doğru getdi. Arran camaatı qalalara qapanaraq müqaviməti davam etdirməyə başladılar.”

Digər salnaməçi Zərrinkub: “...Nəhavənd döyüşü Xilafət tarixinə “zəfərlər zəfəri” kimi daxil oldu. Çünki məhz o döyüşdən sonra qədim və zəngin Sasani imperiyası tam çökmüş vəziyyətə gəldi. Xəlifə Ömər ibn Xəttab III Yəzdigərdin müqavimət göstərmək üçün yenidən qoşun toplamaq cəhdinin qarşısını almaq məqsədilə ərəb döyüşçülərinə belə bir əmr verdi: “Arranın müxtəlif əyalətlərinə yürüşlər təşkil edərək əhalini itaət altına alın və mümkün qədər Yəzdigərdə kömək etməkdən çəkindirin.”

Xəlifənin bu əmri ilə ərəb qoşunları bərəkətli Azərbaycan ölkəsinə hərbi yürüşü genişləndirdi.

Ümumən, Ömər ibn Xəttabın xəlifəlik dövrü Xilafət tarixinin ən çox istilalarla yadda qalan dövrü oldu. İraq, Suriya, İordaniya, Misir, Gürcüstan, Arran, həmçinin Şimali Afrika əraziləri məhz onun dövründə zəbt edilərək Ərəb imperiyasının tərkibinə qatıldı.
***
...İlk dəfə VII əsrin ortalarında Azərbaycan ərazisinə girən Xilafət orduları üzləşdikləri ciddi müqavimətlərə baxmayaraq ölkənin cənub vilayətlərini işğal edə bildi. Bununla Azərbaycan xalqı ilə ərəblər arasında yüz il davam edəcək müharibələr dövrü başlandı. Uzun sürən qırğınlardan sonra, nəhayət 705-ci ildə ərəblər böyük Azərbaycan ölkəsinin şimalında yerləşən Alpan (Alban) dövlətinin müstəqilliyinə son qoydular. Azərbaycan ərazilərində dəhşətli fəlakətlərlə müşayiət olunan ərəb-xəzər müharibələri ölkəni xarabazara çevirdi. Əhali səfalət içində qalaraq min əzab-əziyyətə düçar oldu. Azərbaycanın bölgələrini ağlın, düşüncənin, dərrakənin deyil, yalnız qılıncın gücünə özünə tabe etdirən, yüz minlərlə yerli sakini incidən, təhqir edən, əsir aparıb qul bazarında hərraca qoyan, qətlə yetirən cahil ərəblər yerli xalqın milli-mənəvi dəyərlərinə və yaşam tərzinə kobud müdaxilələr edir, öz dinlərini, dillərini, milli adətlərini və ideologiyalarını yeritmək üçün hər zorakılığa əl atırdılar. Xüsusən, Azərbaycan türklərinə məxsus qədim məbədlər, müqəddəs Atəşgahlar amansızlıqla dağıdılır və ya xristianlara (əsasən də ermənilərə) peşkəş olunurdu. Ərəb işğalçıları məbədlərin üzərindəki qədim rəmzləri və nişanələri (müxtəlif tipli xaç, günəş, od işarələri, şumer-alban-türk yazısı ilə həkk olunmuş müqəddəs mətnləri və s.), həmçinin qiymətli sənət nümunələrini anlamadıqları üçün məhv edirdilər. Bütün qədim dini-fəlsəfi, elmi kitablar yandırılır, incəsənət əsərləri xilafətin paytaxtına daşınır, alimlər və ruhanilər öldürülür, yaxud sürgün edilirdi. Azərbaycana məxsus qədim milli sərvətlər qarət olunur, varlıların malı-mülkü amansızca yağmalanır, İslamı qəbul etməyən əhali qəddarlıqla üzləşir, incidilir, təhqir olunurdu...

Halbuki Azərbaycan əhalisinin sülhsevər və insanpərvər olduğunu hətta ərəb tarixçiləri də etiraf edirdilər: “Xürrəmilərin dini etiqadında qətl, əzab və savaş yox idi, onlar bütün bunların nə olduğunu bilmirdilər” - bunu İbn ən-Nədim yazırdı.

Dini dözümlülük amalı xalqın inanc yeri olan müqəddəs “Avesta”dan irəli gəlirdi. “Ey Mazda, dünyanın başlanğıcında bizim üçün din yaratdın. Ruha bədən qəlibini verdin, ona özünə xas olan ağıl xüsusiyyətini bağışladın, davranış öyrətdin ki, hər kəs sərbəstliklə öz dinini seçib qəbul etsin” (“Avesta”-Yasna 31-ci qata) .
...Qələbə və qazanclarının ağlagəlməz həcmdə artımı ərəblərdə o dərəcədə məmnunluq yaratdı ki, ilk yürüşlər dönəmindən fərqli olaraq sonralar getdikləri yerlərdə əhali ilə davranış həddini, məqbul ünsiyyət çərçivəsini belə gözləməyi unutdular. Daha artıq gəlir əldə etmək naminə yerli əhalini qorxu altında saxlayıb öz istəklərinə tabe etdirmək üçün yeni dindən sui-istifadə edir, İslamı zorla yaymağa çalışır, hətta imanın ziddinə qadınlara, uşaqlara və qocalara qarşı da kobud davranırdılar...

Belə qabalıqlar müqabilində əlacsız qalan sadə camaat hirsini boğaraq üzdə özünü bütün şərtləri qəbul edirmiş kimi göstərir, bəziləri hətta ərəb adları götürməyə məcbur olurdular. (Akademik Ziya Bünyadov, “Azərbaycan VII-IX əsrlərdə”).

