AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
SƏRBƏST İŞ
Tələbə: Elşən Aslanov Müəllim: Aytən Məhərrəmova Fakultə: Regionşünaslıq İxtisas:Mərkəzi və Şərqi Avropa Qrup: 170b Fənn: Azərbaycan tarixi Mövzu: “Molla Nəsrəddin Jurnalı”
BAKI-2020 “Molla Nəsrəddin Jurnalı” "Molla Nəsrəddin" jurnalı Azərbaycan dilində satirik-yumoristik jurnal. "Molla Nəsrəddin"in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə (köhnə təqvimlə 20-də) işıq üzü görüb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Təsisçesi Ömər Faiq Nemanzaddə. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.
Müəyyən olunmuş bu proqrama uyğun şəkildə Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə jurnalın ilk sayını çapa hazırladılar. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxdı. Jurnalın 7 aprel tarixli ilk sayında Mirzə Cəlilin "Molla Nəsrəddin" imzası ilə "Tiflis 7 aprel" sərlövhəli baş məqaləsi,"Məcmuəmizə müştəri olanlara nəsihət", "Molla Nəsrəddinin teleqramları", "Bilməli xəbərlər", "Dəllək", "Atalar sözü" və digər yazılar, həmçinin 4 müxtəlif karikatura və bir neçə elan dərc olundu.
Jurnalın ilk sayında dərc olunan yazılar kimi karikaturalar da məzmun etibarı ilə fərqlənirdi. "Molla Nəsrəddin"i dövrün ən müasir inqilabi məsələləri ilə yanaşı, Azərbaycan xalqının min illərdən bəri davam edib gələn dərdləri də çox düşündürürdü. Bu dərdlər içərisində dini-fanatizm daha dəhşətlisi idi. Bu fikrini xalqa çatdırmaq üçün C.Məmmədquluzadə "Molla Nəsrəddin"in birinci nömrəsinin üz qabığında öz həmvətənlərinin yatmış vəziyyətdə göstərən bir rəsm çəkdirib dərc etdirmişdir. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları oyatmağa çalışır. Birinci səhifədə məscidi xatırladan otaqda müsəlmanlar sıra ilə yan-yana yatırlar, onlardan yalnız biri otağın kiçik pəncərəsindən düşən günəş şüasının təsirindən oyanıb, gərnəşir. Molla əlində əsası, başında əmmaməsi, çiynində əbası bu mənzərəni seyr edir.
"Molla Nəsrəddin"in 2-ci nömrəsi 2.000 nüsxə tirajla çıxdı. "Molla Nəsrəddin" Azərbaycanın ictimai-siyasi həyatında kəskin ideoloji mübarizələr getdiyi dövrdə öz mövqeyi və hadisələrə fərqli yanaşma tərzi ilə seçilir, müxtəlif rubrikalar altında gülməli xəbərlər verirdi. "Bilməli xəbərlər", "İçəri xəbərlər", "Məzəli xəbərlər", "Teleqraf xəbərləri", "Qafqaz xəbərləri", "Ticari və ekoloji xəbərlər" başlıqları altında yazılar dərc edilirdi. Məcmuə əməkdaşları bu xəbərləri hazırlayarkən, asan qavranılsın deyə, xalq yaradıcılığının imkanlarından istifadə edirdi. Atalar sözü, tapmaca, bayatı "Molla Nəsrəddin"in səhifələrində dövrün reallıqlarına uyğun yeni məna kəsb edirdi. Məcmuədə satirik şeir və hekayə formalarından əlavə, açıq məktub, satirik dialoq, tapmaca, elan, teleqraf və lüğət formalarına da müraciət edilirdi ki, bu da jurnalistikada yeni bir istiqamət kimi qəbul edilir.
"Molla Nəsrəddin"in tənqid hədəfi çox geniş idi. Amerika-İngiltərə imperialistlərindən, rus çarizmindən, İran və Türkiyə despotlarından tutmuş, adi tüfeyliyə qədər "Molla Nəsrəddin"in hədəfi olmuşdur. Jurnal sonuncu nömrəsinədək din və mövhumata qarşı ardıcıl mübarizə aparmışdır. 1905-1907-ci illər inqilabını alqışlayan mətbuat orqanlarından biri "Molla Nəsrəddin" idi. Jurnal inqilabi-demokratik orqan kimi xalq kütlələrində mütləqiyyət hökmranlığına qəzəb və nifrət oyadırdı. "Balaxanıda Talışxanov fəhlənin hər birinə üç yumruq və 17 qəpik muzd verir. Bu hesabla dörd min fəhləyə gündə nə qədər muzdgərək verilə?". Bu cür yazılar oxcunun nəzərini dərhal cəlb edirdi.
