Sən mənim dözümümü görəcəksən



Yüklə 0,67 Mb.
səhifə5/6
tarix16.06.2018
ölçüsü0,67 Mb.
#53846
1   2   3   4   5   6

***
Öz bəndələrini bütün hallarda səbrli olmağa səsləyən böyük Allahın məsləhətinə rəğmən Xəlifə Mötəsimbillah yenə səbrsizlik göstərdi:

- Bura bax, Baba, - dedi o əsnəyə-əsnəyə. - Sən bizi lap yordun. Nə danışmırsan, nə özünü müdafiə üçün bir söz demirsən. Belə divan olmaz axı? Gərək sən özünü müdafiə üçün nəsə deyəsən, bəraət istəyəsən. Amma sən adamı cin atına mindirirsən. Ərəbistan günəşi vurub başını xarab elədi deyəsən. Noldu sənə? Şərt kəsdim axı mən? Özün özünü cəhənnəmlik edirsən. Vuruşlarda olduğu kimi eynən höcətlik göstərirsən. Dəlisən-nəsən? Amma deyirlər vuruşanda da elə əsil dəli kimi vuruşurdun bizimkilərlə... Bir dillən nəhayət! Allahu-Əkbər! Bu nə sirri-xudadır, yahu... Biz indiyədək bu divana çəkdiklərimizin hamısı diz çöküb qarşımızda, yalvarıb, əfv diləyib, əl-ayağımızı öpüb, xahiş edib, göz yaşları axıdıb... Sənə səhərdən nə ittiham deyirik, vecinə almırsan. Sən Allahın sirrimisən? İyirmi il Bəzzdə oturub bizimlə dik-dik oynayan sən, heç bizimkilər Bəzzi alanda da səni orada tapmayıblar. Nə təhər adamsan, Baba, harda idin? Sənin o cumbulu paytaxtın heç bilirsən necə baha başa gəldi mənə? Yüz yerdə min-min döyüşçümün qanı axdı orda... Yüz yerdə! Səni orda tapmayınca igid Afşin heyfini qaladan çıxdı. Bəzzdə ev qalmadı, saray qalmadı, tikililərin daşı-daş üstündə qalmadı, bütün kafirxanalar dağıdıldı, uçuruldu, yandırıldı, amma sən tapılmadın… Hara qaçmışdın, qorxaq?!


Babək dinməyib fikrə getdi: “...Kaş gedib Bizansa çataydım. Feofildən kömək alıb da qayıdaydım, onda qorxaqlığın nə demək olduğunu göstərərdim sənə, əbləh, mənəmi qorxaq deyirsən indi əli-qolu bağlı görüb... Kaş gedib çıxaydım dostumun yanına... Kaş...”

- Amma sonra Xilafətin sadiq qulu Səhl ibn Sumbat sənin tülkü kimi bir dərədə gizləndiyini bizə xəbər verəndə düşündüm ki, yazıqsan, sənə həyat bəxş eləmək istədim, - dedi Xəlifə. – Afşinin xahişi ilə çapardan qızıl möhürlü namə göndərdim, aman bəxş etdim sənə, amma sən eynən indiki kimi dikbaşlıq edib bu mərhəmətə layiq aparmadın özünü...

Şərin qarşısında əlacsız qalan qüdrətli sərkərdə qəzəblə dərin-dərin nəfəs alaraq hirsini qollarındakı zəncirlərə salmışdı və bayaqdan-bəri dartılıb sıxılmaqdan qan-qançır olan biləyindən artıq qan sızırdı. Yadına düşdü ki, anası uşaq vaxtı ona belə bir əhvalatın şahidi olduğunu danışmışdı. O, dağda kəndin inəklərini otararkən uzanıb yuxuya getmiş, nigaran qalan anası axtara-axtara gəlib oğlunu dağda yatan yerdə tapmış və heyrət içində baxıb görmüşdü ki, uşağın bədəni qan-qançırdır, bütün damarları şişib, az qalır qanı fışqırsın. Arvad qorxusundan oğlunu silkələyib ayıltmış. Hövlnak ayağa qalxan balaca Əsən anasını gözü yaşlı görüb səbəbini soruşduqda ana-bala artıq qançırların sorulub getdiyini, bədənin əvvəlki halına gəldiyini görmüşdülər. Anası hər dəfə bu hadisəni xatırlayanda gözləri yaşara-yaşara Babəkə deyərdi: “Səni o halda gördüyüm günə daş düşəydi... gözlərim kor olaydı, oğul... Kaş gördüyüm yuxu olaydı... Amma heyhat... Səni oylə qan içində gördüm... Qan ağladım...” İndi budur, Babək yenə qollarının qan-qançır olduğunu görüb anasını xatırladı və düşündü: “Yox ana, gördüyün yuxu deyilmiş... Amma yuxu kimi çin çıxdı... Bədənim qan-qançır içindədir sən gördüyün kimi... Eynən... Məni də yıxdılar... satdılar, ana... el basılarmı içindən satılmayınca...”
Bu arada Xəlifə öz şücaətindən fəxrlə danışmağında idi:

- ...Sən ki mənim mərhəmətimə layiq olmayanda dedim elə isə qolları bağlı sürün Samirəyə onu! Afşin bəy - o şanlı sərkərdə sürdü gətirdi səni...


Öz düşüncələrinin qoynunda xəyala dalmış Babək isə Xəlifənin şücaət sərgiləməsinə məhəl qoymurdu:

“Kaş... Kaş Bizansa çatıb imperatordan kömək ala biləydim... Sən onda görərdin guya əziz, dəyərli bir insan bilib məni ağırlamaqla mənə mərhəmət göstərməyin nə demək olduğunu... Sən onda əfv məktubunu mənə gətirməyə cürət etmiş döyüşçünün boğazını niyə üzdüyümü bilərdin... Sən onda mənə məktub yazıb amanı qəbul edərək həyatımı saxlamağı məsləhət görən oğluma, o fahişədən doğulan alçaq gədəyə dediyim cavabın hiddətini dərk edərdin... Bilərdin ki, mən o şərəfsizi oğulluqdan çıxarıb ona görə gözümdən rədd elədim, sən mənim oğlum deyilsən dedim ki, mənim oğlum mənə diz çökməyi məsləhət görəməzdi. Mənim oğlum olsaydı bilməliydi ki, mən qırx il miskin kölə kimi diz üstə sürünməkdənsə, bir gün öz iradəmin hökmü ilə azad yaşamağı üstün tutanlardanam! Bu fərqi bilməyən ancaq fahişənin qarnından gələn nadürüst ola bilərdi... O bu fərqi bilmədi. Həqiqətən, el misalı, baba malından nə fayda, başda dövlət olmasa...”


Eynən Xəlifə də öz aləmində idi və ətrafdakıların necə maraqla ona qulaq asdığını görüb daha vəcdlə danışırdı:

-...Bəli, sən qaçıb gizləndin, amma yaxşı ki bu dünyada kişi xasiyyətli qoçaq ərməni dostlarımız varıymış. Alpanlara tərəf qalxanda azuqən qurtarıb deyə bir qismət çörək dilədiyin həmən ərməni qoçağı xəbər yolladı bizə. Və Azərbəylərdən Bizansa gedən yolda, Sunik dərəsində qarşına çıxıb sənin. Qardaşların Müaviyə və Abdullah, o kor anan, sonuncu arvadın Sünik knyazı Vasakın qızı İbnət əl-Kələndaniyyə və qul-qaravaşınla birgə yaxalandın... Amma sən yenə qorxaqcasına onları atıb qaçdın... Öz canının hayına qaldın... Sağ olsun Şaki hökmdarı knyaz Səhl ibn Sumbat... – Xəlifə o tərəf-bu tərəfə boylanıb kimi isə axtaranda Afşinin arxasında dayanan gödəkboylu Sumbatiyan dərhal irəli atılıb əlini yuxarı qaldırdı, “Burdayam, ya...” dedi və ikiqat əyildi. – Hə, budur, qeyrətli dostumuz ibn Sumbat... O çox böyük təcrübə ilə işlədi, evinə apardı, yemək verdi, su verdi, qorudu səni... (Xəlifə süni şəkildə qəh-qəhə çəkdi) ha-ha-ha... qorudu bizim üçün... Heç bu tülkü yağlı tikəni əldən verərdi? Ha-ha-ha... Yox əlbət, verməzdi, vermədi də...