Halbuki hələ istilaçı yürüşlərin ilk vaxtlarında xəlifə Əbu Bəkr (632-634) qoşunlarına ədəbli davranmağı tövsiyyə etmişdi: "...Düşmənləri şikəst etməyin, nə kiçik uşaqları, nə çox qoca adamları, nə də qadınları öldürməyin. Ağacları qırıb yandırmayın. Meyvə ağaclarını tələf etməyin. Yemək üçün lazım olandan artıq qoyun, inək və davar kəsməyin. Siz, hücrələrdə dini ayinlə məşğul olan adamların yanından keçəcəksiniz, onları rahat buraxın və məşğələlərinə mane olmayın...”

Razılaşaq ki, belə bir əmr imzalamaq Xəlifənin xoş niyyətini ortaya qoymaqla yanaşı, başqa bir məqama da işıq saçır: tövsiyyələr qoşunun tərkibindəki döyüşçülərin nəinki mədəniyyət, elementar əxlaq, ünsiyyət qaydaları haqqında təsəvvürləri olmayan cahil səhra adamlarından toplandığını göstərir. Çünki bu sayaq təhqiramiz məsləhətləri normal topluma ünvanlamaq ağlagəlməzdir...

Sevimli Xəlifədən bu incə məsləhətləri alan Ərəb qoşunu böyük həvəslə, vəcdlə, isterik coşqu ilə əlahəzrətin barmağının tuşlandığı tərəfə yürüşə yollanırdı. Həmin əmrdə mövcud toplumun ruhi-psixoloji durumuna müvafiq stimullaşdırıcı bəndlər də vardı: “...Sizi qəbul edən hər bir şəhər və xalq ilə danışıq aparıb müqavilə bağlayın, onlara verdiyiniz vədlərə sadiq olun, qoy onlar biz gələnədək əməl etdikləri qayda və qanunlarla yaşasınlar. Onlarla aranızda bir hədd olmaq üçün üzərlərinə bac-xərac qoyun ki, onlar öz dinlərində və öz torpaqlarında qalıb sizin üçün işləsinlər. Ancaq sizi qəbul etməyənlərlə müharibə edin."

Təbii, normal ölkələr cahilləri qəbul edə bilməzdi, etmirdi və qılınclar işə düşürdü. Möminlərin incə tələbləri kobud əsgərlərin yadından çıxır, döyüşçülər guya çox kitab qədri bilənlərmiş kimi, işğal etdikləri ərazilərdə öz hikkələrini “qeyri-Kitab əhlinə” zorla qəbul etdirməyə çalışır, məntiqsiz davranışları ilə əsl niyyətlərini ortaya qoymuş olurdular.

Azərbaycanda zorakılıq həddini aşırdı. “Kitab əhli” saydıqları xristian və yəhudilərə qarşı bunu etməyən ərəblər, ən qədim səmavi dinlərdən birinin və Zərdüşt peyğəmbərə Tanrı tərəfindən nazil olunmuş müqəddəs “Avesta” Kitabının mənəvi sahibi olan Azərbaycan türklərinə qarşı nə dinə, imana, nə də insanlığa yaraşan üsullara əl atırdılar. Onlar unudurdular ki, Zərdüştün Tanrı elçisi və zərdüştilərin tək Tanrılı olmasını ilk dəfə elə Mühəmməd peyğəmbərin mənəvi varisi, İslamın ilk imamlarından olan Əbu Talib, sonra Hüzeyfə, Səid ibn-Müsəyib və başqaları etiraf etmişdilər. Hətta həzrət Əlidən “Məcusilər” (Zərdüştilər) haqqında soruşulduqda o demişdi: “Məcusilərə toxunmayın, onlara Kitab və Peyğəmbər göndərilib”...

Ərəblərin Azərbaycana ilk yürüşü din pərdəsi altında başlasa da, əslində mahiyyətcə işğal siyasətinin tərkib hissəsi kimi davam edirdi.

İndi o illər çox arxada qalmış, müqəddəslərin tövsiyyələri unudulmuşdu. Ancaq arxada qalan və unudulan təkcə müqəddəslərin tövsiyyələri deyildi. Qaratikan gövşəyən dəvə karvanlarının qabağında min bir zillətlə keçdikləri ucsuz-bucaqsız bezdirici qızmar səhralardan, insana yalnız sayrışan ilğımlarla təsəlli verən susuz çöllərdən çox-çox uzaqlarda tapdıqları “Cənnət-məkanlarda” birdən-birə var-dövlət sahibi olan bədəvilər artıq aclığın-susuzluğun əziyyətlərini unudub başqa, daha maddi olan dəyərlərə tapınırdılar. Bar verən bərəkətli torpaqları, yamyaşıl bağ-bağatı, bitib-tükənməyən var-dövlət zənginliyini gördükcə sadə ərəb haldan-hala düşür, nitqi tutulur, qəlbi həyəcandan çırpınır və yaddaşındakı min illərin qırışığı yavaş-yavaş açılırdı... Bu var-dövlətə inam hətta tapındığı dinə inamdan az qala önə keçirdi...
***
Öz yuvasından çıxdığı elə birinci yüzillikdə artıq Ərəb Xilafəti ətrafdakı xalqların həyatına dəhşətli faciələr gətirməyə başlamışdı. Xüsusən, Azərbaycanda həyata keçirilən alçaldıcı hərəkətlər təkcə torpaq işğalı, qədim ənənələrin məhvi deyildi, birbaşa milli heysiyyata təcavüz idi. Qədim və zəngin mədəniyyətə, fəlsəfi dünyagörüşünə, mükəmməl dilə və dinə malik Azərbaycan türkü get-gedə artan irticanın təhqiramiz münasibətinə dözməyərək qeyri-bərabər imkanlar daxilində olsa da, çox ağır, üzücü, bəlkə də aqibəti öncədən bəlli olan, amma ən şərəfli və doğru yola üz tuturdu: namus davasına qalxırdı. Odlar Yurdunda maddi işğala və mənəvi əsarətə qarşı xalqın qətiyyətli barışmazlıq ruhu Yanar Dağların alovu kimi get-gedə daha güclü püskürürdü. Nüvəsində Vətənə məhəbbət gücü yatan xürrəmi hərəkatı gur ocaq kimi getdikcə kükrəyir, sönmək bilməyən atəşlə zora qarşı, “İslam” adı altında ərazilərin işğalına, milli kimliyin cahilcəsinə tapdanmasına qarşı mücadiləyə qalxırdı.