Molla Nəsrəddinçilər xalqı öz hüquqları uğrunda mübarizəyə çağırır, bu işdə xalqın haqqını tapdalayanlara, qanunsuz işlərlə məşğul olan məmurlara qarşı birgə mübarizəsinin vacibliyini önə çəkirdi. "Molla Nəsrəddin" nəşri boyunca Yaxın Şərqdəki ictimai-siyasi həyatı da əks etdirmişdir. Jurnalı İran və Türkiyə inqilabları xüsusilə çox maraqlandırırdı. İnqilabi hadisələrin gedişinə dair jurnalda məzmunlu yazılar verilirdi. İnqilab düşmənləri felyetonlarda, satirik şeirlərdə kəskin tənqid edilirdi. Jurnal göstərirdi ki, Asiya xalqları oyanmışdır və öz düşmənlərinə qarşı mübarizə aparmağa qadirdir. Bu fikir "İngiltərə və Hindistan" adlı şəkildə əks etdirilmişdir. Bu şəkildə müstəmləkə zülmü altında inləyən hindlinin oyanıb kreslonu müstəmləkəçilərin başına çırpdığı ifadə olunmuşdur.
"Molla Nəsrəddin"in cəsarətli çıxışları onunla nəticələndi ki, 1907-ci ilin iyunun 8-də Tiflis general-qubernatoru jurnalın bağlanması haqqında əmr verdi və bu xəbər xalq arasında böyük narazılıqlara səbəb oldu. Bakıdan, Şəkidən, Zaqafqaziyanın bir sıra başqa yerlərindən Tiflisə jurnalın nəşrinin bərpasını tələb edən məktublar gəlirdi. Qəzetlər etiraz bildirən məktublar çap edirdilər. "İrşad" qəzeti "belə düz məsləkli qəzetin meydandan çıxarılmasına" təəssüfləndiyini bildirmişdi. Qəzetdə Ömər Faiq Nemanzadənin "Molla Nəsrəddin" sərlövhəli məqaləsi çap olunmuşdu. Müəllif jurnalın bağlanmasına səbəbkar olan mühafizəkar və cəhalətpərəst ruhaniləri kəskin tənqid edirdi. Hökumət xalqın tələbləri qarşısında jurnalın bərpasına icazə verdi.
Daim təhdid və təzyiqlərə məruz qalan "Molla Nəsrəddin"ə qarşı 1911-1912-ci illərdə senzor hücumları yenidən kəskinləşdi. Redaktorlardan kəskin yazılar yazılmayacağı ilə bağlı alınan iltizamlar jurnalın müntəzəm nəşr olunmasına çətinliklər yaradır, mənfi təsir edirdi. 1912-ci ilin martından C.Məmmədquluzadə jurnalın nəşrini uzun müddətə dayandırdı və "Molla Nəsrəddin"in bərpası 1913-cü il yanvar ayının 13-dən sonra mümkün oldu. Əliqulu Qəmküsar redaktor köməkçisi təsdiq olundu.
"Molla Nəsrəddin" Azərbaycan qadınlarının azadlığı uğrunda, onların kölə vəziyyətindən qurtarması uğrunda inadla çarpışmışdır. Jurnal qadınların da kişilərlə bərabər hüquqa malik olmasını tələb edirdi. "Xanımlara", "Zəncir", "Erməni və müsəlman övrətləri" felyetonlarında cəhalətpərəstlik şiddətlə tənqid atəşinə tutulurdu.
1920-ci ildə Cəlil Məmmədquluzadə öz ailəsi ilə köçüb Cənubi Azərbaycana getdi və o, 1921-ci ilin fevralında "Molla Nəsrəddin"in nəşrini Təbrizdə yenidən bərpa etdi. Təbrizdə jurnalın 8 nömrəsi işıq üzü gördü.
Sovet hökumətinin təşəbbüsü ilə 1922-ci ilin iyununda "Molla Nəsrəddin"in nəşri Bakıya köçürülmüş və jurnal 1931-ci ilə qədər burada çıxmışdır. C.Məmmədquluzadə ilə danışıqlar aparanlar onu Təbrizdən Bakıya köçüb, jurnalın sərbəst şəkildə çapının həyata keçirilməsinə kömək göstəriləcəyinə inandırdılar. Bakıya gəldikdən sonra isə Mirzə Cəlil vəziyyətin tamamilə dəyişdiyini, verilən vədlərin doğru olmadığını gördü.
