MƏSCİDİN HÖKMLƏRİ
Sual 446. Məscidə bitişik olan bir torpağı məscid tikmək üçün təyin ediblər. Təyin edənlər peşman olmasın deyə, bir nəfər orada iki rəkət namaz qılıb. Bu torpaq məscidin bir hissəsi hesab olunur, ya yox?
O yerin altında əl-üz yuyulan yer düzəltmək və ya məscidin xərclərini ödəmək üçün icarəyə vermək olar, ya yox?
Cavab: Məscid üçün ayrılmış torpağı məscid olması məqsədi ilə hasar çəkib namaz qılanların öhdəsində qoyublarsa, bir nəfər vəqf edən və ya vəqf edənlərin icazəsi ilə orada namaz qılsa vəqf olunma dəqiqləşir. Bu halda ondan yalnız məscid kimi istifadə etməyə icazə var. Onun altında əl-üz yuyulan yer və başqa şeylər düzəltmək olmaz. Amma vəqf edən şəxs əvvəldən məscid üçün vəqf etməyibsə, bu hal istisnadır.
Əgər vəqf edən icazə verməyibsə və həmin şəxs icazəsiz namaz qılıbsa namazı düzgün olmayıb, vəqf dəqiqləşməyib. Bu halda ixtiyar vəqf edən və məscidin şura üzvlərinindir. İstədikləri kimi ondan istifadə edə bilərlər. Edə bilərlər ki, bir mərtəbəsini məscid üçün və zirzəmisini isə əl-üz yuyulan yer və başqa şeylər üçün istifadə etsinlər.
Sual 447. Vəqf olunmuş yeri icarə edib məscid tikmək düzgündürmü?
Cavab: Heç bir maneəsi yoxdur, əgər elə tiksələr ki, adətə uyğun ona məscid desinlər, zahirən icarə müddətində məscid hökmündədir.
Sual 448. Bir yeri uzun müddətə icarə edib orada məscid tikmək səhihdirmi? Səhih olan halda məscidin hökmləri ona aid olurmu?
Cavab: Namazxana məqsədi ilə yer icarə etməyin eybi yoxdur. Camaat arasında ona məscid deyilsə, zahirən icarə müddətində məscid hökmləri ona aiddir. Uzun müddətlə qısa müddət arasında bir fərq yoxdur.
Sual 449. Bir qədim qəbristanlıq vardır və daha orada heç kimi dəfn etmirlər, orada məscid tikmək caizdirmi? Əgər tikilsə orada namaz qılmaq səhihdirmi?
Cavab: Əgər qəbristanlığın ölülərin dəfni üçün vəqf olunduğu sabit olsa, orada məscid tikmək caiz deyil. Orada məscid adı altında bir bina tiksələr də belə məscidin hökmləri ona aid deyil. Həmin binada namaz qılmağın maneəsi yoxdur, amma məsciddə qılınan namazın savabı da orada keçirilən ibadətlərə aid olmur.
Sual 450. Bir şəxs neçə il əvvəl öz torpağında məscid tikib, orada camaat namazı və başqa işlər yerinə yetirilib. İndi camaat çoxalıb məscidi genişləndirməyə ehtiyac var. Amma məscidi tikən özünü məscid sahibi bilir və deyir ki, məscidin yeri mənim adımdadır, icazə vermirəm. Şəri cəhətdən icazə verməməyə haqqı varmı?
Cavab: Verilən suala əsasən vəqf dəqiqləşib və istifadəyə qoyulub. Vəqf edənin daha onda bir ixtiyarı yoxdur. Məscid torpağının sənədinin kimin adına olması haqq, ya ixtiyar sahibi olmasına səbəb olmur. Məscidi genişləndirmək və yenidən tikmək zərurətdirsə, söküb və genişləndirməyin eybi yoxdur. Hətta yaxşı və savablı bir işdir. Vəqf edənin də mane olmağa haqqı yoxdur.
Sual 451. Əhali bir yeri alıb onun zirzəmisini məscid adına düzəldiblər. Neçə ildən sonra zirzəmidə qılınan namazı onun üst təbəqəsinə köçürüb və neçə il də üst təbəqədə namaz qılıblar. Məscidin zirzəmisini anbar adı ilə icarə veriblər, onun icarə haqqını alıb məscidə sərf ediblər. Məscidin xüsusi sahibinin olmadığını nəzərə alaraq o məkanda namaz qılmaq olarmı? Bu binanın məscid hökmü varmı və məscidin hökmləri ona aiddirmi? Həmçinin onun alt təbəqəsini icarəyə vermək səhihdirmi?
İcarə yolu ilə alınan məbləğlərin məscidə sərf olunmasının hökmü nədir? O məbləğləri əzadarlıq üçün və mübarək ayların günlərində xərcləmək caizdirmi?
Cavab: Bəli, verilən suala əsasən məscid adıyla tikildiyinə görə məscid hökmündədir.
1. Suala əsasən oranı məscid adı ilə tikdikləri üçün məscid hökmü daşıyır.
2. Məscid adıyla tikilən zirzəmini icarəyə vermək səhih deyil.
3. Vücuhatdan1 xərclənən şeylərə görə icarə verən ehtiyata əsasən razılıq edib, halal etsin, ehtiyata əsasən qalan şeylər də onun icazəsi ilə həmin məscidə çatsın. Əgər icarə verən bu xərclərə razı olmasa icarəyə götürən şəxs hər yolla onun razılığını ələ gətirsin.
Sual 452. Məscidin damında kitabxana ya müxtəlif işlər üçün bir otaq və ya məscidin altını qazıb məscid üçün anbar və ya çayxana tikmək caizdirmi?
Cavab: Məscidin damı və onun zirzəmisi adətə görə məscidə aid olan yerlər hesab olunur və məscid hökmündədir. Buna görə də qeyd olunan işlərdən heç birini görmək caiz deyil. Bəli, əvvəldən bir yeri məscid, kitabxana və başqa şeylər üçün hazırlamaq istəsələr, məsələn, bir mərtəbəsi məscid, bir mərtəbəsi kitabxana və onun zirzəmisi anbar və ya dəstəmaz almaq üçün yer düzəltmək istəsələr və bu adla tikib və vəqf etsələr eybi yoxdur və səhihdir. Bu surətdə hər yerin özünə məxsus hökmü vardır.
Sual 453. Xiyabanın kənarında bir məscid var. Yolu genişləndirmək qərara alınıb. Məscidin bir hissəsini sökmək caizdirmi?
Cavab: Məscidi sökmək heç cür caiz deyil. Məscidi məscid hökmündən çıxara bilməzlər. Əgər zərurət irəli gəlsə və ümumi müsəlmanlar məscidin sökülməsinə icazə versələr, bu surətdə camiuş-şərait müctəhidin izni ilə olsa heç bir maneəsi yoxdur.
Məscidlə bağlı yeniliklər, təmir olunma, binanın təzələnməsi, genişləndirilməsi və azaldılması
Sual 454. Zəlzələ nəticəsində bir məscid dağılıb. Məscid əhli ondan iki kilometr aralıqda yeni bir məscid tikib ora köçüblər. Birinci məscidin təmiri üçün nəzərdə tutulan vəqflər vardır. Onlardan başqa məsciddə istifadə etmək olarmı?
Cavab: Dağılmış məscidi təmir etmək lazımdır. Bəzi münasib vaxtlarda o məsciddə əzadarlıq və camaatın toplanması üçün məclislər qurmaq lazımdır ki, məscidə gediş-gəliş olsun.
Sual 455. Mədrəsə, məscid və ya hüseyniyyə tikildiyi zaman yerin altından bir meyyitin sümükləri tapılıb. Sümüklərin tapılması həmin yerdə köhnə qəbristanlıq olmasına sübutdurmu?
Cavab: Bir sümüyün tapılması o yerin qəbristanlıq olmasına sübut deyil. Deyilən halda sümüyü torpağın altında və ya başqa yerdə basdırın.
Sual 456. Məscidi tikərkən bir neçə metr icra hakimiyyətinin qərarı ilə yola düşür, bu iş caizdirmi?
Cavab: Əgər bir zərurət olmasa caiz deyil.
Sual 457. Məscid və Hüseyniyyəni bir-birinin kənarında tikiblər. Məscidin binasını təzələyəndə Hüseyniyyənin bir otağını məscidə qatıblar. Bu iş şərən caizdirmi? Bu otaq məscidin bir hissəsi hesab olunurmu, məscid hökmü varmı?
Cavab: Hüseyniyyəni məscidə qatmağın eybi var, məscidin bir hissəsi hesab olunmur və məscid hökmü də yoxdur.
Sual 458. Came məscidin yüz metrliyində istifadə olunmayan dağıdılmış bir məscid vardır. Bu məscidə nəzir-niyaz vermək səhihdirmi?
Cavab: Bu məscidi təmir etmək lazımdır. Orada namaz qılmağa riayət etmək daha yaxşıdır.
Sual 459. Bu məscidi təmir etmək Came məscidinə zərər yetirərsə, təmir və orada camaat namazı qılmağın nə hökmü vardır?
Cavab: Səy olunsun ki, Came məscidinə heç cür zərər yetirilməsin.
Sual 460. Bir məscidi genişləndirməyə ehtiyac var. Onun bir tərəfi ümumi küçədir. Məhəllə camaatı küçənin məscidə qatılmasına razıdırlar. Başqa tərəfi əvvəllər məscid üçün alınmış yaşayış evidir. Ümumi küçənin istiqamətini dəyişib yolu o evdən salmaq caizdirmi?
Cavab: Daha yaxşıdır ki, alınmış evi məscidin bir hissəsi etsinlər və ümumi küçəni öz keçmiş vəziyyətində olduğu kimi saxlasınlar.
Sual 461. Təmirə çox ehtiyacı olan bir məscid vardır. Fitrə-zəkatı onun təmirinə sərf etmək olarmı?
Cavab: Daha yaxşıdır ki, fitrəni məhəllə fəqirlərinə sərf etsinlər, amma zəkatı məscidə və onun kimi yerlərdə xərcləməyin maneəsi yoxdur.
Dostları ilə paylaş: |