Qədim Odlar yurdunda bundan sonra hələ min illər boyu davam edəcək azadlıq, özgürlük mübarizələri o dövrlərdən daha da vüsət aldı.

...İndi bütün qoca Şərq cəng alovları içində od tutub yanırdı.
***
Dünyanın bir üzünə hökmranlıq edən həşəmətli Xəlifə həzrətlərinin qızılı haşiyəli, zər-bafta saçaqlı böyük qara çadırı şəhərin xurmalıq ərazisində, nisbətən sərin məhəllədə qurulmuşdu. Çadırın arxasında görünən seyrək sərv və xurma ağaclarından sonra göz işlədikcə uzanıb gedən sarımtıl-qızılı donuq səhra mənzərələri sanki sonsuzluğa qədər davam edir, bitib-tükənmək bilmirdi. Lap uzaqlarda, üfüqün dibində isə alaçıqların, nizamla keçib gedən dəvə karvanının siluetləri görünürdü. Şərqli üçün adi, Qərbli üçün ekzotik mənzərələr açılırdı.

Şəhərin küçələri kimi Xəlifənin çadırının qarşısı da bayramsayağı bəzədilmişdi. Xüsusi şadyanalıq əhvalı xurma və müşk ətri gələn havadan ağır bir pərdə kimi asılmışdı. Çadırın qarşısındakı meydana toplaşan adamlar təntənəli mərasimin başlanmasını gözləyə-gözləyə xoşbəxtcəsinə deyir-gülür, həvəslə ucadan bir-birini təbrik edir, ikiəlli salamlaşıb süni bir məmnunluqla bağır basır, gülümsəyirdilər. Möhtərəm ruhanilər, mömin ağsaqqallar şükr edə-edə ikibir-üçbir aramla gəzinir, təsbeh çevirə-çevirə müdrikcəsinə dünyanın gərdişindən söhbət edirdilər. Çadırın ətrafları və meydanın ortası xüsusi səliqə-sahmanla süpürülüb təmizlənmiş, toz yatsın və sərinlik olsun deyə hər yana su çilənmişdi. Ali qonaqlar üçün çoxguşəli alçaq kürsülər düzülmüş, ahıl tamaşaçılar üçün yerdən cərgə ilə dövrələmə döşəkçə və mütəkkələr atılmışdı.

Çadırın bir tərəfində əyanlar, şəhər ziyalıları, zəngin adamlar, o biri tərəfində süvarilər və piyada əsgərlər toplaşmışdı. Uzun əbalı, çalmalı saray xidmətçiləri, qurşağacan çılpaq, qulağı sırğalı qara qullar ortalıqda vurnuxur, iş-güc görürdülər. Meydanın dörd küncündə Xilafətin zəfər bayraqları asılmışdı. Ancaq bayraqdarlar bayraq parçalarını nə qədər yuxarı qaldırıb şax görüntüdə saxlamağa çalışsalar da, həlməşikli isti havanın durğunluğunda onlar əprimiş yarpaqlar kimi yenə başıaşağı sallağı qalırdı.
On qara qul on öküz dərisindən iplə-qıyıqla bir-birinə tikilib bərkidilmiş, üstü laxta-laxta qaysaq bağlamış ağır gön palazı güc-bəla gətirib çadırın qarşısındakı meydanın ortasına qoydular. Açıb ortalama yerə sərdilər. Kənarlarını düzənləyib səliqəylə yatırandan sonra üstü çapılmaqdan oyuqlanmış iri bir kötük parçasını arabadan endirib diyirlədə-diyirlədə dəri palaz-meydançanın ortasına gətirdilər. Sonra gedib iri mis camlar, taxta tavalar, ləyənlər gətirdilər, su qablarını daşıyıb kötüyün ətrafında yerə düzdülər.

Çadırın qapısı ağzında dayanıb bütün hazırlıqları diqqətlə izləyən Baş vəzir işlərin bitdiyini görüncə yardımçılara işarə etdi, onlar qaçaraq yaxınlaşıb dəbdəbəli çadırın dəvə yunundan hörülmüş zər haşiyəli qalın qapısını yana çəkdilər. Əyin-başı səliqəli dörd qara qul Baş vəzirin arxasınca içəri keçib hər tərəfi oyma naxışlı iri taxtı çadırdan çıxartdılar. Taxtı çiyinlərində aparıb dəri meydançanın kənarında, üstü çapıq kötüklə üzbəüz qoydular.

Və şeypurlar çalındı.

Və carçılar car çəkdi.

Və toplaşanlar gəzintini saxlayıb dəri meydançanın ətrafına yığışdılar.

Və ortalığa hüznlü dərin sükut çökdü...


