Sual 318. Namaz və oruc əhli olmayan bir şəxs namaz və orucu inkar da etmirsə, müsəlmanlara aid olan meyyitin hökmləri ona da aiddirmi?
Cavab: Bəli, bütün hökmlər aiddir, hətta meyyit fasiq olsa da belə.
Sual 319. Boynunda məss-meyyit quslu olan bir şəxs ikinci bir meyyitə qusl verə bilərmi? Meyyid quslunda nə üçün sidr və kafur istifadə olunur?
Cavab: Bəli, boynunda məss-meyyit quslu olan bir şəxs başqa meyyitə qusl verə bilər. Sidr və kafurun istifadə olunmasının xüsusi bir təmizliyi vardır.
Sual 320. Körpə uşaqları olan bir şəxs vəsiyyətsiz vəfat etmişdir. Amma özü üçün vacibi miqdarından artıq kəfən hazırlamışdır. Vəsiyyət etmədiyi və körpə uşaqları olduqları üçün kəfənin vacib hissələrini istifadə edib müstəhəbbi hissələrini saxlamaq olarmı? Yoxsa müstəhəbbi hissələri də gərək ona geyindirsinlər?
Cavab: Kəfən vəsiyyətə əsasən təyin olunur və əgər malının üçdə birindən çox olmasa müstəhəbbi hissələri ayırmasınlar.
Sual 321. Hamilə qadının özü və bətnindəki uşağı ölmüşdür. Uşağı çölə çıxardıb ayrı qusl vermək lazımdırmı?
Cavab: Gərək ananı o halda qusl edib kəfənə büksünlər. Hamilə olmayan qadınlar kimi dəfn etsinlər və uşağı çölə çıxarmaq düzgün deyildir.
Sual 322. Ağzında süni dişləri olan bir şəxs vəfat edərsə, onun dişlərini ağzından çıxartsınlar, ya o halda qusl verib dəfn etsinlər.
Cavab: Meyyitə əziyyət olmayan surətdə süni dişləri çıxarda bilərlər, amma əgər yarma və hörmətsizlik olarsa o halda qusl etsinlər.
Sual 323. Bir şəxsin cərrahiyyə yolu ilə ayağına qızıldan olan bir mil salırlar, ölümdən sonra həmin mili onun ayağından çıxartmaq olarmı? Qızıl qapaq, ya qızıl diş olan surətdə hökm necədir?
Cavab: Əgər qızıl mili ayağı yarmadan çıxartmaq mümkün olmasa, onu çıxartmaq caiz deyildir. Qızıl dişin hökmü də belədir. Əgər süni dişlər olarsa və rahatlıqla meyyitin ağzından çıxarılarsa maneəsi yoxdur.
Sual 324. Hamilə bir qadın vəfat etmişdir. Amma bətndə olan uşağın ölü ya diri olmasına yəqinlik yoxdursa, vəzifə nədir?
Cavab: Gərək səbr etsinlər, əgər uşağın diri olmasına ehtimal verilsə, ananın bətnini yarsınlar və uşağı çıxartsınlar. Çünki, möhtərəm nəfsi (ruhu) qorumaq vacibdir.
Sual 325. Üzərində Yasin və Qurandan başqa surələr yazılan parça ilə meyyiti kəfənə bükməyin maneəsi varmı? Əgər nəcis olmasına ehtimal da verilsə?
Cavab: Heç bir maneəsi yoxdur.
Sual 326. Ölümün fiqhi tərifi haqqında nəzəriniz necədir?
Cavab: Ölümün fiqhi tərifi onun adi qaydada tərifi ilə heç bir fərqi yoxdur.
Sual 327. Əgər xüsusi cihazların köməyi ilə bir şəxsin beyninin ölmüş olduğu sabit olsa, onun həyatını sona çatmış hesab etmək olarmı?
Cavab: Xeyir, fiqhi və adi cəhətdən meyyit hesab olunmur?
Sual 328. Zərbə almış bir şəxsin beyninə qan sızmışdır, həkim onun öldüyünü deyirsə, onun sözünə etimad edib o şəxsi dəfn etmək olarmı?
Cavab: Gərək ölümə yəqinlik ya arxayınçılıq hasil olsun. Əgər həkimin dediyindən yəqin və arxayınçılıq hasil olsa, dəfn etsinlər. Əks halda, ölümə yəqinlik tapana qədər səbr etsinlər.
Sual 329. Tovzihul-məsail risaləsində buyurmusunuz: Qusl, kəfən və dəfn üçün gərək meyyitin varisindən icazə alsınlar. Əgər meyyitin vəlisi olmasa nə etmək lazımdır?
Cavab: Vəlinin razılığına və icazəsinə şahid olan mötəbər bir şəxs tapılsa meyyitə aid olan işləri yerinə yetirə bilərlər, əks halda vəli gələnə qədər səbr etsinlər. Əgər dəfni gecikdirməklə meyyitə hörmətsizlik olarsa, vacib ehtiyata əsasən gərək şəriət hakimindən, yaxud onun nümayəndəsindən icazə alıb meyyitin işlərini yerinə yetirsinlər. Əgər icazə almaq mümkün olmasa, icazə və iznə ehtiyac yoxdur.
Sual 330. Yanğın hadisəsi zamanı neçə müsəlman, bəhayi və erməni yanmışdır, heç birini tanımaq mümkün deyilsə, onların qusl və dəfninin hökmü nədir? Əgər həmin halda onların arasında bir qadın varsa və o da tanınmırsa vəzifə nədir?
Cavab: Verilən suala əsasən müsəlmanları tanımaq mümkün deyil, onların arasında müsəlman olduğuna yəqinlik varsa, gərək onların hamısını qusl etsinlər, kəfənə büküb hənut vursunlar. Aralarında müsəlman olduğu üçün bir yerdə müsəlman niyyəti ilə onlara namaz qılsınlar və onları islam göstərişlərinə uyğun dəfn etsinlər. Aralarında qadın olduğu üçün gərək o qadının əri onlara qusl versin. Əgər qadının əri, ya məhrəm adam yoxdursa, gərək bir kişi əlcək vasitəsi ilə libasın altında onlara qusl versin və bir qadın da onlara əlcək vasitəsi ilə libasın altında qusl versin ki, vəzifəyə əməl olunmasına yəqinlik hasil olsun.