Sual 777. Bir şəxs namaz və orucu tamam olsun deyə, bir yerdə on gün qalmağını qərara alsa, öz niyyətini dilə gətirməsi lazımdırmı?
Cavab: Bir yerdə on gün qalacağını qərara aldığı surətdə namaz və orucu səhihdir, dilə gətirmək, ya qəlbdən keçirtmək lazım deyil.
Sual 778. Həddi-büluğ olmayan bir uşaq on gün qalmaq niyyəti ilə Müqəddəs-Məşhəd şəhərinə gəlmiş, gəldiyi gündən beş gün sonra həddi-büluğa çatmışdır. İndi qalan beş günün namazını qəsr qılmalıdırmı?
Cavab: Əvvəldən on gün qalacağını qəsd etdiyi üçün gərək namazını tamam qılsın.
Sual 779. Səfərdə olan qadın adət günlərində Müqəddəs-Məşhəd şəhərinə daxil olmuşdur və hələ onun adətindən üç gün qalmışdır. İndi bu şəhərdə on gün qalmaq qəsdi vardır. Bu qadın pak olana qədər səbr edib sonra qəsd etməli, yoxsa şəhərə daxil olan gündən on gün qalmaq niyyət etməlidir? İlk üç günü bu on gündən hesablamalıdırmı?
Cavab: Təkcə on gün qalmaq niyyəti (baxmayaraq ki, bundan bir miqdarı adət günlərinə düşəcəkdir) kifayət edir. Hətta daxil olduğu gündən onuncu günə qədər heyz olsa da, on gün qəsdi kifayətdir. Ondan sonra bir gün də qalsa namazı bütöv qılmalıdır.
Sual 780. Bir şəxs Məşhəd şəhərində on gün qalmaq qəsdi ilə oraya getmişdir. Harada namazını tamam qıla bilər?
Cavab: Məşhəd şəhərinə çatdıqda namazı tamam qılmalıdır. Amma Müqəddəs Məşhəd şəhərinə çatmamışdan əvvəl şəhərin divarları görünən və azan səsi eşidilən bir yerdə namaz qılmaq istəsə, ehtiyat vacib budur ki, namazını həm qəsr və həm də tamam qılsın.
Sual 781. Bir yerdə on gün qalmağı niyyət edən bir şəxs müəyyən səbəb üzündən qaldığı yerdən neçə dəfə və neçə saat xaric olarsa (uzaqlaşdığı məsafə 22, 5 kilometrdən azdırsa), onun niyyətinə zərər gətirirmi?
Cavab: Etdiyi niyyətə zərər gəlməz, hətta əvvəldən qəsd etsə də belə; bu şərtlə ki, gecələr qəsd etdiyi yerdə qalsın və gedib-qayıtması altı saatdan az olsun.
Sual 782. Bir şəxs qarşıya çıxan səbəblər üzündən on gün qala bilməyəcəyinə ehtimal versə vəzifəsi nədir, niyyət edə bilərmi? Qarşıya bir iş çıxsa öz niyyətindən dönə bilərmi?
Cavab: Qeyd olunan ehtimal gözlənilməz bir iş olsa, etdiyi on gün qalma niyyətinə zərər vurmaz.
Sual 783. Bir yerdə on gün qalacağını qəsd edən müsafir on gün orada qalandan sonra, on birinci gün qaldığı yerlə fasiləsi iki fərsəx olan bir kəndə gedib orada gündüz ya gecəni qalsa, qaldığı bir gün, ya gecədə namazı qəsrdir ya xeyr? Qaldığı yerə qayıtdıqdan sonra yenidən on gün qalmaq qəsdi etməlidirmi?
Cavab: O yerə gedən zaman yeni səfər qəsdi olmasa və əvvəl qalmaq üçün niyyət etdiyi yerə qayıtmaq fikri olsa, orada və əvvəl qaldığı yerdə namazı bütövdür, yenidən qəsd etməyə ehtiyac yoxdur.
Sual 784. Bir yerdə on gün qalacağını niyyət edən tələbə dərsinin ləğv olmasına görə cümə axşamı günü səfərə getmək istəyir. Bu səfər caizdirmi?