Hannan-hana çadırın açıq qapısından əvvəlcə Baş vəzir, sonra mühafizə rəisi ibn Abid əl-Man, sonra bir neçə əli silahlı mühafizəçi, keşikçi, xidmətçilər və qulluqçular dəstəsi, məmurlar, xırda icraçılar çıxdılar. Ən sonda həşəmətli Ərəb Xilafətinin rəhbəri şəxsən Xəlifə Mötəsimbillah özü qapıda göründü.

Xəlifə görünər-görünməz meydanı alqış və heyranlıq sədaları bürüdü.

Çadırdan çıxa-çıxa gözünə düşən gün işığında sir-sifətini büzüşdürüb nifrətlə ətrafı süzən Xəlifə sanki bu işıq selinin qarşısını almadıqları üçün xidmətçiləri məzəmmət edirmiş kimi dodaqaltı deyindi:

- ... Günəşimiz də amansızdır bizim... Yandırar və yaxar və əlacı da tapılmaz... Ərəb günəşinə heç vaxt baxmayın, kor olmaq istəmirsinizsə...

Xəlifənin öz-özünə danışa-danışa dəri meydançanın ətrafına dolandığını görən möminlər, əyanlar və əsgərlər bir qədər geri çəkildilər, farağat halda hər əmrə can-başla müntəzir olduqlarını göstərmək üçün əllərini qurşaqlarında cütləyib, sədaqətli təbəssümlə Xəlifəyə tərəf itaətkaranə vəziyyətdə dondular.

- Hava istidir... – dedi Xəlifə Mötəsim dəri meydançanın ətrafına hərlənə-hərlənə – Bizimsə işimiz çox olacaq bu gün...

Dərinin üstündəki başı oyuq kötüyə çatıb bir müddət ona diqqətlə baxdı. Sonra yenə geriyə qayıdıb taxtında əyləşdi, yerini rahatladı, əlini çənəsinə dayadı, gözünü meydanın ortasına dikdi və beləcə dinməz-söyləməz uzun müddət fikrə daldı.

Meydan da sükutun içində donub gözlədi. Yalnız arabir keşikçi atlarının fınxırtısı və iş görən xidmətçilərin pıçıltısı eşidilirdi. Hamı gözünü Xəlifəyə dikib cınqırını çəkməyə cürət etmədən və özünü Xəlifə kimi fikirli göstərərək ondan əmr gözləyirdi.

Nəhayət Xəlifə daldığı dərin xəyaldan ayılıb dikəldi, başını qaldırdı. Özünə əhəmiyyətli görkəm verməyə çalışaraq qaşlarını düyünlədi:

- Noldu?!

Taxtın aşağı tərəfində cüt əlləri ilə bərk-bərk qurşağından yapışıb əmrə müntəzir halda Xəlifəyə baxan Baş vəzir dərhal irəli yeridi, bağır basıb hökmdarın sualına dolğun cavab verdi:

-Yoldadırlar, ya Xəlifə, gətirirlər!

Əyan topasının arxa sıralarından yaltaq bir səs mümkün qədər mülayim ahənglə sanki inildədi:


  • Bəli ya...

Adəti üzrə bəzədilər hind filini!

Çün gətirirdi o Xorasan iblisini!

Hi-hi-hi...
Toplaşanlardan bir neçə adam bu bədahətə qaqqanaq çəksə də, sonra xəlifənin vec vermədiyini görüncə dərhal səsini kəsdi.

Şeiri oxuyan sarayın baş məddahı şair Mühəmməd əz-Zəyyat idi. Məddah beyti çox böyük vəcdlə, coşqu ilə və Xəlifə eşitsin deyə ucadan pıçıldamışdı.

Və Xəlifə eşimişdi. O, başını astaca döndərib səs gələn tərəfə baxanda məddah öz istedadından həzz alaraq bir qədər də ucadan:

-Bəli... Gətirirlər o şeytanı... – dedi. Və irişdi.

Amma Xəlifə bu səfeh şeir parçasının müəllifini sanki nə gördü, nə eşitdi. O sadəcə şairin də içində olduğu əhali topasına ümumi nəzər yetirib yenə baxışlarını qan laxtalarının qaysaq bağladığı kirli dəri meydançaya və meydançanın üstündəki çapılmaqdan oyuq-oyuq olan kötüyə dikdi.

***
Karvan ağır-ağır meydana doğru irəliləyirdi.

Dinməzcə taxtında əyləşib laqeyd-laqeyd gözünü qanlı kötüyə dikmiş Xəlifə karvanın gəldiyini eşidincə həyəcanlandı, taxtında dikəldi, nədənsə köynəyinin qollarını yuxarı çırmadı.

-Afşini çağırın, - dedi.

Çaparın mindiyi nazik ayaqlı, qara yallı, par-par parıldayan gözəl ərəb atı dərhal yerindən sıçrayıb karvana sarı uçdu. Hamı uzaqdan baxıb gördü ki, çapar karvanın önündə gələn adamlara çatıb nəsə dedi, bir nəfər atını mahmızlayıb karvandan ayrıldı və çaparın arxasınca meydana tərəf gəldi. Atlı dəri meydançanın kənarına çatıb cəld atdan yerə tullandı, yüyəni yavərə verib əzəmətli addımlarla qan qaysaqlı dərinin üstündən keçib taxta yaxınlaşdı. Ədəb-ərkanla Xəlifənin önündə təzim edib bağır basdı, baş əydi.

- Sən yaxında ol, Afşin! - Xəlifə dərindən nəfəs alıb əli ilə yanındakı yeri göstərdi.