Səhl Sumbat şücaətinin bu dərəcədə dəyərləndirildiyindən məmnun halda Xəlifənin üzünə irişib ləbbeyk etdi, geriyə, öz yerinə çəkildi.

- Bəli... Bu arxamdakı ərməni tülküsünə yaxşıca mükafat verdik. Mən sözümün ağasıyam. Min dənə min dirhəmlik qızıl torbası verdim ona. İberiya qarışıq bütün Alpanların üzərində ali hakimiyyəti də verdim ona üstəlik. Hə... Mərhum qardaşım Məmunun vəsiyyətini axır ki yerinə yetirdim... Nə deyirsən bu şücaətimə, afərin deyirsənmi?! De, imanın yoxdusa, heç olmasa insafın olsun, de... Ha-ha-ha...

Toplaşanlar da adəti üzrə Xəlifəni yamsılayaraq saxtakarcasına gülüşdülər:

-Ha-ha-ha.... Allahu-Əkbər!

Babək dinmədi: “Hə... Eşitdim bu zatıqırıq ərməninin qulluq müqabilində çoxlu pul aldığını. Halbuki nə qədər yaxşılıqlar eləmişdim o nankor köpəyə... Ona görə də tüpürdüm murdar sifətinə meşədəcə, dedim, öz ağanı çox ucuz satdın, xain...”

Xəlifə Afşinə baxa-baxa:

- Halal olsun igid türk dostumuz Usruşanalı Afşinə! Bax, bütün dünya bizimlə dostdur, sizdən başqa...

Babək dişlərini bir-birinə sıxdı: “Halal olsun... Qırxüzlü qəhbə... Sumbata! Qırxdilli fahişə Afşinə! Həlbət gələr oylə bir zaman...”

- ...Onlar halal adamlardır, – dedi Xəlifə. - Doğru yolun yolçularıdır hər ikisi... Onların əlindən gəlməyən iş yoxdur... Onlar sənin kimi xəyalpərvər deyillər, iş adamlarıdı.

Xəlifə Babəkin heysiyyatı ilə oynayaraq onun düşmən bildiyi adamlara dəyər verdikcə Babəkin nifrəti daha da artır, qəzəbi dağların gur bulağı kimi aşıb-daşırdı:

“...İblis! Qara niyyətli cahillər şahı! – o özündənrazı Ərəb Xəlifəsinin cəhalət yağan sifətinə qəzəbli-qəzəbli baxıb düşünürdü. - Sən qaranlıq dünyaya o qədər aludəsən ki, bu işıqlı dünyadan heç nə anlamazsan. Qəhbələri mələksima görürsən... Dil fahişələrini pəhləvan bilirsən. Nə üzümə gülüb kürəyimə xəncər saplayan qəhbə ərməni Səhl Sumbatı yaxşı tanıyırsan, nə də xəlvəti atəşgaha gəlib mənə işbirliyi təklif edən Afşinin fahişəliyindən xəbərin var... Amma mən mən olmazdım o namussuzlarla ortaq olsaydım... Kimsə məni heç bir şey müqabilində satın ala bilməzdi, sən də ala bilmədin! Mən şərəfli ölümü elə-obaya, yurda xəyanətlə alacağım miskin həyatdan min qat üstün bilirəm, cahil... Sən nə o axura bağlanmış kimi arxanda qısılıb gizlənən Səhli yaxşı tanıyırsan, nə yanındakı o alçaq Afşini... Mənə dost deyib sənə təhvil verən Səhli... Sənə İslamı sevdim - Müsəlmanam deyib, Mazdaya inanan, Atəşpərəstliyə rəğbət bəsləyən, neçə dəfə qoltuğunda ulu Zərdüştün kitabı gecə xəlvətcə Atəşgaha gələn, mənimlə görüşüb gəl Xəlifəni yıxıb taxt-taca sahiblənək deyən Afşini... Amma mən onun kimi fahişə deyiləm bu namussuzluğu qəbul edəm. Mənim mücadiləm taxt-tac üçün deyil... Mənim səninlə nə sazişim ola bilərdi!”
***
Usruşanalı Afşin Kavus oğlu
Miladi tarixi ilə 822/23-cü illərdə ərəb qoşunu dünyaya yeni nazil olmuş İslam dinini tanıtmaq üçün Orta Asiyadakı son hərbi yürüşünü Usruşanaya edir. Bu zaman Usruşana hakimi Kavusun dörd oğlundan biri - Heydər atasını darda qoyub Bağdada, Xəlifə Məmunun yanına qaçmışdı. Məmun məhz onun kimi satqınların köməyi ilə sonda Usruşananı da istila edə bilir.

Aradan xeyli müddət keçəndən sonra, 835-ci il iyunun 3-də Xəlifə Mötəsimbillah mərhum qardaşı Xəlifə Məmunun vəsiyyətini eşidəndə vaxtilə Kavus oğlunun Xilafət qarşısındakı xidmətini yada salıb onun oğlu Afşini qoşuna sərkərdə təyin edir. Və onu uzaq Azərbaycan ölkəsinə Xilafətin ən təhlükəli düşməni olan Babəkin üstünə göndərir.

Uzun zaman davam edən müharibələr dövründə Afşin bir neçə dəfə gizlincə Atəşgahda Babəklə görüşür. Nəinki döyüşçülərin, hətta Od qoruyucuları azərbanların belə yaxın gəlmədiyi o xəlvəti görüşlərdə Babəki inadından əl çəkməyə, silahı yerə qoyub xilafətin onsuz da göz qabağında olan gücünə boyun əyməyə, aman diləyib həyatını qorumağa çox çağırır. Hətta görüşlərin birində aralarındakı Ocağa, oradan püskürən Alova, göydəki Günəşə də and içib Babəki inandırmaq istəyirdi ki, əgər qüvvələri birləşdirib əlbir olsalar ərəb ordularını dağıdıb Xilafəti öz əllərinə keçirə, mal-dövləti bolüşdürə bilərlər. Ancaq Babək onun bütün təkid və təkliflərini rədd edir.

Nəhayət, danışıqların nəticə vermədiyini görən Afşin başqa sərkərdələrin də təzyiqi altında Babəklə uzun sürən savaşı yekunlaşdırmaq məcburiyyətində qalır.


Babəkin inadına qəzəblənən Afşin bu dəfə tülkü xislətli satqın erməni knyazı Səhl Sumbata böyük pullar vəd edərək istəyinə nail olur.

Ancaq Babəki ələ keçirib qolubağlı ərəblərə təhvil verəndən sonra, saray şairlərinin vəcdə gələrək haqqında yazdıqları mədhiyyələrin mürəkkəbi hələ qurumamış Afşin özü də bütün satqınların üzləşdiyi aqibəti yaşamalı olur. O, 839-cu ildə ordu başçısı vəzifəsindən kənarlaşdırılır. 840-cı il sentyabrın 7-də isə Xəlifənin göstərişi ilə həbs edilir.