"Molla Nəsrəddin" jurnalı karikaturalı jurnal kimi özünü bəyan etdiyindən bu ədəbi məktəbdə şair, yazıçı və publisistlər qədər karikaturaçı satirik rəssamların da əhəmiyyətli yeri və mövqeyi vardır. "Molla Nəsrəddin" jurnalı Azərbaycan satirik rəssamlığının yaradıcısıdır. Mollanəsrəddinçi satirik qrafika əsasında Azərbaycan karikatura məktəbi yaranmışdır. "Molla Nəsrəddin" jurnalının 1906-cı ildə çıxan birinci sayının üz qabığındakı Oskar İvanoviç Şmerlinq tərəfindən çəkilmiş və mollanəsrəddinçiliyin təməl prinsiplərini əks etdirən "Müsəlman dünyasının oyanışı" rəsmi Qafqazda, o cümlədən Azərbaycan ölkəsində karikaturanın yaranması və oyanışının paroluna çevrildi. Jurnalın baş redaktoru Cəlil Məmmədquluzadənin sifarişi ilə çəkilmiş bu nadir karikatura təsviri sənətin yeni qolunun yaranması və inkişaf etməsi ilə nəticələnmişdir. Məhz cəlbedici və düşündürücü karikaturalar vasitəsi ilə "Molla Nəsrəddin" jurnalı geniş xalq kütləsinin bütün təbəqələrinin içərisinə yol tapa bilmiş, ümumxalq ehtiramı qazanmaq imkanı əldə etmişdir.
"Molla Nəsrəddin" jurnalı zəminində meydana çıxan Əzim Əzimzadə Azərbaycanda milli karikatura sənətinin banisi səviyyəsinə yüksəlmişdir. Xəlil Musayev, İsmayıl Axundov, Hüseyn Əliyev, Qəzənfər Xalıqov, Nəcəfqulu və başqaları "Molla Nəsrəddin" karikatura məktəbinin görkəmli nümayəndələri kimi məşhurlaşmışlar.
Azərbaycan jurnalistikası "Molla Nəsrəddin" publisistika ənənələri ilə böyük zənginlik qazanmış və kamala çatmışdır. Azərbaycançılıq, yüksək vətəndaşlıq amalı, mübarizlik, milli mövqe, cəsarət, sadəlik, yığcamlıq və sair kimi xüsusiyyətlər "Molla Nəsrəddin" jurnalı vasitəsilə milli mətbuatın və publisistikanın ali dərəcəli vəzifələri və keyfiyyətləri səviyyəsinə yüksəlmişdir. "Molla Nəsrəddin" jurnalı Azərbaycan satirik jurnalistikasına bir çox yeni janrlar gətirmişdir. Felyetonu publisistika janrları sırasında "Molla Nəsrəddin" jurnalı formalaşdırmış və möhkəmləndirmişdir. Azərbaycanda kiçik hekayə Mirzə Cəlilin "Poçt qutusu"ndan doğulduğu kimi (Mir Cəlal), satirik publisistika janrlarını da "Molla Nəsrəddin" jurnalı dünyaya gətirmişdir.
"Molla Nəsrəddin" məktəbi milli-ictimai fikirdə, ədəbiyyatda və mətbuatda azərbaycançılığın baş meydanıdır. "Molla Nəsrəddin" məktəbi - azərbaycançılıq məktəbi deməkdir. "Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır" çağırışı Cəlil Məmmədquluzadənin, "Molla Nəsrəddin" jurnalının və mollanəsrəddinçilərin məslək işinin ifadəsidir. Və "Molla Nəsrəddin" məktəbinin baş mövzusu milli istiqlala xidmətdən ibarətdir. "Molla Nəsrəddin" jurnalı Azərbaycan xalqının istiqlal kitabıdır. "Molla Nəsrəddin" milli istiqlal məktəbidir. Və "Molla Nəsrəddin" məktəbinin istiqlal ideyaları bu gün də ölkəmizdə dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə, inkişafa, milli-mənəvi özünüdərkin dərinləşdirilməsinə böyük uğurla xidmət edir. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatımızın 135 illiyi haqqında qəbul etdiyi 10 iyun 2010-cu il tarixli sərəncamda deyildiyi kimi, digər mətbuat orqanları ilə birlikdə "Molla Nəsrəddin" jurnalı da xalqımızı "yüksək ideallar uğrunda mübarizəyə səsləmiş, milli oyanış və özünüdərk prosesinin aparıcı nümunələri kimi tanınaraq şöhrət qazanmışdır". Möhtərəm Prezidentimizin mühüm tarixi əhəmiyyətə malik olan sərəncamı, eyni zamanda, Azərbaycan ictimai fikrində və milli mətbuatında böyük və çətin sınaqlardan çıxaraq formalaşmış mollanəsrəddinçi ənənələrin daha da inkişaf etdirilməsinə meydan açır. Bu isə geniş mənada Azərbaycan xalqının taleyində mühüm rolu olan "Molla Nəsrəddin" məktəbinin əbədiyaşarlığına verilən yüksək qiyməti və böyük dəyəri dolğun şəkildə ifadə edir.
ƏDƏBİYYAT SİYAHISI Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015.
N.N.Zeynalov. "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı "ADU", 1973.
Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875-1920), Bakı "Elm və Təhsil", 2009.
İslam Ağayev. "Molla Nəsrəddin"in tarıxı hünəri, Bakı-1976.
İsa HƏBİBBƏYLİ, Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Azərbaycan.- 2010.- 15 iyul.