Afşinin karvandan ayrılıb irəli getdiyini görüncə dərhal sürətini artıran, hövlnak tövşüyə-tövşüyə özünü arxadan yetirən gödək boylu, gödək qollu, gödək ayaqlı, alçaq şişman adam da özünü meydana yetirib qanlı dərinin üstünə ayaq basmağa cürət etmədən dərinin kənarı ilə hərlənib Xəlifənin qarşısına gəldi, hökmdara baxıb irişdi, sanki “mən də burdayam” demək istəyirdi. Ancaq ona məhəl qoymayan Xəlifənin zəhmindən ortalıqda çox duruş gətirə bilməyib qeyri-ixtiyari baş əydi, bir müddət beləcə əyilmiş vəziyyətdə qalıb altdan-altdan Xəlifəyə tərəf baxdı. Xəlifə isə onu ya görmür, ya da görüb əhəmiyyət vermirdi. Yalnız Afşinin Xəlifəyə tərəf əyilib: “Bu da bizim Sumbatdır, ya Xəlifə, sədaqətli nökəriniz Səhl ibn Sumbat...” – deməsindən və gözü ilə ehmalca “Bəsdir, çəkil” – işarəsindən sonra şişman alçaq adam dikəlib yana çəkildi. Afşinin arxasına keçdi, özünə uyğun yer seçdiyinə əmin olmaq üçün yan-yörəsinə boylandı. Amma heç kim ona əhəmiyyət vermirdi. Hamının diqqəti addım-addım yaxınlaşan karvanda idi.

Öndə gələn boz filin hər addımı ilə sanki meydana dəhşətli xof gəlirdi, qorxu, təhlükə, həyəcan artırdı.

Özündən asılı olmadan oturduğu taxtın qoltuqlarından bərk-bərk yapışıb gərgin nəzərlərlə yaxınlaşmaqda olan filə baxan Xəlifə həqiqətən qorxu hissi yaşadığını büruzə verməmək üçün tez-tez içini arıtlayır, dərindən nəfəs alırdı. Arada əlini uzadıb Afşinin çiynini tapır, ona toxunur, sanki burada olub-olmadığını yoxlayırdı.

Budur, mərhum qardaşından yadigar qalan və Məmunun hər gün, hər an səbrsizliklə gözlədiyi o tarixi səfəri yalnız indi, aradan uzun illər keçəndən, çox qanlar axandan sonra gerçəkləşdirən nəhəng Hindistan fili meydana çatdı. O addım-addım gəldikcə Xəlifə də geri-geri çəkilib taxtın dibinə sığınırdı. Filin üstündəki zəncirlənmiş adam indi nədənsə onun gözünə daha qorxulu, daha heybətli və daha təhlükəli görünürdü. Öncələr hər adını eşitdikdə canına üşütmə salan azman adam indi lap yaxında idi.


...Boz fil tünd rəngli dəri meydançanın kənarında Xəlifənin taxtı ilə üzbə-üz dayandı. İşini bitirmiş kimi başını aşağı salıb xortumunu yellədi və bərkdən fınxırdı.

Xəlifə bütün gücü ilə özünü taxtın arxa söykənəcəyinə sıxmışdı. Ürəyi nə qədər həyəcanla çırpınsa da, üzdə bunu büruzə verməməyə çalışaraq səbrlə, aram-aram nəfəs alırdı.

Beş-altı qul dərhal yaxınlaşıb filin qarnının altından zəncirin qarmağını açdı, pilləkan qoyub filin belinə qalxdı. Əlləri-qolları, ayaqları zəncirli azman kişini ehtiyatla filin üstündən endirib dəri meydançanın üstünə gətirdilər. Bir neçə əsgər onun əl-ayağındakı uzun zəncirlərdən tutub kənarda dayandı. Uzaq yad ölkədən gətirilmiş hündür boylu, iri cüssəli, ağır zəhmli azman kişi bu qan qaysaqlı dəri meydançanın üstündə sanki bir çinar boyunca ucaldı.

Ərəblərin həm sonsuz maraq, həm də həyəcan ifadə edən gözləri nəhəng adama dikili qalmışdı. Bəli, bu – artıq onun özü idi! İyirmi iki il Ərəbistan taxt-tacını lərzəyə salan Babək Xürrəmi adlı vahimənin özü!


Bütün rəiyyəti kimi Xəlifə də Afşinin çiynindən yapışıb bu zəncirlənmiş vahiməyə kilidlənmişdi. Babəkin boy-buxununa, qollarına, ayaqlarına, uca gövdəsinə, qəzəb yağan gözlərinə, enli alnına, uzun qara saçlarına baxır, baxır və bundan sonra nə etmək lazım olduğunu qərarlaşdıra bilmirdi.

Hakimiyyətdə olduğu ötən iyirmi iki il boyunca doğma yurdu Azərbaycana qılıncla gələn minlərlə, on minlərlə, yüz minlərlə yağı düşməni elə qılıncla da qarşılayıb qaytaran, bütün məşhur ərəb sərkərdələrini bir-birinin ardınca məğlub edib qədim-qaim ölkələrin, qocaman səltənətlərin belə duruş gətirə bilmədiyi nəhəng imperiyanı az qala süquta uğradacaq bu qürurlu, qədd-qamətli vahimə indi qolları bağlı Xəlifənin önündə dinməz dayanmışdı. Amma yenə onun alov istisi kimi adamı uzaqdan qarsan müəmmalı xofundan qurtulmaq mümkün deyildi.