Həbsin səbəbi bu idi: Afşin Xəlifənin canişini kimi Azərbaycanda topladığı sərvəti və qiymətli əşyaları, habelə Babəklə müharibə zamanı ələ keçirdiyi xəzinəni ərəblərin ərazisində saxlamayıb, inandığı adamlar vasitəsilə gizlicə Usruşanaya göndərmək istəyir. Sərvət dolu karvan Təbəristan yoluna çıxanda Afşinlə şəxsi qərəzi olan Abdullah ibn Tahir Xəlifəyə bu barədə məlumat verir. Xəlifə Mötəsim ona tapşırır ki, ətraflı kəşfiyyat aparıb Afşinin nə gizli işləri varsa hamısını öyrənsin. İzlənildiyindən xəbərsiz olan Afşin növbəti dəfə yenə öz adamlarına min dinar həcmində qızıl pul verib Usruşanaya yola salır.

Bu dəfə Nişapur yaxınlığında Abdullah ibn Tahir qəflətən yolçuların başının üstünü kəsdirib adamların ətəklərinə tikdikləri qızılları tapır. Bu qədər böyük məbləğdə pulun onların əlinə haradan keçdiyini soruşur. Onlar qızılların Afşinə məxsus olduğunu bildirirlər. Abdullah ibn Tahir pulları öz qoşununa payladıqdan sonra olay barədə Xəlifəyə xəbər yollayır. Afşinə isə məktub yazır ki, bəs, dostum, belə bir əhvalat oldu, amma o, tutulanların sözünə inanmır.

Abdullah ibn Tahirin hərəkətindən qəzəblənən Afşin ona cavab yazır: "Ya mənim pulum, ya Əmir əl-Möminin pulu – ikisi də eyni şeydir!” Və xahiş edir ki, adamları buraxsın. Abdullah ibn Tahir onları azad edir.

Bu əhvalatdan sonra artıq Afşin Xəlifənin onunla soyuq davrandığını sezir, odur ki, vaxtında Xilafətdən baş götürüb qaçmağı düşünür. Sal üstündə çaydan və dəryadan keçib getmək üçün öz sarayında xəlvəti dəri tuluqlar hazırlatdırır. Xəlifənin başının qarışıq olan bir vaxtında Mosula qaçmağı, tuluqla Zab çayını keçib Azərbaycana getməyi, oradan isə dəniz yolu ilə Xəzərlərin ölkəsinə çıxmağı düşünür. Hətta Afşin qurduğu qaçış planının baş tutması üçün belə bir qərara gəlir ki, Xəlifəni və sərkərdələri kef məclisinə dəvət edib onları zəhərləyəndən sonra Usruşanaya qaçsın.

Lakin Afşinin niyyəti baş tutmur, çünki onu da satan tapılır; döyüşçü Vacini İbn əl-Əsir əl-Usruşani onun adamları zəhərləmək təklifini bəyənmir. Afşin bu sirr açılmasın deyə ona etiraz edən Vacini məhv etmək istəyəndə, əsgər cəld tərpənib ata sıçrayır və Xəlifənin sarayına çapır.

Vacin təngnəfəs saraya yetişəndə Xəlifə yatırdı. Vacib sözü olduğunu deyərək görüş üçün təkid etsə də, saray əyanları ona məhəl qoymurlar və Vacin yalnız səhəri gün Xəlifə yuxudan oyananda qəbula düşə bilir. Əhvalatı eşidən Xəlifə dərhal Afşini tutub Cövsək iqamətgahındakı Ləl ("Mirvari") həbsxanasına salmağı əmr edir.

Xəlifə Afşinin işini dərindən araşdırıb görür ki, Afşinin oğlu Həsən də atası ilə əlbirdir. Buna görə, Abdullah ibn Tahirə Həsəni də bir hiylə ilə həbs etməyi tapşırır. Elə də olur.

Buxara hakimi Nuh ibn Əsəd Səmərqənddə Həsəni həbs edib zəncirləyir və Xəlifə Mötəsimin hüzuruna göndərir. Afşin Xilafətə və İslama xəyanətdə ittiham olunur. Xəlifənin sarayında məhkəmə qurulur. Uzun-uzadı dindirilmələrdə məlum olur ki, Afşin müsəlmanlığı sözdə qəbul etsə də, etiqadını dəyişməyib. O, Atəşpərəst olaraq qalıb.

Məhkəmədə İslama və Xilafətə xəyanət etməkdə Afşinə verilən ittihamlar sübuta yetirilir. Ancaq xəlifədən sonra sarayda ikinci adam sayılan Afşinin paytaxtda və ucqarlarda tərəfdarları, orduda böyük nüfuzu olunduğundan Xəlifə onu dərhal edam etdirmək qərarını təxirə salır. Zindana atılan Afşinin əfv olunmaq müraciətləri də Xəlifənin qəzəbini soyutmur. Əksinə, o, Afşinin ərzaq payını azaldıb gündə təkcə çörək verməyi əmr edir.

Çox keçmədən, 841-ci ilin mayında bütün ömrü boyu var-dövlət yığmaqla məşğul olan və bunun üçün hər əmələ qol qoyan, var-dövlətə görə hətta öz həmsoyu, dost dediyi adamı belə ərəblərə satan Usruşanalı Afşin köləlik etdiyi Xilafətin zindanında acından ölür. Onun cəsədini qarmağa keçirib sürüyə-sürüyə əvvəlcə çarmıxa qaldırırlar, bir müddət sonra isə çürüyən meyitini yandırıb külünü Dəcləyə atırlar... Eynən Babəkin onun haqqında öncələr dediyi kimi olur.


***

Ərəblərin sərkərdəsi türksoylu Afşinin dostu erməni Səhl Sumbatyan

IX əsrdə Qafqaz Albaniyasında Mehranilər sülaləsi süqut etdikdən sonra ölkənin bir hissəsinə nəzarəti ələ keçirən erməni mənşəli Şəki knyazı Səhl Sumbatian (ərəbcə Sahl ibn-Sumbat al-Armani, bəzi mənbələrdə Smbat Baqratuni) ilk vaxtlar öz hakimiyyətini möhkəmlətmək üçün Abbasi ərəb xilafətinə qarşı mübarizədə xürrəmilərə yardım göstərəcəyi haqda Babəkə söz verir. Hətta strateji cəhətdən əlverişli Şəki vilayətinə malik olan Səhl ibn Sumbat Babəkin köməyinə arxalanraq Məhəmməd ibn Süleyman əl-Əzdi əs-Səmərqəndinin Arran hakimi təyin edilməsinə etiraz olaraq Xilafətə qarşı üsyan hazırlamağa da cəhd göstərir.

Lakin xislətinə uyğun, sonralar əks cəbhə ilə, Xəlifə əl-Mütasimin türk mənşəli sərkərdəsi Afşinlə də xəvəti ayrıca danışıqlara girir. Və ilk fürsət düşən kimi hiylə işlədərək xürrəmilərin məğlubedilməz rəhbəri Babəki tora salıb Afşinə satır. Göstərdiyi bu tarixi xidmət müqabilində Xəlifə Səhl Sunbatyana fəxri xələt, patrik tacı verib onu xəracdan azad edir. Üstəlik Səhlin özünə "min dəfə min kşir gümüş, bir də yüz min" qızıl pul – yəni milyon dirhəm, oğluna isə yüz min dirhəm pul mükafatı verir.

Səhl Sumbatın tarixi əməli barədə müxtəlif salnaməçilər yazsa da, təbii ki olaya eyni mövqedən yanaşmışlar: "...835-ci ildə Babək adlı birisi öz vətənini ərəblərdən azad etmək fikrinə düşüb güclü üsyan qaldıranda, ermənilər Xəlifənin sərkərdəsi Afşinə kömək edib, xaini ona təslim etdilər...” (A. N. Qren) Ancaq bu qrenkimilər fərqinə varmamışlar ki, “öz vətənini azad etmək fikrinə düşən” adammı xain sayılır, yoxsa hiyləgər və satqınlıq edənlər?!

