NİTQİN DƏQİQLİYİ. Dəqiqlik nitqin ilk və əsas şərtidir. Dəqiqlik, bir tərəfdən, nitqin gerçəklik və təfəkkürlə əlaqəsinin, digər tərəfdən, fikrin dil vasitələri ilə düzgün verilməsinin göztəricisidir. Dəqiq söz işlətmə dilin leksik sistemində olan sözlərin semantikasını, sinonimliyi, çoxmənalılığı, terminləri, müxtəlif funksional üslubları və qrammatik formaları yaxşı bilməyi tələb edir. Dilin sinonimlik imkanlarından istifadə edərək lazım olan sözün seçilib işlədilməsi nitq üçün çox vacibdir.
NİTQİN YIĞCAMLIĞI. Nitqin yığcamlığı geniş anlayışdır. Burada yığcamlıq dedikdə müxtəsərlik, fikrin qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə tutulur.
Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə olunmasıdır. Bu, nitqdə sözçülüyə, uzunçuluğa qarşı qoyulan bir anlayışdır. Sözçülük, əsasən, iki formada özünü göstərir: a) nitqdə artıq, lüzumsuz sözlərin, ifadələrin işlənməsi, fikrin təkrarı, eyni bir mətləbin ayrı-ayrı cümlələrlə bir neçə dəfə ifadə olunması; b) çox danışmaq, uzunçuluq, çərənçilik. “Çox yeməkdən, çox danışmaqdan və çox yatmaqdan uzaqlaşmalıyıq” (İslamın prinsiplərindən).
Yığcam danışa bilmək insanda çox vacib keyfiyyətlərdəndir. Hər kəs özünün və başqasının danışığına (eləcə də yazısına) bu cəhətdən tənqidi münasibət bəsləməli, imkan daxilində yığcam, həm də məntiqi danışmağı bacarmalıdır.
Fikri əhatə etməklə qısa demək bacarığı istedad əlamətidir. İstedadla bağlı olan yığcamlıq söz söyləyəndən deyəcəklərini ölçülü-biçili, geniş mətləbləri yığcam şəkildə deməyi, vaxt almamağı, təkrarçılıqdan qaçmağı, məlum olanları yenidən xatırlatmamalı, başqalarını yormamağı tələb edir.
Yığcam nitq danışandan dərin bilik, həssas düşüncə, zəngin lüğət ehtiyatı tələb edir. Yığcamlıq məzmunu dolğun əhatə edən adekvat formadır. Burada fikir geniş, sözlər az, məna dərin olmalıdır. Babalarımız həmişə yığcamlığı gözləmiş, uzunçuluğa, yoruculuğa qarşı mübarizə aparmışlar. Məsələn, “uzun sözün qısası” (Atalar sözü), mənası genişdir, qafiyəsi dar.
Yığcamlıq nitqin bəzəyidir, təsirliliyidir. «Yığcamlıq nitqi qüvvətləndirir. Elə ifadələr var ki, günəş şüalarına bənzəyir, nə qədər çox olursa, o qədər şiddətlə yandırır» (H.Suit); «Yığcamlıq ağlın bacısıdır» (A.P.Çexov).
FİKRİN SADƏLİYİ. Nitqin aydın, asan, anlaşıqlı, düzgün olması tez başa düşülməsinin rəhnidir. Sadə nitq hər cür sünilikdən, yalançı pafosdan, qondarma ifadələrdən, təmtəraqdan, ibarəçilikdən, əllaməçilikdən uzaq nitqdir. «İfadə nə qədər gözəl olarsa, fikir və hisslər o qədər zərif olar» (D.N.Pisaryev).
Nitqin sadəliyi üçün yığcamlıq, aydınlıq, anlaşıqlıq və cümlənin qısalığı əsas şərtdir. Vaxtilə Flober yazırdı: «Əgər cümləni qısaltmaq mümkünsə, qısalt. Bunu həmişə etmək olar. Ən yaxşı cümlə? — Ən qısa cümlədir».
“Dil nə qədər asan, sadə olsa, bir o qədər gözəl, göyçək və məqbul olar” (F.Köçərli). Nitqin sadəliyi onun aydınlığı, anlaşıqlı olması, asan qavranılmasıdır. Sadəliyi heç də fikrin məzmununun, mahiyyətinin bəsitləşməsi, ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi mürəkkəb cümlələrdən qaçmaq, məzmunu mümkün qədər sadə cümlələrlə vermək mənasında da anlaşılmamalıdır. Natiq danışarkən, əşya və hadisələri təsvir edərkən onların mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə, həm də mürəkkəb konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir ki, orada işlədilən bütün sözlər dinləyicilərin (auditoriyanın) ümumi səviyyəsinə və xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun.
Dinləyicilərin ümumi səviyyəsinə uyğun olmaqla hər cür qondarma, süni ifadələrdən, təmtəraqlı, gurultulu, yabançı pafosdan, gerçəkliyi əks etdirməyən söz birləşmələrindən (vicdanın böyük heykəli, ölməzlik zirvəsi, şeirin günəşi, kadr potensialı və s.) istifadə nitqin sadəliyi baxımından məqbul sayılmır.
Dostları ilə paylaş: |