Və Xəlifə Mötəsim zəncirlənmiş düşməninə baxa-baxa yer üzündə xoşbəxtliyin bu dərəcəsinin mümkünlüyünə inana bilmirdi...
Çadırın qarşısındakı meydana toplaşan yüzlərlə adamın gözü Babəkdə olsa da, Babək heç birinə baxmır, heç kimi görmür, heç nəyə məhəl qoymurdu. O, baxışlarının istiqamətində qurulmuş zər-zibalı şəvə çadırı, çadırın önündəki qızıl işləməli taxtı, taxtın üstündə titrəyən çəlimsiz hökmdarı, ətrafa toplaşan əhli-əyalı, rəisləri, məmurları, din xadimlərini, silahlı əsgərləri, yüksək səviyyəli əcnəbi qonaqları belə görmədən, duymadan, məhəl qoymadan qürurlu baxışlarını qumsal çöllərə, tikanlı səhralardan o yandakı, lap uzaqlardakı uzaqlara dikib durmuşdu. Ətrafında baş verənlərin sanki ona aidliyi yox idi.

Yüz il qədər uzun görünən bu gərgin həyəcan anlarında Babəkin sifətindəki doğal əzəməti, vüqarı, mətanəti izləyən Xəlifə həm heyrət, həm də nifrət qarışıq duyğular içində düşünürdü: “İlahi, bu necə adamdır!!!”


Bir qədər tərəddüddən sonra Xəlifə özünü toxtadıb aramla taxtdan düşdü, eyni aram addımlarla dəri meydançanın kənarı boyunca hərlənib Babəkə tərəf getdi.

Meydana daş kimi ağır, yay kimi gərgin, səhra hənirtili bir sükut çökdü. Dövrün iki böyük ixtiyar sahibinin görüşdüyünü və bu görüşün yaddaşlara əbədi yazılacağını mərasimə toplaşanlar da sanki dərk etmədə idilər. Yalnızca susub hadisələrin axarına mane olacaq heç nə etmirdilər.

Daha qılınclar çarpışıb yorulmuş, danışıqlar tükənmişdi. İndi söz sahibləri üz-üzə gəlmişdi.

Xəlifə xəlvətcə ovuna yaxınlaşan hiyləgər bəbir kimi pəncələri üstündə Babəkə tərəf gedirdi. Aralarında cəmi bir-neçə addımlıq məsafə qalanda dayandı, əslində duruxdu. Artıq ovunun üstünə şığıyıb onu parçalamaq məqamının yetişdiyini dərk edən hirsli bəbirin içində anlaşılmaz duyğular oyandı, ürəyi guppuldadı. Sinəsindən qeyri-ixtiyari bir inilti çıxdı... Xəlifə dodaqlarına qonan “Bismillah!” kəlməsindən sonra ağlına gələn ilk nidanı ucadan pıçıldadı: “Allah sənə rəhmət eləsin, əziz qardaşım Məmun! Allah sənə rəhmət eləsin! Doğrudan da, bu nəymiş belə?! Bu necə adammış, İlahi...”

Qarşısındakı qolu bağlı əsirin tilsiminə düşüb ovsunlanan Xəlifə Mötəsimbillah ağac kimi göylərə boy verən bu cüssəli, qollu-budaqlı, nəhəng-azman yad kişinin ətrafına fırlandı. Fırlana-fırlana da özü ovsunçu sayağı altdan-yuxarı bu boy-buxuna, iri əllərə, uzun-uzun barmaqlara, əzələli qollara, səhrada quma basdırılan məsum qız uşaqlarının qəbri boyda iri ayaqlara baxdı, baxdı, baxdı... və yenə ağzından qeyri-ixtiyari, səbəbi kimsəyə bəlli olmayan kəlmələr çıxmağa başladı:

-Ey azman adam... Ey türk oğlu... Ey ocaqdan doğulan od oğuz... Mənim qoşunuma sərkərdə olardın? Hə?

Meydandan gizlin, səssiz bir heyrət uğultusu keçdi. Toplaşanlar Xəlifənin bu qəfil anlaşılmaz sözlərindən diksinib həm qorxudan içlərini çəkdilər, həm təəccüblə bir-birlərinə baxdılar.

Xəlifənin dodaqları isə təkrar pıçıldayırdı:

-Olardın?.. Sərkərdə... olardın... mənim qoşunuma?...Olardınsa - ol... Hə?
Bayaqdan bəri çənəsinin altını kəsdirib öz-özünə nələrsə pıçıldayan bu məzəli adamı Babək sanki indi gördü. Uzun saçlı başını ağır-ağır göylərdən endirib aşağıya baxdı. “Budur bunların padşahı?!” – düşündü. Ondan çox çirkin bir təklif eşidibmiş kimi qəliz dədə-baba söyüşü ilə cavab vermək istədi. Amma fikirləşdi ki, onsuz da şu hərif başa düşməyəcək. Heç nə demədi. Üstdən-aşağı çəpəki Xəlifəni süzüb “qarı düşmən dost olamaz, cahil, sən kim, mən kim...” – ədası ilə üzünü yana tutdu. Ayağının altındakı inək dərisinə baxdı: “Bunlar nə biçim adamlardı? Bizim əcdadlar müqəddəs inək dərisinə qızıl hərflərlə müqəddəs Kitabı yazdı, bunlarsa müqəddəs inək dərisinin üstünü qanla yazırlar... Tanrı bu insafsızlığı götürməz. Gələr həlbət, gələr öylə bir gün ki cavab verər bu şər əməllərinə cahillər...”

O, susqun nəzərlərini yenə ucalara qaldırıb, vüqarla ucalardan uzaqlara dikdi.