...Səhl Babəki Əbu Musanın mülkü ilə "Babək-Bəzzayın ölkəsi" arasında sərhəd olan Araz çayından yuxarıda, yəni Kür çayından cənubda, Babəkin uğurlu illərində onunla bilavasitə görüşüb əlaqə saxladığı tanış yerlərdə, Bazarçay-Əkərəçay məcrasında tələyə salır. Şəki qalası Bazarçayın sol sahilində, Naxçıvandan Biçənək aşırımı ilə Arranın içərilərinə gedən yeganə yolu bağlayan Darvazatəpə dağının üstündə yerləşirdi. Azərbaycandan “Ərməniyyəyə gedən yolun” üstündə bu yer Səhl Sunbat ilə İsa İstifanusun torpaqları arasında sərhəd sayılırdı.

Salnaməçi Təbəri yazır ki, Babək Bəzzin süqutundan sonra, güman ki, sonuncu arvadı - Sünik knyazı Vasakın qızı İbnət əl-Kalandaniyyənin təkidi ilə Bizansa gedən yolunu Səhlin mülkü Şəkidən salıb. O, Sünikdən keçib Bizansa getməli idi. Sadəcə ərzaq ehtiyacı üzündən "ibn Sumbat dağlarında" üzə çıxıb və Səhlin qoruqçuları onu görüblər.

Böyük iddialarla yaşayan ərəblər satqınlığı müqabilində Səhlə Arranı idarə etmək ixtiyarı versələr də, reallıqda o yalnız "Şəkinin knyazı" olaraq qalırdı. Babəki ələ verəndən bir neçə il sonra qulağına könüllü taxdığı qulluq sırğasına baxmayaraq, Xilafətin başqa bir türk mənşəli sərkərdəsi Buğa əl-Kəbir nə üçünsə Səhl Sumbatı həbsə alır. Xaçın hökmdarı knyaz Atrnersex, K.tiş və Beyləqan hökmdarı knyaz Yesai Əbu Musa ilə birlikdə Səhl Sumbat da əli-qolu bağlı Babəkin aparıldığı yolla Samirəyə aparılır. Ancaq cəsur sərkərdədən fərqli olaraq satqının bundan sonrakı taleyi barədə mənbələrdə heç bir məlumat yoxdur. Mətnlər yalnız onu məlum edir ki, Səhllə birgə tutulub Samirəyə aparılan knyazlardan təkcə Xaçın hökmdarı knyaz Atrnersex "illər sonrası” geri qayıdır...

İbrətamizdir ki, Ulu Tanrının hökmü ilə Babək kimi Tanrının Doğru Yoluna sadiq pak əqidəli bir insana qarşı əzazillik edən dələduz Afşinlə xain Səhlin aqibəti eyni olur.

***
Babək meydanın ortasında düşüncələr içində öz aləminə qapılıb dururkən Xəlifə hey nələrsə deyirdi. Əyanlar, hakimlər, mömünlər ağız-ağıza verib nələrsə danışdılar. Babək heç birini eşitmirdi. Uzun darıxdırıcı ittihamnamə oxunuşundan, məhkəmə hakimlərinin cavabsız qalan mənasız sorğularından, izahatlardan, şahid və şair açıqlamalarından, müxtəlif mövzularda sicilləmələrdən yorulub canı boğazına yığılan Azman adamın gözlədiyi həlledici an, nəhayət, gəlib çatdı. Bayaqdan bəri heç bir şey danışmayan, heç bir suala cavab verməyən, heç kimə məhəl qoymayan Babək Xəlifəni tam hövsələdən çıxartmışdı.

O, əlini-əlinə vurub üzünü Babəkə tutdu:

- Vəssalam, Bə-əbak, bu da son! Amma sən danışmadın. Heç nə demədin.

Babək başını və baxışlarını aşağı endirdi, göylərdən, Tanrı dərgahından yerə qayıdıb dimdik Xəlifənin gözlərinin içinə baxdı. Ürəyində öz-özünə: “Anlatdım axı, cahil, ağa da köləyə hesab verərmi... – dedi. - Mənim könlüm qırx il miskin qul kimi omur surməkdənsə, bir gun ağayana yaşamağı üstün tutar...”


-Neynək, şərtimiz şərtdir... – Xəlifə aramla, sözləri vurğulaya-vurğulaya, hətta duruxa-duruxa dedi. - Sən bizim heç bir sualımıza cavab vermədin. Bizi öz həqiqətinə inandıra bilmədin. Günah məndən keçdi. Mən haqq-ədalət naminə divan qurdum. Sənə bəraət imkanı verdim. Sözünü dinləməyə hazır olan hakimləri topladım. Əhli-əyalı dəvət etdim. Xilafətin hər tərəfindən ən mötəbər mömünlər gəldi. Ancaq sən özünü qorumadın... Əlbəttə, anlayıram, qəbahətin o dərəcədə böyükdür və o dərəcədə ağırdır ki, dilin yoxdur danışmağa. Nə etməli? Öz seçimindir... Başlayın!

Xəlifənin əlinin işarəsi ilə Baş vəzir irəli yeriyib Baş ittihamçıya, xidmətçilərə, qullara və cəlladlara göstərişlər verməyə başladı.

Baş ittihamçı qələm-dəftərini açıb Xəlifənin taxtına yaxın gəldi.

Xidmətçilər Babəkin qollarından tutub dəri meydançanın ortasına çəkdilər, başı çapıq yoğun kötüyün yanında əmrə müntəzir dayandılar.

Qullar ləyənləri, lüləkli su qablarını, əl dəsmallarını kötüyün ətrafında səliqə ilə düzüb geri çəkildilər.

Meydana cəlladlar girdi. Onlar qılıncları çiyinlərində cəza hökmünü dinləmək üçün dəri meydançanın ortasında düzülüb Xəlifəyə tərəf baxdılar.

Xəlifə başını aşağı salıb dərin düşüncələr içində çənəsindəki bir qom saqqalı sığallayırdı.

Meydan sükut içində idi. Hamının gözü son sözün sahibinə zillənmişdi.

Hannan-hana Xəlifə başını qaldırıb ittihamnamənin son qərar bəndini yazacaq hakimə tərəf döndü, baş barmağını irəli uzadıb sanki “yaz!” dedi və qətiyyətlə bəyan etdi:

-Şaqqalansın!!!

Meydana əvvəlcə ölü bir sükut çökdü, sonra iniltiyəbənzər heyrət dolu uğultu yarandı, keçdi.

Baş ittihamçı tələm-tələsik hökmü kağıza köçürdü: “Şaq-qa-lan-sın...”

Xəlifə fikirli-fikirli saqqalını oynada-oynada qırıq-qırıq, aram-aram, tələsmədən diqtə edirdi:

- Qolları – vurulsun... biləkdən... aşağı və yuxarı... Ayaqları – kəsilsin... dizdən... aşağı və yuxarı... Bağırana, yalvarana, arvad kimi ağlayıb aman diləyənə qədər ağrı görsün... Ayaqlarımıza düşüb sürünənə, aman diləyənə qədər çəksin edam... Yenə susub dillənməsə - dili kəsilsin... Yenə baş əyməsə - başı vurulsun... bədəndən üzülsün... Sonda - qarnı yırtılsın... kəsilənlər içinə dürtülsün...

O bütün bunları sanki dərin mənalar izhar edirmiş kimi müdrikanə üləma görkəmilə ağır-ağır deyirdi. Hökm qərarını diqtə edib qurtaranda çox böyük şücaətlə mühüm bir iş aşırıbmış kimi dərindən nəfəs aldı, taxtın içərilərinə çəkilib arxaya söykəndi. Bununla bildirirdi ki, daha onun işi qurtardı, indi imkan verdi hakimlər, ittihamçılar, salnaməçilər, katiblər, şairlər və həvəkarlar onun diqtə elədiyi edam qərarını öz dəftərlərinə köçürüb yekunlaşdırana qədər gözləyə bilər.
Taxtın qarşı tərəfində iri öküz dərisinin ortasında, vahiməli edam kötüyünün bir addımlığında dayanan Azman adam heç halını pozmadan, hökmün ağırlığına məhəl qoymadan durduğu yerdə durdu, baxdığı yerə baxdı, susduğu kimi susdu. Nəhayət, bu çəpəl mühitdən qurtulacağı anı məmnunluqla qarşılayırmış kimi rahat nəfəs alıb dodağının altında pıçıldadı: “Aman Tanrım, mənim ruhuma qida ver dözüm bunlara... Uca Tanrım, bu vaxtacan necə idarə etmisən bundan sonra da bildiyin kimi davran mənimlə... Səndən çox razıyam və sənin məsləhətlərin mənim üçün ən Doğru Yoldur həmişə... Heç vaxt sənə asi olmadım... Sevərək xidmətində oldum... Sənə minnətdaram verdiyin gücə görə... Oda, alova, ocağa, yurda görə, verdiyin suya, nemətə, bərəkətə, tüm qismətə görə... Bundan sonra da Sənin məsləhət bildiyin hər acıya varam... ulu Tanrım! Sən var ol... Elim-obam-ulusum, var olun!”

Bu andan etibarən qoca Şərqin cəhalət tarixi üçün adi, bəşəriyyətin tərəqqi tarixi üçünsə qeyri-adi dərəcədə dəhşətli, misli bərabəri görünməmiş və uca Tanrının təqdirini almayacaq iblisanə vəhşət mənzərəsi yaradılmağa başlayacaqdı.


Əvvəlcə Baş hakim tələm-tələsik yazılıb möhürlənən hökmü yardımçısından alıb ucadan xüsusi ibarə ilə oxudu:

- …Bismillah-ir-rəhman-ir-rəhim! Uca Allahın adı ilə! Və qüdrətli Xilafətin miskin rəqibi, Azərbəycan məmləkətinin Qaradağlı vilayətinin Bəzz şəhərindən Babak təxəllüslü Həsən ibn Abdullahın Allah və Xilafət qarşısında günahlarının o dərəcədə böyük və bağışlanmaz olduğu sübuta yetirildi ki, cəzası yalnız şaqqalanma olarsa günahına bab gələr. Allahın hökmü və mərhəmətli Xəlifə Mötəsimbillahın iradəsi ilə uca Xilafət Divanı qərara alır: kafir Bə-əbakın əlləri, qolları, dizləri, ayaqları və nəhayətdə başı vurulsun ta ki görənlərə, eşidənlərə, bilənlərə görk olsun…

Babək öz-özünə düşündü: “Yenə Bəəbak… Bəbak yox, ay adam, Babək! Babəkdir mənim adım! Əsən Babək!”

Hökmün oxunuşu bitən kimi cəlladlara işarə verildi. Onların dördü də baltayabənzər ağır sivri qılınclarını çiyinlərindən endirib irəli yeridilər.

Mühafizəçilər səhərdən bəri bərk-bərk əllərində tutduqları yoğun zəncirləri onlara təhvil verib ovuclarını ovuşdura-ovuşdura meydandan çıxdılar.

Dörd nataraz cəllad Babəkin zəncirlərindən tutub onu edam dərisinin ortasındakı iri kötüyə tərəf itələdilər. Xəncəri salıb boynunun arxasından üzü aşağı doğraya-doğraya bu gün ertədən mərasim öncəsi ədəb-ərkanla geyindirib-kecindirdikləri bər-bəzəkli şahanə paltarları bir anın içində kobudluqla cırıqlayıb yerə atanda Babək yalnız dərindən bir ah çəkdi: “Hə, bu da son!” – düşündü. Çünki bu dəfə qolları zəncirli olduğundan cəlladların paltarla bir yerdə boynundan üzü aşağı doğrayıb yerə atdığı qırmızı dolağı xilas edə bilmədi. Doğranıb ayaqlar altına atılan, sonra da xidmətçilərin cırıqlanmış paltarlarla birgə yığışdırıb harasa apardığı bu qırmızı dolağı o, canından artıq sevdiyi vətəninin bayrağı timsalında uzun illər idi boğazında gəzdirirdi və hər dəfə qayalar üstünə qalxıb düşməni qarşılayanda, at belində ildırım sürətilə hücuma keçəndə onun arxasınca yellənən bu al bayraq haqqında deyərdi ki, o yalnız mənim boğazım üzüləndə yenilə bilər, açılıb atıla bilər... “Bəli, bu artıq son demək idi...”

Dəri meydanın kənarında, əli-qolu bağlı Abdulla ilə yanaşı dayanıb baş verən dəhşətlər içində özünü itirib dərin həyəcanla edama baxan atəşpərəst Mazyar titrəyə-titrəyə Babəkə tərəf səsləndi:

-Ey Babək, oğlum mənim! Sən bu vaxtadək heç kəsin görə bilmədiyi bir işi görmüsən. Sən iyirmi iki il sərasər cəsarətlə vuruşub ocağımızın odunu qorumusan. İndi isə üstünə heç kəsin dözə bilməyəcəyi işgəncələr gəlir! Dözə biləcəksənmi?!

Babək aramla çevirilib ağsaqqala baxdı, sonra qardaşı Abdullaya baxdı və kənardan sezilməyəcək dərəcədə yüngülcə gülümsünüb göz qapaqlarını yumdu, baxışları ilə onlara təsəlli verdi. Sonra gözləri ilə axtarıb yenə Mazyarı tapdı, səhərdən bəri ilk dəfə ağzını açıb danışdı, astadan xırıltılı səslə dedi:

- Görəcəksən... Qadir Tanrı verməyincə ər bayılmaz, ağsaqqal. Mötəsim dediyin nə kişidir ki adam qorxudub can ala? Sən mənim dözümümü görəcəksən...


Yalnız yaxınlıqda olan cəlladlar bunu eşitdilər. Bir anlıq əl saxlayıb əvvəlcə bu qəribə azman adama, sonra bir-birlərinə baxdılar və yenə işlərinə davam etdilər.

Sonra insanlıq naminə ruhanilərdən biri ucadan Qurandan surələr oxumağa başladı.

Cəlladlar salavat çevirib üzlərini göyə tutdular, “Bismillah!” – elədilər.

Ətrafda dövrə vurub toplaşan əyanlar edam mənzərəsini daha yaxşı görə bilmək üçün itələşə-itələşə bir addım irəli gəldilər.

Mollanın avazla oxuduğu Quranın sədaları altında cəlladlar nəhəng cüssəli azman kişini edam kötüyünün üstünə uzandırdılar.

Cərgələrdən vəcdlə “Allahu-Əkbər!” - sədaları ucaldı.

Dörd pəzəvəng dörd bir tərəfdən Babəkin əl-qolundakı, ayaqlarındakı zəncirlərdən yapışıb tərpənməsin deyə möhkəm-möhkəm sıxdılar.
Mühafizə rəisi edam mərasiminin bütün detallarını nəzərdən keçirib Xəlifəyə yaxınlaşdı:

- Hazırdır, ya Xəlifə!

Hökmü elan etdikdən sonra elə bil Babəkə qarşı əvvəlki çılğın hiddəti sönən Xəlifə etinasız-etinasız mızıldandı:

- Hazırdı?.. Nəyə? Ölümə hazırdı? Hm... Amma o bir Allah şahiddir ki mən onu bağışlamaq istəyirdim... Özü istəmədi... Susdu... Qoy olsun... Onun da adı kitaba belə yazılsın... De ki, başlasınlar!

Rəis geri dönüb Baş cəllada işarə verdi.

Baş cəllad irəli yeriyib həmişəki tərzdə ayaqlarını aralı qoyub zəhmli görkəmlə qurbanının başı üstündə dayandı. Çalağan yuxarıdan öz ovuna baxan kimi üstdən aşağı zəndlə kötüyə uzadılmış Babəkin gözlərinə baxdı. Amma Babək başının üstündə onu yox, səmanı görürdü. Sakitcə uzanmışdı. İndiyədək çox başları bədəndən ayıran cəllad nə qədər səy etsə də Babək onun üzünə baxmadı. Adətən qarşısında uzanan qurbanlığın gözlərinin içinə bir zəhmli baxışla gözünün odunu alıb huşyar edən cəllad indi Babəki qorxutmaq əvəzinə, əksinə, qurbanın zəhmi cəlladı əzirdi.

Beləcə bir neçə anlıq davam edən gərginliyə dözməyən cəllad hirslə əlindəki baltayabənzər nəhəng sivri qılıncı qaldırıb “Ya Allah!” - deyə var gücü ilə Babəkin üstünə endirdi. Al qırmızı qan bir anda göyə fışqırdı. Biləkdən yuxarı kəsilmiş sağ qol həmin qaysaq bağlamış kirli dərinin üstünə düşdü.

Babəkin bədəni ağrının şiddətindən gərilib dartınsa da, dörd nataraz cəllad biləklərinə doladıqları zəncirləri möhkəm-möhkəm tutub onu tərpənməyə qoymadılar. Babək bütün sinirlərini dişinin arasında sıxıb gözlərini yumdu, cınqırını çıxarmadan ağrıya qalib gəlmək üçün Tanrıya üz tutdu: “Yuca Tanrı! Tək Tanrı! Hamıya yetən böyük qüdrət sahibi! Səndən dözüm diləyirəm. Mənə ruh ver, mənə güc ver dözüm, mənə od ver, alov ver, aman Tanrım... Ruhumu qoru, ağrının şiddəti altında düşmənə əyilməyə qoyma, yuca Tanrı... Tək Tanrı!.. ”

Boğazının damarları şişib qalxmışdı, az qala partlayacaqdı. Kəsik qolundan qan şorultu ilə axıb öküz dərisinin üstünə axırdı.

Birdən elə bir möcüzə baş verdi ki... Hələ min-min illik tarixə malik insanlığın görmədiyi bir hadisənin şahidi oldular mömin ərəblər.

Kötüyün üstündə uzandırılıb şaqqalanan adam qəflətən var gücü ilə dartınıb kəsik qolunu yuxarı qaldırdı, başının üstündə tutub axan qanı üz-gözünə çilədi.

Baxanlar heyrətdən və vahimədən qeyri-ixtiyari inildədilər. Babəkin əzab içində gərilmiş sifəti bir anda qırmızı qana boyandı. Edamı yaxşı izləyə bilmək üçün irəl gələnlər bu heybətli azman adamın heyrətli hərəkətindən hürküb geri-geri çəkildilər. Vahimə içində yerdə qıvrılan qolukəsik qorxunc kişiyə baxdılar.

Xəlifə də qeyri-ixtiyari taxtından dik atılıb boynunu irəli uzatmışdı. Heyrət içində dalbadal deyirdi:

- O nə edir? O dəlidi-nədi? O niyə belə etdi axı? Bu nə deməkdir? Buna bax də...

Arxada dayanmış Səhl Sumbat qorxusundan əyilib aşağı çökmüş, adamların arasında gizlənmişdi.

Mötəsim qorxusundan donmuş halda ortalığa dedi:

-Gedin görün o nə səbəbə belə etdi? Gedin... gedin....

Nəhayət, mühafizə xidmətinin rəisi cürətə gəlib cəlladlara dayanmaq işarəsi verdi və aramla, asta addımlarla Babəkə yaxınlaşdı. Onun öz-özünə pıçıldadığını gördü: “Yucalardan Yucasan Tanrı! Kimsə bilməz necəsən, cümlə aləmləri yaradan, göyün sahibi görükməz tək Tanrı!”

Rəis ehtiyatla əyilib əsirin nə etdiyini, niyə belə etdiyini soruşdu.

Ağrıya qalib gəlmək üçün gözlərini bərk-bərk yumub dişini-dişinə sıxan, göylərlə danışan Babək bir anlıq gözlərini açıb başının üstündə dayanmış heyvərə rəisə baxdı, qırıq-qırıq xırıltılı səslə dedi:

- Get o cahil şahına de: ...Bu edam üçün Tanrı qarşısında cavab verəcək... O şaqqalamaq hökmü çıxarsa da, axan qanı durdurmağa hökmü yetməz... Nə qədər ki, baş üzülməyib, qan bədənimdən axıb gedəcək... Axdıqca da sifətimin rəngi solacaq... Bax onda sənin sarsaq şahın elə güman edər mən də onun aciz sərkərdələri klimi ölümün qorxusundan saralıram... Amma yox... Qanı boyadım sifətimə... Ki, rəngimin solduğu bilinməsin... Qorxduğumu düşünməsin... Mən göydəki tək Tanrıdan başqa heç kimdən qorxmuram! Get de ona... De oyunbazlığını davam etdirsin... Get!...
Mühafizə rəisi “Ya Allah!” deyib əlini dizinə basaraq dikəldi, dinməz-söyləməz Xəlifənin yanına qayıdıb Babəkin sözlərini çatdırdı. Mötəsim pərt halda bir anlıq çaşdı, dodağının altında öz-özünə mızıldandı:

- Hm... Mənə nə var e... Axı mən ona dedim... Özü... Dəlidi bu adam... Amma axır ki danışdı, hə? Danışdırdıq onu! Biz onu dillənməyə məcbur etdik. Bizimlə heç kim bacarmaz... Bəli!

Birdən Xəlifə özünü ələ alıb meydanın ortasında əl-qolunu sallayıb ona baxan cəlladlara tərəf çılğıncasına qışqırdı:

- Siz niyə dayandınız? Davam edin!


Rəis yaxınlaşanda işi saxlayıb kal-kal Xəlifəyə baxan pəzəvənglər dərhal işlərini davam etdirmək üçün yenidən Babəkin qan içində olan bədəninə tərəf getdilər. Sonra onların bayaqkı hərəkətləri eynən təkrar olundu. Ağır edam qılıncı qalxdı, endi, “Allahu-Əkbər!” nidasından sonra qəfil zərbə Babəkin sol qolunu biləkdən yuxarı kəsilib yerə saldı.

Möhkəm-möhkəm zəncirlənmiş bədəni edam kötüyünün üstünə sıxılan və qan çanağına dönmüş gözlərini dərin dibsiz səmaya dikən Babəkin kəsik qolu var gücü ilə gərildi. Bu an yerə düşən sol biləyin barmaqları qılınc dəstəyi axtarırmış kimi yumulub-açıldı, qanlı dərini cırmaqladı, bir də sürətlə tam açılıb bərk-bərk sıxıldı, yumruq olub düyünləndi və dondu. Sir-sifəti, üst-başı al qan içində olan Babək nə düşündüsə, yenə var gücünü toparlayıb başını Mazyara tərəf çevirdi. Gülümsəməyə çalışdı. Qan daman iri şəvə gözləri ilə sanki nəyəsə işarə etdi. Lakin cəlladlar aman verməyib zəncirləri dartdılar və hər iki qolu kəsilmiş Babəkin bədəni yenidən qanlı kötüyün üstünə sıxıldı.

Dəri meydanın kənarında dayanıb tir-tir əsən Mazyar Babəkin ona nə demək istədiyini anladı. Titrəyə-titrəyə başını astadan yellədi və titrək dodaqlarından xəfif pıçıltı çıxdı: “Gördüm...”

Yekəpər pəzəvənglərin amansızcasına zəncirləri dartıb kötüyə sıxdıqları o işgəncə anlarında baltayabənzər ağır edam qılıncları hədəfi dəqiq müəyyənləşdirirmiş kimi daha bir neçə dəfə aramla qalxıb-endi... qalxdı və endi... Və hər enəndə küt tappıltı səsindən sonra qan fəvvarəsi fışqırtı ilə göyə sıçradı.


...Get-gedə qırmızı rəngə boyanan dünya ilə Babəki bağlayan iplər doğranıb tökülürdü. Şaqqalanan bədəndəki ağrının şiddəti o dərəcədə çoxalmışdı ki, bədən daha bu ağrını hiss etmirdi. Düşmən qarşısında qorxu, hürkü, zəiflik və başqa miskin hissləri büruzə verməmək üçün bu qədər dəhşətli ağrılar içində bir dəfə də cınqırını çıxarıb “uf” deməyən, üstünə gələn ağır qılıncların zərbəsi altında gözünü belə qırpmadan ölüm cəlladlarına dimdik baxan qəhrəman Azərbaycan oğlu son dəfə var gücünü toparlayıb yerdə möminlərin zəncirlədiyi bədəndən canını qurtardı. Qan içində çabalayan cansız əzaların arasından azadlığa çıxıb göylərə qalxdı. Gün işığına doğru uçdu. Və yuxarılara qalxdıqca zərif qanadları al qana batmış parlaq ruhunun get-gedə təmizləndiyini, rahatlandığını, asudəlik içində bir hüzür tapdığını hiss elədi. Babək son iyirmi iki ildə ilk dəfə dərindən yaşadığı bu dinclik, rahatlıq duyğusunun həzzini dadıb səmalarda pərvaz elədi, daha ucalara uçdu, uçdu, uçdu... O indi artıq yerin üstündə, ucsuz-bucaqsız quru səhranın ortasında sərilib qalmış heysiz bədənindən hər qılınc oynadıqca gah bir ayağın, gah bir qolun, dirsəkdən aşağı o biri qolun, ya topuqdan yuxarı ikinci ayağın kəsilib atıldığını da görür, amma ağrısını hiss etmirdi. Yuxarılardan aşağıya baxıb bütün dünyanı, bütün kainatı, ayı-ulduzu, kəhkəşanı, hər-şeyi, hər şeyi aydın dərk etmədə çətinlik çəkməsə də, orada, aşağıda qoyub gəldiyi cansız bədənə daraşmış adamların ruhsuz bir bədəni parçalamaqda nədən bir belə hikkə göstərdiklərini anlaya bilmirdi. Açıq-aydın görürdü və dərk edirdi ki, aşağıda, yerdə qoyub gəldiyi o adamlarla indi onun qovuşduğu ucalıqlar heç bir-birinə bənzəməyən ayrı-ayrı dünyalardır... Birində insanlar yalnız bədəni ilə var olur, o birində ruhu ilə. Biri fani dünyadır, biri əbədi dünya...
Nəhayət, Babəkin qolsuz-qıçsız nəhəng bədəni tappıltı ilə edam kötüyünün üstündən sürüşüb qan gölməçəsinə düşdü.

Yalnız bundan sonra sözün həqiqi mənasında qan-tər içində olan, qanın və tərin bir-birinə qarışıb sifətlərini daha qorxunc hala saldığı dörd heyvərə cəllad işi dayandırıb qılıncları aşağı saldılar, tövşüyə-tövşüyə qılınclarına dayaqlanıb bellərini dikəltdilər, başlarını qaldırıb ümid və intizarla Xəlifəyə baxdılar.

Babəkin kəsilmiş ətraflarından qan şorultu ilə axıb cəlladların ayaqları altında gölmələnirdi...

Hamı heyrət içində idi. Meydan sanki donub qalmışdı. Topalaşanları ən çox heyrətə salan o idi ki, parça-parça doğranmış bu azman adamdan niyə səs çıxmırdı? Nə bir dəfə də qışqırmadı, nalə çəkmədi, nə zərrə qədər ah-uf eləmədi? Və qan gölməçəsi içində can verən bu Allahın bəlası o dəhşətlərə necə dözdü?! İnsanda bu qədər dözüm olurmu?!


Ancaq oddan yaranmış oğuz oğlunun bu andakı heyrətamiz dözümünü təkcə narahat, həyəcanlı atəşpərəst Mazyar deyil, bütün Xilafət və bütün dünya da gördü.
İyirmi iki il yadelli düşmənə ağır qılınc zərbələri vuran o güclü qollardan, Vətən çöllərindən yağı qovan o təpərli ayaqlardan məhrum edilən, amansızca doğram-doğram şaqqalanan bu qeyri-adi adamın kəsik bədəni də cahilləri qorxuya salırdı. Qanlı olayı seyr edən azacıq vicdanlı adam vəhşətə dözə bilməyib üzünü yana çevirirdi. Şan-şöhrət sahibi olan vəzifəli məmurlar həyəcanla təsbeh çevirir, haqq-ədalətə xidmət edən hakimlər dodaqaltı aramsız dua pıçıldayır, insanları Doğru Yola dəvət edən mömün ruhanilər tez-tez salavat çevirib saqqallarına sığal çəkirdilər. Ciddi görkəmlə dinməz-söyləməz, tərpənmədən baş verənləri seyr edən mühafizə əsgərləri əllərindəki sivri qılıncların dəstəyini, iti uclu nizələrin boğazını qeyri-ixtiyari bərk-bərk sıxaraq farağat dayanmışdılar.

Hamını təsirləndirən bu qanlı olayda tək bircə nəfərin üzündə sevinc ifadəsi vardı. Bu edama doğru gələn uzun yolun sonunda qulluq göstərib Xilafətin mərhəmətini və külli parasını qazanmış Səhl ibn Sumbat. Onun sevincdən az qalırdı ürəyi getsin, sanki adamın içinə hava körüklənmişdi, qanad açıb uçmaq, qol qaldırıb oynamaq istəyirdi. Hey canfəşanlıqla o tərəf - bu tərəfindəki adamlara dönüb nələrsə deyir, barmağını sinəsinə döyəcləyib əl-qol atır, qanlı meydana tərəf bic-bic eyhamlar vurub istehza ilə gülümsünürdü...

Pərt halda quruyub qalmış Afşin bu mənzərəni təsəvvür edə bilməmişdi. Bikef halda başını aşağı salıb heç yerə və heç kimə baxmır, ya xəcalətindən, ya qorxusundan girməyə, gizlənməyə yer axtarırdı. Fikri-zikri dağda-daşda idi, gah Babəkə qarşı tələ qurduğu, ərəblərlə əl-ələ verib vuruşduğu günləri xatırlayır, gah da Babəklə Atəşgahda xəlvəti görüşüb Zərdüştiliyə sitayiş etməsindən, atəşpərəst olmasından bəhs edib cahil ərəblərə qarşı birgə mübarizə aparmaq, hakimiyyəti birgə ələ almaq təklifini yadına salırdı. Bəlkə də bu vaxtadək qorxurdu ki, Babək özünü xilas emək üçün onun xəlvəti əməllərindən danışıb ifşa edər, saxta adam olması, ikibaşlı oyun oynaması üzə çıxar, onda Afşin canını hara qoyardı... Amma o namərd adam Babəkin bu dərəcədə mərd ola biləcəyini təsəvvür edə bilmədiyi üçün indi pərt halda oturub yerində qalmışdı.
Babək dəhşətli ağrılara dəyanətlə dözdü.

Düşmənin qarşısında qürurunu sındırıb heç bir acizlik nişanəsi göstərmədi.

O yalnız böyük iradə hesabına və çırpınan ruhunun parlaq qanadları üstündə dəhşətli ağrıların fövqünə qalxaraq həmişəki nifrətlə ucalardan Xilafət sarayına, saray əyanlarına, məmurlara, cahil möminlərə, hakimlərə, müqəddəs dinlə, uca Tanrı amalı ilə oyunbazlıq edən ruhanilərə baxırdı.

O hətta edam kötüyünün üstündə də vətəninin düşmənlərilə mübarizəni dayandırmaq istəmirdi.

Bu anlarda Babəkin gözlərinə yaxından baxan olsaydı bəlkə də onlardakı daha dərin mənanı oxuya bilərdi: “Gör nə bədbəxtəm ki, bunların hamısını qırıb qurtara bilmədim...”

Və belə bir ağır anda təbii, nə Afşin, nə Səhl onun yadına düşmürdü.


Dünyada misli görünməmiş bu vəhşət mənzərəsinin ağırlığına Babək dözsə də, daha cəlladlar dözə bilmirdilər. Bəlkə onun dözümünə hörmət edərək, bəlkə də qarşılarına qoyub şaqqaladıqları igidə yazıqları gəldiyi üçün tez-tez əl saxlayıb nəfəs dərir, dua edir, başlarını qaldırıb bir-birlərinə baxır, sonra yenə tapşırılan “işi” davam etdirirdilər... Hər nə idisə, Baş cəllad daha gərginliyə dözə bilmədi, qorxdu dizləri titrəyər, ya əlləri əsər, tapşırığı sərrast icra edə bilməz və özü cəzalanar, odur ki, bir daha “Allahım, əfv et!”- deyib ağzı qanlı ağır baltayabənzər qılıncı son dəfə başının üstünə qaldırdı. Bir müddət yuxarıdan aşağı, qan gölməçəsində titrəyən nəhəng bədənə baxdı, baxdı və “Allahu-Əkbər! La-ilahə-illəllah!”- deyib zərblə qılıncı aşağı endirdi. Sivri qılıncın enməsi ilə açılan şah damardan cəlladın üstünə al qan fəvvarəsinin fışqırması bir oldu. Cəllad bir əli ilə üzünü tutub geri sıçradı. Bu anda qan içində titrəyən qolu-qılçası kəsik nəhəng bədənin üstündən sonuncu dəfə nifrətlə ətrafa baxan qorxunc baş tappıltı ilə qan gölməçəsinə düşdü.

Sanki dünya qopdu, günəşdə partlayış oldu, külli-aləm anidən işıqlandı da söndü və meydana ağır, qan laxtası kimi həlməşikli bir hava çökdü. Kütlə ağır-ağır nəfəs alırdı. Kimsə cınqırını çıxartmağa ürək eləmirdi. Meydan mömünləri və əyanları, hakimləri və əsgərləri, şairləri və təlxəkləri ilə birgə donub qalmışdı.

Sükut uzun çəkdi.

Handan-hana bu ağır qanlı sükutun içindən xəlifə Mötəsimbillah yorğun-yorğun ayağa qalxdı. Taxtında dimdik durub hər iki əlini göyə qaldırdı, dodağının altında dua pıçıldayıb salavat çevirdi. Sonra üstdən aşağı Babəkin şaqqalandığı qan çanağına baxıb sakit-sakit, asta-asta, eynən xəstəhal səslə xırıldadı:

- Şükr... Xilafət xilas oldu... İslam qurtuldu... Şükr!

Və həşəmətli ərəb xəlifəsi bu sözləri deyib dərindən nəfəs aldı. Qollarını yavaş-yavaş qaldırıb sanki gərnəşdi. Başını göyə qaldırdı. Qəflətən onun sinəsindən açıq səhralarda gecə vaxtlarında eşidilən əcaib-qəraib ulartıyabənzər bir səs qopdu:

- Aaaaoooouuuuu!!!...

Meydan diksindi.

Əhli-əyan təəccüb içində rəhbərə baxdı. Nə baş verdiyini, insanın niyə birdən uladığını anlamayan camaat bəlkə də onun havalandığını güman edib qorxdular.

Və nə etdiyinin fərqinə varan xəlifə özünü ələ alıb dikəldi, yaxınlıqda dayanıb qorxu içində ona baxan vəzir-vəkilə, əyanlara tərəf döndü, sağ əlini şəhərin üstündən o yana, uzaqlara doğru uzatdı:

- Bağdad əhlinə bayramlıq paylayın, - dedi. - Hər müsəlmana xələt verin. Deyin daha Azərbaycan da bizimdir.

Dərin xəyallar içində başıaşağı oturub susan Afşin mərasimin bitdiyini görüb dikəldi, meydanın ortasına, Babəkin cansız cəsədinə tərəf baxa bilmədiyi üçün yana boylandı. Beynində sanki dərin bir yarğan açılmışdı, başının içi mağara kimi boşalmışdı, qulaqlarında uğultu vardı, cingiltili səslər əsəblərini oynadırdı. O mərasimin tez başa çatmasını, Xəlifənin rədd olub getməsini və özünün də dərhal durub buralardan uzaqlara, səhralara, çöllü-biyabana qaçmasını, gördüklərini unutmasını istəyirdi.

Qolsuz-qıçsız-başsız bədən isti-isti hələ də qanlı edam dərisinin üstündə titrəməkdə idi.

Bir-birinə sığınıb tir-tir əsən Abdulla ilə Mazyar göz yaşları içində baş verən müsibətə heyrətlə baxıb dodaqaltı lənət yağdırırdılar.

Mərasimə toplaşanlar hadisənin gərginliyindən özlərini itirib heyrət içində indi bundan sonra nə etmək lazım olduğunu bilmirdilər. Hamı kiminsə birinci addım atmasını gözləyirdi.

Həlməşik sükutun səssizliyində ara-sıra qoca imansızların gözləri önündəki vəhşətlə uyğunlaşmayan xırıltılı pıçıltıları eşidilirdi:

-Şükr, İslam qurtuldu!

- Xilafət xilas oldu!

-Azərbəycan... və bütün dünya... bizim olacaq!

-Allahu-Əkbər!

Ancaq bu insan faciəsinə sevinən möminlər nə qədər günaha batdıqlarının fərqində deyildilər.

...Bu vaxt Xəlifənin gözü dəri meydançanın kənarında yan-yana dayanıb titrəyə-titrəyə öz aqibətlərini gözləyən Mazyarla Abdullaya sataşdı. Bunu sezən vəzir dərhal yaxınlaşıb baş əydi və sual dolu nəzərlərini Xəlifəyə dikdi. Xəlifə isə nə düşündüsə həvəssiz halda əlini yellədib: “Sonra... sonra...” - deyə-deyə taxtın pilləkənləri ilə aşağı endi, çadırına tərəf getdi.


...Qara qullar su qablarını götürüb kötüyün üstünü yudular, cəlladların qılınclarını, yeri-yurdu təmizləməyə başladılar. Ayaqları qan gölməçəsinə bata-bata hərəsi bir yana düşən kəsik başı, qolları, ayaqları yerdən yığdılar, gətirib nəhəng bədəninin üstünə qoydular. Sonra Babəkin cəsədini iri bir kətan palaza bükdülər, o nəhəng bükülünü güclə qaldırıb yaxınlıqda gözləyən at arabasına doğru apardılar.

Onlar cənazə yükünü daşıdıqları məqamda arxalarınca gələn ağ çalmalı, uzun qara əbalı məmur da qullara öz rəhbər göstərişlərini verirdi:

-Ehtiyatlı olun... Salmayın... Başını qoruyun… Zədələnməsin… Nizəyə keçirib şəhər darvazasında qoyulacaq. Hamıya görk olsun… Ehtiyatla... Bax, zədələməyin ha, əsas çalışın adamın üzü cızılmasın... Tanınsın ki bu Bə-əbakdır... Azərbəycanlı Bəbak...

Uzaqda, bazar meydanında şeypurlar gurladı. Yoğun səsli carçılar onilliklər boyu gözlənilən qələbə müjdəsini şəhərə yaymaq üçün o tərəf-bu tərəfə çapdılar...

Şəhərin üzərində bir çox yerdən səslər səmaya ucalmağa başladı:


  • Allahu-Əkbər!

  • Allahu-Əkbər!

  • Allahu-Əkbər!

***


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin