DƏSTƏMAZ Dəstəmazın qaydası
Sual 137: Dəstəmazda hər dəfə yumaq bir ovuc su ilə başa gəlirmi ki, üçüncü ovuc haram sayılsın?
Cavab: Bir dəfə yumaq təkcə su tökməklə deyil, tamam üzvü kamil şəkildə yumaqla başa gəlir. Buna əsasən mümkündür ki, dəstəmaz məqsədi ilə bir neçə ovuc su tökülsün, üzv tamam yuyulsun. Bu da bir dəfə (yuyulmuş) hesab olunur. İkinci dəfə də həmin şəkildə təkrar olunur. Əgər sol əl iki dəfədən artıq yuyularsa məsh etmək üçün dəstəmaz suyundan yox, başqa sudan istifadə etmək lazım gəlir. O da dəstəmazın batil olmasına səbəb olar.
Sual 138: Əgər üzü və sağ əli üç dəfə, məsh zamanı bir maneə yaranmasın deyə sol əli iki dəfə yusalar dəstəmaz düzgündürmü?
Cavab: Əgər məqsədi şəriət nöqteyi-nəzərindən və şəri göstərişin əksinə bu cür dəstəmaz almaqdırsa, dəstəmaz qeyri-qanunidir. Amma belə bir məqsədi yoxdursa, dəstəmaz düzgündür.
Sual 139: Əgər bir nəfər uzun müddət dəstəmazda üzünü və iki əlini üç dəfə yuyubsa və məsh etməsinin nöqsanlı olduğunu bilməyibsə, bu halda qıldığı namazları batildirmi?
Cavab: Bəli, verilən suala əsasən, sol əli də üç dəfə yuyubsa dəstəmazı batildir və qıldığı namazları da gərək təkrar qılsın.
Sual 140: Əgər əlləri kranın altında saxlasaq, ya suya salsaq və dəstəmaz niyyəti ilə çıxarsaq əl vurmadan dəstəmaz düzgündürmü?
Cavab: Nöqsanı yoxdur. Həmin yaş əllə başı və ayaqları məsh edin.
Sual 141: Bəzilərinin dəstəmazda üzün yuyulması barəsində fikirləri budur ki, başın qabaq hissəsində sağda və solda tük bitməyən yer, üzün sərhədlərinə aid deyil. Bu məsələ təsadüfidir, ya yanaqların üzə aid olması kimi mübahisəlidir?
Cavab: Başın qabaq hissəsində sağ və sol tərəfdə tük bitməyən yerlərin üzün sərhədlərinə aid olmaması fikrində bütün İmamiyyə şiələri həmrəydilər və onu yumaq lazım deyil. Təkcə əhli-sünnə alimlərindən bəzisi dəstəmazda onu yumağı vacib bilirlər.
Sual 142: Bir nəfər xəstəlik ucbatından və ya taqətsizlikdən ucbatından dəstəmaz üzvlərindən birini və ya bir neçəsini tərpədə bilmirsə, yaxud çətinlik çəkirsə quslu, təyəmmümü və dəstəmazı yerinə yetirməkdə vəzifəsi nədir?
Aşağıdakı hallarda onlar necə yerinə yetirilməlidir:
1. Sol əlin hərəkətsiz olması;
2. İki əlin hərəkətsiz olması.
Cavab: 1) Qusl barəsində bir çətinlik yoxdur, dəstəmaz üçün isə sağ əllə üzü yuyar və sağ əli suya batırmaqla irtimasi dəstəmaz alar. Mümkün olmasa köməkdən istifadə edər. Sol əli sağ əllə yuyur. Başı, sağ ayağı sağ əllə məsh edir. Əgər köməkliklə də olsa sol ayağı məsh etmək üçün sol əldən istifadə etmək lazımdır. Bu mümkün olmasa sağ əllə sol ayağı məsh olunsun. Təyəmmüm etmək üçün isə sağ əli yerə vursun, mümkün olan halda köməkliklə də olsa sol əli sağ əllə birgə yerə vursun. Bir yerdə alnına sürtsün. Əgər mümkün olmasa sağ əli bütün alnına sürtsün. Sonra sağ əlin üstünü yerə sürtsün, ondan sonra isə sol əlin üstünü sağ ələ sürtsün.
2) Hər iki əl işləmədikdə üzü suya batırmaqla yumaq, əlləri yumaq və məsh etmək üçün kömək istəməlidir. Təyəmmümdə deyilən formada əməl olunmalıdır.
Sual 143: Namaz vaxtının daxil olmasını nəzərə almaqla dəstəmazı namaz qəsdi ilə yox, qürbətən iləllah niyyəti ilə alsalar, düzgündürmü?
Cavab: Bəli, maneəsi yoxdur. O dəstəmazla namaz da qıla bilərlər və düzgündür.
Sual 144. Bir şəxs bir müddət məsələni bilməməzlik üzündən namaz vaxtından əvvəl namaz üçün dəstəmaz almışdır və o dəstəmazla namaz qılmışdır. Qıldığı namazlar səhihdirmi?
Cavab: Verilən suala əsasən qürbət qəsdi olmuşdur. Namazlar səhihdir və qəzası da yoxdur.
Sual 145. Dəstəmaz öz-özlüyündə müstəhəbdirmi?
Cavab: Dəstəmazın öz-özlüyündə müstəhəb olması məlum deyil. Amma qürbət qəsdi ilə təharətli olmaq üçün dəstəmaz alınarsa düzgündür və maneəsi yoxdur. Nə qədər ki, dəstəmaz pozulmayıb dəstəmaza aid olan işləri onunla yerinə yetirmək olar. Baxmayaraq ki, dəstəmaz alarkən müəyyən bir məqsəd nəzərdə tutulmamışdır.
Sual 146. İrtimasi dəstəmazda sağ əli suya salsalar və sol əli də suya aparıb beləcə irtimasi dəstəmaz alsalar və sağ əli sol ələ çəkməsələr, belə halda sağ ələ toxundursalar, başa və ayağa məsh etmək üçün işkalı varmı?
Cavab: İşkalı yoxdur, başı və sağ ayağı yaş olan sağ əllə, sol ayağı sol əllə məsh etsinlər və dəstəmaz da səhihdir.
Sual 147. Tovzihul-məsaildə buyurmusunuz ki, üzü və əlləri yumaq birinci dəfə vacib, ikinci dəfə caiz, üçüncü dəfə haramdır. Bu mətləb yalnız tərtibi dəstəmaza aiddir, yoxsa irtimasi dəstəmaz da belə olur?
Cavab: İkinci dəfə yumağın düzgün olması və üçüncü dəfə yumağın düzgün olmamasında tərtibi və irtimasi dəstəmazda heç bir fərq yoxdur.
Sual 148. Dəstəmaz aldığım vaxt səhvən əlimi aşağıdan yuxarı çəkdim, dəstəmaz pozulurmu?
Cavab: Camaat arasında deyilsə ki, yuxarıdan aşağıya yuyulmuşdur, maneəsi yoxdur.
Sual 149. Dəstəmaz vaxtı təsadüfən əlimi yuxarı apardım və dəstəmaz suyu dirsəyimə tərəf getdi, dəstəmaz batil olmuşdurmu?
Cavab: Dəstəmaz batil deyil.
Sual 150. Üzü sağ əllə yumaq vacibdirmi?
Cavab: Dəstəmazda üzü sağ əllə yumaq vacib deyil.
Dostları ilə paylaş: |