Hələ ötən ilin payızında Afşinin israrı ilə qızılı möhürünü basıb Azərbaycana, Bəzz qalasına göndərdiyi əfv təklifinə bu qəribə adamdan rədd cavabı alan, indi isə ikinci dəfə ona etdiyi qeyri-adi mərhəmət təklifi qızmar səhradakı ilğım təki havadan asılı qalan Xəlifə Mötəsimbillah Babəkin bu saymazyana hərəkətindən pərt oldu. Pörtmüş halda mırıltılı səslər çıxara-çıxara tələsik öz yerinə qayıtdı: “Bu necə adamdır, Allah-Allah... Yaxşı, qoy olsun! Axır ki qış keçdi, bahar oldu... Cəmi xəlayiq meydana doldu... Əsil divan-mərəkə qopdu... Olan oldu!”

Taxta qalxan kimi toplumun arasından gözləri ilə kimisə axtardı.

-Kimi, ya Xəlifə? – Baş vəzir dərhal irəli yeridi.

-Şairi! – Xəlifə cərgələrə baxa-baxa cavab verdi. – Hanı şairimiz?

Hərəkətə gələn vəzir-vəkil əyanların arxasından sarayın məddahı şair Hüseyin ibn əz-Zəhhak əl Bəxili irəli dartıb Xəlifənin qarşısına itələdilər.

Xəlifə qolunun altındakı yaşıl ipək yaylıqla üz-gözünü, boyun-boğazını silə-silə:

-Buralarda ol, şair, - dedi. – Mərəkəni əsil sənin görməyin vacibdir. Sonra qələmə alarsan və nəyi necə lazımdırsa yazarsan, anladınmı, qoy ömür boyu özününkülər də unutmasın zındığın aqibətini.

Sevincindən saray şairinin az qaldı ürəyi getsin. Bağır basıb baş əydi, ləbbeyk dedi, bəçeşm elədi və anındaca qoltuğundakı torbadan dəftər-qələmi çıxarıb, qulluq göstərməyə hazır vəziyyətdə mehriban-mehriban Xəlifəyə baxdı: “Anladım, ya Xəlifə!”

Xəlifə daha Babəkə məhəl qoymadan yalnız hərdən bir əlini ona tərəf uzadaraq aramla, amma ibarəli ifadələrlə moizə başladı:

- Göz dağı olmusan Xilafətə! Sən nə qədər höcətsənmiş... Əlbəttə, öləcəksən və cəhənnəmə gedəcəksən. Amma inkir-minkirdən öncə bizim Divanda sorğu-sual ediləcəksən. Sənə qurulan Divan haqdandır. Qaydasınca sorğu-sual olunacaqsan, dediklərin bir-bir yazılacaq... Əgər sorğuları uca Allahın iradəsinə uyğun doğru-dürüst, yerli-yataqlı cavablandırsan və qələtlərini etiraf edib tövbə üçün qarşımızda diz çöksən, yalvarsan, peşimanam desən - güzəşt görə bilərsən. Çox da ağır olmaz işgəncən, boynun anidən vurular və ruhun belə incimədən səmaya qalxıb uğrunda fəda olduğun məmləkətinə uçar...

-Hi-hi-hi... – Toplaşanlardan kimsə istehza ilə gülməyə başladı, ancaq Xəlifənin ciddi durduğunu və hələ sözünü bitirmədiyini görüb səsini xırp kəsdi.

Xəlifə dərin bir nəfəs alıb davam etdi:

- ...Yox, əgər sorğu-sual zamanı bizi incitsən, kafirliyinə salıb kafi cavablar verməsən və tövbə etmək əvəzinə yeni günahlara batsan, bil ki, güzəşt qazanammadın, ağır məşəqqətləri haqq etdin... Onda Allah-Təalanın əmri ilə səni elə bir işgəncəyə məruz qoyacam ki, vallahi çığır-bağırın min il sonra da Azərbəycanda eşidiləcək... Ağlaya-ağlaya, zarıya-zarıya göydə Allaha, yerdə mənə yalvara-yalvara cəhənnəmə vasil olacaqsan... Fəqət onda gec olacaq... Çox gec. Düşün və seç!

Babək tərs-tərs Xəlifəyə baxdı.

Xəlifə isə müdrikanə loğman ədası ilə kənarda cərgəyə düzülmüş qoltuğu dəftər-kitablı hakimlərə tərəf döndü:

- Buyursun Divanbəyi. Əvvəlcə ittiham naməsi oxunsun. Qayda necədirsə... Sonra Divanın sorğu-sualı başlasın... Və sonra... İtmamə yetirərik, inşallah!

Divanbəyi “baş üstə” deyib hakimləri dəri meydançanın kənarına dəvət elədi.
Xəlifə nə qədər əzazil, qorxunc ifadələrlə danışırdısa, Babək bir o qədər sakit və sanki mürgülü idi. Meydanda baş verənlərə tam biganə halda gözlərini yumub susurdu. Elə bil bu dəhşətli söhbətlər onun haqqında deyildi və ümumiyyətlə, o indi heç burada, bu ölüm məkanında yox idi, çox-çox uzaqları dolaşan ruhu ilə təsəlli tapır, öz içində, könül qəfəsində özü-özü ilə mükalimə edirdi: “Gözəl yurdum... Məmləkətim... hey...”
Cərgədəki hakimlərdən biri irəli çıxdı. Xəlifəyə təzim edib əlindəki lovalaqlı mətni açdı, ittiham təliqi ilə yazılanları ucadan oxumağa başladı:

-...Bismillah-ir-rəhman-ir-rəhim! Mərhəmətli və rəhmdil olan Allahın adi ilə! Şanlı Ərəb Xilafəti həşəmətli Xəlifə Mötəsimbillah həzrətlərinin misilsiz şücaəti və xoşnud amalı sayəsində müqəddəs İslamın müjdəsini bütün ərzə izhar etməyi özünə ilahi borc bilir. Hələ uzun illər bundan əqdəm, hicrin 15-ci ilində kafir Sasanilərin müqavimətini qıran şanlı ordumuz o bütpərəst xanimanı yer üzündən siləndən sonra həm də üzü Xəzər dəryasına, Qaf dağlarına doğru hərəkətə keçdi, ta ki qədimdən Oğuz Türklərinin yaşadığı Azərbəylər məmləkətini də haqq yoluna qaytara. Lakin təəssüflər, şanlı Xilafətin o şücaət məqamlarında kafir sasanilər, kafir bizanslar kimi odsevər Azərlər qövmü də haqqa qarşı gəldi və əslində Allah-Təalanın hökmünə zidd çıxmağa cürət etmiş sayıldılar. Torpaqları od tutub yanan imansız odpərəstlər - azərbanlar diyarında Bə”bak ibn Abdulla deyilən iddialı şeytan iki on il sərasər namuslu insanların qanını tökdü, Allahın hökmünə boyun əymək istəməyərək İslama qarşı gəldi, pak dindarlarımızı murdar kafirlər ilə cəngə sövq etmiş oldu...


Hakim ittihamnamənin bu yerinə çatanda Xəlifə onun sözünü kəsərək əlavə etdi:

-Haman bu qarşınızda əl-qolu bağlı müti halda duran nakəs....

Babək sərt hərəkətlə ona tərəf döndü. Qaya kimi dinməz əsirin bayaqdan bəri ilk dəfə nəyəsə münasibət bildirməsi toplaşanların, o cümlədən bəlağətlə ittihamnamə oxuyan hakimin nəzərindən yayınmadı. Babək qəzəblə nəsə deyir, daha doğrusu deyinirdi, lakin hakimin bəlağətli nitqindən fərqli olaraq onun dediyini heç kəs eşitmirdi. Hətta yer-yerdən möminlər: “Ucadan de, ucadan de” – qışqırışsalar da, Babək demək istədiklərini ucadan yox, sadəcə dodağının altında öz-özünə söyləndi.

Hakimin bəlağətinə rəğmən onun fikir-düşüncələri yalnız beynində doğulub könlündən keçirdi:

“...Bə-əbak yox, ey cahil, - düşünürdü Babək. - Doğru danış, düz yaz ismimi... Babəkəm mən, Babək... Və iki on il yox, daha iki il də artıq sizin qarşınızdaydım. Dinin yox, imansızlığın, namussuzluğun qarşısında. Biz öz yurdumuzda azad-asudə, şad-xürrəm yaşadığımız halda siz oralarda nə gəzirdiniz ki?! Ulu Yaradandan məsləhətli dinimiz, imanımız, inancımız var olduğu halda, bütün qövmlər kimi biz də uca səmalarda qərar tutan tək Tanrıya tapındığımız halda başqa səmavi dinlərlə nə qovğamız ola bilər ki?! Və heç olmadı da. Biz haqsız zora, cahil təcavüzə qarşıyıq. Əsil dinlə nə mücadilə? Hamı göydəki o bir Tanrının yaratdıqlarıdır. Uca Yaradan hamımızındır. O nə sənindir, nə mənim. Biz hamımız Onunuqsa, nəyi bölə billik... O bizə yerləşməyə yurd verdi, qalmağa oba, varmağa məkan... Biz də Tanrının verdiklərini qorumuşuq. Hələ yüz illər öncəsi sizinlə cəngə çıxan Cavanşir dədəmiz də, məni sevgili Bəzzin zirvəsinə qaldıran öndərimiz Cavidan bəy də, tüm igid qardaş-bacılarım da... hamımız yalnız vətən deyib əlimizə qılınc aldıq, at belinə qalxdıq... Bütün bu həqiqətləri anlamamaq bəlkə daha tən gələ sizə...”
Babək bunları düşündükcə xəyalında Xilafət qoşunlarının yurda silahlı basqılarından öncəki firavan günləri, abad kəndləri, meyvəli bağ-bağatı, çiçəkli çəmənləri, bol sulu çayları, dumduru bulaqları canlanırdı. Əlləri-ayaqları zəncirli halda qaranlıq nəm quyu zindanda keçirdiyi ac-susuz, əzab-əziyyətli aylarda olduğu kimi, indi gündüzün bu parlaq işığında, qızmar günəşin şüaları altında dayananda da o özünü əsir kimi deyil, sərin mehlər əsən uca dağ başındakı Bəzz qalasında azad-asudə görürdü. Qara geyimli qara qulların, qara-qəhvəyi üzlü səhra bədəvilərinin deyil, qırmızı paltarlı ağ bənizli doğmaların, sədaqətli dostların arasında, qırmızı bayrağın altında dayanan görürdü. O, xəyalən yurda səpələnmiş saysız-hesabsız ağ çalmalı, qara bayraqlı qoşunların irəliləməsini qartal kimi uca zirvələrdən izləyir, qəzəblə qılıncını çəkib qızğın döyüşlərə atılır, atdan enib əlbəyaxa çarpışmaların içindən keçib gedir, hər anı ölüm-itim olan qanlı-qadalı müharibələrdən çıxır, illər boyu qazandığı zəfər çağlarını bir daha, bir daha yaşayırdı...

819... 829... 830... 836... Aramsız döyüşlər içində aramla ötüb keçən illər, illər, illər...


***

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin