Bu prinsipə əsasən, seçki hüququ (aktiv seçki hüququ) bütün yaşlı (yetkinlik yaşına çatmış) və psixi cəhətdən sağlam vətəndaşlara məxsusdur. Konstitusiya və ya seçki qanunları seçki hüququna malik şəxslər dairəsini senzlərlə, daha doğrusu xüsusi şərtlərlə məhdudlaşdırır. Seçki senzləri arasında ilk növbədə yaş senzini göstərmək olar. O, vətəndaşın müəyyən yaşa çatması ilə seçki hüququna malik olmasını nəzərdə tutur. Oturaqlıq senzinə görə şəxs konkret ərazidə qanunla müəyyən olunmuş müddət ərzində yaşadıqdan sonra seçki hüququnu əldə edir. Təhsil senzi bir qayda olaraq passiv seçki hüququnu həyata keçirmək istəyən vətəndaşlara münasibətdə qoyulur. Əmlak senzi seçkidə iştirak edən vətəndaşların müəyyən əmlaka malik olmasını və ya müəyyən məbləğdə vergi ödəməsini nəzərdə tutur, lakin bu senzə demək olar ki, rast gəlinmir.