SəRBƏst iŞ №10 Fakültə: Aerokosmik. Qrup: 2431a İxtisas: Ekologiya mühəndisliyi. Tələbə: Tağızadə İqrar Müəllim: Mövsümova Yeganə Fənn: Tətbiqi ekologiya Mövzu: Ekoloji təmiz alternativ eneji mənbələri baki 2022
BAKI 2022 Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sahələrindən biri də energetika sektorudur. Hələ sovet hakimiyyəti dövründə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi zamanı bu sahədə güclü inkişaf müşahidə edilməyə başlayıb. Onun birbaşa təşəbbüsü ilə Azərbaycan Dövlət Rayonlararası Elektrik Stansiyasının (DRES) və Şəmkir SES-in tikilməsi, nəinki enerji sahəsinin, o cümlədən, Azərbaycan iqtisadiyyatının bütün sahələrinin daha da inkişafına səbəb olub.90-ci illərin əvvəllərindən müstəqil Azərbaycan Respublikasının qurulduğu ilk dövrlərdə iqtisadiyyatın, digər sahələrində olduğu kimi, bu sahədə də müəyyən durğunluq müşahidə edilib, buna baxmayaraq, bu sahə öz dayanıqlığını nisbətən qoruyub saxlaya bilib. Bu isə ulu öndərin 70-ci illərdə həyata keçirdiyi uğurlu siyasətin nəticəsi idi.
Müstəqillik qazanıldıqdan və ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra iqtisadiyyatımız sürətlə inkişaf etməyə başladı. Xarici investisiyalar üçün əlverişli şəraitin yaradılması və onların sürətlə ölkə iqtisadiyyatına cəlb edilməsi nəticəsində energetika sahəsinə güclü sərmayə axını başladı.Məlum olduğu kimi, Yer kürəsində iki cür enerji mənbələri mövcuddur: bərpa olunan və bərpa olunmayan. Bərpa olunan enerji mənbələri fasiləsiz fəaliyyət göstərən günəş, külək enerjisi, hidroenerji və başqalarıdır. Bərpa olunan enerjilərə nisbətən bərpa olunmayan mənbələr qazıntı - yanacaq növləri, nüvə və nüvə-istilik enerjisi ətraf mühitin əlavə olaraq istiləşməsinə, çirklənməsinə, atmosferdə oksigenin intensiv sərf olunmasına, zərərli tullantıların artmasına, texnogen fəlakətin baş verməsinə gətirib çıxarır.
Bu səbəbdən də, son dövrlərdə dünya ölkələri sürətlə bərpa olunan alternativ enerji mənbələrinə keçidi prioritet məsələyə çeviriblər. Ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən geniş istifadə olunur. Bu sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl mövqe tuturlar.Bu məqsədlə Azərbaycan 10 iyun 2009-cu il tarixində yeni yaradılmış Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə qoşulub. 10 noyabr tarixində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sənaye və Energetika Nazirliyinin Alternativ Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsis edilməsi barədə fərman imzalayıb. Qəbul edilmiş əsasnaməyə görə, agentlik Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində dövlət tənzimlənməsini, fəaliyyətin səmərəli təşkilini və dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı isə, bundan 5 il öncə, 2004-cü il 21 oktyabr tarixində imzalanıb. Azərbaycanda alternativ enerji sahəsində belə ciddi və dövlət əhəmiyyətli qərarların alındığı ərəfədə 2009-cu il 14-18 oktyabr tarixlərində ATƏT-in Bakı ofisi tərəfindən bərpa olunan enerji üzrə hüquqi və normativ baza üçün ən yaxşı təcrübələr üzrə beynəlxalq seminar keçirilib. 5 günlük seminar çərçivəsində bu sahə üzrə xarici mütəxəssislər tərəfindən mühazirələr oxunub, bu sahədə qabaqcıl ölkələrin təcrübələri öyrənilib və bunun ətrafında geniş müzakirələr aparılıb.
Bərpa olunan enerji mənbələri Azərbaycan üçün çox əhəmiyyətlidir, lakin Azərbaycanda hidroenerjidən başqa praktikada bərpa olunan enerji sahələri çox azdır. Bərpa olunan enerji mənbələrinədən istifadə ətraf mühitin çirklənməsi baxımından da xeyli əhəmiyyətlidir. Alternativ enerji mənbələrindən biri də külək enerjisidir. Bu enerji mənbəsindən istifadəyə görə, Almaniya dünya ölkələri arasında birincidir. Bu, həm də digər alternativ enerji məbələrinə nisbətən maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Azərbaycan külək enerjisi qurğularının tətbiqi baxımından əlverişli şəraitə malik ölkələrdən biridir. Xüsusilə, ölkənin Abşeron yarımadası, Xəzər dənizi sahili zolağı və şimal-qərb hissəsində olan adalar, Azərbaycanın qərbində Gəncə-Daşkəsən zonası və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisi bu baxımdan əlverişli ərazilərdir. 1999-cu ildə Yaponiyanın "Tomen" şirkəti Azərbaycan Elmi-tədqiqat Energetika və Enerjilayihə İnstitutu ilə birlikdə Abşeronda hündürlüyü 30 və 40 metr olan iki qüllə quraşdırıb, küləyin sürətinin orta illik qiyməti v = 7,9-8,1 m/san olması müəyyən edilib və Qobustan rayonu ərazisində ümumi gücü 30 MVt olan külək elektrik stansiyasının quraşdırılmasına dair texniki-iqtisadi əsaslandırma hazırlanıb.
Günəş enejisi də dünya da ən əlverişli mənbələrdən biridir və xüsusilə, günəşli ərazilər üçün daha perspektivlidir. Azərbaycanın təbii iqlim şəraiti də günəş enerjisindən istifadə etməklə, elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı il ərzində Azərbaycanda 2400-3200 saatdır, yəni, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər. Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər.
Ekoloji baxımdan su enerjisi dünyada ən təmiz enerji növüdür. Bu mənbədən alınan elektrik enerjisinin istehsalı 1990-cı ildən başlayaraq yüksələn templə artır. Azərbaycan Respublikasının ümumi enerji sistemində su-elektrik stansiyalarının istehsal gücünün xüsusi çəkisi hazırda 17,8 faiz təşkil edir. Ölkədə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar var. Su-elektrik stansiyalarının tikintisi nəticəsində sel suları tənzimlənir, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı edilir və yeni suvarma sistemlərinin yaradılır. Azərbaycan Respublikası ərazisindəki çaylar kiçik su-elektrik stansiyaları üçün əlverişlidir. Yaxın perspektivdə 61 kiçik SES-in tikintisi məqsədəuyğun hesab edilir. Bu SES-lər irriqasiya kanalları üzərində, axını tənzimlənməmiş çaylarda və tikiləcək su anbarlarının yanında yerləşdirilə bilər. Ölkədə həmçinin, vahid enerji sisteminin elektrik xətlərindən və yarımstansiyalarından uzaqda yerləşən obyektlərin, yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizində mikro SES-lərdən də istifadə olunması elektrik enerjisi problemləri ilə yanaşı, digər sosial məsələlərin də həllinə imkan yarada bilər.
Naxçıvan Muxtar Respublikası enerji sisteminin ölkənin əsas enerji sistemi ilə əlaqəsinin olmadığını nəzərə alaraq, orta, kiçik, mikro su-elektrik stansiyalarının, ilk növbədə, Naxçıvan Muxtar Respublikasında tikilməsi daha məqsədəuyğundur.
Biokütlə də alternativ enerji mənbələri syahısındadır. Ölkədə biomaddələrin aşağıdakı mənbələri mövcuddur: yanma qabiliyyəti olan sənaye tullantıları, meşə təsərrüfatı və ağac emalı sahələrinin tullantıları, kənd təsərrüfatı məhsulları və üzvi birləşmə tullantıları, məişət və kommunal sahələrinin tullantıları, neft və neft məhsulları ilə çirklənmiş sahələrdən alınan tullantılar.
Aparılmış tədqiqatlar göstərir ki, iqtisadiyyatın bütün sahələrində istehsal tullantılarının tərkibinin çox hissəsini biokütlə maddələri təşkil edir. Həmin biokütlə maddələrindən elektrik enerjisinin istehsalında istifadə olunan bioqaz, biomaye və bərk biokütlənin alınması mümkündür. Belə ki, Azərbaycan Respublikasında hər il tullantıların zərərsizləşdirilməsi poliqonlarına 2,0 milyon tondan çox bərk məişət və istehsalat tullantıları atılır. Bakı və ölkənin iri sənaye şəhərlərində ictimai binaların qızdırılmasındakı çətinlikləri aradan qaldırmaqda bərk məişət və istehsalat tullantılarının emal edilməsi həmin problemlərin qismən aradan qaldırılmasını təmin etmiş olar.
Artıq bəzi Avropa ölkələrində əhalinin sıx yaşadığı yerlərdə zibilləri yandırmaqla ondan enerji alınır. Zibillərin yandırılmasından alınan enerji hesabına ətrafdakı yaşayış məntəqələri istilik və elektrik enerjisi ilə təmin edilir. Yandırılmış tullantıların qalıqlarından isə gübrə kimi torpaqların münbitliyini artırmaq məqsədilə geniş istifadə olunur. Göründüyü kimi, kompleks əhəmiyyəti olan belə zavodların tikilməsi Azərbaycan üçün də çox zəruridir.
Yer qatının istiliyi bir çox ölkələrdə sənaye, kənd təsərrüfatı, məişət və kommunal sahələrdə və təbabətdə geniş istifadə olunur. Azərbaycan Respublikasının ərazisi termal sularla zəngindir. Bunlar Böyük və Kiçik Qafqaz dağları, Abşeron yarımadası, Talış dağ-yamac zonası, Kür çökəkliyi və Xəzəryanı-Quba ərazisi kimi geniş sahələri əhatə edir. Göstərilən ərazilərdə olan termal suları istifadəyə cəlb etməklə, məişətdə və digər sahələrdə istilik enerjisinə olan ehtiyacın bir hissəsini ödəmək mümkündür.
Beləliklə, yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti Azərbaycanda ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Bu, istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların miqdarını da xeyli azaldar. Ölkənin təbii potensialından istifadə etməklə alternativ enerji mənbələrinin elektrik və istilik enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gələcək inkişaf istiqamətlərində mütərəqqi dəyişikliklər etməyə imkan yaradar. Alternativ enerji mənbələrindən istifadə edilməsi imkan verəcək ki, ölkədə istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaət edilsin və ətraf mühitə atılan zərərli tullantıların miqdarı azaldılsın. Respublikamızın təbii potensialından istifadə etməklə alternativ enerji mənbələrinin elektrik və istilik-enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməyə əsas verir.
Energetikanın inkişafı, hələlik, başlıca olaraq bərpa olunmayan eneji mənbələrinə, yəni karbontərkibli və ya uran yanacaqlarına əsaslanır.Bu mənbələrin ekoloji çatışmazlığı qeyri-ənənvi (alternativ) bərpa olunan ekoloji təmiz enerji mənbələrindən daha geniş istifadənin tədqiqini tələb edir.
Azərbaycanda hazırda energetika ilə bağlı müxtəlif yeni lahiyələr hazırlanır, həyata keçirilir. Eyni zamanda, köhnə elektrik stansiyaların gücünün daha da artırılması işləri nəzərdə tutulub. Bütün bu kompleks işlər yerinə yetirildikdən sonra alternativ enerji mənbələrinin zəngin olduğu respublikamızın enerji sisteminin gücü xeyli artacaq və sonralar Azərbaycan elektrik enerjisini Avropaya ixrac edəcək.