Cavab: Maneəsi yoxdur.
Sual 785. Tələbələr ramazan ayında bir kənddə qalacaqlarını qəsd ediblər. Əvvəldən qərara alıblar ki, bu kənddən beş və ya on beş kilometr aralıda yerləşən kəndlərə də bir neçə saatlıq təbliğ üçün getsinlər. Bəzən gecələr də orada qalırlar. Lütfən xahiş edirik ki, namazı bütöv qılmağın və oruc tutmağın yolunu bəyan edəsiniz.
Cavab: Bir yerdə on gün qalacaqlarını qəsd etdikləri surətdə orada bir dörd rəkətli namaz qılandan sonra, onu başqa yerlərə dəvət etsələr, qəsd etdiyi yer və gedəcəyi kəndlər dörd fərsəxdən uzaqda olmasa namaz tamam və səhihdir, hətta gecələr o kəndlərdə qalsalar da belə. Eləcə də on gün niyyəti ilə bir yerdə qalsa, on birinci gündən sonra dörd fərsəxdən uzaq olmayan ətraf kəndlərə də gedib qayıda bilər. Onların namaz və orucu orada gecələr qalsalar da belə, tamam və səhihdir.
Sual 786. Mən təbliğ üçün bir-birinə yaxın olan iki kənddə qalıram. Bu iki kənddə niyyət etməyim düzgündürmü?
Cavab: O iki kənd el arasında bir kənd hesab olunsa səhihdir. Amma onlar bir kənd sayılmasa o iki kənddən birində qalmağı niyyət etsəniz, o biri kəndə hər gün gedib-qayıtmaq niyyətiniz olduğu halda etdiyiniz qəsdə zərər gəlməz. Bu şərtlə ki, gecə orada qalmayasınız. Bu surətdə etdiyiniz qəsd həqiqiləşir, amma dörd fərsəx getmək istəsəniz də qalmaq qəsdi həqiqiləşmir.
Sual 787. Öz əsli vətənindən başqa bir yerdə yaşayan bir şəxs öz iş yerinə getmək üçün tərəxxüs həddini keçir. Onun namaz və orucunun hökmü yaşadığı və işlədiyi yerdə necədir?
Cavab: Əgər müvəqqəti yaşadığı yerdə on gün qalmaq qəsdi etməyibsə hər iki yerdə onun namazı qəsr və orucu batildir.
Sual 788. Bir şəxs təhsil almaq üçün əsas vətəni olmayan bir şəhərə gəlmişdir. Bu şəxs təhsil aldığı şəhərdə on gün qalmaq qəsdi etsə, qaldığı müddət ərzində təhsil aldığı şəhərə yaxın olan başqa şəhərlərə səfər edə bilərmi?
Cavab: Əgər şəri məsafəyə qədər səfər etsə niyyəti pozulur, amma şəri məsafədən az olan bir yerə bir-iki saatlıq qalmaq üçün getsə etdiyi qəsd pozulmur.
Sual 789. Mən öz əsli vətənimdən Tehrana gəlmişəm və on gün qalmaq qəsdi də etmişəm. Əvvəldən niyyətim bu olub ki, bütün günü iş üçün “Behişti-Zəhra”-ya gedəm. Mənim namaz və orucum səhihdirmi?
Cavab: Namaz qəsr və oruc səhih deyil, çünki bir yerdə on gün qalmaq qəsdi yoxunuzdur.
Sual 790. Bir şəxs Müqəddəs-Məşhəd şəhərində qalmaq üçün gələn həftənin cümə gününə kimi on gün olduğunu güman edib qəsd etmişdir. Namazları tamam qılmış və orucu da tutmuşdur. Sonra cümə gününə kimi doqquz gün olduğunu bilmişdir. Namaz və orucunun hökmü necədir?
Cavab: Verilən suala əsasən həqiqətdə on gün qalmaq qəsdi olmamışdır və güman etmişdir ki, on gün qalacaqdır. Qıldığı namazları gərək qəsr qəza etsin və tutduğu orucları da qəza etməlidir.
Sual 791. Bir şəxs Məşhəd şəhərində on gün qalacağını qəsd etmişdir. Güman etmişdir ki, onun on günü ayın 28-i cümə günü sona çatacaq. Buna görə namazlarını tamam qılmış, orucunu da tutmuşdur. Sonradan başa düşmüşdür ki, onun on günü ayın 29-u şənbə günü başa çatacaq. Bu gümana əsasən onun namaz və orucunun hökmü necədir?
Cavab: Verilən suala əsasən həqiqətdə on gün qalmaq qəsdi olmuşdur. Onun oruc və namazları səhihdir.
Sual 792. Bir şəxs öz yoldaşlarının bir yerdə on gün qalmaq üçün niyyət etdiklərini güman edib qəsd etmiş və namazını tamam qılmışdır. Sonradan məlum olub ki, yoldaşları on günü niyyət etməmişlər. Onun tamam qıldığı namazlar səhihdirmi və qalmaq qəsdi həqiqiləşibmi?
Cavab: Məsələnin iki yolu vardır:
Birinci yol, əgər yoldaşlarının on gün qalacaqlarını xəyal edib özü də on gün qalacağını qəsd etsə, bu halda etdiyi qəsd həqiqiləşir, qıldığı namazlar səhihdir və qalan günlərdə də namazı tamam qılsın.
İkinci yolu budur ki, yoldaşlarının on gün qalacağını güman edib, onların qalacaqları müddətə qədər qalmağı qəsd etsə, bu surətdə onun etdiyi qəsd həqiqiləşmir, tamam qıldığı namazları səhih deyil, qalan günlərdə də namazlarını qəsr qılsın. Bundan əvvəl tamam qıldığı namazları da qəsr şəklində qəza etsin.
Sual 793. Karvan rəisi zəvvarların Məkkə və Mədinə şəhərlərində on gündən az qalacağını bilə-bilə zəvvarlara on gün qalacaqlarını elan etmişdir. Zəvvarlar da bu sözə etimad edib namazlarını tamam qılıb və oruc tutublar. Amma on gündən tez oradan yola düşüblər. Bunu elan edən karvan rəisinin və zəvvarların namaz və orucunun şəri hökmü necədir?
Cavab: Mənim nəzərimcə Məkkə və Mədinə şəhərlərinin bütün yerlərində mükəlləf namazlarını tamam və qəsr qılmaqda ixtiyar sahibidir. Buna görə də verilən suala əsasən, onların namazları səhihdir, amma orucları vacib idisə, qəza etsinlər.
Sual 794. Müsafir şəxs on gün qəsd etməyi qərara alıb:
a) Gərək on günü bütövlükdə sübh azanının vaxtından qəsd etsin, yoxsa gün çıxan vaxt kifayət edər?
b) On gün qəsd etməyi birləşdirməklə kifayət edirmi? (Məsələn: Əgər zöhr vaxtı çatsa və on birinci günün zöhr vaxtına qədər qalacağını qəsd edib namazını tamam qılsın.)
Cavab: a) Ən güclü rəyə görə günün başlanması gün çıxan vaxt deyil, sübh namazı vaxtı məşriq tərəfdən ağartı görünən vaxtandır. Buna əsasən əgər müsafir sübh vaxtı ağartı görünən zaman şəhərə daxil olsa və onuncu günün məğrib vaxtına qədər qalacağını qəsd etsə (yəni on gün və doqquz gecə ) namazı tamam qılmalıdır. Əgər günəş çıxan vaxt şəhərə daxil olsa və on birinci günün günəş çıxan vaxtına kimi qalacağını qəsd etsə namazını tamam qılmalıdır, amma əgər onuncu günün məğrib vaxtında hərəkət etmək istəsə namazı qəsr qılmalıdır. (Çünki, sübh azanından günəş çıxana qədər on gündən az qəsd etmişdir.)
b) Bəli günün ortasında çatsa və istəsə 24 saat, yaxud çox qalsın, qalmaq qəsdi həqiqələşir və namazı tamamdır. Amma əgər 24 saatdan az qalmaq istəsə, qalmaq qəsdi həqiqiləşmir və namazı qəsrdir.
Dostları ilə paylaş: |